Qonaq Kitabı
13

13

Dağlara, daşlara, dərələrdən axan sulara, meşələrə elə bil xına çəkmişdilər. Hamısı narıncı rəngdəydi. Yemişan, ayı-qarası meyvələri salxım-salxım sallanırdı. Zirincinin xırda mərcanlara oxşayan dənələri göz oxşayırdı. Qayalardakı daşxınası da rəngini dəyişib narıncı olmuşdu. Xoy ətrafına belə bir gözəl payız gəlmişdi. Yuxarıdakı qayalıqda kəkliklər qaqqıldaşırdı. Şah İsmayıl çadırın yanında dayanıb bu gözəlliyə baxırdı. Özü ilə sultan Məhəmmədi, aşıq Qurbanini, şair Həbibini və sərkərdələrini gətirmişdi. Ova hazırlaşırdılar. Ordu ətraf dağlarda cərgə ilə dayanıb bütün heyvanları şahın olduğu tərəfə qovacaq, vəhşi heyvanlar bir-birinə qarışacaq, ov başlanacaqdı.

Sultan Məhəmməd öz çadırında şagirdlərinə rənglər hazırlamağı tapşırmışdı və özü də bu işə nəzarət eləyirdi.

Ortayaşlı kişi hansı bir bitki kökünüsə həvəng-dəstədə əzib toz halına salır, cavan oğlan qazanın altına çırpı atırdı.

Sultan Məhəmmədi təbiətin bu xınalı rəngi dəli eləmişdi.

“Hardan çıxır bu rənglər? Yaşıl sarıya, sarı qızılıya çevrilir. Göy meyvə indi al qırmızıdı. Təbiətin bu sirrini öyrənə bilməsək bu qədər əlvanlığı ala bilmərik. Düzdür, Təbriz xalçaçıları boyaların çox sirlərini öyrəniblər. Onlardan istifadə eləyirik. Biz özümüz nə öyrənmişik? Sumağın kökünü qaynadıb rəng alırıq. Bəs daşxınasından niyə rəng almayaq. Zəfərandan, lap elə bu yemisanın özündən də rəng almalıyıq”.      

O, şahın ov səhnəsini çəkmək üçün gəlmişdi. Həm də şagirdlərini gətirib yeni rənglər almaq üçün elə burada, təbiətin rəngarəng qoynunda təcrübə aparırdı.         

Rəssam “Səkkiz behişt” sarayına gələndən sonra qədim kitablara, Nizami xəmsəsinə şəkillər çəkməklə məşğul idi və belə şəkillərdən biri – “Xosrovun Şirinə rast gəlməsi” şahın çox xoşuna gəlmişdi.

Qurbani isə şah çadırının aşağısında, qayanın üstündə oturub “Baş sarıtel” çalırdı. Elə çalırdı ki, sazdan qopan sədalar təbiətə, rənglərə hopur, insanı bu gözəlliyə qovuşdururdu. Saçlarına dən düşmüş şair həbibi xəzəllər üstündə oturub nəsə yazırdı. Təkcə Şah İsmayıl lal-dinmaz dayanıb təbiətin bu lal, əzəmətli səhnəsinə diqqət kəsilmişdi. O, heç nə düşünmək istəmirdi. Elə baxmaq, zövq almaq, təbiətin bir parçasına çevrilmək həvəsindəydi. “Görəsən, bu Qurbani niyə yanıb kül olmur. Axı o bu çalğısı ilə yeri-göyü yandırır”. O gördü ki, kəkliklər uçub Qurbani çalan qayanın yanındakı daşlığa tökülür. “Bu nə sirdi, bu nə hikmətdi. Quşlar da yəni musiqiyə valeh olur? Onlar da sənətkara qulaq asmağa gəlib? Çal, Qurbani, çal! Döyüş qabağı elə çalırsan ki, hamı ölümə getməyə hazır olur. Elə mən özüm də. İndi isə tək bizi yox, ayağı, dimdiyi xınalı kəklikləri də ovsunlamısan. Amma heç özünün özündən xəbərin yoxdur”. Qurbani çalırdı. Sifətinin əzələləri gərilmişdi. Yol çəkən gözlərində yaş gilələnmişdi. Çalırdı. Özünü yadından çıxartmışdı. Elə bilirdi təkdi. Xudafərin körpüsü üstündən keçir, qarşıdan bir qəflə-qatır gəlir. Hamıya salam verib ötür. Dəvənin üstündə bir gözəl oturub ki, təsviri saza-sözə gəlməz. Həmin gözəl maraqlanıb soruşur:

- Aşıq, adın nədi?

- Adım Qurbanidi, gözəl xanım. Bəs sənin adın nədi?

- Pəri.

- Hansı eldənsən?  

- Gəncə hakiminin qızıyam.

Ourbani indiyə qədər ayırd eləyə bilmirdi, bu söhbət həqiqətdə olub, ya onun xəyalıydı. Amma ona elə gəlirdi ki, hu əhvalat olub.

Dağlara baxırdı, gözlərinə Diri dağları görünürdü.

 

Əzizim Diri dağı,

Duman gəl bürü dağı,

Xudam bir körpü salıb,

Arxası Diri dağı.

 

O, Xudafərində kimləri görməmişdi. Mazannənə piri ətrafındakı möcüzəli əncir, üzüm, nar bağları, düzüm-düzüm çinarlar, bu bulaqlar körpüdən keçənləri özünə cəlb eləyirdi. Çox vaxt da o körpünün o başında Diri dağının ətəyindəki yaşıllıqda dayanıb gəlib-keçənlərə baxardı. Yaşıdlarına qoşulub oynamağa getməzdi. Şah İsmayılı da onda görmüşdü. O vaxt qoşunu belə çox deyildi. Lap uşaq idi, amma elə gözəl geyimdə, elə təntənəli şəkildə gəlib keçmişdi ki, heç vaxt yadından çıxmırdı.

İndi çalırdı. Diri dağı yadına düşmüşdü. Xudafərin yadına düşmüşdü. Körpü üstündə, dəvə belində keçən qız yadına düşmüşdü.

O hava üstündə Şah İsmayıl öz şeirini pıçıldamağa başladı.

 

Aqil, gəl bəri, gəl bəri,

Gir könülə, nəzər eylə.

Görür göz, eşidir qulaq

Söylər dilə nəzər eylə.

 

Başdır - gövdəyi götürən,

Ayaq mənzilə yetirən.

Dürlü məsləhət bitirən,

İki ələ nəzər eylə.

 

Sufi isən, alıb satma,

Həlalına haram qatma,

Yolun əyrisinə getmə,

Doğru yola nəzər eylə.

 

İki əlin qızıl qanda,

Çox günahlar vardı məndə,

Ya ilahi, kərəm səndə,

Düşgün qula nəzər eylə.

 

“İki əlin qızıl qanda, çox günahlar vardı məndə”. Taxta çıxandan neçə-neçə qırğınlar olmuşdu. Nə qədər qanlar tokülmüşdü. Təbiətin bu gözəlliyi, bakirəliyi qarşısında o, günahkar olduğunu pıçıldayırdı. Belə gözəllik insanı təmizləyir, onu danışmağa məcbur eləyir.

Bir azdan yenə qan töküləcək, yenə xınalı dağlara qırmızı rəng əlavə olunacaq, amma bu, insan qanı yox, vəhşi heyvanların qanı olacaq. “Yaşayan ölməlidi” deyiblər “yaşayan öldürülməlidi” deməyiblər.

 

Xətai eydür: ya Ğanı,

Verən mövla alır canı.

Əvvəl kəndi-kəndin tanı,

Sonra elə nəzər eylə!

 

İnsan özünü tanımasa nə eli tanıyar, nə obanı. Amma insanın özünü tanıması vaxtı o qədər uzun çəkir ki, o, baş verənə qədər dünyada minlərlə adamın qanı axır, nə qədər evlərin qapısı bağlı qalır.

Xətai öz fikirləri ilə məşğul idi. Qocalığa doğru üz qoyan bibi hələ də öz fikir dühasından ayrıla bilmirdi. Təzəcə başladığı qəzəlini tamamlamağa çalışırdı. Onun çox qəribə taleyi vardı. Hələ o vaxtlar, Sultan Yaqub hakimiyyətdə olanda Şirvana səfərə çıxmışdı. Şoranlığın, sirkanlığın arasında itib-batmış, yastı yapalaq evləri, üstünə qamış döşənmiş yeraltı qazmaları olan Bərgüşad kəndinin yanından keçmiş; bir az aralıda quzu otaran bir uşaq görmüşdü. Uşaq həm də çöp yığırdı.

Hökmdarın uşağın simasından xoşu gəlmiş, onu danışdırmaq istəmişdi.

- Ay uşaq nə yığırsan?

- Çör-çöp yığıram.

- Çöp çöpdü, bəs çör nədi?

- Çör durandı, çöp yıxılandı.

- Bu quzular kimindi?

- Qoyunların.

- Kəndinizdə böyüklər kimlərdi?

- Öküzlər.

- Elə demirəm ey, kəndə qonaq gələndə kim qarşılayır?

- İtlər.

- Məni dolamısan? Qılıncımı çıxarıb səni çaparam.

- Yaxşısı budu çap, yoldaşlarına çat.

Uşağın ağıllı cavabları onun xoşuna gəlmiş, vəzir-vəkili ilə Bərgüşad kəndinə dönmüşdü. Uşağın atasını tapmamışdılar. Anası isə saman suvaqlı alçaq daxmada zarıyır, su istəyirdi. Doğrudan da onları kəndin böyükləri yox, itlər qarşılamışdı.

Axırda kəndin darğasını çağırmışdılar. Darğa gəlib onlara baş əymişdi. Sultan Yaqub demişdi:

- Soruşun görün darğanın adı nədi?

-  Adım Əhməddi. Qurban nəvəsi Əhməd deyillər.

-  Bu arvad niyə bu gündədi?

Azarlıdı da. - Sonra darğa Qurban nəvəsi Əhməd daxmaya gırıb arvadı sorğu-suala tutmuşdu, - Bunlar sizin nəyinizdi?      

- Aah, ölürəm. Kimi deyirsən? - O, dəhşətlə darğaya baxmışdı. - Sən əzrayılsan?

- Yox, mən əzrayıl deyiləm. Mən can almıram, mən pul alıram, taxıl, dən, evdə hər nə varsa onları. Qapına yekə-yekə adamlar gəlib. Bura da yaxşı deyil. Heç onlar endirib bu daxmaya da girməzlər. Dananız hardadı, aparım kəsim, qonaq eləyim onları. Yoxsa daxmanızı başınıza uçurdullar.

Arvad son gücünü yığıb demişdi:

- Qurban nəvəsi Əhməd, sən bu eli çapıb talan, hamını soymusan, indı gözünü dikmisən o danaya. Kişi gözləyir, öləm, onu kəsib ehsan verə.           

- Ay arvad, ehsan nədi?! O boyda adamlar gəlib

Darğa çıxıb adamlarına tapşırmışdı ki, dananı açıb aparsınlar. At belindəkı ağalara isə demişdi:

- Mənim əziz qonağımsınız. Bu lüt-üryan dilənçilər kimdi ki, onların daxmasının yanına at sürüb onları şərafətləndirmək istəyirsən?

- Bizə bu evin kişisini tap. Tapmasan belinin gönünü çıxardacam.

Qurban nəvəsi Əhməd qorxuya düşmüşdü. O, acgözlüyunə, ev yıxmağına görə neçə dəfə tələyə düşsə də, tülkü kimi sivişib çıxmışdı. Amma gördü ki, yox, bu tələ o tələdən deyıl.

- Baş üstə. Deyim kim onu axtarır?

- De ki, Ağqoyunlu hökmdarı Sultan Yaqub.

- Nə?

Sultan Yaqub iki fərraş ayırmışdı ki, onunla gedib ev sahibini gətirsinlər.

Çayın kənarında iri qovaq ağacları evin beş addımlığındaydi. Sultan Yaqub düşüb özünü kölgəyə verdi. Kənd adamları, yığılır, uzaqdan hökmdara tamaşa eləyirdilər.

Bir azdan qədəh şalvarını dizinə kimi qatlayan, qolu çirməkli, başı ağ çalmalı kişi gəlib kəmali-ədəblə salam verdi.

- Ey hörmətli qonaq, mən demirəm kimsən. Amma qonaq allah qonağıdı. Buyur daxmamıza, bir tikə çörəyimizi kəs, bir fincan çayımızı iç.

- Çox sağ ol. Kəndin kənarında quzu otaran uşaq sənin oğlundumu?

- Bəli, başına dönüm. Nə günah işlədib? Onun qulağını elə burum ki...

Sultan Yaqub kişi ilə danışmağa başlayanda bir atlı çapa-çapa gəldi. Onlara çatıb qara, tükü parıldayan atından düşdü. Qələbəlik görsə də hökmdarı tanımadı. Kişiyə girişdi.

- Sən nə öz dağarcığını çuvallara tay eləmisən. Hörmətli adamlarla danışmağa sənin qabiliyyətin çatar ki. Çəkil, qanmazın biri qanmaz. Hələ deyəsən su açmısan. Su borclarını verib qurtarmısan ki? Çıx ortadan, qanmaz heyvan!

Darğa Əhməd Qurban nəvəsi ona nə qədər göz ağartdısa, bir şey çıxmadı. Kişini söyməyə ara vermədi. Çəkməsindən şallağı çıxarıb ona yetirmək istəyəndə Sultan Yaqubun fərraşları onun qollarını qanırıb üzü üstə yerə atdılar.

Sultan Yaqub soruşdu:

- A kişi, bu kimdi?

- Bu bizim mirabdı. Suya görə qanımızı sorur.

- Adı nədi?

- Alı oğlu Aydın. Aydın nədi, heç zülmət də onun qəlbi kimi qaranlıq ola bilməz.

- Bəs bu mahalın böyüyü kimdi?

- Kərimxan deyirlər. Heç kim üzünü görməyib. Oturub evində, mahalı da verib bu ac qurdların əlinə, didib-dağıdırlar.

Sultan Yaqub oğlanın atasını yanına çağırdı.

- Mən Ağqoyunlu hökmdarı Sultan Yaqubam, Təbrizdən gəlib Şamaxıya gedirəm. Oğlunu danışdırdım, hazırcavablığı xoşuma gəldi. Razı olsan onu özümlə Təbrizə apararam, oxutdurub elm sahibi eləyərəm. Burda qalsa, itib-batacaq. Oğlun yaxşı dedi, kəndimizin böyüyü öküz, qarşılayanı itdi. O darğa elə öküzdü, mirab da it xasiyyətini bizim yanımızda göstərdi.

- Şirvanşahdan xahiş edəcəm səni bu kəndə darğa qoysun. Qoşunnan adamlar saxlatdıraram, qoy sənə ev tiksinlər, arvadını müalicə eləsinlər. Vəzir, kişiyə xərclik da verin.

Həbibi bu cür gəlib Təbrizə çıxmış, oxumuş, təhsil almış, məşhur bir şair olmuşdu. Şah İsmayıl hakimiyyətə gələndə o da Murad Mirzəyə qoşulub qaçmış, amma Şirazdan uzağa getməmişdi. Taclıbəyim onu şahın yadına salmış, adam göndərib gətirtmiş, saray məclislərinin birində onu sarayın “Məlikəş şüəarası”, şairlər şairi elan etmişdilər.

Uzaqda ovçu gəranayı çalındı. Bu, ova hazırlaşmaq ifadəsi idi. Aşıq Qurbani sazını köynəyə qoydu, Soltan Məhəmməd kağız-qələmini götürüb hündür bir yerdə oturdu. Şah İsmayıl qılıncını qurşadı, ox qabını çiynindən aşırdı.

Bir azdan dərə boyu dağ keçiləri daşları diyirləyə-diyirləyə tökülüb gəldilər. Meşədən maral sürüsü çıxdı. Tülkülər, dovşanlar, çaqqallar hamısı qaçıb dərəyə dolurdu. Hər tərəfdən sinc, təbil səsləri eşidilir, insan bağırtıları qayalarda əks-səda verirdi. Rəssamın diqqətini qayaya dolanıb baxan bəbir cəlb elədi. Bu heyvanlar uca dağlarda, qayalar arasında, mağaralarda yaşayırdılar. Dağ keçisi, ceyran ovlayırdılar. İndi hər tərəf ovla dolu idi, amma özü gizlənməyə çalışırdı. Qəribədir ki, insanlardan qaçan heyvanlar bir-birlərinə mehir salmışdı. Canavar dişlərini qıcayırdı ki, ona toxunmasınlar, gözləri irilmiş marallar tullanıb qaçmağa yol axtarır, tapmırdılar.

Şah İsmayılın atını gətirdilər. Yəhərə sıçrayıb ova başladı. Əmr verildi ki, bir tərəfdən çəkilib heyvanlara yol versinlər. Sanki heyvanlar bunu hiss etdilər və götürüldülər. Şah İsmayıl atını çapır, maralları, dağ keçilərini oxla bir-bir vurub yıxırdı.

Nədənsə o, çox tez həvəsdən düşdü. Oxunu yerinə qoyub sakitləsdi. Əyan-əşrəf də ovu dayandırdılar.

Sultan Məhəmməd çəkdiyi heyvan şəkillərini yıgışdırdı. Böyük ov səhnəsini yaratmaq üçün hələ ona çox vaxt lazım gələcəkdi.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info