Qonaq Kitabı
12

12

Şahzadə Səlim yatmamışdı. Yorğunluğunu bəhanə eləmişdi. Hərəmxanadaydı. Təzə gətirilən göygözlü, türk dilini bilməyən bəstəboy serb gözəli ilə hovuzun başındakı pərqu döşəklərin üstündə Adəmlə Həvva kimi libassız uzanıb məhəbbətin dili ilə danışırdılar. Yatmamış hərəmlər qapıların arasından, küncdən-bucaqdan onlara tamaşa edirdilər.

Nəhayət, o bezdi, əlini əlinə vurdu, geniş ətəkləri büzmə şalvar, ətrafına çalma dolanmış papaq qoyan balacaboy xacə gəldi. Nazik, qadın səsi ilə soruşdu:

- Eşidirəm, şahzadə həzrətləri.

- Eşidərsən də, niyə eşitməyəsən ki. Qulağın darı deşir. Hamam hazırdı?

- Bəli, şahzadə.

- Paltarlarımı ora apar.

- Hər şey hazırdı.

- Zülqədər bəy gəlib?

- Gəlib.

Şahzadə Səlim qalxdı. Adəm kimi lüt-üryan yeriyib hamama getdi. Təkcə ayaqlarına quşburnu nəleyin aldı. Onun uca boyu, enli çiyinləri vardı. Bədəni tamam tüklə örtülü olsa da, başında tük qalmamışdı. Div addımları ilə yeriyib getdi, yataqda uzanıb qalmış serb qızını  göstərdi:   

- Onu özün aparıb yuyundur.

Xacə hərəmxanalarda neçə dil öyrənmişdi. Hamını öz dilində danışdırmağı bacarırdı. O, şahzadənin tapşırığını yerinə yetirənə kimi Səlim hamama girdi. Hamamda onun sinəsinə çatan buxar vardı. Təkcə başı o buxarın üstündən görünürdü. Buxar onu tərlətdi. Bundan sonra hamamın xəzinəsinə tullanıb suyu ətrafa sıçratdı. Arxası üstə uzanıb ilıq sudan ləzzət aldı. Amma buxardan onun başına, bədəninə soyuq damcılar düşən tavanı görə bilmədi.

Səlim atası tərəfindən Trabzon sancaq bəyi təyin olunandan bir fikirlə alışıb-yanırdı. Necə eləsin ki, atasının taxtına sahib olsun. Düzdür, ondan böyük iki qardaşı vardı. Şahzadə Əhməd və Şahzadə Qorqud. Kiçik Qardaşını heç saymırdı da. Hər vasitə ilə atasının rəğbətini özü qazanmaq istəyirdi. Bunun üçün atası ilə razılaşmadan gürcü torpağına dəfələrlə basqınlar etmiş, Kutais şəhərinə qədər girib torpaqları III Baqratdan almışdı.

Türk sultanlarının belə bir adəti vardı. Oğlanlarını İstambuldan uzaqdakı sancaqları idarə etməyə göndərir, heç birini öz yanında saxlamırdılar. Şahzadələrin idarə etdikləri sancaqlar İstambuldan eyni məsafədə yerləşməliydi. Sultan vəfat eləyən kimi onların hamısına çapar göndərilirdi. Ən tez gələn şahzadə taxta çıxırdı.

İndi Şahzadə Əhməd Amasiyada, Şahzadə Qorqud Antalyada idi.

O, Şərqi və Orta Anadolunun hökmdarı kimi nüfuz qazansa da, Trabzonnan İstambula yol nisbətən uzaq idi. Gəmi ilə gedənə, dənizin şıltaqlığına dözənə kimi o biri qardaşları at dəyişə-dəyişə özlərini yetirə bilərdilər. Onda əlvida sultan taxtı! Şahzadə Qorqudun vəziyyəti onlara nisbətən daha çətin idi. Onun oğlu olmamışdı və oğulsuz şahzadənin sultan taxtına çıxmağı müşkül məsələ idi.

Sultan Bayazid qocalmışdı, xəstə idi və oğlanları onun ölümünü gözləyirdilər.

Şahzadə Səlim ləzzətlə yuyundu. Canındakı bütün ağrılar-acılar getdi. Bədənini qəribə bir rahatlıq çulğadı. Serb qızı ilə keçirdiyi vaxt onun hərəmxanadakı dörd görüşünün axırıncısıydı və onun lətafətindən məst olmuşdu.

“Serb qızmın adı necə oldu?”

Nə qədər fikirləşdisə yadına sala bilmədi.

“Cəhənnəm olsun. Bu dünyada ən bol olan qadın gözəlliyidi”.

Əllərini bığlarına çəkdi. Onun qara, eşmə bığları uzanıb qulağının dibinə çatırdı. Çatma qaşları, iri burnu vardı. Gözləri də qaraydı. Sifətdən, boy-buxundan atasından çox anasına, ulu babası Osman Qazı nəslindən çox, Zülqədər uşağına oxşayırdı. Zülqədər uşağı tayfası osmanlılardan çox Azərbaycan türkləri idilər. Amma şahzadə Səlim bunu boynuna götürməmişdi, bu barədə düşünməmişdi də.

Yenə əllərini əllərinə vurdu. Hamamçının səsi buxarın arxasından eşidildi.

- Hər şey hazırdı, şahzadə.

O, qalxdı, xəzinənin suyu da onun başından şoralanıb töküldü. Ayaqlarını şirəli döşəməyə basıb yeridi. Hamamçılar ağ fitələrlə onu quruladılar. Sonra paltarını geyindirdilər. Burada sarayda adamları qəbul elədiyi qiymətli libasdan tutmuş, yüngül gecə geyiminə qədər vardı. O, bahalı paltarını geymək istəyirdi.

Geyinib hazır oldu. Güzgü qabağında dayandı, mirvari tanasını qulağına taxdılar. Çalmasını başına qoydular. Çalmasının yuxarısında Hörmüz incisindən cıqqa vardı.

Özünü qaydaya salandan sonra bədənindəki xoş sərinlikdən həzz ala-ala çıxdı. Qorçularının müşayiəti ilə hərəmxanaya yox, arxa qapıdan saraya girdi. Xidmətçilər şamdanlarda yanıb qurtarmış şamların yerinə təzələrini qoyurdu.

O, qulaq verdi. Hardasa bir küçə itinin aciz hürüşü eşidildi. Şahzadə əsnədi. Cibindən qızıl zəncirli Vendikt saatını çıxarıb baxdı. Gecə yarıdan xeyli keçmişdi.

Öz otağına getdi. Candarlara əmr verdi ki, süfrə hazırlamağı tapşırsınlar və babası Ələüddövlə Bozqurdu onun yanına gətirsinlər. Ona heç kim etiraz edə bilməzdi. İndi yəqin ki, şirin yuxuda olan qocanı əl üstündə də olsa gətirməliydilər.

Süfrə Ələüddövlədən tez gəldi. Burada neçə cür nazü-nemət, meyvə və şərablar vardı. Qırqovul kababını xoşlayan şahzadə babasını gözləmədən yeməyə girişdi, qoca qapıdan müti yerişlə girəndə, o, gəmirdiyi sümüyü qaba atıb ayağa qalxdı.

- Xoş gəlmisən, baba, süfrəyə buyur!

Onun əlindən tutub görüşdü. Ələüddövlə bəy əlini çəkəndən sonra dodaqlarına aparıb öz əlini öpərək alnına qoydu.

Əvvəl babasını oturtdu, sonra özü oturdu.

- Danış görək, nə var, nə yox?

O özü hər şeyi bilirdi. İstəyirdi ki, bir də onun dilindən eşitsin. Ələüddövlə olanları danışdı, Sarı Qaplanın ölümünü də təfərrüatı ilə söyləyəndə şahzadə Səlimin gözlərindən yaş gilələndi. Onun ağlamağı qoca bəyə böyük təsəlli oldu. Şahzadə Səlimin göz yaşları ara vermirdi. Nəhayət, o, əlini alçaq kürsüyə çırpdı, xidmətçi qaça-qaça gəldi.

- Bu şərab nədi?

- Günahkaram, şahzadə! Həmişə...

- Bu gün həmişədi? Mənə yas xəbəri gəlib, mənim belim qırılıb. Sən də süfrəyə şərab gətirirsən.

Xidmətçinin dizləri qatlandı. Ələüddövlə Bozqurd bəy dilləndi:

- Sarı Qaplan xatirinə onun günahınnan keç. Bu işdə cəza almalı ayrı adamlar var.

- Mən bilirəm o ayrı adamlara nə eliyəcəyəm. - Xidmətçiyə döndü. - İtil! - Xidmətçi baş əyib çıxdı. - Sabahdan üç günlük yas başlayacaq. Hər ikimiz Came məscidində cənazə namazı qılarıq, baba, - deyə o, Ələüddövlə Bozqurd bəyə bir az da yaxın oturdu. – Belə bir müsibəti mənə niyə xəbər eləməmisən?

Ələüddövlə onları xəbərdar eləmişdi. Amma nə Bayazid, nə şahzadə Səlim onun köməyinə getməmişdilər. Bunun da səbəbi vardı. Onlar bilirdilər ki, Şah İsmayıl Ələüddövlənin torpaqlarını tutmaq istəmir, ona yalnız qulaqburması versin, onu qanına qəltan eləsin. Belə olandan sonra Şah İsmayılın qanı qanından olan tayfası ondan uzaqlaşacaq, heç vaxt ona yaxın düşməyəcək. Onlar qızışdırmışdılar ki, ona qız verməsin. Qoy düşmənçilik dərinləşsin.

Şah İsmayıl özü də bu hərbi səfərindən əvvəl Sultan Bayazidə məktub yazıb məqsədini izah eləmiş, onun torpaqlarını basdığına görə ondan üzr istəmişdi.

- Hakimiyyət mənim əlimdə olsaydı, onda mən bilərdim nə eləyərdim.

Ələüddövlə Bozqurd bəy qoca idi. Dünyanı yorub yola salmışdı. Şahzadə Səlimin, atası Bayazidin siyasətlərinin bütün incəliklərini başa düşməsə də, hər halda onları anlayırdı.

Şahzadə Səlim əlinin dalı ilə iri gözlərindəki yaşı silib sözünə davam elədi.

- Sultan qocalıb. Qocada da, xətrinə dəyməsin baba, cəsarət qalmır. Sən cəsarətlisən. Namus üstündə o boyda səfəvi şahının qabağında dayanmısan. Amma Sultan hər an müharibə eləməyi xoşlamır. Müharibə onun üçün son işdi, son vasitədi.

Oğlunun ölümündən sonra arıq Ələüddövlə Bozqurd bəyin beli də əyilmişdi.

- Yaxşı, eşitdiyimə görə qoşun da yığılmışdı.

- Bəli, Anadolu bəylərbəyisi Qaragöz paşa Cubuq düzünə böyük qoşun toplayıb. Damad Yəhya Paşa yetmiş min qoşunla Qeysəriyyə ilə Sivas arasındaydı. Şahzadə şahənşah on min əsgərlə Koniyadan Ağsaraya yeridi. Şahzadə Əhməd on iki min atlı çıxartmışdı. Yüz on beş minlik böyük bir ordu yığılıb. Onu mənə tapşırsınlar, gedib Şah İsmayılı Təbrizdə taxtdan salım, ölkəsini də alım. Sultan isə səbirlidi. Çox səbirlidi. Ona görə öz səbrimiz tükənib. Şah İsmayıl bir az da güclənsə, onun qarşısında dayanacaq qüvvə tapılmayacaq. Hələ o Sultan Qansunu da öz tərəfinə çəkəcək. Bilirsən niyə? Fatimi xəlifələri vaxtından misirlilər şiədir. Tək o milyonları idarə eləyən bir ovuc türk sünnüdür. Şah İsmayılı elə-belə bilməyin. Onun qoşunu Qalib gəlmir. Onun xəlifələri, müridləri ölkəni içəridən dağıdır. Adamların əqidəsini dəyişir. Bu, qorxulu qoşundu. Atam isə bunu başa düşmür. Biz şahzadələrin heç birinin onun sarayına getməyə ixtiyarımız yoxdur ki, onu inandıraq. Gündə bir vəzir dəyişir, onlar da mənim kimi ağıllı, uzaqgörən deyil axı.

Ələüddövlə Bozqurd yorğun-yorğun fikirləşirdi. Onun fikirləri də yorulub əldən düşmüşdü. Bu yorğun fikirlər isə ona deyirdi: “Ey qoca, Bozqurd, bu ocağa niyə ağlaya- aglaya gəlmisən? Bir qız verib Osmanlı taxtına sahib çıxmayacaqsan ki. Sənin öz qanından yaranan səni başa düşmür. Düzdü, dayısının ölümünə göz yaşı axıdır, amma öz işini, öz gücünü fikirləşir. Mən əvvəldən elə bunlara yamaq olmuşam. Özümü yamaq kimi nə qədər tikib bərkidirəmsə yenə də yamaqlığımda qalıram. Mən durum gedim yatım. Əldən, dildən düşmüşəm”.

-  Şahzadə, rüsxət versəydin, gedərdim...

Səlim əlini əlinə vurdu. Xidmətçi daxil oldu. Özü də ayağa qalxdı.

- Ələüddövlə bəyi öz otağına apar.

Ələüddövlə əllərini yerə verib güclə qalxdı. Səlim barmaqlarını onun qoluna atdı. Barmaqları altında əri mişəprimiş əzələsini, nazik sümüklərini hiss elədi. “Yaxşı, atamın da qolları belədi. O da axirət dünyasının astanasındadı. Hər ikisi artıq günlərini görüb, dövranlarını sürüblər. Daha nə bizə, nə də bu dünyaya, nə də özlərinə lazım deyillər”. Kişi qalxan kimi, iyrənirmiş kimi, əlini babasının qolundan çəkdi.

Qoca gedəndən sonra o, geniş otaqda gəzindi. “Məndəmi belə olacağam? Bəlkə də. Amma tanrı mənə elə bir güc verib ki, xərcləyib qurtara bilmirəm”.

Şahzadələr hamısı otuz səkkiz-qırx yaşına çatmışdı. Ömrün qısa sürən dövrü, bu elə yaş idi ki, artıq niyyətlərinə çatmalı, işlərini görüb başa vurmalıdılar. Yoxsa birdən sancı tutar, həkimlər nə qədər məlhəm qoyub, otların suyunu içirtsə də, bir şey çıxmaz. “Tələsmək lazımıydı, tələsmək”.

O, qayıdıb oturdu. Təzədən xidmətçiyə şərab gətirməyi əmr elədi. Xacəni çağırdı.

Balacaboy xacə gəlib ikiqat oldu. O, baş əyəndə şahzadə Səlimi gülmək tuturdu.

- Pəzəvəng, sənə yüz dəfə demişəm ki, baş əymə. Əyiləndə yumağa, ayaq üstə dayananda ağac göbələyinə oxşayırsan. Əyilərsən, səni pişik yeyər. İndi mənim yanıma hansı gözəli gətirirsən?

Xacə qız səsi ilə soruşdu;

- Köhnələrdən olsun, ya...

- Mürdəşir. Təzə. Mənə indi yalnız təzə-tər lazımdı. Mən tələsirəm. Köhnəliyə qayıtmağa vaxtım yoxdu. Bunu bil.

- Şahzadə, var bir Krım gözəli.

- Yox. Onu saxla. Krım gözəlini hərəmxanadan kənara çıxarmaq düz deyil.

- Var, Lehistan gözəli. Ucaboy, saçları su pərisinin saçları kimi aqappaq. Onu Malkuçoğlu bağışlayıb.

-  Malkuçoğlunun gözləri ona baxıbsa, bəsdi. Gərək deyil.

Malkuçoğlu, boyda Şahzadə Səlimnən də uca idi. Ölkənin ən güclü pəhləvanı sayılırdı. Özü də türk süvarilərinin fərasətli sərkərdəsiydi. Neçə il əvvəl Boqdana, Lehistana basqın eləmiş, Lenmberq* şəhərini almışdı. Qayıdanda on min seçmə əsir gətirmiş, şahzadələrə də gözəl qızları hədiyyə göndərmişdi.

- O gözəl axı üç ildir sizi gözləyir.

- Üç il yox, otuz il də gözləməlidir. Qoy qalıb qarısın.

- Bir gözəl də var, gürcü gözəli. Uzun saçları...

- Saxla. Yunan gözəli varmı?

- Var, şahzadə.

- Gətir yunan gözəlini.

Şahzadə Səlim şərabı hündür qızıl qədəhə süzüb başına qaldırdı. Yuxulu, gözləri xumar yunan qızı içəri girib qapının ağzında dayandı. Şahzadə ona xeyli baxdı. Onu hardasa görmüşdü. Lap yaxından görmüşdü, əlini də toxundurmuşdu. Sifətinə yox, açıq döşlərinə. Harda? Belə hadisələr o qədər olub ki, yadına sala bilmədi. Yox, o çox canlı bir təsəvvür, çox canlı bir xatirədir ki, yadından çıxmayıb. Hə, indi yadına düşdü. Bir neçə il əvvəl Trabzon yaxınlığındakı əkin yerində xışın macı nəyəsə ilişir. Əkinçi qazıb çıxarır. O elə bilir ki, xəzinə tapıb. Amma yerin altından elə bu gözələ bənzər mərmər heykəl çıxır. Şahzadəyə xəbər gətirmişdilər ki, bir əkinçi qızını o qədər qırmancla döyüb ki, qız daşa dönüb. Özü gedib baxmışdır. Mərmər sinədə, zərif çiyinlərdə yumru məmələrdə qırmanc izləri qalmışdı. Şalızadə gələndə hamını qovmuşdular, o yaxınlaşıb əllərini o mərmər sinədə, bədəndə gəzdirib daş soyuqluğunu hiss eləmişdi. Belə gözəl axı niyə canlı deyil? Niyə buz kimidi? Fikirləşmişdi. Əkinçiyə kiçik bir bəxşiş verirmiş, heykəli isə soyuqluğuna görə əmr eləmişdi ki, dənizə atsınlar. Heykəli dənizə atmışdılar. Üzündə meduzalar üzən Qara dənizin büllur suları altında onu görənlər deyərdilər ki, su pərisidir. Həmişə balıqlar onun ətrafına yığışır. Bir neçə ildən sonra su pərisi də yaddan çıxdı. Daha onu heç kəs görməmişdi. Yosun bağlayıb sulardan seçilmirdi.

Bəli, həmin su pərisi, mərmər gözəl qayıdıb. Onun yanına gəlib. Amma əynində paltarı var. Qədim yunan tunikasıdır. Yaxasında, çiyinlərindəki qızıl düymələrdən başlayan qırışların yuxarı sərhəddə sinənin batıq əmələ gələn yerindən keçirdi. Tunikanın döşləri yanlarda qabarmış, qırışlar istiqamətlərini dəyişmişdi.

Şahzadə Səlim yaxınlaşıb onu hər tərəfdən süzdü. Qızı gözlərində heç bir qorxu, hürkü hiss olunmadı. Əlini uzadıb onun mərmər kimi boynuna qoydu, soyuqluq gözləyirdi, amma hərarət vardı. O, gül rəngil tunikanın yaxasından tutub dartıb cırmaq istədi:

Şahzadə! - deyən gözəlin səsi eşidildi.

Bəli! - O, əl saxladı.

Rica edirəm! - O, təmiz türk dilində danışırdı. - Rica edirəm, heç olmasa adımı soruşun.

Adını? - Şahzadənin bədənindəki şəhvət və gözəllik qarşısında yaranan həyəcan onun səsini dəyişmişdi. – Hə, adın nədi?

-  Yox, elə soruşmayın. Bu sual cavab üçün deyil.

Hərəmxanada çoxlu gözəl kənizlər, cariyələr saxlayırdılar ki, onlar yalnız hökmdarın əyləncəsi üçün lazım idi. O küncdəki şahmat kimi. Şah qızıldan, vəzir gümüşdən, qalanlar isə tutduqları mövqeyinə görə müxtəlif metallardan düzəldilmişdi ki, hərəsi öz yerini bilsin. Orada oynadığı kimi bu gözəllərlə də oynayırdı. Onların heç birinin adını bilmirdi. Adlarını soruşmağı şəninə sığışdırmırdı.

- Nə dedin?

- Sualınız cavab üçün deyil.

Yox, bu gözəlin adını soruşmağa dəyər:

- Adın nədi, yunan gözəli?

- Aspasiya.

- Aspasiya. Gözəl addı. Özün də gözəlsən. -  O, tunikanın yaxasından tutub şırım çəkdi, bir kənara tullayıb bir neçə addım geri çəkilib ona baxmağa başladı. Aspasiyanın gözəl biçimli barmaqları bir-birinə sıxıldı. Əlləri üst-üstə gəlib bir yeri gizlətməyə çalışdı.

Bəli, həmin dənizə atılan heykəldi. Dirilib, canlanıb.

Yunan qızı o birisi kənizlərin yanında öyünə bilərdi. Şahzadəyə öz adını dedirtmişdi.

Şahzadə Səlim çəkilib əvvəlki yerində oturdu.

- Yaxın gəl, mənə şərab süz!

Aspasiya yaxınlaşıb onun boşalmış qızıl qədəhinə şərab süzdü.

- Özünə də süz!

Aspasiya özünə də şərab süzdü.

- Otur!

- Axı ayıbdı.

- Necə? - Şahzadə təəccüb elədi.

- Ayıbdı.

Şahzadə Səlim qəhqəhə çəkib ürəkdən güldü və gülüş səsindən qədəhdəki şərabın üzündə dalğalar yarandı.

- Niyə gülürsən, şahzadə?

Şahzadə isə gülürdü. Niyə güldüyünü yalnız özü bilirdi. Onu Aspasiya üçün açacaqdı. Nə üçün güldüyünü deyəcəkdi.

- Biz səlcuqlar niyə Bizansı məhv eləyə bildik?  Bunu bilirsənmi?    

- Güclüydünüz.

- Yox.

- Hərbi hiylənizlə.

- Yox. Türklər hiyləgər deyil. Hamı türkləri sadəlövh kimi tanıyır.   

- Bəs necə?

- Hə. Qulaq as deyim. Bizans dövlətində əxlaq pozulmuşdu. İmperatorun arvadı öz aşnasına görə ərinə zəhər verib öldürürdü, ya da öldürtdürürdü. Əxlaq pozulanda nəinki ailə, ölkə də dağılır. Necə ki Herat beləcə süquta uğradı. - Aspasiyanın Herat haqqında heç bir təsəvvürü yox ıdı. - Bizansı məhv edən qadınlar oldu. Utanmağın artıq keçdi.

Aspasiyaya bu söz bərk toxundu.

- Mən yunanam, bizanslı deyiləm.

- Nə fərqi var? Haralısan?

- Radoslu.

Bu sözdən sonra onun gözlərində elə bil alov yanıb söndü. Rados adasında firəng cəngavərləri hökmranlıq edirdilər. Dünyanın diqqətini cəlb edən ən böyük hadisə Radosda baş vermişdi. Əmisi Sultan Cem Məkkə ziyarətindən qayıdanda gəmisi fırtınaya düşüb Rados adasına gedib çıxmış, onu böyük qızıllar hesabına Roma papasına satmışdılar. Bir neçə il qabaq zəhərlənəndən sonra Roma papası onu fransız kralına satmış, fransız kralı onun ölümündə günahlandırılmışdı. Qərbi Neapol kralının bağçasında dəfn edilən Sultan Cemin cənazəsini Neapol kralı dörd il sonra Sultan Bayazidə qaytarmış, əvəzində böyük pullar almışdı. Bu gözəlin bəlkə də həmin əhvalatdan xəbəri yoxdu. Amma “rodosluyam” sözünü çox qürurla demişdi...  

Şahzadə Səlim badəni başına çəkib qızıl qədəhi yerə çırpdı və qurd kimi onun üstünə atıldı.

Səhərə yaxın yarımhuşsuz Aspasiyanı aparanda, mərmər bədənində qançır olmamış yer qalmamışdı.

Ağac göbələyinə oxşayan balacaboy xacə deyirdi.

- Şahzadə, səndə ilahi qüvvə var. Ağappaq yunan qızı gətirib, buradan həbəş qızı apardım.



* Lenmberq - indiki Lvov.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info