Qonaq Kitabı
15

15

Şah məclisi xüsusi məşvərətə yığılmışdı. Bağdad üzərinə yerimək məsələsi müzakirə olunacaqdı. Əyanların, ölkənin dirəklərinin məsləhəti həmişə Şah İsmayıl üçün ehtiyaca çevrilmişdi.

Şiraz şəhərinin bütün fəsillərində də ətir saçan qızılgüllərin rayihəsi indi heç kimi maraqlandırmırdı. Şah İsmayıl taxtda oturmamışdı. Ayaq üstündə gəzinirdi. Onun qalxmağı isə ayağa duran əyanları oturmağa məcbur elədi.

- Oturun, yüz ölçüb bir biçin. Biz Bağdada getməliyik ya yox?! O, üzünü, keçən il ölkənin qazısı və sədri* seçilən, Qazı Məhəmməd Kaşiyə tutub onu dinləmək istədi.

Şah İsmayılı hakimiyyətə onun əmirləri gətirsə də, ölkənin hər tərəfində yüksək vəzifəyə tanınmış, bilikli adamları təyin edirdi. O, istəyirdi ki, xalq özünün dövlətini görsün. Qazı Məhəmməd Kaşi də belə bir yolla saraya gəlib çıxmış, din və ədliyyə işləri ona həvalə edilmişdi. Həmişə birinci onun fikrini dinləmək adət idi. Xeyir-dua vermək onun payına düşürdü.

- Qazı Məhəmməd Kaşi, həmişəki kimi sənin fikrini dinləmək istəyirəm.

Qazı Məhəmməd uzun saqqalını rəhil üstündə ağartmışdı. Qalın, pırpız qaşları altından xırda gözləri ancaq görünürdü. O qalxdı. Bayaqdan fikri gənc şahda idi və onun yerişində, duruşunda bir əsəbilik duyur, bunun səbəbini ayırd edə bilmirdi. Qoca qazı qalxdı, ağ əllərini ağ saqqalına çəkib salavat çevirdi.

Bismillaxir-rəhman-irrəhim. Peyğəmbər salavatullah...

Şah onun sözünü kəsdi.

- Qazı, hədis eşitməyə vaxtımız yoxdu, fikrini birbaşa desən yaxşıdı.

- Baş üstə hökmdar. O gün dəstə-dəstə Xorasandan Müslümün balaları kimi axışıb gələn biçarələri gördüm. Gözlərimin yaşını saxlaya bilmədim. Bizim şiə qardaşlarımızı, şiə həmvətənlərimizi Şeybani xan bu günə salıb. Bağdadda isə hələ ki, belə narahatlıq yoxdu. Mənim fikrimi bilmək istəyirsinizsə, onda qoşunun üzünü Xorasana çevirib, müqəddəs İmam qəbrini vəhşilərin əlindən almalıyıq.

Şah İsmayıl onun sözünü kəsdi:

- Demək, Bağdada getməyi məsləhət bilmirsən?

- Yox!

- Əyləş.

Şah İsmayıl keçib taxtda oturdu. Ayaqlarını yığıb elə taxtdaca bardaş qurdu. Əllərini dizlərinin üstünə qoydu.

- Görək əmirəlümaranın fikri nədi?

Hüseyn bəy Lələ ayağa qalxdı.

- Şah sağ olsun. Bizim qoşunumuz var. Özümüz də Bağdada yaxınıq. Amma Qazı Məhəmmədə də haqq qazandırmaq lazımdı. Şeybani çox qanlar tökür, fitnələr törədir.

Şah İsmayıl onun da sözünü kəsdi.

- Demək, Bağdada getməyi sən də istəmirsən.

- İstəmirsən deyəndə ki, fikrimi izah elədim.

- Aydındı. Qorçubaşı əmir Dədə bəy!

Dədə bəy yaşlaşmış, saç-saqqalı ağarmışdı. Təmkinlə yerindən qalxdı.

- Hörmətli şahımız, Qazı Məhəmməd düz deyir. İndi həmvətənlərimizin qayğısına qalıb onları düşmən cəngindən qurtarmaq çox vacibdi. Murad bizim üçün heç nədi, istədiyımiz vaxt onu qova bilərik.

Şah İsmayıl taxtdan düşdü. Qalxmaq istəyən adamları yenə oturtdu. 

- Qulaq asın! Mən də əvvəl elə bilirdım. Amma indi bizim ən qəddar düşmənimiz Namuraddı. Döyüş meydanından tülkü kimi qaçsa da, əli sarayımıza çatır. Çağırın dərviş Nəsir təkəlini.

Məclisə saqqalı kirli, üst-başı tökülmüş dərvişi gətirdilər. Baş əyəndən sonra qamətini düzəldib dik dayandı. Şah İsmayıl ona baxıb dedi:

- Danış, dərviş. Olanların hamısını danış.

- Mən sufiyəm, həmişə də şahıma, mürşidi-kamilimə sədaqətlə xidmət eləmişəm. Neçə vaxtdı Bağdaddaydım.

- Ay aman, kişi öldü!

Şah İsmayıl təmkinlə dönüb Qazı Məhəmmədə baxdı. Onun ürəyi getmişdi.

- Onu hala gətirin! - deyə şah tələsdirdi.

Kimsə cibindən gümüşü qab çıxarıb ağzını açdı. İyi onun burnuna verən kimi qazı ayıldı.

- Hə, danış.

- Bağdadda Barik bəy Pərnak məni tanıyırdı. Özünə yaxın adam bilirdi. Bu günlərdə çağırdı ki, bir iş görməlisən. Şah İsmayılın sarayına yol tapıb bu dinarları Qazı Məhəmmədə çatdırarsan. O, şahı Bağdad üstünə gəlməkdən daşındırsın.

Qazının boğuq səsi gəldi.

Yalan deyir. Mən hara, Barik bəy hara? Ağ yalandı.

- Dərviş and içdi.

- Əgər yalan deyirəmsə, Əli qılıncı mənım yeddı arxa dönənimi doğrasın. Mən Bağdada hökmdarımız, mürşıdi-kamilimizin əmriylə çoxdan getmişəm.

Şah İsmayıl:

- Bəs o rüşvəti Qazı Məhəmmədin Bağdaddakı qohumları ilə göndərə bilməzdilərmi?

- Mən onu soruşdum. Barik bəy dedi ki, bu mümkün deyil. Səndən heç kim şübhələnməz. Taclıbəyim vasitəsilə Şah İsmayıla təsir göstərmək məsələsi öz ağıllarına da batmamışdı, axırda bu yola əl atmışdılar. Qazı Məhəmməd Barik bəylə çoxdan dostluq eləyirdi. Bunu şahdan gizlətmişdi.

Şah İsmayıl qəzəblə səsləndi:

- Neçəyə satdın səfəvi vicdanını?!

Qazı Məhəmməd dinmədi.

- Səninləyəm?!

- Bilmirəm, saymamışam. - Onun dodaqları pıçıldadı. Şahın qəzəbi onu dinməyə məcbur eləmişdi.

- Qorçular!

Dədə bəy qalxdı.

- Yox, sən otur, Dədə bəy. Qorçular!

İki qorçu gəlib baş əydi.

- Gedin Qazı Məhəmmədin mənzilindəki Bağdad dinarlarını gətirin. Bu dərviş də sizinlə gedər.

Getdilər və tez də qayıtdılar. Onun mənzili yaxındaydı. Dəri dağarcığı Şah İsmayıl özü çevirib yerə tökdü.

- Budur, mənim sarayıma yol açan zəhərli ilan. Əqidəni, ədaləti tapşırdığım adam gör nə işlə məşğuldu? İndi özünüz deyin, nədi onun cəzası?

- Ölüm!

- Necə?

- Asılsın!

Şah İsmayılı tanımaq olmurdu. Elə hirslənmişdi ki, əlləri əsirdi.

- Asılmalıdı. Heyf ki, ondan böyük cəza yoxdu. Yığın o pulları, dağarcığı boynundan asın. Aldığı rüşvətlə bir yerdə asılacaq. Biz rüşvəti dara çəkməliyik, rüşvəti!

Kimsə dilləndi. -  

O qızılların nə günahı? Verilsin xəzinəyə.

- Var günahı. Rəiyyətin alın təri ilə qazandığından yığılan vergilərə, o halala rüşvət qarışım? Onunla biz varlı yox, ləkəli olarıq. Aparın bu qoca rüşvətxoru.

Qorçular elə buradaca dağarcığı onun boğazına bağlayıb apardılar. Qazı Məhəmmədin dizləri tutulmuşdu, gedə bilmirdi. Sürüyüb apardılar. Dərviş də onların dalınca getdi.

Məşvərət hələ qurtarmamışdı.

Şah İsmayıl taxtında oturub danışırdı. Amma heç kimin üzünə baxmırdı. Baxmaqla heç kimi özünə şərik eləmək istəmirdi.

- Əmirəlümara Hüseyn bəy Lələ mənim atamın dostu olub. Mənim bu yerə çatmağım üçün varından yox olub. Amma onu deyim ki, əmirlər əmirliyi vəzifəsi onu arxayınçılığa çıxarıb. Sayıqlığı azalıb. Yox, hörmətli Hüseyn bəy. Bunu mən bəyənmirəm. Əvvəllər hər sözü yüz dəfə ölçərdin. İndi ölçüb-biçməmiş danışırsan, Qazı Məhəmmədin fikirlərini tərəziyə qoymamış söz deyirsən. Ona görə də səni bu vəzifədən azad edirəm. Yenə də Hüseyn bəysən, yenə də Lələsən. Bu gündən vəkilimsən. Hörmətli qorçubaşı Dədə bəy. Sənin sədaqətinə heç bir sözüm yoxdu. Amma qocalmısan, ya nədirsə, vəzifəyə barmaqarası baxırsan. Bağdadda, İstambulda, Səmərqənddə, Veneditdə, Qahirədə işləyən dərvişlər, abdallar, nə bilim kimlər sənin qayğındır, mənim yox. Təkcə yatanda hökmdar keşiyi çəkmək heç nə deyil. Sənı də qorçubaşılıqdan azad eləyirəm.

Dədə bəy əlini sinəsinə basdı.

- Günahkarıq, mürşidi-kamilimiz.

- İndi isə hazırlaşın, Bağdad üstünə gedirik.  

Elə həmin gün Hüseyn bəy Lələnin başçılığı ilə qoşunlar Şirazın Bağdad darvazasından çıxanda darvazadan, boynunda aldığı rüşvətlə bərabər asılmış Qazı Məhəmmədin meyitinə baxa-baxa keçib getdilər.

Qoşunların gəldıyini eşidən Murad Mirzə Barik bəylə fikirləşib, müqavimətin lüzumsuz olduğunu görərək onlar hələ gəlib çatmamış müqavimətsiz şəhəri tərk eləyib Bayazidin yanına qaçdılar.



* Sədr - dini işləri idarə edən yüksək rütbəli şəxs.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info