Qonaq Kitabı
14

14

Qədim, gözəl Bağdad şəhərində təntənələrə hazırlaşırdılar. Şəhər hakimi Barik bəy Pərnak Murad Mirzəni tapıb Bağdada gətirmişdi və onu İraqi-Ərəbin hökmdarı elan edəcək, başına tac qoyacaqdı. Tarix boyu onlarca, xəlifə, neçə-neçə hökmdar görən şəhərdə bu tacqoyma mərasimi adamlara zibillikdə hərlənən milçək vızıltısını xatırladırdı. Onsuz da Bağdad Qaraqoyunlulardan, Ağqoyunlulardan bəri Təbrizdən asılı vilayət idi. Təbriz taxtı əlindən çıxan Murad Mirzənin təzədən Bağdadda taxta çıxması gülünc təsır bağışlayırdı.

“Bağdad bazarında təzə hökmdardan çox, xurmadan danışırdılar. Mədrəsədən çıxan on-on iki yaşlı, ağ xirqəli, başı çalmalı oğlan ətrafdakı hadisələrə fikir verir, təzə padşahın nə vaxt taxta çıxacağı, nə işlər görəcəyi ilə maraqlanırdı.

Mədrəsə yoldaşını saxlayıb dedi:

- Eşitmisən, Zeyd? Təzə padşah gəlir!

- Məhəmməd, padşahdan bizə nə? Nə əynimizdə paltar olacaq, nə də qarnımızda çörək.

- Bu padşah bilirsən kimdi?

- Yox. Heç bilmək də istəmirəm.

- Bilməyin yaxşıdı. Onu Şah İsmayıl Həmədanda yaxşıca əzişdirib. Onnan indi padşah olar?

- Sən də elə Şah İsmayıl, Şah İsmayıl deyirsən. Özün şeir həvəskarısan deyin, istəyirsən hökmdar şair olsun.

- Əlbəttə. Onun bilirsən necə şeirləri var? Bu yaxınlarda Təbrizdən qonağımız vardı. O deyirdi. Həm də təmiz türk* dilində yazır.

Zeyd güldü.

- Türk dilində də şeir olar? Şeiri yazarlar ərəb dilində. Görürsən Müdərris nə deyir?

- Nə deyir, nə deyir? Mənim ana dilim türk dilidi, man də o dildə şeir yazacağam. Atam-anam gör neçə ildi Ərəşdən gəliblər. Hələ də ərəb dilində danışa bilmirlər.

Zeyd heç bir məsələdə mədrəsə yoldaşı ilə razılaşa bilmirdi.

- Öyrənsinlər. Bəs mən niyə bilirəm?

- Sən ərəbsən. Hər quşun öz dili olan kimi, hər xalqın da öz dili var.

- Türk dili hansı quşun dilinə oxşayır?

- Bülbülün.

Bah! Bəs ərəb?

- Sağsağanın.

Zeyd ondan küsdü. Üzünü çevirdi, xeyli getdilər.

- Qurani-şərif ərəb dilindədi.

Məhəmməd bu ittihamnan sonra qorxuya düşdü.

- Onda özün de. Ərəb dili hansı quşun dilinə oxşayır?

- Tutuquşunun. O quş bülbüldən də gözəldir.

Məhəmməd ona etiraz eləmədi. Yenə də xeyli gedib Dəclə çayının sahilinə çatdılar. Çayda saysız-hesabsız eyvanlı, kölgəlikli qayıqlar üzürdü. Bu gün hökmdarın başına tac qoyulacaqdı. Ona görə də hamıya tapşırmışdılar ki, küçələrə çıxsınlar. Heç kim gedib evində oturmasın. Axşama qədər gəzib sonra evlərinə gedəcəkdilər.

Dəclə sahilində Abbasi xəlifələrinin sarayları, bağları görünürdü.

- Heç Harun-ər Rəşid kimi xəlifə olmayıb. Hamıya qızıl paylayarmış. Heç Şah İsmayıl elə ola bilər?

- Şah İsmayılın şeirləri əsl qızıldı. Harun-ər Rəşidi görən var? Yaltaqlar onu tərifləyib göylərə qaldırıblar.

Sarayda Bağdadın ruhaniləri, sərkərdələr əyalət rəhbərləri toplaşmışdı. Burada bütün millətlərin nümayəndələrinə rast gəlmək olardı. Hərə öz adəti ilə geyinirdi. Bədəvi ərəblər, mosullular, kürdlər, farslar, türklər. Barik bəy Pərnak qalxıb bu gündən İraqi-Əcəmin Təbriz səltənətindən ayrıldığını, ayrıca ölkə olduğunu elan elədi. Bağdad qazısı da öz xeyir-duasını verdi. Bağdad zərgərlərinin tez-tələsik düzəltdirdikləri tacı çöhrəsi gülməyən Murad Mirzənin başına qoydu. Barik bəy davam elədi:

- Həzarat, Murad Mirzə öz nəcabətinə görə ən yüksək nəslə mənsubdur. O, məşhur Uzun Həsənin nəvəsi, Sultan Yaqub padşahın oğludur.

Burada oturanların hamısı onu yaxşı tanıyırdılar. Bilirdilər ki, hətta bacısı onnan üz döndərib Şah İsmayılın yanına qaçıb. Çox çəkməz ki, elə bu taxt-tacdan da, Murad Mirzədən, - “Namurad”dan üz döndərib Şah İsmayıla pənah aparacaqlar.

Murad Mirzə yerindən qalxmadan danışdı. Danışsa da, fikri çox dağınıq idi, haradan başlayıb, harada qurtaracağını bilmirdi. O, İraqi-Ərəbə nə gətirə bilərdi? Heç nə. Yalnız öz təkəbbürunü, zülmünü, yadlığını. Tacqoyma mərasiminin ən maraqlı hissəsi başladı. İştirakçılara hədiyyə paylanmalıydı. Çoxusu da elə buna görə gəlmişdi. Təzə hökmdar öz səxavətini göstərməliydi. Amma səxavət aşıb-daşmadı. Hərəyə bir dəst paltar bağışladılar.   

Murad Mirzənin iyirmi üç yaşı vardı. Atasının taxtından ötəri alışıb yanırdı. Həmədanda, Almaqulağında onun yetmiş min ordusunun məhv olmasına səbəb elə İraq ərəbləriydi. Doyüş başlayan kimi aradan çıxmış, cinahı boş qoymuşdular. Vaxtılə Hindistandan Kardovaya qədər bir ərazini öz qılıncının qüdrətilə titrədən ərəb cəngavərliyindən əsər-əlamət qalmamışdı. Bunun səbəbini o çox araşdırmaq istəsə də, bir yana çıxara bilməmişdi. “Dünyada hərənin bir dövranı olur. Demək ərəblərin dövranı gedib. İş o yerə gəlib çatmışdı kı, monqol sərkərdəsi Hülaki xan Bağdaddakı bu sarayların birində xəlifədən hərəmxanasındakı qadınlarının siyahısını tələb etmiş, 700 qadının altı yüzünü öz adamlarına bagışlamışdı. Bununla da Abbasilər xilafətinə son qoyulmuş, ərəb dünyasının içərilərində olan Misirdə belə vaxtilə qul kimi gətirilən məmluklar hakimiyyətə keçmişdi.

Murad hiss elədi ki, taxt laxlayır. Yanında dayanmış Barik bəyə dedi. Barik bəy qapıçını çağırdı, taxtın ayagı altına nəsə qoydular ki, ləngər vurmasın. Bundan sonra üzünü adamlara tutub gülümsədi.

- Daha bu taxt laxlamaz.

Xəfif bir gülüşə keçdi.

O, sərkərdələri sədaqətə, cəsarətə dəvət etmək istədi, lazım bilmədi. Quru sözlə nə sədaqət olar, nə cəsarət. Ərəb qoşunları onun tərəfini saxlamayacaq. Niyə də saxlamalıdırlar. Yaxşısı budur, zəif hökmdardansa, güclü hökmdara tabe olsunlar. Öz şahları olmayandan sonra, nə fərqi, kim olacaq. Acizi qorumaqdansa güclünün himayəsinə keçərlər kı, güclü onları qorusun.

Tacqoyma mərasimindən sonra Caharbağı Pirbudaq bağında böyük ziyafət verildi. Süfrəyə müxtəlif yeməklərlə bərabər, şərab da qoyulmuşdu. Bu şərab şəriət qaydalarına sasən “mələyi” üzümünün şirəsindən hazırlanmışdı. Mixək, zəncəfil qatılan şərab, nar şirəsi, nar çiçəyindən hazırlanan, nar çiçəyinin rəngindən seçilməyən şirələr vardı. Bunları onunla bərabər gələn Təbriz ustaları hazırlamışdı. Hər dəfə içəndə yadına Təbriz düşür, gözü qabağına bu şərabların rəngini xatırladan Surxab dağı gəlirdi. Bu dağ o qədər qırmızıydı ki, oradan axan çayın da rəngi qana oxşayırdı. Bəlkə də min illərlə Təbrizdə tökülən qanlar o dağa hopmuşdu. Badədəki “mələyi” şərabını götürüb bir neçə qurtum içdi. Gözlərini büllur qədəhə dikdi. Sanki orada Təbrizi görmək istəyirdi. Onun gözləri yaşla doldu. Bağdadı, Qahirəni, heç İstambulu da istəmirəm, mənə Təbrizin bir məhəlləsində bir koma verin, orda yaşayım “ilahi!”

Kimdi onun səsini eşidən?

Məclisdə yarımçılpaq bir qadın “göbək” rəqsi oynayırdı. Bu, yançaqları enli, göbəyi dərin gənc bir qadındı. Elə oynayırdı ki, sanki dünya vecinə deyildi. Sanki bu rəqs deyirdi: “Sən başıma tac qoy, döyüş meydanında uduz, cəlayi-vətən ol, özün bilərsən, bu göbək musiqi ahəngiylə hərlənəcək, hamıya, lap bu dünyanın özünə də istehza ilə baxacaq. Sən olma, o biri hökmdar olsun, bu gözəl göbəyim onun qarşısında da hərlənəcək”. Murad sanki onunla mübahisəyə girişdi. “Yalan deyirsən, bir azdan sən də qocalacaqsan, sənin göbəyin də heç kimin gözünü oxşamayacaq. Onda o göbək bir daha məclislərə çıxmayacaq. Onda cavan rəqqasələr səni ələ salacaq”.

“Qürrələnmə. Mən hələ qocalmamışam. Hələ çox belə məclislər yola salacam, hələ çoxlarını riqqətə gətirəcəyəm. Sən cavansan, amma bu gündən sabaha ümidin yoxdu. Hökmdar olsan da, bu gün başına qızıldan tac qoysan da qorxursan. Çünki fələyin daşları yağanda qızıl tac onun qabağında acizdi”.

Bu göbək rəqsi onu gic eləmişdi. Gözlərini çəkə bilmir, fikrini yayındırmağı bacarmırdı. Niyə qurtarmır bu rəqs? Bu nə qədər davam edəcək? Daha bilmirdi ki, onun maraqla baxdığına görə rəqs qurtarmır, dəfələrlə təkrar edilirdi. Məclisdəkilər də onun baxışına fikir verir, irişir, bəziləri narazılığını bildirirdi.    

Rəqqasə oynaya-oynaya lap onun yanına gəldi. Murad dözə bilmədi. Ayağa qalxıb çini qabı yerə çırpdı.  

- Bəsdi də! Bilmirəm bu xarabada hökmdar mənəm, yoxsa sənsən!..           

Rəqqasə əli ilə üzünü örtüb qaçdı. Hökmdarın türk dilində dediyi sözləri başa düşə bilmədi.

Murad Mirzə oturdu. Bərk isti idi və tər onun kürəyi arası ilə sel kimi axırdı. Bağın sərinliyi də onun canını qurtara bilmirdi. Quşlar da qaçıb ağacların yarpaqları arasındakı kölgəliyə doluşmuşdu. Bir sarı, böyük quş it kimi dilini çıxarıb ləhləyirdi. Şah, Barik bəyə dedi:

- Bu isti bizim axırımıza çıxacaq.

- Onda gəmi ilə çay gəzintisinə çıxaq.

Məçlis qurtardı. Hökmdara məxsus gəmi sarayın yanında körpüyə yan alıb gözləyirdi. Gəminin üstü naxışlı, bərbəzəkli eyvanla örtülmüşdü. Baş tərəfdə çalğıçılar üçün yer vardı.

- Musiqiçiləri də götürəkmi?

- Yox. Səninlə məsləhətim var. İkimiz olaq...

Onlar ikisi gəmiyə oturdu. Yelkəni qaldırdılar. Amma külək olmadığına görə kətan yelkən dolmadı. Avarları işə saldılar.

Əyan-əşrəf sahildə qaldı.

- Bağdad heç vaxt hücumlara dözməyib. Bərk ayaqda həmişə düşmənə təslim olub. Görəsən Şah İsmayıl bizim üstümüzə gəlməyəcək?

Barik bəy bilirdi ki, Şah İsmayıl Şirazdadı və bəlkə də Bağdad üstünə yürüşə hazırlaşır. Amma Murad Mirzəni sakitləşdirmək istədi.

- Şeybani xan Xorasanı tutub. Belə bir vaxtda onun Bağdada yürüş etməsi ağlasığmazdı. Bir neçə il onun başı o işlərə qarışacaq, ona kimi də biz güc toplayarıq.

Murad Mirzə qara şəvə bığları, uca boyu, möhkəm bədəni olan bir gəncdi. Təkcə sifətində xırda-xırda qırmızı çibanlar vardı ki, onun yaraşığına xələl gətirirdi. Barik bəy isə yaşlıydı. Muradı Bağdada o özü çağırmışdı. Məqsədi də onun vasitəsilə İrani-Əcəmi əldə saxlamaq, yeri düşəndə onun başını əkib hakimiyyəti ələ almaq idi. Əbih Sultanla cavanlıqdan durub oturmuş, dostluq eləmiş, onun hiylələrinin bəzilərini öyrənmişdi. O, Murad Mirzəni şübhələrdən qurtarmaq üçün dedi:

- Mən günahkar bəndənizi bağışlayın. Deyir məsləhətli don gen olar. İcazə versəniz, mən də bir söz deyərdim.

- Bu saat mənə hər şeydən irəli məsləhətdi, buyur.

Barik bəy ona lap yaxınlaşdı. Guya avar çəkən qullar onu eşidə bilərdi.

- Axı sənin bacın Taclıbəyim Şah İsmayılın zövcəsidi.

Murad əsəbiləşdi.

- O günə daş düşəydi. O, məni biabır elədi, papağımı yerə vurdu.

- Hər necə olsa bacı qardaşını hamıdan çox istəyər. İndi də elə bir məqamdı ki, hər vasitə ilə sənə kömək əlini uzada bilər.

Murad Mirzə bu məsələdə bir işıq ucu gördü.

- Necə?

Onun yanına gizlincə adamlar göndərmək lazımdı. Qoy şahı Bağdada hücum etmək fikrindən yayındırsın. Şah Taclıbəyimi eşidir.     

Axı bu yaxınlarda ikinci dəfə evlənib. Taclını istəsəydi belə bir iş tutmazdı.

- Bu daha yaxşı. Taclı bu yeni izdivacdan yəqin ki, narazıdı və hirslənib. Ona görə də qardaşına kömək eləməyi boynuna götürər.

Onlar bu işi necə eləmək barəsində xeyli fikirləşib tədbir tökdülər. Saraya qayıdanda Murad Mirzə Barik bəyə dedi:

- Mən xəzinəyə baxmaq istəyirəm.

Barik bəy bir şey demədi. Xəzinədarı çağırıb onu xəzinəyə apardı. O, Fəzlullah Rəşidəddinin “Cəmi-ət Təvarix” kitabında xəlifə xəzinəsi barəsində oxumuşdu. Bilirdi ki, Abbasi xəlifələrinin beş yüz iyirmi beş ilə topladıqları üç min qızıl kərpic xüsusi ordunun müşayiəti ilə Urmiyyə gölünün içərisindəki qalaya gətirilmiş, sonradan it-bata düşmüşdü. Bağdad sözü həmişə qızıl, qaş-daş, cəvahirat yada salıb. İndi başına tac qoyandan sonra xəzinəsini görmək qərarına gəlmişdi. Xəzinədar iri qıfılları şaraqhaşaraqla açdı. Xəzinənin keşiyini çəkən döyüşçülər hökmdarın xəzinəyə gəldiyini ilk dəfə görürdülər. Qalın dəmir qapını itələyib açdılar. Yuxarıdan düşən bir işıq şüası burada solğun tülə bənzər alatoranlıq əmələ gətirmişdi. O, işıq zolağı düşən yerdə hörümçək torunun nazik, ipək saplara bənzəyən xətləri göründü.

Xəzinədən kif iyi gəlirdi. Bir tərəfdə zərli parçalarla tikilmiş libaslar, yəhər və yüyən. qılınclar, əlbəsələr düzülmüşdü. Bunlar hədiyyə vermək üçündü, ya da hədiyyə kimi gətirilmişdi.

Xəzinədar açar salıb divardakı dəmir qapını da açdı. Bu kiçik seyfdə bir qalaq qızıl dirhəm vardı.

- Elə bu?

- Bəli. Xəzinə çoxdan boşdu.

- Vergilər yığılıb?

- Bəli.

- Bəs hara xərclənib?

Dinən, cavab verən yox idi. Yoğun, tosqun xəzinədarın buxağı az qala döşünə düşürdü.

- Mənim kitab-dəftərimdə hər şey düzdü. Aldığım da, verdiyim də.

- Neçə vaxt başsız qalan ölkə belə olar. - Barik bəy onun hirsini soyutmaq istədi.

- Başsız! Onda ölkənin hökmdarı məndim, Bağdad hakimi, sən cənab!

- Hörmətli hökmdar! Bəs Almaqulağı yanındakı ordunu təchiz eləməyə pullar hardan gedib?

Murad Mirzə susdu. “Almaqulağı” kəlməsini eşidən kimi nitqi tutulurdu. Həm böyük orduynan kiçik orduya məğlub olmasına, həm də ölkəni əldən verməsinə görə.

Onlar susub dayanmışdılar. Divarın dibindəki deşikdən balaca bir siçan çıxdı. Adamları görüb qurudu. Donuq şüşəyə oxşayan gözləri vardı. Arxa ayaqları üstünə qalxdı və birdən-birə pal-paltar saxlanan tərəfə qaçdı.

Murad Mirzə xəzinədara döndü:

- Qonaqlarımıza xələt bağışlayanda, cibinə əl atanda içindən siçan çıxacaq.

Xəzinədar onun çox xırdalandığını görüb başını əydi. Ətli peysəri göründü.

- Hökmdar, bu başım, o da qılınc. Vurun! Mən həmişə sədaqətli olmuşam. Xəzinə deyəndə nə xəzinə, mənim atamın var-dövləti bu xəzinədən çox olub.

Murad Mirzə qayıdıb çıxdı.

- Yaxşı, vəzir, bəs mənim adımnan sikkə kəsilmir? Xütbə oxunmur?

- Sikkələr bu gün kəsilib gətirilməlidir. Qızıl az olduğuna görə hələlik az sifariş vermişik. Xütbə isə artıq oxumur.



* Azərbaycan.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info