Qonaq Kitabı
8

8

Uçan yaylağının növrağı sovulurdu. Uzaqda görünən dağların başına qar düşmüşdü. Təpələrin otu saralmışdı. Gəvən kolları təzək kimi qapqara görünürdü. Təpələrin arasına enən cığırlar o qədər ayaqlanmışdı ki, ağappaq olmusdu.  İnsanlar da, naxırlar da, sürülər də buradakı küpə bulağından su içməyə gəlirdi. Bütün bulaqların suyu qurusa da küpə bulağının suyu qurumur, ilk qar düşənə kimi obalar onun dadlı suyundan içirdi. Su burada zambaq açılan kimi verdən qaynayıb poqquldayıb qalxırdı. Hərdən bir də yerin altından, bulağın suyu ilə bərabər balaca, xallı balıqlar çıxırdı.

Bulağın ətrafını mal-heyvan arxaca döndərmişdi. Günorta qoyunlar burada kürnüşgələnib, başlarını bir-birinin kölgəsində gizlədirdi. Atlar başlarını yelləyib sankı “bəli, bəli” deyirdi, sol tərəfdə, üzü gündoğana qayalığın üstündə oba düşmüşdü.

Buradan çalğı səsi gəlirdi.

Salman bəy atdan düşüb özünü bulağın yanına, qayanın daldasına verib dizini qatladı, peşov eləyib qalxdı. O, beş nəfərlə bu obaya toya gedirdi. Zülqədər elinın sayılan adamlarından biri də Sarı Şıxı Zülqədər idi. Oğluna toy eləyirdi. Bu toydan sonra alaçıqları yığışdırıb köçəcəkdilər. Həm də Maku yaxınlığındakı qışlaqlarına yox, bırbaşa Amidə, Ələüddövlənin yanına. Bu barədə hələ adi, qara camaat bir şey bilmirdi. Salman bəy sözünü Sarı Şıxı bəyə demişdi. Onların hərəsinin tayfa içində öz tirələri vardı. Salman bəyin tirəsi daha güclü olduğundan, ağsaqqal onu seçmişdilər.

İki tirə başçısının arasında söhbət çətin getmişdi.

Salman bəy:

- Şıxı bəy, mən çox götür-qoydan sonra bu fikrə gəlmişəm ki, ata yurdumuza qayıdaq. Ələüddövlə bəyin hörməti çox böyükdü. Necə olmasa Sultan Bayazidin qayınatasıdı. Bayaziddən də sonra osmanlı taxtına onun nəvəsi çıxacaq.

Burada ağlım bir şey, kəsmir. Nə vaxtsa Zülqədər tayfasından azıb gedən Dədə bəy indi qorçubaşıdı, bizi heç yaxın da qoymur. Elə ki, müharibə olur, onda Salman bəy beş minnən çox süvari verir. Şahın iltifatına gələndə yada düşməyən də yenə Salman bəydi. Mənim ürəyim qırılıb.

Sarı Şıxı bəy alçaqboy, çevik, sarışın bir adamdı. Salman bəyə nisbətən onun hərəkətləri daha cəld idi. Amma o, gec cavab verdi. Fikrində, görünür, bu təklifi ölçüb-biçirdi. Sonra əlindəki təsbehi xalçanın üstünə atdı, qalxıb diz üstündə oturdu.

- Ələüddövlə bəy bizə yaylaq-qışlaq verəcək?

- Verəcək. Yaylaq-qışlaq məsələsindən arxayın ol.

- Salman bəy, ağsaqqalsa, sənin sözündən heç kim çıxmayıb, mən də çıxmamışam, amma bir məsələ var. Biz köçəri olsaq da, öz köç yerimiz var. Düzdü, ordan gəlmişik. Amma nə vaxt? Yüz ildən çoxdu. Becan babanın yaxşı yadındadı. Teymurləng bizi sürüb quru səhrasına aparırmış, Şah İsmayılın babası, allah ona rəhmət eləsin, saxlatdırıb, bu gözəl yerləri də bizə veriblər. O vaxtdan bəri Şeyx Əlinin ruhunu yad eləyib, ona ehsan veririk. Təzədən, yüz ildən sonra, dur, qayıt, get. Deyir yetimə gəl-gəl deyən çox olar, çörək verən az.

- Demək, sən razı deyilsən getməyimizə?

Razı deyiləm deyəndəki, bu elə bir məsələdi, onu yüz ölçüb bir biçmək lazım gəlir. Ağsaqqallarla danışaq, məsləhətləşək, görək dünyagörmüş adamlarımız nə deyir?

- Bu elin ağsaqqalları bizik. Onlara söz desək, yayılacaq, sonrası pis ola bilər.

- Salman bəy, biz şiəliyi qəbul eləmişik, oradakılar sünnidir. Getsək də, qaynayıb-qarışa bilməyəcəyik axı. Düşmənçilik düşəcək. Oradakıların da yerini dar eləvəcəyik, öz yerimizi də!

Sarı Şıxı bəy Salman bəylə münasibətlərini pozmaq istəmirdi Çox kinliydi, lap dəvə kini vardı. Heç vaxt, heç nəyi yaddan çixartmırdı, xüsusən pisliyi. Görünür, Almaqulağı döyüşündə ya qənimət payı az olub, ya ağır söz eşidib. İndi bütün bir eli çəkib aparmaqla sübut eləmək istəyir ki, baxın, mənim sayəmdə qələbə qazanırdınız. Mənim süvarilərim olmasa idi, Muradı elə biabırçı şəkildə qova bilməzdiniz.

Sarı Şıxı bəy düşünürdü. Axırda Salman bəy acıq həmləyə keçmişdi.

- İşinə bax! İlxısız, sürüsüz qalsan Şah İsmayıl sənə nə sürü verəcək, nə ilxı!

- Söhbət ilxıdan, sürüdən, naxırdan getmır axı. Qoy söhbət öz aramızda qalsın, bir yenə də götür-qoy eləyim.

- Yaylaqdan köçənə qədər möhlət verirəm. Yükləri dəvələrə çatannan sonra birbaşa gedirik Ələüddövlənin hüzuruna. O, vaxt şah ya İsfahanda olacaq, ya da Şirazda. Bizim qabağımızı heç kim kəsə bilməyəcək.

Sarı Şıxı Zülqədər fikrə getmişdi.

- Yaxşı. Qoy oğlumun da toyunu eləyim, o vaxta kimi, sonra.

İndi toy başlamışdı.

Qarazurnanın “Uzundərə” havası altında əlvan paltarlı qız-gəlin başlarındakı xonçaları bəy alaçığına aparırdılar. Onların heç biri çadralı deyildi. Köçəri tayfalarının heç birində qadınlar çadra örtməzdilər. Burada hamı köçərilik qayda-qanunları ilə yaşayırdı.

Salman bəyin atlıları görünəndə obanın itləri hürüşüb götürüldü. Atlını atdan salan bu itləri toy günündə də bağlamamışdılar. Bir də ki, “çoban iti zəncir görsə qorxaq olar”. Onları həmişə açıq saxlayırdılar.

Bir-iki nəfər qaçıb itlərə təpinəndən sonra, bu şir boylu itlər çəkilib getdilər. Salman bəyi çadırın qabağında Sarı Şıxı bəy qarşıladı. Oğlu onun üzəngisini basandan sonra Salman bəy ağır bədənini asanlıqla yəhərdən qaldırdı, yüngülcə aşırılıb düşdü.

- Mübarək olsun, - deyə başını əyib içəri girəndə gözlərinə inanmadı. Çadırın baş tərəfində Şah İsmayıl oturmuşdu. Bir tərəfində Hüseyn bəy Lələ, bir tərəfində də Dədə bəy.

Salman bəy bir an dayandı, onun ətli sifəti səyridi. Sifətindən keçib saqqalının arasında iz salmış qılınc yarasının yeri də qanla doldu. Əlacsız baş əydi.

- Belə böyük qonağın bizim elə təşrif gətirməsini görürəm, gözlərimə inanmıram. Xoş gəlib, səfa gətiribsiniz, Oğlanlarımız şahımızın nökəri, qızlarımız kənizi.     

O bu sözləri deyəndə dodaqları quruyub bir-birinə yapışmışdı. Damağında da bir damcı nəmlik qalmamışdı. Başını qaldırıb şaha baxanda özünü lap itirdi. Onu heç vaxt belə qəzəbli görməmişdi.

Şah İsmayıl:

- Özün kimin nökərisən?

- Sizin!

- Yox, sən Sultan Bayazidin nökərisən.

Salman bəy geri qanrıldı. Alacalanmış gözləri Sarı Şıxı bəyi axtardı. Amma o yox idi. Salman bəylə gələnləri o biri çadıra aparıb əl-qollarını bağlamışdılar.

- Sarı Şıxı bəy? Demək, məni sən satmısan?

Şah İsmayıl:

- Satqının nəyini satırlar? Həm də burada Şıxı bəyin neç bir təqsiri yoxdur. Özün özünü satmısan. Oğlunu götürüb yerinə baldızın oğlunu qoyanda bilmirdin ki, bu işin üstü açılacaq? De görüm. Ələüddövlə daha nə pisliklər eləmək istəyir bizə?   

Salman bəy başa düşdü ki, oğlu məsələsində özünü dolaşdırıb.

- Oğlumun heç bir təqsiri yoxdu, hökmdar.

- Qurddan olan, qurd olar.

“Mən ölkəni yığıram bir yerə, bunlar da üzlərini başqa səmtə tuturlar. Naxırçı qızının könlü naxır çörəyinin yanında olar. Öz elinin hökmdarı, öz elinin səltənəti, gedib türk sultanının yox, onun qaynatasının qoltuğuna sığınmaq istəyir. Belələrinin cəzası verilməsə, o birilər də bu yolu tutacaq”.

- Niyə xəyanət eləyirsən? Nəyin əskikdir!

O, əlini saqqalına çəkdi.

- Saqqalımın bu vaxtı mənə xəyanətkar adı qoyma, hökmdar! Günahım var. Bunu boynuma alıram. Səni də bura gətirən Dədə bəydi. Bizim köhnə tayfa düşmənçiliyimiz var. İntiqam almaq istəyir məndən. Gec-tez belə bir şey olacaqdı. Dedim sakitcə çıxım gedim. Deyir, keçi öldü, qoturlugu da kəsildi.      

Onun Dədə bəyi günahlandırmağı Şah İsmayılı daha da qəzəbləndirdi. Atasının yaxın dostlarından biri olan Dədə bəy onun gizlədilməsi, üzə çıxıb vuruşa-vuruşa Təbriz taxtına çıxması üçün həm var-dövlətindən, həm adamlarından keçmiş, özü də dəfələrlə ölümlə üz-üzə gəlmişdi.

İndi də şahı qorumağa məsul o idi. Belə bir şəxsi ləkələməyə, ona böhtan atmağa dözə bilməzdi.

- Bəlkə Dədə bəy də səninlə birgə Ələüddövlənin sözünə uyub?

- Yox! Ələüddövlə Dədə bəyi saya salar ki?!

Dədə bəy oturduğu yerdə çuğundur kimi qızarmışdı.

- Nədi düşmənçiliyiniz, Salman bəy, bəlkə sən yada salasan?

Onların heç bir düşmənçiliyi yox idi. Sadəcə olaraq Zülqədər tayfasının bəyləri nəslindən olmadığına, bu mərtəbəyə yüksəldiyinə görə Dədə bəyi gözü götürmürdü, özünə düşmən bilirdi.

“Yox, Salman bəy sağ qala bilməz. Onun hər günü təhlükədir. Onun sağ qalması döyüşlərdə qanlarını axıdıb Vətənin birliyi üçün canlarından keçən fədailərin ruhunu təhqir eləməkdir. Ələüddövlə kimi o da bu tayfanı doğmalardan ayırıb yadın qanadı altına atmaq istəyir. Zülqədər tayfasının taleyi barəsində ciddi fikirləşmək lazımdır”.

Şah İsmayıl qorçulara göstəriş verdi:

- Götürün!

Salman bəy qılınca əl atmaq istədi. Arxadan onun qollarını gərdilər. Taleyinin həll olunduğunu görən Salman bəy qışqırmağa başladı:         

- Satqın Sarı Şıxı bəy! Sən gədəlik elədin. Sən məni satdın. Sən məni bu qaniçənlərin cənginə verdin. Görüm sənin oğlunun bəylik yatağı qanla dolsun. Mənim qanım sənə heç vaxt halal olmasın.

Onun çox səs saldığını görən qorçular işini elə çadırda bilirdilər. Bu nəhəng, kök adam xırıldadı və söyüş, qarğış kəsildi.

Sarı Şıxı bəy onları başqa alaçığa apardı. Bura lap şaha layiq hazırlanmışdı. Baş tərəfdə şahın oturması üçün onun səfər taxtı qoyulmuşdu. Alaçığın dəyirmi döşəməsində xalılar üstündə yumşaq döşəkçələr qoyulmuş, ortada böyük süfrə açılmışdı. Süfrədə ceyran, qırqovul kababı, dərisində bişirilmiş quzu, bağır-beyin, müxtəlif şərbətlər düzülmüşdü.

Şah İsmayıl oturan kimi bu gün toyu çalınan oğlan qızıl aftafa-ləyəndə ilıq su gətirdi. Şahın öz aftafaçısı isə qolunun üstündə məhrəba dayanmışdı.

Sarı Şıxı bəy dedi:

- Şahim, qurbanın olum, bağışla. Bu gün toyunu elədiyim oğlumdur. Yalvarıb ki, şahımızın qulluğunda özü dayansın. İcazə verin əlinizə su töksün. Söz yox ki, o sizin əlinizə su tökməyə də yaramaz. Amma toy günündə şahimizin, pirimizin, mürşüdümüzün qulluğunda dayanmaq bütün ömrü uzunu ona xoşbəxtlikdir.

Xətai razı olmadı. Oğlanı yaxına çağırdı.

- Əyil! -dedi.

Oğlan dizlərini yerə qoyub əyildi. O, sarışın, sifətində qəhvəyi xallar olan, atası kimi ortaboy bir oğlandı.

- Papağını başından götür.

Oğlan müti bir şəkildə papağını başından götürdü. Xətai əlini onun başına çəkdi.

- Sənə gözəl bir baxt arzu eləyirəm. Allahın köməyi ilə yaxşı olar. - Sonra əlini cibinə salıb bir ləl çıxartdı.

- Aç ovcunu.

Oğlan ovcunu açdı. Şah İsmayıl ləli onun ovcuna qoydu.

- Yum ovcunu. Bu da mənim sənin toyuna hədiyyəm. İndi mənə qulaq as, cavan oğlan. Mən yaşda səndən də cavanam, amma xoşbəxtliyimi bir məsələdə görürəm. Elin-obanın, vətənin birliyində. Dünyada ondan böyük var-dövlət, ondan əziz xoşbəxtlik yoxdur.

Təzəbəy əlini sinəsinə basdı.

- Əzəmətli şahim, bu mübarək siman qarşısında söz verirəm ki, vətənin birliyi üçün başım lazımdırsa başımı, ürəyim lazımdırsa ürəyimi, üzüqaralıq da eləyirəm, gələcəkdə övladlarım da lazım olsa, övladlarımı bir göz qırpımında fikirləşmədən verəcəyəm.

- Get, tanrı səni xoşbəxt eləsin. - Bundan sonra o, sevincindən kövrəlmiş, gözləri dolmuş Sarı Şıxı bəyə dedi: - Şıxı bəy, yeməkdən sonra ağsaqqalları yığ, onlara sözüm var.

Onlar yeməyə girişdilər.

Qızılbaş qoşunu bu vaxt Salman bəyin tirəsini mühasirəyə almışdı və obalara heç kimin gəlməsinə və buradan getməsinə icazə vermirdi. Obalardakı adamlar narahat olmuşdu. Onlara demişdilər ki, Şah İsmayıl bu tərəfdədir, bu, yalnız onun sağlamlığını qorumaq üçün ehtiyat tədbiridir.  

Süfrəni yığışdırandan sonra Zülqədər elinin başbilənləri Şah İsmayıl oturan alaçığa girib təzim etdilər, dizlərini yerə qoyub oturdular.

Hüseyn bəy Lələ soruşdu:

- Hamı gəlib?

Sarı Şıxı bəy baş əydi:

- Bəli, qurban!

Hüseyn bəy Lələ bardaş qurub şahın sağ tərəfində oturmuşdu. Birinci olaraq o, sözə başladı:

- Ey ağsaqqallar, zamanın sahibini, pirimizi, mürşüdümüzü, şahımızı bu obaya gəlməyə məcbur eləyən səbəb var. Yəqin ki, biləniniz də var, bilməyəniniz də. Deyir evin içi, sonra bayırı. Evdə rahatlıq olsa, çöl adamın yadına da düşmür. İndi şahımızın, mürşüdümüzün əsas məqsədi evin içində qayda-qanunu yaratmaqdır. Böyük hökmdarımızın indi sizə bir neçə kəlmə sözü var. Ona görə mən söbbəti uzatmaq istəmirəm.        

Şah İsmayıl bir daha oturanlara nəzər saldı və aram-aram söhbətinə başladı.

- Peyğəmbərimiz Qurani-şərifdə deyib: “Düşmənindən qorxma, uzaq başı səni öldürəcək, dostundan qorxma, son anda səni satacaq. Qorx laqeyd adamdan. O adamdan ki, nə dostluğu bilinir, nə düşmənçiliyi”. Sizin Zülqədər uşağının bəyi, Salman bəy belə adamlardan idi. Düşmənlə vuruşanda qoşun gətirirdi. Deyirdim dostdu, yox, dost deyilmiş. Allahın kərəmindən bizə hər şey agah olur. Bizi içəridən didib dağıdan Ələüddövlə kimi düşmənlə dilbir olub. Yəqin ki, böyük Nizaminin, itini açan çoban hekayətini bilirsiniz. Canavara mehr salan it qoyunları bir-bir ona verir, bir gün çoban görür ki, sürüdə qoyun qalmayıb, itin xəyanətini başa düşüb onu asır.

Zülqədər eli dili, qanı bir qardaşımızdı. Ustaclı kimi, Bayat kimi, Şamlı kimi, Bayandur kimi. Necə ola bilər ki, belə çətinliklərlə bu boyda səltənət quraq, indi Osmanlı qoltuğunda, ögey ata danlağında, ögey ana qısnağında olduğu kimi bir həyat axtaraq. Mən Ələüddövləyə təklif elədim şiəliyi qəbul eləsin, amma o, elçimizi düşmən kimi qarşılayıb iki il həbsdə saxladı. Qohum olmaq istədik, üzünü yan tutdu. Belə bir adama yaxınlaşmağı, indi özünüz deyin, dostluq adlandırırsınız, yoxsa düşmənçilik?

Düşmənçilik!

- Olar mən də bir söz deyim? - Yüz yaşını adlamış, amma cəld, qayışbaldır, qırmızısifət, başında qara quzu dərisindən papaq olan kişi dilləndi.

- Buyur, ağsaqqal!

Bundan sonra qoca ayağa qalxdı.

- Başına dönüm, ey böyük şah. Biz nəyik? Çoban-çoluq. Deyəllər ki, bir adamm ki, düşməni canavar, dostu it, həmsöhbəti qoyun ola, ondan nə ağıllı söz gözləmək olar? Açığı budu da. Mən bu yaz yüz on altını vurdum yerə, keçdim yüz on yeddiyə. Ağlımnan, yaddaşımnan da şikayətim yoxdur. Mən hələ bu yüz on yeddi ildə görməmişəm ki, ölkənin allahı - padşahı gəlib beləcə mənim kimi qocaları yığıb söhbət eləsin. - O, üzünü oturanlara tutdu... - Ay Xudaqulu, ay Adış, ay Şirin, sizin də az yaşınız yoxdu. Görübsünüzsə, barmağınızı yumun?

Yerbəyerdən “görməmişik” dedilər. Ağsaqqal sözünə davam elədi:

- Belə sənin qədəmlərinə bu uzun ömrüm, oğlanlarım, nəvələrim, nəticələrim qurban. Hansı səmti göstərsən, o səmtə də gedəcəyik. Mən Temir şahı yaxşı görmüşəm. Bir ağsaq, qara adamıydı. Bizim eli mal-qoyun kimi sürüb aparırdı, allah rəhmət eləsin babana, bizi saldırdı. Biz yaxşılığın qabağında durub ayrı-ayrı hədyanlar fikirləşsək, o kişinin haqqı-sayı bizim burnumuzdan gələr. Ələüddövlə kimdi, biz yaxşı tanıyırıq. Temir şah gələndə onun babası eli qoyub qaçdı: İndi sahib çıxır? Adama dar gündə sahib durarlar. Gen günə nə var ki... Kim Ələüddövlənin tərəfini saxlayırsa, bu torpaqda yediyi çörək də, içdiyi su da onların gözlərindən gəlsin. Biz padşah görmüşük ki, gəlib adamı elinnən, torpağınnan qovar. Qurban olduğum gəlib ki, qalın. Daha nə istəyirik. Mənim günahımnan keçərsiniz. Biz elə bir az qudurğan tayfayıq ey, qudurğan. Günümüz xoş keçəndə gözümüz orda-burda qalır. Çalışırıq ki, özümüzü təzədən yesir gününə salaq. Burda ağa kimi, bəy kimi dolandığımız yerdə niyə gedib kiminsə qoltuğuna sığınıb ona nökər olaq?!

Qocanın danışığını Şah İsmayıl böyük məmnuniyyətlə dinləyirdi. Dədə bəy bir-iki dəfə onun sözünü kəsmək istədi, amma Xətai işarə verdi ki, işi olmasın.

- Ağsaqqal, nədən narazılığınız, nədən çətinliyiniz var, de, çəkinmə.

- Sağ ol, qadan alım. Mən desəm də xeyirə deyəcəm, ziyana demiyəcəm ki... Yaylağımız az idi, verdiniz. Qışlağımız çatmır. Bir də, şəhərlərdən uzaqdayıq. Mağdurumuzu aparıb sata bilmirik.

- Mən bunu da fikirləşmişəm. Salman bəy yoxdu. Zülqədər uşağına bu gündən böyük, başbilən, ağsaqqal Sarı Şıxı bəy Zülqədəri təyin edirəm və ona Sultan Xəlil ləqəbi verirəm. Eyni zamanda Zülqədər uşağının ocaqlığı yararsız olduğuna görə Şirazı bu tayfaya ocaqlıq bəxş eləyirəm.

Oturanlardan heyrət nidaları eşidildi. Bu Zülqədər uşağı üçün böyük hörmət əlaməti idi. Onların böyükləri bəy ləqəbindən yuxarı qalxa bilməmişdi. İndi Sultan Xəlil onlara başçılıq edəcəkdi. Birdən-birə sultan?!

Bunun da səbəbi vardı. Ələüddövləyə türk sultanı paşa ləqəbi də verməmişdi. Elə bəy kimi qalmışdı. Qoy oradakılar görsünlər ki, buradakı Zülqədər uşağının hörməti necə də böyükdür.  Onların Əlbistan, Maraş şəhərləri varsa, bunların Şiraz şəhəri var.

Eyni zamanda tayfa bir-birindən uzaq düşəcək və Ələüddövlənin onlara əli çatmayacaq. Hüseyn bəy Lələ Şah İsmayılın bu ağlına, uzaqgörənliyinə heyran qalmağa başlamışdı. 

* * *

“… Dədə bəyin sərkərdəliyi ilə qızılbaşlar Rum şəhəri olan Qeysəriyyənin yanından keçib getdi. Əmrə baxmayıb Cahan çayını keçib düşərgə saldı. Ələüddövlənin adamları gecə hücuma keçib onu məğlubiyyətə uğratdılar. O yenə də çayı keçib dayandı. Qızılbaşlar döyüş meydanına çatıb vəziyyətlə tanış olandan sonra, bir-iki mənzil gedib Əğqaqşan dağının ətəyində düşərgə saldılar. Qarşıda dar cığırlar və keçilməz meşələr vardı. Onlar ölkəni talan edib, Xarput qalasını ələ keçirəndən sonra geri qayıtdılar.

Bu əhvalat hicri tarixinin 913-cü ilində olmuşdu”. 

* * *

- Oğul, bizim xalqımız Nuh oğlu Yafəsdən əmələ gəldı. Bu, türk xalqlarının ulu atası, ulu babası Oğuz xandı. Oğuz xanın altı oğlu oldu. Ay xan, Gün xan, Ulduz xan, sonra Yer xan, Dağ xan, Dəniz xan. Oğlanlar böyüdü. Onları sınamaq, onlara torpaq vermək məqamı çatdı. Oğuz babamız da çox güclüydü, bir qızıl ox götürüb qoydu yaya, dartdı, dartdı, atdı gündoğana, oğlu Gün xana dedi: “Get, oğlum, o oxu tapdığın yer sənindir, yaşa”. Gün Xan öz dostlarını yığıb gecə-gündüz yol getdi. Dərə keçdi, dağ aşdı.

Bu dəstənin qabağında isə Boz Qurd irəliləyib oxa doğru aparırdı. Axırda Boz Qurd gətirib Gün xanı qızıl ox düşən yerə çıxartdı. Sonra Oğuz xan yaya ikinci bır qızıl ox qoyub Günbatana atdı. Bu dəfə oğlu Ay xana dedi: “Get, o oxu tap və torpaqlara həyat ver”. Ay xan oxun dalınca gecə-gündüz yol getdi. Dəstəni isə oxa tərəf Boz Qurd aparırdı”.

Dağın üstündə, at belində dayanıb aşağıdakı çaya, meşəyə, meşə içi ilə qıvrılıb dağ başındakı möhtəşəm qalayal qalxan yola baxan Xan Məhəmməd Ustaclı fikirləşirdi. İndicə bir boz qurd onun yanından qaçıb keçmişdi. At narahat olsa da, sahibi dabanlarını atın qarnına sıxmaqla sakitləşdirmişdi. 

Qorxmadan yeriyən canavar onun yadına atası Mirzə bəy Ustaclının söhbətini salmışdı. Mirzə bəyin canavara - qurda rəğbəti vardı. Çobanları canavar aparan qoyuna görə danlamazdı, canavardan qorxanları ələ salıb gülər, qorxaq adlandırardı.

Axşamlar isə oğluna belə əfsanələr danışardı. Deyərdi ki, oğlum insan dünyaya vəhşi heyvanlarla bərabər gəlib. Bız canavarla bir yerə düşmüşük. O, öz vəhşimizdır. Nağıllarda, əfsanələrdə o bizə kömək də eləyib, xeyirxah olub.

Xan Məhəmməd Ustaclı böyüdükcə beynindən çıxmayan sözləri yöndəminə salırdı, özü bilən tərəfə döndərirdı.

“Görünür, insanın da xislətində canavara uyğun xasiyyət var. Yaşamaq, nəslini qoruyub artırmaq üçün bütün əziyyətlərə dözür və bu vəziyyətində ətrafdakı canlılardan daha üstün, daha güclüdür”.

Xan Məhəmməd Ustaclı uşaqlıqdan nağıllarla, ətsanələrlə böyümüş, onlarla nəfəs almışdı. Ona elə gəlirdi ki, Oğuz xanla, onun oğlanları Gün xanla, Ay xanla, Ulduz xanla birbaşa qohumdur.           

Boy-buxunundan igidlik yağırdı. Qalın, sanki hörülmüş çatma qaşları altında iri, qüdrətli qara gözləri hərlənəndə baxanların ürəyinə qorxu salırdı. Boynunun əzələləri dümdüz qalxırdı. Enli çiyinləri üstündə boynu daha damarlı idi. Qaraquş dimdiyi kimi sivri burnunun altından şəvə kimi işıq verən qara bığlarının hər tərəfi bir qoç buynuzunu xatırladırdı. Enli, çevrilmə alt, dodağı biçimli şəkildəydi. Güclü çənəsinin ortasındakı batıq igidlik timsalı olan sifətinin cizgilərini tamamlayırdı. Əyninə geydiyi dəmir köynəyin ilmələri sinəsində və çiyinlərində xeyli seyrəlib altdakı yaşıl atlas kaftanının rəngini üzə çıxarırdı.

Kənardan baxana elə gəlirdi ki, o, atdan yerə tullansa, yağının altındakı torpaq yarılar. İndi isə sakitcə atın yəhərində oturub sağ qolunu qaldıraraq əlini qaşının üstünə qoyub baxırdı. Buradan ən uzaqdakı yol da görünürdü. O, Ələüddövlənin qoşunlarının gəlib-gəlmədiyini öz gözləri ilə görmək istəyirdi. Məhəmməd xan Ustaclının atası Mirzə bəy bu yaxınlarda oğlunu, qohum-əqrəbasını çadırına çağırmışdı. O, əmr vermişdi ki, qara erkəklər kəsilib qazanlar asılsın. Xeyli onlarla söhbət eləmiş, zarafatlaşmış, qəribə əhvalatlar danışmış, sonra demişdi:

- Hə, indi mənim yerimi salın.

Günün-günorta vaxtı onun yer saldırmağı adamlara qəribə görünsə də, sözündən kim çıxa bilərdi ki. Adamlar dağılışmaq istəyəndə əlini qaldırıb demişdi:

- Heç yerə getməyin, mənə qulaq asın. Qoy uzanım, sonra.

O, uzanmış, oğlu Xan Məhəmmədi yanında oturtmuşdu.

- Oğul, bu eli sənə tapşırıram!



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info