Qonaq Kitabı
10

10

Qayanın başında dayanan carçı ucadan qışqırırdı, külək onun səsini ətrafa yayırdı.

- Ey qorxaqların qorxağı, acizlərin acizi... Ustaclı Məhəmməd! Ağam Ələüddövlə səni saymadı, oğlu Sarı Qaplanı - Qasım bəyi üstünə göndərib, kişiliyin var qaçma!.. Bir azdan hərəmxanandakı gözəllərlə biz kefə baxacağıq, özü də sənin gözlərinin qabağında.

Xan Məhəmməd Ustaclı at belində dayanmışdı, ədəbsiz söyüşləri eşidəndə sifətindəki damarları gərilir, eşmə bığları qalxıb enir, iri gözlərinə qan sızırdı. Yanında dayanmış Ustaclı elinin azman pəhləvanı Dəli Dovraq ondan betər hirslənmişdi. Atını oyadıb birbaşa carçının üstünə getmək istəyirdi. Amma təmkinli olmaq lazımdı. Bəlkə də bu söyüşlər, ədəbsiz sözlər onların hirsini, qələbə əzmini artırırdı.

Şah İsmayılın “Namurad” adı qoyduğu Murad Mirzə də Ələüddövlənin qanadına sığınmışdı, bəlkə də elə bu döyüşdə o özü də iştirak eləyirdi. Onlar bilirdilər ki, İsmayıl çıxıb gedib. Burada dayanan yalnız Xan Məhəmmədin rəhbərlik elədiyi Ustaclı tayfasının atlılarıdır. Ona qalib gələcəklərinə böyük ümid bəsləyirdilər. 

Dəli Dovraq adi günlərdə dəyirman daşını çiynində oynadırdı. Bir dəfə onların obası ilə qonşu obanın torpaq davası düşür. Ağsaqqallar yığılıb məsləhətləşirlər. Deyirlər ki, sərhəd mamırlı qayadan olmalıdı. Razılaşırlar. Səhər durub görürlər ki, mamırlı qaya xeyli qabağa gəlib. Heç kim bu möcüzəyə inanmır. Sonradan söz gəzir ki, həmin qayanı bir gecədə diyirləyib aparan Dəli Dovraq olub.

Dəli Dovraq hər səhər kəsilən erkəklərdən neçəsinin quyruğunu duzlayıb diri-diri udar, bir erkəyin kababını tək yeyərdi. Boy-buxunda Xan Məhəmmədi də keçmişdi. Döyüşdə onun qılıncı düşməni zirehli geyimdə pendir kimi kəsirdi. Ona görə qılıncla vuruşmağı çox da xoşlamazdı. Əmud onun sevimli silahıydı. Şappıltısı yeddi ağaclıqda eşidilirdi. Nərəsi də ki, yeddi dağın o üzündən gəlirdi.

- Get o Sarı Qaplana de ki, toyuqlarımızın hinində yeri hazırdı. O, Qaplanı biz tülküyə döndərəcəyik. Hə, dinmirsən. Başa sal ki, Dəli Dovraq dayanıb onun qırmızı qulluğunda.

Dəli Dovrağın səsini eşidəndə carçı susdu. Kimsə onun yanına gəlib nəsə dedi. O, qışqırdı:

- Dəli Dovraq, Misirdən sənin canın üçün həbəş pəhləvanı Zu-Cundeyi* gəlib.

Dəli Dovraq güldü.

- Nahaq tək gəlib. Gərək sənin ananın oynaşlarını da yığıb gətirəydi. Neynək, o Zu-Cundeynə olsun, mən də mən!

Arada düzənlik vardı. Hər iki tərəf təpəlik idi. Bir azdan Sarı Qaplan da sərkərdələri ilə təpənin üstünə qalxdı. Meydana bir sürü it buraxdılar. Xan Məhəmməd Ustaclı da itləri buraxmağı əmr elədi.

Tərəkəmə tayfaları vuruşanda əvvəl it boğuşdurmağı adət eləmişdilər. İtlər hürüşə-hürüşə bir-birlərinə çatdılar. Zəncirdə saxlanıb, qanlı ət yedirdilən itlər fəğan qopartdı. Dəli Dovrağın bir köpəyi vardı, döşünə döşlük bağlayırdı. Döşlüyün üstündə kiçik nizəyə bənzər iti mizraq olurdu. Köpək hansı itə döşü ilə ilişdirirdisə, qaban dişi kimi onu al qanına bulayırdı. Qoşunların qabaq dəstələri də bu tamaşaya baxmaq üçün təpələrin üstünə qalxmışdı. Hər tərəfdən flt çalır, hay-küylə itləri qızışdırırdılar. Sarı Qaplanın itləri tab gətirə bilmədi. Neçəsinin leşi meydanda qaldı, neçəsi zingildə-zingildəyə qaçıb aradan çıxdı.

- Qaplan, Qaplan, qayıt, sən Sarı Qaplandan daha igidsən.

Köpək qürurla geri qayıtdı, qalan itlər də onun dalısınca geri döndülər.

Ələüddövlənin qoşunundan səs çıxmırdı:

Dəli Dovraq:

- İtinə çörək verməyən xəsis köpək uşağı. Sizin özünüz də elə itləriniz kimi quyruğunuzu qısıb qaçacaqsınız.

Carçı qışqırdı:

- Ona hələ baxarıq. Dəli Dovraq, igidsənsə çıx qabağa Zu-Cundeyn səninlə vuruşmaq istəyir.

Dəli Dovraq atını irəli sürdü, amma çox getmədi. Ox məsafəsində dayandı. O tərəfdən at belində, qara bədəni günəş altında parıldayan, qollarında qızıl bazubəndlər bərq vuran, boynu muncuqlu, qızıl kəmərindən gödək arvad tumanına bənzər qırmızı fitə asan qıvrımsaç, dişləri ağappaq parıldayan Zu-Cundeyn irəli gəldi. Onu Misirdən çağırmış, Dəli Dovrağa qalib gəlmək müqabilində böyük pullar boyun olmuşdular.

Düzü, Dəli Dovraq həbəşlərlə, zəncilərlə vuruşmamısdı. Onun əcaib görkəmi əvvəl ona zəhmli göründü. Amma bir an tərəddüd etmədən atını onun üstünə sürüb qılıncını çaldı. Zu-Cundeyn qalxanı qabağa verdi. Polad ovxarlandı, qığılcım töküldü. Zərbə bir neçə dəfə də təkrar olundu. Dovraq onun zərbəsindən atını yana qaçırdı. Var gücü ilə zərbə çalan həbəşin qolu boşluğa düşdü. O, əyildi, qalxana kimi Dəli Dovraq onu haqladı, qılıncını onun mərcan muncuqlar asılmış boynuna endirdi. Mərcan muncuqların yanı ilə qan fışqırdı. Zu-Cundeyn bağırtı ilə yerə gəldi.

Xan Məhəmməd Ustaclının ordusunda “Mərhəba!” nidaları ucaldı. Zu-Cundeynlə gəlmiş həbəş dəstələri pəhləvanlarının öldüyünü görüb, özlərini irəli atdılar. Xan Məhəmmədin də döyüşçüləri irəli atıldı. Döyüş qızışdı. Zəncilər şir kimi vuruşsalar da, onların çoxusu piyadaydı. Yüyrək at üstündəki çevik ustaclı qoşununa müqavimət göstərə bilmədilər. Amma onlar yerə səriləndə Sarı Qaplanın əsas dəstələri göründü. Xan Məhəmməd işarə verdi. Qoşun atların başını döndərib, geri çapmağa başladı.

Sarı Qaplan var gücü ilə bağırdı.

- Qırın bu sufi köpək uşağını!

Otuza yaxın yaşı olan Sarı Qaplanın qızılı saqqalı, mavi gözləri, ağbəniz sifəti və çəhrayı-bənövşəyi yanaqları vardı. Zənci pəhləvanı Dəli Dovraq doğrayanda qələbəyə ümidi üzülmüşdü. İndi birdən-birə Xan Məhəmməd Ustaclı atının başını geri döndərib. Odur, Dəli Dovraq da onun dalınca başını geri qanırıb baxır. “Birdən bu tələ olar, ha! - Sarı Qaplan öz-özünə fikirləşdi. - Tələ olar, onun da qayanın arxasındakı dərədə pusquda saxladığı qoşun var. Beş min süvarisi orada gözləyir”.

Amma yox, pusqudakı qoşun gözləmirdi. Düşmənin qandığını görüb onlar da əmr gözləmədən öz yerlərindən çıxmışdılar. Qayanın başında dayanan gözətçi xəbər vermişdi ki, düşmən qaçır və ordunun bütün sursatı, düşərgəsi qalıb. Getməsələr onlara heç nə qalmayacaq. Onların acgöz sərkərdəsi də əmr vermişdi ki, birbaşa ordugaha çapsınlar.

 Xan Məhəmməd Ustaclının qaçan qoşununu izləyən Sarı Qaplan dönəndə gördü ki, bəs onun ətrafında on-on beş adam qalıb. Qoşunu atlardan düşüb. Kimi arabaların yükünü açır, kimi xıxlanmış dəvənin ovrasından yapışıb dartır, kimi at qovur.

O geri qayıtdı. Amma heç bir iş görə bilmədi. Pusqudakı qoşun özünü talan yerinə çatdırmışdı, şülən üstündə qılınclar siyrilmişdi, əsl döyüş gedirdi.

- Nə iş görürsünüz! Talannan əl çəkin!

Heç kim Sarı Qaplanın sözünə qulaq asmırdı.

Belə müharibələrə nəsə qənimət ələ keçirmək üçün gedirdilər. Heç kim öz canını Ələüddövlənin kin-küdurətinə qurban vermək istəmirdi. Müharibəyə gedirdisə qazancı olmalıydı. Düşmən qaçırsa, onun hər şeyi qalıbsa, nə üçün götürməsinlər. Sonra gec olacaq. Sarı Qaplan bütün qəniməti özünə götürəcək, onların qabağına dilənçi payı atacaq.

Sarı Qaplan qılıncını sıyırıb, atının gümüş naxışlı yüyənini dartıb hərəkətə gətirərək, sözünə baxmayan adamlarının üstünə sürmək istəyirdi ki, hər tərəfdən Ustaclı atlıları onların üstünə yeridi. Dəli Dovrağın səsi Sarı Qaplanın qulaqlarında cingildədi.

- Tamahkarı yalançı aldadır. Sən Sarı Qaplan yox, ət iyi almış sarı pişiksən!

Qəfil hücum hər şeyi bir neçə anda həll elədi.

Bir at qaçırdı. Ayağı üzəngiyə ilişib qalan Sarı Qaplanın başsız cəsədi sürünürdü...

Şah İsmayılın ordusu Arazı adlayıb Çuxur Sədd torpaqlarına keçmişdi. Orda-burda yastı damlı evlər, möhrə divarlar, kəndlərin ortasında məscid minarələri görünürdü. Çoxlu bağ-bağça uca qələmə ağacları üstündə leylək yuvaları gözə dəyirdi. Əkin-biçin də bol idi. Çəltik zəmilərində leyləklər, caydaq su quşları gəzinir, özlərinə yem axtarırdılar.



* İki orduya bərabər deməkdir.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info