Qonaq Kitabı
7

7

Şah İsmayıl qamışlıqda atdan düşdü. Mehtərlər yüyəndən tutub səssizcə dayandılar. Hər tərəf hündür qamışlıq idi və qamışların başındakı yumşaq süpürgələrinə baxmaq üçün gərək əlini papağına qoyaydın ki, düşməsin.

O, üstü qızıl işləməli qabdan oxu götürüb kamana qoydu, yavaş-yavaş irəlilədi. Ayağınm altına baxanda gördü ki, qamışa ilişib çıxan iki qulac* uzunluğunda qabıq ilanın özü kimi əyri-üyrü şəkildə qalıb. Qamışın içərisindən çıxan papirusa oxşayır, ondan da xeyli yoğundur. Demək bu qamışlıqlarda xeyli belə böyük ilanlar var. Onun qılıncı belindəydi, heç nədən qorxusu da yox idi.

Bu, Şah İsmayılın ilk pələng ovu idi. Vaxtilə pələng ovu barəsində çox oxumuşdu. İndi özünü sınaqdan keçirmək fikrindəydi. Keçmişin bütün qəhrəmanları təkbətək iki şiri birdən ovlayıb, pələngə qalib gəlib.

Belə bir elanı carçılar vasitəsilə camaata çatdırmışdı ki, kim ona pələngin yerini dürüst desə, bir at alacaq. At almaq həvəsinə düşənlər onun iqamətgahına çox gəlmişdi. Nəhayət, onlardan birinə inanıb ova çıxmışdı. Heç kimi də yanınca götürməmişdi. Onun ov yoldaşları olan Dədə bəy, Hüseyn bəy Lələ, Qara Piri bəy Qacar və başqaları qamışlığın girəcəyindəki düşərgədə qalmışdılar.

O, bir neçə addım da gedib qamışlıqdakı səsləri dinlədi. Ona tərəf nəsə qamışları yara-yara irəliləyirdi. Yox, bu pələng ola bilməzdi. Cəngəllik şahı belə yerdə çox asta-asta gəzir. Bəs bu nədir? Bir azdan qabanın zolaqlı balaları göründü və onlar kəsə hiss eləyib, zingildəyə-zingildəyə yollarını dəyişdilər.        

Cəngəllik şahı... eyvanlar arasında ən qüdrətli heyvan pələngdi. Ona görə də o öz cəngəlliyində heç kimdən qorxmur, heç böyük bir dövlətin hökmdarından - şahından da... Fürsət düşən kimi onun üstünə tullanacaq, ələ keçirsə parçalayacaq.

Onun özü də eyni xasiyyətə malikdir. Ölkəsinə düşmən gələrsə onu qılıncla qarşılayıb, qılıncla qovacaqdı, yaxud məhv edəcəkdi. Sonra isə ölkəsinin başqa işləri, qayğıları ilə məşğııl olacaqdı.

Bir dəfə Ucan yaylağında onun qabağına keyik* çıxmışdı. Keyik onu görən kimi hürküb sıçramış, baş götürüb qaçmışdi. Şah İsmayılın heç ağlına gəlməmişdi ki, onu ovlasın, ona ox atsın. Əksinə, istəmişdi keyik dayansın, sahın ona yaxınlaşmasına imkan versin. Yox, bu gözəl heyvanı elə qorxuzublar ki, o hamıdan qaçır. Bax, cavan şah onda bu münasibətlə bir şeir yazmışdı:

 

İçmişəm bir dolu, olmuşam ayıq,

Düşmüşəm dağlara, olmuşam keyik.

Sənə derəm, sənə, sürməli keyik,

Qaçma məndən, qaçma, avçı deyiləm.

 

Avçı deyiləm ki, düşəm izinə,

Qaça-qaça qanlar endi dizinə,

Sürmələr hey çəkdin qonur gözünə,

Qaçma məndən, qaçma, avçı deyiləm.

 

Sənə derəm - sənə, keyik ərənlər

Bizə sevda, sənə dalğa verənlər,

 

Dilərəm mövladan yenməz vuranlar,

Qaçma məndən, qaçma, avçı deyiləm.

 

Eyder, Şah Xətaim uçan, qaçandan,

Zərrəcə qorxmarıq bu datlı candan.

Gedib dəvac olma atana mandan

Qaçma məndən, qaçma, avçı deyiləm.

 

Elə bil keyikin səsini eşitmişdi:

 

“Aman avçı, vurma məni,

Mən bu dağın maralıyam”.

 

Bundan sonra həmin şeiri yazmışdı. Özünə söz vermişdi kı, ov eləməsin, acizlərə əl qaldırmasın.

İndi ilk dəfə ova çıxmışdı. Pələng ovuna. Vəhşiliyin hökmran olduğu, güclünün gücsüzü məhv etdiyi bu aləmin güclüsü ilə üz-üzə gəlmək üçün.

Birdən o, nərilti eşitdi. Dayandı. Bu gələn pələng idi. Amma o pələngi pusqudan vurmaq istəmirdi. Üz-üzə dayanıb gücünü göstərmək fikrindəydi. “Bu dünyanın yazılan və yazılmayan qanunları çoxdur və onlardan da biri mərdanəlik qanunudur. İstər insanla, istərsə heyvanla üz-üzə gəlib vuruşmaq, qalib gəlmək, yaxud məğlub olmaq sonranın işidir. Söz yox kı, bu mərdanəlik qanununu pələng başa düşmür. O, heyvandı, o, vəhşidi. Mən axı insanam, heyvanı arxadan vuran deyiləm ha”.

Şah İsmayıl bir az da qabağa gedib açıqlığa çıxdı. Burada balaca bır kol vardı. Heyvanlar günün altında qızmış, hamam suyuna dönmüş göldən su içirdilər. Bir cüyür də əyilib su içirdi. O pələngi də gördü. Sarı rəngli, zolaqlı pələng marığa yatmışdı birdən-birə cüyürün üstünə tullanmağa hazırlaşırdı. Şah İsmayıl buna imkan verə bilməzdi. Pələng ceyranı parçalayan kımi, leşini sürüyüb götürüb gedəcəkdi. O, yerdən bir kəsək parçası götürüb cüyürə tulladı. Cüyür hürkdü, dönüb Şah İsmayılı gördü və yerində, nazik ayaqları üstündə yırğalandı, bu polad titrəyişinə bənzər ayaqlar onu irəli tulladı. Pələngin son həddə çatmış səbri tükəndi, yerindən qalxmaq, cüyürün dalınca düşmək istəyərkən ovçunu gördü. Cəngəllik şahının bığları dartıldı, qabaqdan iki iri dişi göründü. Pələng onun üstünə tullanmağa hazırlaşmışdı. Şah İsmayılın kamana qoyduğu oxu da hazır idi. Qəfildən pələngin uçuşu başlandı. Heyvanın uzun gövdəsi, qüdrətli pəncəsi, bu boyda ağır bədənə istiqamət verən quyruğu onun yadından heç vaxt çıxmayacaqdı. Həmin uçuş elə göydə saxlanmasa, sonrası pis ola bilərdi.

Sah İsmayılın kamanından çıxan ox vıyıltı saldı və yolda pələngin ürəyi ilə tuş gəldi. O yana çəkildi. Bu an pələng qıvrılıb onun dayandığı yerə düşdü. Oxun lələkli arxası yerə dəyib, daha dərinə batdı. Pələngin iti dişləri kilidləndi.

O, sevinirdi. İlk ovu uğurlu olmuşdu. Çox asanlıqla pələngə qalib gəlmişdi. Cəngəllik şahını məğlub eləmişdi, özü də mərdanəlik qanunu ilə. Dayanıb bir xeyli bu məğrur, güclü, gözəl tüklərinin parıltısı itməmiş, gözlərinin parıltısı ölüşgəmiş heyvana baxdı və ürəyində heyfsiləndi də. Belə gücə, qüvvəyə qıydığına görə bir an özünü qınadı.

Bu vaxt qamışlıq tərəfdən çaxnaşma, xışıltı eşidilməyə başladı. Nəhəng bir ilanın başını gördü. O, ilanın soyuq gözlərində, çaldığı haça dilində, naxışlı buz kimi dərisində elə bir vəhşilik, insanlıq dünyasından uzaq, dəhşət hiss elədi ki, tükləri ürpəşdi. İlan onun üstünə yox, gölə tərəf sürünüb özünü suya atdı.

“Gör gələn nədir ki, o boyda ilan özünü gizləməyə yer axtarır”. İki əyridiş qaban da qaçıb getdi. Səslər yaxınlaşdı, xışıltı artdı və talaya Şah İsmayılının əyan-əşrəfi, nökər-naibi, qorçuları çıxdı.

- Ovunuz uğurlu olsun, şahim! - bu Hüseyn bəy Lələnin səsi idi.

- Uğurludan uğurludur. - Dədə bəy yetirib pələngə baxdı. - Pələng belə olurmuş? - təəccübünü gizlədə bilmədi.

Müridlər pələngə yaxın getməyə qorxurdular.

- Ölübdü. Elə bircə oxla. Ürəyinə dəyib ox.

- Bundan sonra pələngi götürdülər. Ağac gətirmişdilər, ayaqlarının arasına qoyub, kəndirlə ayaqları sarıdılar. Çiyinlərinə götürüb apardılar.

- Dərisini korlamayın. Bilən adam çağırın, yaxşı soysun.

Pələngi öldürəndən sonra şahın daxilində bir-birinə zidd iki fikir yaranmışdı. Öz gücünə daha çox inanmışdı. Onun qarşısında bütün bağlı qapılar açılır, sərkərdələr qılınclarını sındırıb meydandan qaçır, elə bil gözə görünməz bir ordu onun yolu üstündəki bütün əngəlləri silib-süpürüb atırdı. Bu həmişəmi belə olacaq?

O ürəyinə ox sancılan pələng də vaxtilə çox sıçrayışlarla öz ovunu əldə eləyib. Bu dəfə isə onun bəxti gətirmədi. Dərisi ayaqlar altına səriləcək.

Hüseyn bəy Lələ Şah İsmayılın tutqunluğunun səbəbini bilmirdi. Soruşmağa da ürək eləmədi. Qələbələr artdıqca, ölkənin ərazisi böyüdükcə Hüseyn bəy Lələ də Şah İsmayıldan çəkinməyə başlayırdı. Aralarındakı səmimiyyətmi, doğmalıqmı azalırdı, bilmək olmurdu. Bu heç vaxt açıq şəkil almamışdı. Öz-özündən hiss olunurdu. Sarayda hökmdarın möhüründən sonra vəzir Nəcmi Gilaninin möhürü, yalnız bundan sonra Hüseyn bəy Lələnin - əmirəlümaranın möhürü vurulurdu.

Nəcmi Gilani Gilan seyidlərindən olub, şahın babası Şeyx Səfiyəddin İsağın dostu və qayınatası Zahid Gilaninin nəslindən idi. Vəzirliyə gələn kimi vergiləri, sürqalları ciddi nəzarətə və qeydə almışdı. Heç kim bir çöp də gızlədə bilməzdi. Siyasət aləminə qarışmasa da, sarayda vəzıyyəti hamının vəziyyətindən möhkəm idi. Hüseyn bəy Lələ hər hansı şəxsiyyətin şah tərəfindən ondan irəli çəkiləcəyinə inanmamışdı. Artıq hər şey göz qabağındadır.

“Eybi yoxdur. Mən rəhmətlik Şeyx Heydərə söz verəndə ağlıma da gəlməzdi ki, əlimizdən belə nəhəng işlər gələcək. Əmirlər əmiri olacağam. Onun ki yanında üzüqara, şüğlizümmə olmamışam, bəsimdi. Nə qədər canımda can var, şaha qulluq edəcəyəm, sonra da Allah kərimdi”.

Şeyx Heydərdən sonra bir qarış torpağı, evi-eşiyi olmayan, ömrünü Darülirşadda, təkyələrdə keçirən Hüseyn bəy Lələyə Şah İsmayıl Yezd vilayətini bağışlamışdı. Bu çox böyük sürqal idi ki, onun bütün gəlirindən bir axça da vergi vermədən özünə götürməliydi. Amma fikirləşirdi ki, nəyinə lazımdır bu var-dövlət. Yezdi idarə eləmək lazım idi. Özü oraya gedə bilməzdi. Şahı qoyub hara gedə bilər? Onun gecəsi-gündüzü yox idi. Qorçuları ən yaxın adamlardan, qohumlardan seçib götürsə də, Dədə bəyə özü qədər inansa da, yenə də ürəyi narahat idi. Dədə bəyin var-dövləti birə on artmışdı. Ona da ölkə bağışlamışdılar. Birdən başı o var-dövlətə qarışar. Şahın başına bir iş gələr...

Yezdi idarə eləmək üçün hələ Şeyx Heydər vaxtından tanıdığı müridə bəylik ləqəbi verib oraya göndərmişdi. Tapşırıqlarını vermişdi. Demişdi adamların şikayətinə ədalətlə bax. Zülmkar olma, hiylələrə aldanma, tapşırdığın işi yoxla. Bundan sonra Yezdi heç yada da salmamışdı.

Dədə bəy şahın igidliyini, hünərini tərifləyirdi. Qamışlıqdan çıxandan sonra Hüseyn bəy Lələ də atını şahın “Qızıl-qanad”ı ilə yanaşı sürüb dedi:

- Şahim, Heratdan, Hüseyn Bəyqaranın elçiləri gəlib.

- Bəs indiyə qədər niyə demirdin?

- Ovun şadlığına heç nə qarışdırmaq istəmirdim.

Hüseyn Bəyqara Teymurləng nəslindən olub Heratda nökmranlıq edirdi. Şərqdə də çox böyük hörməti vardı. Bu hörməti ona qazandıran vəziri böyük şair Əlişir Nəvai idi. Hüseyn Bəyqara hərbi yürüşləri, parlaq qələbələri ilə deyil, elmə, sənətə olan hamiliyinə, Heratı Səmərqənddən sonra Şərqin ən gözəl şəhərinə çevirdiyinə görə şöhrətlənmişdi. Hər tərəfdən rəssamlar, təzkirəçilər, memarlar axışıb Herata gedir, böyük binalar tikilir, sənət əsərləri yaranırdı. O sənət incilərindən ən qüdrətlisi Əlişir Nəvai qələmindən çıxan, türk dilinin cığatay ləhcəsində yazılan “Xəmsə”, rəssam Kəmaləddin Behzadın çəkdiyi rəsmlər, Mirxondun, onun oğlu Xandəmirin yazdığı təzkirələr idi.           

Şah İsmayıl atının cilovunu tərpətdi, onların hamısı yorğa yerişlə çapıb getdi.        

Hüseyn bəy Lələ gördü ki, Şah İsmayıl Hüseyn Bəyqara və Əlişir Nəvai elçilərinin gəlməsinə nə qədər böyük əhəmiyyət verir.

Hüseyn Bəyqaranın elçisi işarə verdi, səkkiz künclü, fil sümüyü və qızılla naxışlanmış kürsünün üstünə qumaşa bükülmüş bir bağlama gətirib qoydular.

Elçi yumru sifəti bozarmış ortayaşlı, həlim bir adam idi.

- Bu hədiyyəni Əlişir Nəvai həzrətləri böyük Şah İsmayıla, onun şairliyinə, ilhamına hörmət əlaməti olaraq göndərib. - Elçi sözlərini qurtarıb bağlamanı açdı. - Böyük hökmdar, bu böyük və dahi Nizaminin “Xəmsə”sidir. Surətini xəttat Sultanəli Məşhədi çıxarıb, “Xəmsə”yə şəkilləri isə böyük Kəmaləddin Behzad çəkib. - O “Leyli və Məcnun”u götürüb vərəqlədi və bağlamadan çıxan qızılla, qaş-daşlarla bəzənən rəhilə qoydu.

Şah İsmayıl Behzadın çəkdiyi şəkillərə baxıb heyrətini gizlədə bilmədi.

- Bunu insan əli yaradıb?

- Bəli, hökmdar. Kəmaləddin Behzadın fırçası ilahi vergisidir.

Şah İsmayıl xeyli müddət şəkillərə baxır, heç cür gözünü onlardan ayıra bilmirdi. Hüseyn Bəyqaranın göndərdiyi bir ilxı Axaltəkə atları onun gözündən düşdü. Əlişir Nəvainin hədiyyəsi onu heyran qoymuşdu. Behzad onu valeh eləmişdi. Şah birinci kitabı vərəqləyəndən sonra ona əyan-əşrəf də baxmağa başladı. Kitab sədr Qazı Məhəmməd Kaşıya çatanda, o özünü saxlaya bilmədi.

- Sahim, məni üzürlü tutun, Heratda allah yolundan çıxdıqlarını eşitmişdim, amma bu həddə çatdıqlarını bilmirdim. Peyğəmbərin buyruğudur ki, insan sifətini çəkmək günahdır. Bu dinsizlik, allah yolundan çıxmaqdır.

Elcinin damşdığı yerdə səsi batdı. Bu həm Hüseyn Bəyqaraya, həm də Əlişir Nəvaiyə qarşı böyük hörmətsizlik olardı. Şah İsmayıl qəlyan çubuğu kimi arıq və uzun, beli əyilmiş, bir gözündən su axan Qazı Məhəmmədi xeylı süzdü:

- Qazı həzrətlərinin deməyindən belə çıxır ki, imam Sahibi-Zaman din yolundan azıb?

Bu çox ağır cavab idi və Qazı özünü tamam itirdi.

- Allah eləməsin, ya imami Sahibi-Zaman. Mən elə demədim. Mən Heratdakıları deyirəm.

- Yenə soruşuram, imam Sahibi-Zaman din yolundan azıb? Ya hə, ya yox!  

- Mən nə karəyəm sizin barənizdə bir söz deməyi dilimə gətirəm.

- Otur!  Sənə tapşırdığımız iş çoxdur, onlarla məşğul olsanız mənə belə gəlir ki, daha yaxşı olar!  

Elçinin rəngi ağarmışdı. Gərginlik məclisə soyuqluq gətirmişdi. Şah İsmayıl bu gərginliyi aradan götürmək istədi.

Böyük Nizami özü də “Xəmsə”sində insanları yazıb, onları söz ilə rəsm eləyib. Bu günah deyil. Böyük Kəmaləddin Behzad peyğəmbər əleyhissalamın dövründə yaşasaydı, onda mən inanıram ki, peyğəmbər özü onu tərif eləyərdi. Belə sənətkara ilhamı yalnız allah bağışlayır. Allah bağışladığına isə peyğəmbər heç nə deməz. - Bu sözlərdən sonra üzünü elçiyə çevirdi. - Məhəmmədcan ağa, Behzad harda yetişib?

Elçi böyük qürur və fəxr ilə sözə başladı:

- Bir gün Əlişir Nəvai həzrətləri təğyir-libas olub gedirmiş, əl-ayaqdan uzaq yerdə kasıb bir daxmaya rast gəlir. Qapını döyür. “Ləbbeh”, yəni “buyurun” kəlməsi eşidib içəri girir. Daxmada Hüseyn Bəyqaranın və özünün şəkillərini görüb ev sahibi olan cavan oğlandan soruşur:

- Bu rəsmləri kim çəkib?

- Bu rəsmləri hünərməndlər atası, tədbirlər ustası, Əlişir Nəvai cənabları. Mən onları yalnız qonağa göstərirəm.

Mir Əlişir hiss eləyir ki, bu cavan oğlan onu tanıyıb, odur ki, deyir:

- Bəs onda bu rəsmləri saraya, mənim yanıma niyə gətirmədin?

- Nə üçün? Onları əgər gətirsəydim, onda mənə pul verəcəkdiniz. Onda da belə çıxacaq ki, mən öz sənətimi pula satıram.

Mir Əlişir gənc oğlana təzim edir.

Sonradan Behzad saraya gətirildi. İndi Kəmaləddin Bəhzad həm də Hüseyn Bəyqaranın kitabdarıdır. Saray kitabxanası onun fərmayişindədir.

Şah İsmayılın qəlbində qəribə bir həsəd və qibtə hissi baş qaldırdı. Belə sənətkarı olan hökmdar ən zəngin hökmdardı.

Güclü hökmdarlar qorxmadan, çəkinmədən böyük nəhəng döyüşlərə girir və qalib gəlir. Torpaq qazanır. Həmin torpaq vətən oğullarının qanı ilə suvarılandan sonra orada elə bağ salmaq lazımdır ki, əsrlərlə çiçək açsın. Torpaqda xış işləməsə, bağ salınmasa, həyat dayanar. Torpağın gözəlliyi əkindi, biçindi, çiçəkdi, taxıldı, ağacdı... Onu gözəlləşdirmək adi insanların payına düşüb. Bəs vətənin şöhrətini artırmaq necə? Ona görə də ilhamlı insanlar doğulur. Onlar şeir yazır, bina tikir, rəsm çəkir. Bu elə bir sənətdir ki, heç vaxt ölmür, heç vaxt yaddan çıxmır. Sənətkarları güclü olan ölkənin şöhrəti də uzaqlara gedir. Budur, Sultan Məhəmməd gənc yaşında “Şeyx Səfi” xalçasının cizgilərini yaratdı, Behzad sənətinə çatan gücü var. Onu yetişdirmək, belə istedadları axtarıb tapmaq, qolundan tutub qaldırmaq lazımdır.

Mir Əlişir Nəvainin hədiyyəsinə ayrılan vaxt xeyli sürdü. Elçi Məhəmmədcan narahat olmağa başladı. Hökmdarın hədiyyəsinə Şah İsmayıl gözucu baxmışdı. O, ilxıdan heç özünə at da seçməmişdi. Birdən bu xəbər Hüseyn Bəyqaranın qulağına çatsa necə olar? Mir Əlişirə onun qəzəbi tutmazmı? Deməzmi ki, nə üçün öz adından elə hədiyyə göndərirsən, mənim hədiyyəmi gözdən salır? Elçi sözü dəyişmək istədi.

-  Böyük hökmdar, sultan Hüseyn Bəyqara böyük sənət hamisidir. Bu yaxınlarda gözümün qarşısında olan bir hadisəni sizə danışmaq istəyirəm. Mir Əlişir “Xəmsə”sini tamamlayıb hökmdara təqdim eləyib. Hökmdar oxuyandan sonra bütün əyan-aşrəfini sarayın həyətinə toplayıb əmr elədi ki, ağ atını gətirsinlər. Atı gətirdilər. Hökmdar görünməmiş bir iş elədi. Mir Əlişirə dedi ki, bu ata minməlidir, atı ona bağışlayır.

- Nəvaiyə ölkənin yarısını bağışlamaq da azdır.

- Elədir, böyük hökmdar! - Amma tək at bağışlamadı. Mir Əlişirin etirazına baxmayaraq, onu ata minməyə məcbur elədi və özü atın qızıl üzəngisindən tutub həyətdə dövrə vurdu...

- Oturanlar arasında etiraz nidaları eşidildi.

- Belə şey ola bilməz.

- Hüseyn Bəyqara özünü niyə alçaltsın ki?!

- Mən inanmıram.

Şah İsmayıl əlini qaldırdı. Hamı sakitləşdi.

- Bu hərəkətə mən inanıram. Bu hərəkəti ilə Hüseyn Bəyqara özünü alçaltmayıb. Əksinə, yüksəldib. Böyük şairə höyük qiymət vermək üçün böyük ürək olmalıdır.

Amma Şah İsmayıla çatmışdı ki, Hüseyn Bəyqara ömrünün bu çağında şəraba qurşanıb. Çox vaxt Əlişir Nəvaini eşitmir. Lakin elçinin yanında onun hökmdarının adına yaxşı sözlər demək lazım gəlirdi. Əvvəla xoş niyyətlə gəlmişdi, Şah İsmayılın taxta çıxmağını, qələbələrini təbrik etmək üçün onları Hüseyn Bəyqara və Mir Əlişir göndərmişdi.

Burada eyni zamanda siyasi məqsədlər vardı. Həmin mətləbləri Şah İsmayıl çox yaxşı başa düşürdü. Teymur nəsli parçalanmışdı. Səmərqənd hakimi olan Məhəmməd Zahirəddin Baburu Dəşti qıpçaqdan gəlmiş Şeybani xan vətənindən didərgin salmışdı. Çox qüdrətli sərkərdə olan Şeybani xan bir tərəfdən səfəvilər, o biri tərəfdən Hüseyn Bəyqara ilə üz-üzə dayanmışdı. Geç-tez onların hər ikisi də onunla üz-üzə gəlməli, baxtlarını sınamalı olacaqlar. Elə bu səbəblərə görə birləşmək, Şeybani xana qarşı müştərək hərəkət etmək lazım gələcəkdi. Düzdür, elçi hələ bu barədə bir gəlmə də eşitdirməmişdi. Yəqin həmin söhbəti ikilikdə edəcəkdilər.

Kitabları aparandan sonra elçi Məhəmmədcan ağa dedi:

- Böyük sultan Hüseyn Bəyqara cənabları Şah İsmayıl Xətainin aşıqları çox sevdiyini bildiyindən bir dəstə aşıq göndərib. Bizim aşıqların da oxumağına qulaq assanız özümüzü xoşbəxt sayarıq.

Başına ağ çalma bağlamış, əyninə çapan, ayaqlarına məst geymiş aşıq meydana çıxdı. O, qopuz çalıb oxumağa başladı. Amma onun çalmağı və oxumağı Şah İsmayılın xoşuna gəlmədi. Huseyn bəy Lələyə dedi:

- Bunu yığışdırın.

- Şah sağ olsun, varını verən utanmaz. Onlardakı aşıq da budu. Xoşuna gəlməsə də, qulaq asmalısan. Yaxşı düşməz. Sultanın xətrinə dəyər.

Şah İsmayıl birtəhər dözdü. Aşığın səsini və çalğısının şaha xoş gəlmədiyi açıq-aşkar məlum idi. Aşığın özü də başa düşmüşdü. Tez qurtarıb xələtini alıb getdi.

Elçi Məhəmmədcan ağa fikirləşib ən xoşagələn məsələni axıra saxlamışdı. Şah İsmayıl cavan oğlandır.

Onun mütləq xoşuna gəlməlidir. Mütləq. Bunu sultan Hüseyn Bəyqaranın özü də demişdi.

-  Böyük hökmdar, sultanımız sizə bir hədiyyə də göndərib. 

- O nədən ibarətdir, Məhəmmədcan ağa?

- Rəqqasələrimiz də var. Bunlar xüsusi təlim görmüş, seçmə rəqqasələrdir. İcazə versəniz?

Şah İsmayıl etiraz etmədi. Bu fağır qızları uzaq - çətin yoldan min bir əziyyətlə gətiriblər. Baxmasa yaxşı düşməyəcək.

Çalğıçılar öz yerlərini tutub çalmağa başladılar. Bu vaxt pərdə arxasından ilan kimi qıvrıla-qıvrıla bir rəqqasə çıxdı. Onun sifəti də, bədəni də gözəl idi. Amma döşləri yarımaçıq, göbəyi tamam açıqdı və yancaqlarını oynada-oynada qavalın ahəngi ilə hərəkət edirdi.

Şah İsmayıl sarayında hələ belə açıq-saçıq rəqs olmamışdı, bəlkə də heç kim görməmişdi. Gənc hökmdar qəzəbləndi. Onun qaşları çatıldı. Ətrafındakılara baxdı. Dədə bəy də, Hüseyn bəy Lələ də, Xan Məhəmməd Ustaclı da, sarayın digər əyan-əşrəfi də utandıqlarından başlarını aşağı dikmişdilər. Hüseyn bəy Lələni tər basmışdı. Axı Taclıbəyim də öz məiyyəti ilə məclisdəydi. Bu rəqqasəni görəndə xara pərdəni endirmişdilər.

Şah İsmayıl daha heç bir nəzakət qaydası gözləmədi. Qalxıb qüvvətli, sərrast addımlarla otağı tərk elədi. Hüseyn bəy də, Dədə bəy də onun dalınca getdilər. Elçi Məhəmmədcan pərt oldu, işarə verdi ki, rəqsi saxlasınlar. O, heç yerə tərpənmədi, oturduğu yerdə qaldı.

Heratı heyran qoyan rəqs burada tamam başqa cür, düşməncəsinə qarşılandı. Onun başı üstündə dayanan Qazı Məhəmməd Kaşi deyinirdi.

- Mən dedim ki, Herat allahsızlar şəhəridi. Orada peyğəmbər əleyhissalamın yolundan çıxıblar. İnanmırdılar. Ozlərinin pozğunluğu bəs eləmirdi, bizim cavan şahımızı da yoldan çıxarmaq istəyirlər.



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info