Qonaq Kitabı
11

11

Şah İsmayıl qoşa dayanmış qarlı zirvəli Ağrı dağının quzeyindəki bu vadidə, Araz kənarındakı bərəkətli ellərin içindən vaxtilə keçmişdi. Onda özünə tərəfdarlar axtarmağa gedirdi. Tələsik, gecələr getdiyinə görə bu yerlərə yaxşı fikir verə bilməmişdi. Amma indi Çuxur Sədlə yaxından tanış olur, fikirləşirdi. Bu yerlərin gələcəyini düşünürdü.

Srağa gün Üçkilsənin yanından keçmiş, keşişlərə ənam göndərmişdi. Baş keşiş onun yanına gəlib öz minnətdarlığını bildirmiş, erməni xalqına kömək əlini uzatmağı ondan rica etmişdi. Şah İsmayıl isə onun sinəsindəki ucuz xaça baxıb fikrə getmiş, amma səbəbini özü tapmışdı... “Qorxurlar. Görünür hər gələn onları soyub, ona görə də almazlarla bəzənmiş xaçı boynuna salıb mənim yanıma gəlməkdən ehtiyat eləyib”.          

- Ermənilər zəhmətkeşdi. Onlara çox zülmlər eləyiblər. Bunu da bilirik. Amma nə qədər ki, mənim tabeliyimdəsıniz, heç kim sizə toxunmayacaq. Babam Uzun Həsənin, dayım Sultan Yaqubun sizə verdiyi fərmanlara da əməl olunacaq.

- Mən və mənim keşişlərim də həmişə sizə dualar oxuyacağıq.         

Sonra Şah İsmayıl suyunun dadı dillər əzbəri olan Qırxbulaqda düşərgə salmışdı. Bu su onun çox xoşuna gəlmişdi. Amma bu suyun ətrafında kəndlər, yaşayış məskənləri görməmişdi. Cavan vəziri Rəvanqulu xan Ustaclını yanına çağırdı.

- Sən də Ustaclı elindənsən. Bu yerlərdə sizin tayfanız yaşayır. Diyarbənddən tutmuş  Şərura qədər torpaqlarda bizim qalalarımız olmalıdı. Olanları möhkəmləndirmək, yenilərini tikmək lazımdı. Qırxbulaq yanında qala tikdirməyi sənə tapşırıram. Qala hazır olanda ona sənin adını verəcəm, Rəvan qalası.

Vəzir cavan idi. Öz savadı, təmkini ilə cavan şahın diqqətini cəlb eləmişdi.

- Baş üstə. Onun tikintisinə yaxın vaxtlarda başlaram.

O ki qaldı qalanın adına, sizin mərhəmətiniz sayəsində belə bir şərəfi mən öz boynuma götürməyə ürək eləmirəm.  

- İşə başla, - deyə o, söhbətin qurtardığını bildirdi.

Şah İsmayıl yaxşı başa düşürdü ki, Bayazidin başı açılan kimi qoşunlarını toplayıb, onun üstünə gələcək. Düzdür bu yaxınlarda o, göndərdiyi məktubda yazmışdı: “Siz Rum elini istila etmək fikrindən ümidinizi kəsin. Yaxşısı odur kı, İran, Turan və Hindistandakı xanlıqları məhv edib, o tərəflərdə qüdrətli bir dövlət yaradın!”

Şah İsmayıl Rum elini istila etmək fikrində deyildi və olmamışdı da. Osmanlı Sultanına gücü çata da bilməzdi. O, yalnız sərhədlərini möhkəmləndirmək, ölkədə əmin-amanlıq yaratmaq niyyətindəydi. Əgər Bayazid bu fikirdədirsə, demək, onu özünə düşmən hesab edir və imkan tapan kimi bu düşmənçiliyi müharibəyə çevirəcək. Odur ki, vuruşqan, sədaqətli Ustaclı elinin içərisində daha möhkəm bir qala tikməyə də ehtiyac hiss eləyirdi.

Yol gedirdilər. O, yerlərin, dağların adları ilə maraqlanırdı. Ona görə də bu yerləri tanıyan, elin başbilən adamlarını çağırmış, Hüseyn bəy Lələ onlarla söhbət etmiş, özü ilə götürmüşdü.

-  Ora Zəngibasar deyirlər.

- Bildik ki, Zəngi çayının suladığı torpaqlardı. Bəs bura nə deyirlər? Bu kəndə?

- Bura Qəmərli kəndidi, şahim.

- Qəmərli. Aylı gecələri yəqin ki, işıqlı olur.

- Bəli, şahim, - deyə bu yerləri tanıyan, şahın yanında hörmət əlaməti olaraq atını cilovundan tutub yeriyən qoca, bığları ağarmış ucaboy, cüssəli bəy dilləndi. Süd kimi aydın gecələri olur. Belə gecələrdə Ağrının başındakı qarın parıltısı seçilir. Bizim yerdə deyillər ki, Nuhun gəmisi tufannan sonra bir adaya çatır. Tufan sakitləşir. Amma bu adada heç nə yoxmuş. Nuh allaha yalvarır ki, onları xilas eləsin. Deyilənə görə, allahın əmriylə dəniz hamilə olur, su yatır. Daha bir dağ görünür. Adamlar bura enir. Bu yerlərin adamları - babalarımız, küfr olmasın, Nuh peyğəmbərin gəmisində gələnlərdən törəmədi.

Şah İsmayıl qoşa zirvənin arasında yatmış dəvələrə oxşar silsiləni göstərdi:

- O dəvə karvanına oxşayan nədi?

- Deyilənə görə, sarvan əhd eləyibmiş ki, tufandan çıxanda nəzir verəcək. O da çox xəsis imiş. Tufandan çıxandan sonra köynəyindən allahın bir böcəyini götürüb öldürür, deyir bu da mənim dediyim nəzir. Allah-taala onun özünü də, dəvələrini də daşa döndərir.

Bol suyu, məhsuldar torpağı olan Çuxur Sədd Şah İsmayılın xoşuna gəlmişdi, onu tamam-kamal görmək, öyrənmək istəyirdi.

Səhərisi gün bir çaya çatdılar.

- Bu hansı çaydı?

- Vedi çayıdı.

- Hardan başlayır?

- Göyçə gölü yanındakı bulaqlardan.

- Orda olmuşuq.

Vedi mahalının böyüyü Əbdi xeyli adamla pişvaza çıxmışdı. Onlar Şah İsmayılın atının qarşısında torpağa düşdülər.

- Mübarək qədəmlərini bizim elə basan şahımıza canımızı da qurban verəceyix, malımızı da. Vedibasar camaatı da bütün Ustaclı eli kimi şahımızın yolunda başını verməyə hazırdı.

Gün əyilmişdi. Düşərgə salmaq, gecəni qalmaq vaxtı çatırdı. Şah İsmayıl Vedibasar mahalını bağışladığı Əbdi bəydən soruşdu:

- Aşığın varmı?

- Niyə yoxdur başına dönüm. E1 ola, aşığı olmaya?

- Onda Qurbaniylə gərək deyişə, biz də qulaq asaq.

Bəy alındı. Rəngi boğuldu.

- Qurban olum, şahımız, mürşidi-kamilimiz. Haradadı bizim aşıqlarda o hünər ki, hökmdarımızın aşığının qabağına çıxa. İcazə versəniz, bir-iki ağız oxuyar.

Qoşun Böyük Vedi kəndinə döndü. Burada hündür bürcləri olan qala vardı. Şah İsmayılın qorçuları qalanın qapılarında keşikdə dayandılar. Aşpazlar qəssabların kəsdiyi qoyunlardan, ovçuların yaxındakı qayalıqlardan vurub gətirdikləri kəkliklərdən, dağ keçilərindən xörəklər hazırlamağa başlayanda, qalanın Ağrı dağına baxan bürcündə məclis qurulmuşdu.

Qalanın günəçıxan tərəfindən Vedi çayı axırdı. Çayın üstündə uzanan dağ silsiləsinə Qara Quzey deyirdilər. Kənd böyük idi və sıralanmış qayaların arasında salınmışdı. Burada da evlərin üstü yastı, həyətlər qala kimi möhrə divarlıydı. Dar küçələrə peyin töküb basma düzəldirdilər. Payıza kimi onun üstündən keçib gedəcək, payızla onları kərpic kimi kəsib qalaq vuracaq, bütün qış uzunu yandıracaqdılar.

Şah İsmayıl evlərin üstündən ona baxan qız-gəlinə fikir vermişdi.    

Güllü çadralara bürünmüşdülər.

Şah İsmayılın buraya dönməyinin bir səbəbi də vardı. Bu mahalı Əbdi bəyə ocaqlıq vermişdi. Əbdi bəy həmin bəy idi ki, Şirvan üstünə yeriyəndə Ərzincana, Sarı qayaya onun yanına getmişdi və onun çadırının qabağında qorunan laləliyi Əbdi bəyin körpə qızı Bəhruzə pozmuşdu. Əbdi bəy qoşun vermiş, özü də onunla döyüşlərdə iştirak etmiş, onun ən sevdiyi adamlardan birinə çevrilmişdi. Ərzincanda onları Bayazid sıxışdırdığına görə köçüb Çuxur Səddə gəlmiş, elatın çoxusu Milli dərəsi deyilən dərədə məskən salmış, özləri ilə bərabər kəndlərinin, qalalarının adlarını da gətirmişdilər: Bayburt, Gilənar, Kotuz, Hand, Qala dibi, Ərmik...

Əbdi bəy isə Böyük Vedidəki qalada yaşayırdı. Özü şah qulluğunda olanda oğlanları, oğlanları şah qulluğunda olanda özü mahalı idarə eləyirdi.

Şah İsmayıl çoxdan bəri qalada olmamışdı və birdən-bira bürclər körpəliyini, anasını, qardaşı Sultanəlini, kənizləri Səkinəni yada saldı. Tutuldu. Kefi pozuldu. Səfər taxtının üstündən qalxıb bürcün lap yanına gəldi. Gözünü qarşıda ucalan başı qarlı Ağrı dağına zillədi. Ordan Savalana baxardı. Bu dağlar heç biri-birlərinə bənzəmirlər. Amma hər ikisində necə də ilahi əzəmət var, qürur var.

- Aşağıdakı bağçadakı ağacın üstünə elə bil qızıl səpmişdilər. Burnuna ərik iyi, bir də xırmanda döyülən taxılın, küləşin iyi dəydi. Axşam sərinliyi düşürdü. Amma Ağrı dağının zirvəsi qızarmır, göyərirdi. Qar örtüyü göy rəngə çalır, buludlar qızarırdı. Qara Quzeyin üstündə isə işıqsız ay ağ ləkə kimi səmaya yapışmışdı.

Əbdi bəy onun fikrə getdiyini görüb Hüseyn bəy Lələyə işarə elədi və yaxınlaşdı:

- Mürşidi-kamilim, bizim bu mahalda sizi qəmləndirən nədi?

- Heç. - Şah İsmayıl gec cavab verdi. Sonra aram-aram danışmağa başladı: - Əbdi bəy, insan xilqəti qəribədi. Bütün əzablara dözür. Hər dərdi yadından çıxarır. Amma dağ dözmür. Adına Ağrı deyirlər: Dağ da ağrı çəkərmiş.

- Bu fani dünyada hər şey müvəqqətidi. İnsan da, dağ-daş da.

- Yox, ağrı çəkən dağ müvəqqəti ola bilməz. Onun ürəyi sıxılırdı. - Qala ona həbsdə olmağını xatırlatmışdı, çəkdiyi dərdləri yada salmışdı. - Əbdi bəy, bu mahallar gözəldir, bərəkətlidir. Amma başıbəlalı torpağa oxşayır. Möhkəm dayanın. Bir qala da tikdirirəm. Adını Rəvan*qoymuşam. Qoy bu mahalda işlər rəvan getsin.

O, qayıdıb taxtında oturdu. Əbdi bəy gedəndən sonra ayaq üstə dayanıb şahın təklifini gözləyən Hüseyn bəyə dedi:

- Hüseyn bəy, Əbdi bəyin gözəl ana yurdu vardı. Hər tərəf laləlik idi.

- Bəli. - Hüseyn bəy Lələ onun fikrini başa düşdü. Laləliyin içindən keçən Çəhlimi, bulaq başında Əbdi bəyin qızı ilə olan görüşünü yadından çıxarmamışdı. Həmin əhvalat son vaxtlar onun yadına tez-tez düşürdü. Taclıbəyimlə evlənəndən sonra Hüseyn bəy Lələ əyan-əşrəf içində bir soyuqluq hiss eləmişdi. Zülqədər oğlu Ələüddövlə isə qızını ona vermədiyinə görə müharibəni də bəziləri ağılsızlıq hesab eləmişdi. Nə çoxdu gözəl, şaha layiq qızlar. Dədə bəyin də, Qara Piri bəy Qacarın da, Qaramanlı Rüstəm bəyin də qızları vardı. Hamısı da onunla ürəklərində qohum olmağa hazırlaşırdı. Buna görə son vaxtlar aralarında soyuqluq da yaranmağa başlamışdı. Budur, Şah İsmayıl özü Əbdi bəyin qızını yada salır. Onları bir daha görüşdürmək pis olmazdı. Neçə ildən sonra bu görüş hissləri oyada bilərdi.

Qurbani qabaqda, ortayaşlı, beli donqar bir kişi də onun ardınca sazını çiyninə salıb gəldi. Hər ikisi baş əydi.

- Qurbani, bu elin aşığını dinləmisənmi?

- Bəli, şahım. Məclisinizə yaraşan saz çalmağı var.

- Başlayın. Ay işığında sizi dinləmək istəyirəm...

* * *

Bəhruzə xanım Şah İsmayılın bu mahala gələcəyini yaylaqda eşitmişdi. Anasına yalvarmışdı ki, onu da arana aparsınlar, şahı uzaqdan da olsa görrnək istəyir. Anası qızının qızardığını görmüş, söz atmışdı.

- Ona görə elçiləri qaytarırsan da. Səni hansı mənəm-mənəm bəy istəyir, getmirsən. Buna görə?

- Ana, sən allah yaxşı. Axı mən hələ körpə olanda şahımızı görmüşəm. Onda heç şah da deyildi.

Əbdi bəyin ailəsi köçüb arana gəlmiş, səbirsizliklə Şah İsmayılın gəlişini gözləmişdi. Budur, şah onların qalasında qonaq idi. Düzdü, şah olmamış Ərdəbildən birbaşa onların yanına at sürmüşdü. Neçə-neçə təhlükələrlə rastlaşmışdı. İndi isə hökmdardı, işi başından aşsa da, onlara qonaq gəlib. Ordusuynan, əyan-əşrəfiynən.

Qalanın içində yanaşı evlərə düşmüşdülər. Bəhruza xanımın pəncərəsi Şah İsmayılın qaldığı otağın şəbəkəli pəncərəsinə baxırdı. Həmin gecə aşıqların səsi çox gəldi. Ay işığı həmin gecə hər yerdə süd kimi ağ işıq salmışdı və qalanın ortasındakı hovuzda ayın şəkli görünür, əksi Şah İsmayılın pəncərəsinə düşürdü. Bəhruzə xanım pəncərənin qabağında oturub, şam işığı gələn pəncərəyə baxırdı və birdən-birə orada Şah İsmayılı gördü. Geri çəkilmək istədi. Bacarmadı. Gözlərini də ayıra bilmədi. Uşaqlıqdan yadında qalan  sifət idi. Kişiləşmişdi. Yaşa dolub gənc və gözəl bir oğlan olmuşdu. O da gözlərini qırpmadan baxırdı. Sifətində isə heç bir xoş, mülayim ifadə yox idi.

“Tanımadı. Yadından çıxarıb. Gör neçə il keçib. Uşaq vaxtı, laləlikdə gördüyü qız onun yadında hardan qalar ki? Bəs onda niyə baxır?”

Bəhruzə üzünü çevirdi, Şah İsmayılın sifəti də çəkildi. Tez əllərini qoynuna qoydu. Qollarının altında iki heyva boyda çıxıntıda sanki od, alov yanmağa başladı. Onun yanaqları lalə kimi allandı. Kirpiklərini endirdi. Yatacağının üstündə diz çökdü və üzünü balışda gizlətdi.

- Yaddan çıxarıb məni. Bütün ürəyini dayısı qızı Taclıbəyimə verib. O, hökmdar qızı olub, mən kiməm ki?

Pəncərədən baxan Şah İsmayıl deyildi. Xızır idi. Şah İsmayıla bənzədiyinə görə onu kənar gözlərdən də qoruyub saxlayırdılar. Çox yerdə camaat içərisində at üstündə şah kimi o keçirdi. Düşmən ola bilərdi. Şaha sui-qəsdlər az düzəltməmişdilər. Odur ki, Hüseyn bəy Lələ bu tədbirə əl atmışdı.

Xızır da Şah İsmayılın yaşındaydı. Neçə il idi ki, Hüseyn bəy Lələnin əmriylə hərəkət eləyir, vəzifəsi bitən kimi hamının gözündən gizlənirdi. Onun varlığını heç kəs hiss etməməliydi. Onda sirr açılardı.

Xızır da qızı görəndən sonra ürəyi döyünməyə başladı. Necə də gözəldi, necə də zərifdi. Gözlərinin iriliyinə bax. O da qıza çox baxa bilmədi. Qayıdıb oturdu, əlləri ilə dizlərini qucaqladı. Ona verilən əmrə görə bir artıq hərəkət etməməli, bir adamı şübhələndirməməliydi. Bəs indi o neynəsin? Həm şahdı, həm də heç kim! Həm qadirdi, həm aciz... Qapıdan çıxa bilməz, keşikçilər buraxmaz. Qızla danışsa, şahını ifşa edər. Söz deyər, qıza vəd verər, əməl eləməyə isə gücü yoxdu. Onda Şah İsmayıl yalançı çıxar. Bəs nə eləsin? Dərdini kimə desin? Hüseyn bəy Lələ onun bu fikrinə necə baxar? Ona nə deyər?          

Birdən pəncərəyə nəsə dəyib düşdü. O, başını qaldırıb baxdı. Yerdə, xalçanın üstündə bir qızılgül qönçəsi vardı. Qönçə... Demək qız deyir ki, mən qönçəyəm, üz məni, açılıb pardaxlanaram, yadlara qismət olaram.

Xızır əlini dizinə çırpdı.

“Mən qönçə üzənəm?” - Onun bədənində xoş və ilıq bir gizilti vardı. Damarları, əzələləri tir-tir əsirdi.

“Mən nə eləyim? Baxım? Yox, buna mənim gücüm çatmaz”.

Amma gücü çatdı. Qalxıb pəncərəyə boylandı. Bəhruzə xanımı görə bilmədi. Pəncərənin qabağında bir şam yanırdı, başına pərvanələr hərlənirdi. O, qönçəni pəncərənin şəbəkəsinə taxdı, yenə də qayıdıb oturdu.

Qapı döyüldü. Xızır diksindi. Tez ayağa qalxdı. “Birdən qız olar. Onda mən nə eləyim? Axı qızlarda nə qədər qürur olsa da, şahların qarşısında öz qürurlarını itirirlər. Amma mən onu qarşılaya bilmərəm. İxtiyarım yoxdu”.

Qapıya yaxınlaşdı, titrək səslə soruşdu:

- Kimdi?

- Şahim, hələ yatmamısan? - Bu Hüseyn bəy Lələnin səsiydi.

- Yox!

Qapı açıldı. O içəri girdi. Girən kimi də gözü pəncərədəki qızılgülün qönçəsinə sataşdı. Gedib götürdü, dönüb sual dolu baxışlarla Xızıra baxdı və soruşdu:

- Şahim, bu nədi?

Xızırın keşiyini çəkən əsgərləri tez-tez dəyişirdilər. Onun yanına gələndə də qapıda həmişə şah kimi müraciət eləyirdilər ki, heç kəs şübhələnməsin.

- Bilmirəm, pəncərədən atıblar.

Hüseyn bəy Lələ pəncərəyə yaxınlaşdı. Yanan şamı gördü.

Məsələni başa düşdü. Əslində pəncərəyə gül atdıqlarını, həmin gülün də Bəhruzə xanım atdığını ona demişdilər. Bu onu sevindirmişdi. Amma Xızırı təcili buradan aparmalı, Şah İsmayılı buraya gətirməliydi.

- Rübəndini sal.

Xızır sifətinə rübənd tutdu. İtaətlə Hüseyn bəyin əmrini gözlədi.

- Heç nə yadından çıxmayıb?

- Yox.

- Məndən qabaqda yeriyirsən. Təmkinlə, möhkəm addımlarla. Başını dik tutursan. Yadında birdəfəlik saxla, çölə çıxanda adamların gözü qabağında sən olursan Şah İsmayıl, eşitdin?!

- Aydındı. Şahımız son vaxtlar dəyişib. Yerişi arxayınlaşıb. Başını bir az da dik tutur. Yanındakılarla çiyni üstündən danışır.

Xızır Şah İsmayılın bütün hərəkətlərini izləməli, onu olduğu kimi təqlid etməliydi. Bu sahədə onun xüsusi istedadı üzə çıxmışdı. Bütün səfərlər ərzində, işi olmayanda onun libasını, simasını dəyişirdilər. Müridlər arasına düşəndə onu heç kim hökmdara oxşada bilmirdi. O, belə vaxtlarda Şah İsmayılın hərəkətlərini onun özündən xəbərsiz öyrənirdi. Təklikdə dəfələrlə məşq eləyirdi. Təkcə onların səsi biri-birinə bənzəmirdi. Bu da heç lazım deyildi. Xızır hökmdarını səssiz təqlid etməliydi.

Şah İsmayıl taxta çıxandan onun geyindiyi adi döyüşçü paltarıydı. Qızıl düymələrlə yaxasından qurşağına qədər bənd edilirdi. Belindəki kəmər qızıldan düzəldilmişdi. Ox qabı sol böyründən, qılıncı sağ tərəfindən asılırdı. Qırmızı rəngli çəkmə, tünd yaşıl rəngli atlasdan şalvar geyir, başına böyründə lələyi olan qızılbaş çalması qoyurdu. Bütün bunların hamısından ona da tikib hazırlamışdılar. Bircə fərqləri vardı. O - hökmdardı, Xızır - ixtiyarsız qul. Öz vəziyyətinin çıxılmazlığını yalnız indi başa düşmüşdü. Görmüşdü ki, heç nə, heç kim deyil. Özünün adını da dilinə almağa haqqı yoxdu. Susmalı, itaət etməli, heç kim, heç nə bilməməlidir.

Hüseyn bəy onu müşayiət eləyib, qalanın pilləkənləri ilə yuxarıya apardı. Burada da kiçik bir hücrə vardı. O, içəri girəndən sonra Hüseyn bəy özü qapını bağladı. Geri qayıdıb aşağı düşdü. Qalanın o biri başında, hovuzdan o tərəfdəki geniş eyvanlı köşkə qalxdı. Qorçular onu tanıdılar, nizələri ayırıb onu içəri buraxdılar.

Şah İsmayıl şam işığında nəsə yazırdı. Qapının səsinə əhəmiyyət vermədi. Yalnız qarğı qələmi kağızdan ayıranda dönüb qapı yanında ayaq üstündə dayanmış Hüseyn bəy Lələni gördü.

- Bu axşamkı ay işığında qurduğunuz məclis məni cuşa gətirib, şerimi indicə tamamlamaqdayam. Eşit, Nəsimiyə nəzirədir.

 

Ey müsəlmanlar, bu gün ol yari-pünhan ayrılır,

Uçdu ruhim, getdi əqlim, gövdədən can ayrılır.

 

Ayrılır ol yari-sərdarım, gedir, qoymuş məni,

Səd həzəran, dadü bidad, bənddən can ayrılır.

 

Ey könül, fəryadü nalə vaxtıdır, eylə fəğan,

İmdi şəhrindən sənin ol şahi-sultan ayrılır.

 

Zar qıl bülbül kimi, çak et yaxanı gül kimi,

Şol əzəldən yari-həmdəm, əhdü peyman ayrılır.

 

Gözlərim, hər dəmdə mövc eylə ki, firqətdir bu gün,

Tök sədəflər dürri kim, şol gövhəri-kan ayrılır.

 

 Qəzəldəki kədər, bədbinlik, fəryad Hüseyn bəy Lələnin xoşuna gəlmədi. Fikrini də açıq dedi:

- Şahim, mürşidi-kamilim, şükr qələbəylə qayıdırsan. Ölkədə vəziyyət gündən-günə yaxşılaşır. Göz yaşlarının yerini sevinc tutur. Bu fəryad nə üçündü?

- Hüseyn bəy, şair qəlbi elə bir səltənətdi ki, onun həddi-hüdudu yoxdu. Bu səltənətdə sevinc görəndə, o səltənətdə qəmlə üz-üzə dayanırsan. Onda şair qəlbinin üsyanı başlayır. Bu fəryad acizlik, gücsüzlük deyil. Şahını da bədbinlikdə günahlandırma. Bu qəzəldə bədbinliklə bərabər, qüdrət var. Dərdə də sinə gərmək, onu mərdanəliklə qəbul etmək nikbinlikdir.

Hüseyn bəy onun dərdini anışdıra bilmirdi...

- O hansı dərddi, şahim?

- Başa düşmürsənmi?

- Yox!

- Açıq danışsaq yaxşı olmazmı? Qaçıb mənə sığınan, məhəbbəti ilə məni isindirən, yüksəldən Taclıbəyim barəsində axşam danışdığımızı unutmusanmı, əmirlər əmiri!

Bəli, axşam onlar xeyli söhbət eləmiş, Əbdi bəyin qızı Bəhruzə xanım barəsində danışmışdılar. Bu evlənmək vacib idi. Ölkədə əmrlər, elat bəyləri, xanları arasında birliyi möhkəmləndirmək, Şah İsmayılın onlara məhəbbətini sübuta yetirmək labüd şəkildə dayanmışdı. Şah isə Taclıbəyimi sevirdi. Ürəkdən, bir könüldən min könülə. Ona toxunmasalar, ömrünün axırına qədər onunla ömür sürər, heç bir dünya gözəlinə baxmazdı. Amma bu məhəbbətinə sadiq qalmamalı, təzədən kiminləsə evlənməlidir. Şah İsmayıl görürdü ki, şahlar da istədiklərini eləyə bilmirlər. Şahdan kənardakı həyat çox güclüdür. Hamı baş əysə də, hamı onun əlindən, ayağından öpsə də yenə də güclüdür. Şahı onların istəyinə əməl etməyə məcbur edə bilirlər. Bu yerdə gücü öz şair qəlbinə, öz şairlik istedadına çatırdı.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info