Qonaq Kitabı
9

9

Herat bağlarının qızılgülləri at ayaqları altında tapdalanıb torpağa qarışmışdı. Şeybani xan Hüseyn Bəyqaranın, Nəvainin tikdirdiyi binalara düşməyib bağda çadır qurduğundan, onun sərkərdələri Übeydulla xan da, Teymur Sultan da qoşunlarına əmr vermişdilər ki, çadırlarını bağlarda qursunlar. Elə buradaca madyanları kəsir, onların bağırsaqları min bir əzabla, gilə-gilə su ilə becərilmiş nadir ağacların köklərinə sarınır, orda-burda yaşıl milçəklər qonan peyin təpələri əmələ gəlirdi.

Yolların tozundan, istisindən yanıb qaralmış, kirli, paslı əsgərlər at ətini sacın üstündə alaçiy qızardıb qanlı-qanlı dişlərinə çəkirdilər.

Altmış yaşlı Şeybani xan bağdakı çadırında qızılı parçadan üz çəkilmiş mütəkkəyə dirsəklənib mürgü vururdu. Əyan-əşrəfi ətrafında otursa da, heç kim dinmirdi. Onun ayıqlığını uzun, qara barmaqları arasından keçib o birisi iri mərcanlara dəyib şaqqıldayan təsbeh bildirirdi.

Nədənsə, Xanzadəbəyim onun yadından çıxmırdı. Hərəmxanasındakı ən gənc qadın Xanzadəbəyim idi. Keçən il Səmərqəndi mühasirəyə alanda dərvişlər onun sorağını gətirmişdilər və Şeybani xan qələm-davatını gətirməyi əmr eləmişdi. Üzünü görmədiyi qıza, onun məngənəsində olan hökmdar Baburun bacısına bir beyt yazıb onun dərdindən dəli olduğunu bildirmişdi.

Şeybani xan Dəşti-Qıpçaqdan, özbək ulusundan çıxıb Mavərinnəhri yavaş-yavaş fəth eləməyə başlayanda, ilk qələbələr qazananda ulu babası Çingiz xanın yerini tutacağını, bütün dünyaya* hakim olacağını yəqinləşdirməyə başlamışdı. Buxaranı asanlıqla tutandan sonra Səmərqənd üstünə yerimiş, Baburun qoşunlarını məğlub etmiş.

Səmərqəndi mühasirəyə almışdı, Mühasirə uzun çəkmişdi və şəhərdə nə at, nə it, nə pişik qalmışdı. O, yazdığı şeri yenə də dərvişlə Səmərqəndə, Baburun gənc bacısına göndərmişdi. Belə acınacaqlı bir vəziyyətdə qoca hökmdarın eşqdən dəm vurması onu dəhşətə gətirsə də, gizli danışıqlara girməyə, qardaşını şəhərdən buraxmaq şərtilə bu izdivaca razılaşmağa məcbur olmuşdu. Xanzadəbəyim şəhərin bir darvazasından qoca Şeybaninin yatağına aparılmış, o birisi darvazanın yanından qoşunları çəkib Baburun taleyin naməlum, keşməkeşli qucağına atılmasına imkan vermişdilər.

Herat yaxınlığındakı vuruşmada da Baburun iştirak etmək istədiyini ona xəbər vermişdilər. Amma Heratda Hüseyn Bəyqaradan sonra iki oğlu qalmış, onların ikisi də yanaşı taxt qoyub ölkəni birgə idarə etməyə başlamışdılar. Amma bir baş iki bədəni idarə edə bilsə də, iki baş bir bədəni idarə edə bilməmiş, Herat Şeybani xanın əlinə keçmişdi. Cəlayi-vətən olan Babur qardaşlara kömək etmək istəsə də, bunu bacarmamış, çıxıb Kabilə getmişdi.

Şeybani xan Xanzadəbəyimi hərəmxanasına gətirməklə keçmişin iki nəhəng hökmdarı olan Çingizxanla Teymurləngin qanını birləşdirmək istəmişdi. Bu izdivacdan doğulan oğul hər iki cahangirdən daha ağıllı sərkərdə olmalı, atasının ölkəsinin sərhədlərini bir neçə qat artırmalıydı. Ürəyindəki bu sözü dilinə gətirmirdi. Əksinə, Teymurləngi sərkərdə, hökmdar saymadığını bildirir, onun törəmələrini “aciz”, “fərari” adlandırırdı. Budur o, Baburun bacısını bağrına basır, özünü isə qovub vətənindən didərgin salıb.

Heratda, Murad bağında onun mürgüləməyinin mənası vardı. Artıq bu tərəflərdə onun qılıncı qarşısında dayana biləcək hökmdar və dövlət qalmayıb. Mürgüləyib dincələ bilər. Yorğunluğu çıxar, sonra isə at belinə qalxıb Şah İsmayılın üstünə yürüşə gedər.

“Dünyada indi üç baş var. Biri Bayazidin, biri şiə Şah İsmayılın, biri isə mənim. Peyğəmbər əleyhisalamın ağlı mənə qismət olub, Çingiz qanı mənim damarımdadır. Bir qazanda üç yox, bir baş qaynayar. Mən ən təcrübəlisiyəm. Bayazid də elə mən yaşdadı. Təkcə bu sufi-salik, dərviş nəvəsi cavandır, təcrübəsizdir. Düzdür, Bayazid birləşib onu bir yerdə məhv eləməyi məsləhət görür. Yox, bu onun üçün böyük şan-şöhrət olar. Onun öhdəsindən tək özüm gələrəm, bütün İran mülkü də mənim ixtiyarıma keçər. Mən bu mülkü Bayazidlə bölə bilmərəm. Sonra isə növbə Bayazidindir Tarix göstərir ki, gündoğandan gedən həmişə güclü olub. Çingiz nəsli də, Teymur da osmanlıları üstələyib. Onlar isə bu tərəfdən bir qarış da tuta bilməyib. İnşallah, indi də tuta bilməzlər.

Bu dərviş nəvəsi də mənim qılıncımın zağından yaman qorxur. Neçə dəfə məktub yazıb onu təhqir eləmişəmsə də, hər dəfə mənə acizanə cavablar verir. Yox, Təbrizdə Bayazid yox, mən özüm oturacam, Şah İsmayılı, onun şiə şeyxlərini özüm edam edəcəyəm”.

At və insan tərinin iyi çadıra doldu. Şeybani xan qıyıq gözlərini açdı. İri almacıq sümükləri qaysaq bağlamış adam üzü üstə yerə döşəndi.

- Ey zamanın yiyəsi! Xorasanın paytaxtı Məşhəd şəhəri qoşunlarına tabe oldu. Şəhərin şiə məzhəb əhalisi qılıncdan keçirilir. İmamın qəbrini at tövləsinə döndərmişik.

Şeybani xanın yuxusu qaçdı. Diksinib dirsəkləndi. Bardaş qurub oturan lopabığ, ovurdaq, xaşalqarın adama nəzər salıb əmr etdi:

- Çaparın ənamını verin!

Hindistan bütlərinə oxşayan xəzinədar güc-bəla ilə əlini yerə verib qalxdı.

Şeybani xan çapara-baxıb mızıldandı:

- İmam qəbri ziyarətgah kimi məni çox maraqlandırır. Ora gətirilən nəzirlər bir hökmdarın xəzinəsindən zəngindır. Babalarımız həmişə altuna, qızıla and içib. O xəzinədir bizim ziyarətgahımız. Xəzinə necə oldu?

- Xəzinə? Götürdük!

- Hüseyn Bəyqaranın oğlu Köpək Sultan* hara qaçdı?

Çapar iri, qara barmaqlarını yanındakı torbaya salıb kiçik bir baş çıxartdı.

- Budur, Köpək Sultanın boş başı...

- Apar at itlərə. Həm də Herat şəhərinin ən gur yerində. Qoy görək şahzadələrini itlərin əlindən necə alacaqlar.

* * *

Uzun tüklü monqol atları minmiş iki əsgər aralarına aldıqları ucaboy, çalmanın altından çıxan saçları və saqqalı çallaşmış bir adamı Murad bağına tərəf gətirirdi. Əsgərlər öz aralarında biədəb bir əhvalat danışır, söyür, arsız-arsız hırıldayırdılar. Atların ağızlarının köpüyü məğrur yerişli adamın üst-başına tökülürdü. Amma o, qürurunu pozmurdu.

Bağa çatanda onun nəzərini yerə səpələnmiş bir neçə zərvərəq cəlb elədi. Əyilib onlardan birini götürdü. Bu vərəqədə onun çəkdiyi şəkil vardı. Mir Əlişirin “Xəmsə”sinin vərəqləri ayaqlar altına səpələnmişdi. Vərəqi sinəsinə, göz qapaqlarını isə bir-birinə sıxdı.

Bu həmin əsər idi ki, onun ilk oxucusu Hüseyn Bəyqara olmuşdu, oxuyandan sonra onu sarayın həyətinə çağırmış, öz qızıl yəhərli-yüyənli atını gətirməyi əmr eləyib onu ata minməyə məcbur eləmiş, özü atın cilovundan tutub həyətdə gəzdirərək demişdi:

- Mən hökmdar olsam da, sənət aləmində sənə yalnız cılovdar olmağa layiqəm. - Bu əhvalat tez bir vaxtda bütün Şərqi dolanmışdı.

“Xəmsə”ni Heratın ən müqtədir xəttəti Mir Seyidəli köçürmüş, Şeybani əsgərləri arasında əsir kimi gedən Kəmaləddin Behzad isə nəfis şəkillərlə bəzəmişdi. Budu, həmin əsərin nadir nüsxəsi.

Onlar artıq bağın içi ilə keçib gedirdilər. Bir tərəfdə atılıb qalmış kəcavə gözünə sataşdı. Onun üzünə çəkilmiş nazik qızıl təbəqəsini sökmüşdülər. Hüseyn Bəyqara ömrünün son illərində iflic olmuşdu. Ata minə bilmirdi. Onu kəcavədə gəzdirirdilər. Elə bu kəcavədə, Nəvainin əsərini oxuduğu yerdə keçinmişdi.

Cavanlığında qoç, xoruz döyüşdürən, it boğuşduran hökmdar, Əlişir Nəvaini özünə vəzir götürəndən sonra elm və sənət aləmi ilə məşğul olmuş, Heratı şərqin ən gözəl şəhərlərindən birinə çevirmişdi. Gəlib çatdı o gözəlliyin sonu, gəlib çatdı Heratın qara günləri. Səkkiz künclü mərmər hovuzda əvvəllər qu quşları üzərdi. İndi orada at yuyub qaşovlayırlar. 

Behzadı qızıl qübbəli çadırın yanına gətirdilər. Girişin hər iki tərəfində qollarına iri qalxan keçirib nizə tutmuş döyüşçülər dayanmışdı. Behzad fikirləşdi ki, o qalxanlar alov üstündəki sac kimi qızarıb, onların qollarını yandırır. Onların yanmış sifətlərindəki almacıq sümükləri də balaca qalxanlara oxşayır.

Behzad dayandı, onu gətirənlər də atlarından düşüb, birini qızılgülün budağına, birini də yasəmənin kökünə bağladılar.      

“Güc - kobud, qaba güc hər cür gözəlliyin, xoşbəxtlıyin düşmənidi. O kor-koranə axan seldi, meşəyə düşən yanğındı. O yaratmır, o məhv eləyir, viran qoyur. Şeybani xan da şairdi, Əlişir Nəvai də. Aralarında min illik, əks istiqamətlərə uzanan məsafə var və hər an bu məsafə uzaqlaşır. Bəs mən bunun nəyinə lazımam? Birdən-birə Behzad onun yadına necə düşüb?” Bu fikirlər içində o, xeyli dayandı. Rəssam gözləri ilə hər şeyi müşahidə eləyirdi. O qalxanlar, o qılınclar da bu qara qüvvə kimi kobud düzəlib. Onların üstündə qılınc izindən başqa naxış da yoxdu. Çadırın parçası gün işığında, küləyin hərəkəti ilə azacıq yelləndikcə rəngdən-rəngə düşürdü. Gözəl naxışları vardı. Tanıdı. Bu parça Təbriz malıdı. Belə gözəl parçaları orda toxuyurlar. Çadırın qübbəsi qızıldan olsa da, kobud idi. Naşı adam əlindən çıxmışdı. Təki, qızıl olsun, parıldasın.

Birdən-birə Behzadın yadına Şah İsmayıl düşdü. Axı o da şairdi. Mir Əlişirin də, Hüseyn Bəyqaranın da ona böyük hörmətləri vardı. Təbrizə gedib-gələnlərlə söhbət eləmişdi. Təbrizin, şah sarayının, tikililərin misilsiz olduğu, xalq sənətkarlarına, xalça toxuyanlara, rəssamlara böyük hörmətdən danışmışdılar. Olmaya, bu qara qüvvə, qara yel, qara sel onu da süpürüb atacaq.

O vaxt Heratda pıçıltı ilə bir əhvalat da danışırdılar. Şah İsmayıl lüt rəqqasələrə baxmaqdan imtina eləmiş, Hüseyn Bəyqaranı da günahlandırmışdı.

Herat son illər eyş-işrət mərkəzinə dönmüşdü. Şahzadələr çox idi və hərəsinin də öz kef məclisi vardı. Yaranmış bu gözəl mədəniyyəti qoruyacaq ordu yox idi. Heç kimi təlim maraqlandırmır, sərkərdələr, əsgərlər günlərini meynab* içməkdə keçirirdilər.

Odur ki, Şah İsmayılın sözü saray əyanlarına xoş gəlməmişdisə də, sənətkarların, eyni zamanda Behzadın ürəyindən olmuşdu. Əgər o dediyi kimi axıra qədər dayansa, ölkəsi Heratın gününə düşməyəcək. Görəsən, onun Şeybani xandan xəbəri varmı? Heratın bu gününü təsəvvür edirmi?

Nəhayət, onu çadıra çağırdılar. Saray qaydalarına nəzarət edən məmur onun üstünə qışqırdı.

- İçəri girən kimi diz üstə düşüb torpağı öpməlisən. Yoxsa başını Köpək Sultanın başı kimi itlər yeyəcək.

Behzad təzimdən çox bu sözlərdən incidi. Heç nə demədi. Ürəyində təskinlik tapdı ki, onun çəkdiklərinə də yəqin ki, Şeybani xan başını əyib baxıb. Hələ o şəkillərə nə qədər hökmdarlar baş əyib baxacaq?!

Onu içəri apardılar. Behzad təzim elədi. Şeybani xan gözlərini açdı. O, göz qapaqlarını qaldıranda göz kəsiyi qara ip kimi görünürdü. Onun göz giləsini, gözünün ağını, qarasını seçmək olmurdu.

- Qalx, otur, müsəlman aləminin böyük nəqqaşı.

Behzad Şeybani xanın səsindəki yorğunluğa, qocalığa təəccüb etdi. Ürəyində sevindi ki, bu qara yel qocalıb, əldən düşüb. Onunku çox çəkməz. Qalxıb diz üstündə oturdu.

- Nəqqaşı çağırmaqda bir məqsədimiz var, - deyə xan aram-aram sözə başladı.

- Eşidirəm, hökmdar.

- Mən təkcə hökmdar deyiləm, müsəlman ölkələrinin, qoca Şərqin təzə İsgəndəri-Kəbiriyəm. Çingiz xanın ölməyən ruhuyam. Bütün dünyanın gələcək hökmdarıyam. Sənin çəkdiyin şəkillərin bəzisini bu bağdan tapıb gətiriblər, baxmışam. Sənətin böyük sənət olsa da, çox kiçik şəxsiyyətləri mədh eləmisən. Gərək sənətkar fikirləşsin. Böyük Nizami böyük İsgəndəri vəsf eləməklə özü də yüksəlib. Hüseyn Bəyqara kimi bir əyyaşı çəkmək onun özünə bənzəmək deməkdi. Bu günə qədər çəkdiklərini yadından çıxart. Onlar Herat dövləti kimi öldü. Bu gündən mənim şəklimi çəkməlisən. Bəlkə mənim adımla bərabər sən də yaşayasan.

Behzadın qəlbində istehzalı bir gülüş doğdu, amma sifətini bürüməsinin qarşısını güclə aldı. Şeybani xan Behzad sənətinin nə demək olduğunu çox gözəl başa düşürdü. Onun fırçası ilə yaşamaq ümidindəydi. Hökmdarlar nə qədər torpaqlar tutsalar, sərvət toplasalar da, son yerləri bir qəriblik torpaq, başlarına enən qılınc zərbəsi, yaxud xörəyinə qatılan zəhər, sonrakı yaşayışı isə qarğış və nifrinlər deyildimi? Sultan Səncər kimi hökmdar qoca bir qarının qarşısında aciz qalmamışdımı? Adil Ənuşirəvan bayquş kimi xarabalıqlar aşiqi adlandırılmamışdımı ?

Kəmaləddin Şeybani xana, onun yanındakı əyan-əşrəfə diqqətlə baxırdı.

- Hə, şəkil neçə günə hazır olar?

- Bir həftəyə.

- Əmr vermişəm, evindən-eşiyindən nə aparıblarsa geri qaytarsınlar. Şəkil hazır olanda isə ənamın çatacaq.

Bu qısa söhbətdən sonra qəbul qurtardı. Onu çadırdan çıxardılar. Məmur dedi:

- Gəldiyin yolla da geri qayıt!

Geri qayıtmayıb hara gedəcəkdi ki?..



*  Orta əsrlərdə Şərqdə belə bir əqidə hökm sürürdü ki, bütün dünya elə Şərq ölkələridir. Onları tutanda dünyaya hakim olursan. Çünki həmin dövrdə Qərbdə qüdrətli dövlətlər yox idi.

* Hüseyn Bəyqaranın 14 oğlu vardı: Bədiəzzaman Mirzə, Müzəffər Hüseyn Mirzə, Köpək Mirzə, Əbülmövsüm Mirzə, Firudin Hüseyn Mirzə, Məhəmməd Məsum, Fərrux Hüseyn, Məhəmməd Hüseyn, İbrahim Hüseyn, Şah Qərib, Məhəmməd Qasım, Əbu-Turab, İbn Hüseyn, Heydər Məhəmməd. Onlardan 7-si atasının sağlığında ölmüşdü.

* Meynab - Heratda çanilən məşhur şərab.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info