Qonaq Kitabı
6

6

 “Xarın, Səmnanın, Dəmavənd və Firuzgahun hökmdarı Hüseyn Kiya Çələbi üsyan qaldırıb Reyin hökmdarı İlyas bəy Ayqut oğlunu öldürdüyünə görə qalibiyyət bayraqları ramazan ayının 12-ci günü Dirukac (?) dan keçib Reyə gəldi. Oradan qələbilərin əlində olan Gülüxəndan qalasına yan aldılar. İki gündən sonra qalanı aldılar. Burada və Dəmavənddə divan quruldu. Günahkarlar cəzalandı.

Bu günlərdə Qazı Məhəmməd Kaşi Movlana Şəmsəddinlə bərabər sədrliyə başladılar.

Şövval ayının 11-də* Firuzgah qalası mühasirə edildi və 15 gün sonra Qalabəyi Əli Qiya Səməndər hökmdarın ayağından öpmək üçün gəldi və qalanı təslim etdi. Bundan sonra qalib ordu Həbləruzdan keçib Usta qalasını mühasirəyə aldı. Hüseyn Çələbi və Murad bəy Cahanşah burada gizlənmişdilər. Bir aydan sonra qızılbaşlar Hələbrud çayının suyunu kəsdilər.

Zülhəccə ayının 1-də Hüseyn Kiya məcbur qalıb qaladan çıxdı. Düşməndən intiqam alan qazilər Murad bəyi edam edib, meyitinə od vurdular, Hüseyn Kiya isə dəmir qəfəsə salındı. O, intihar etdi”.

(Zeynalabdin Əlinin “Təkmilət-əl əxbar” əsərindən.)

Yazın əvvəlləri idi. Təbiət təzə gəlin kimi bəzənmişdi. Lalənin qırmızı örtüyü yaşıl döşləri örtmüşdü. Ballıcanın üstündə bal arıları vızıldaşırdı. Çəmənliklərdəki qaraot zolaqlarında ağ, iri papaq göbələklər qara torpağı da özləri ilə bərabər qaldırmışdı. Yol kənarındakı daşların üstündəki daşxınaları boz, sarı, narıncı rənglərə çalırdı. Yol ilə qalxa atlılar çox yorğun və dilxor görünürdülər. Qabaqdakı üçatlının çırtma vursan qanı damardı. Arxada gələn dəstə döyüşçülər, xidmətçilər idi. Heç nədən xəbərləri olmasa da, qabaqda gedən hörmətli adamların əhvali-ruhiyyəsi onlara da təsir etmişdi.

Onlar çox uzaq yoldan qayıdırdılar.

Sultan Bayazid əyan-əşrəfi ilə bərabər atını sürüb “Ayasofiya”nın qarşısındakı meydana girdi. Burada dar ağacları qurulmuşdu. Otuza qədər olardı. Dar ağaclarının sayında da adama kəfən geydirmişdilər. Carçı Sultan Bayazidin gəldiyini elan elədi.

Bayazid arıq, göygöz, itibaxışlı, sərtsifətli adam idi. Onun sifətində gülüşü çox az adamlar görmüşdü. Bunun da bir cox səbəbləri vardı.

Atası Fateh Soltan Məhəmmədə həkimi Yaqub paşa zəhər verib öldürəndən sonra məlum olmuşdu kı, bu həkım Yaqub Paşa deyil. Venedikt cümhuriyyəsinin göndərdiyi Maestro Laçanodur.    

Bu ölümdən sonra Bayazidlə qardaşı Sultan Cem* arasında mübarizə başlamışdı. Bayazid İstanbula yaxın olduğu üçün özünü tez yetirib taxta çıxmış, qardaşı Sultan Cemlə müharibəyə başlamışdı. Sultan Cem isə qardaş qanı tökməmək üçün əvvəlcə Misirə, sonra Məkkə ziyarətinə getmiş, geri qayıdanda gəmisini külək Rados adasına aparıb çıxartmışdı. Radosda latın cəngavərlərinin əlinə düşmüşdü. Avropa çoxdan belə bir fürsət gözləyirdi.

“13 martda Romaya gələn şahzadəni şəhərdən kənarda papanın oğlu Fransisko Kubo, kardinallar, böyük xalq kütlələri qarşıladı. Türk sultanının oğlunu görmək üçün basabas salmışdılar. Böyük hökmdarlara məxsus bu qarşılanmadan sonra Roma papasının iqamətgahına aparıb ona yer verdilər. Bu andan başlayaraq Roma Avropa siyasətinin diqqət mərkəzində dayandı. Macarıstan kralı ələ Məmluk sultanı şahzadəni almaq üçün papaya təzyiq göstərməyə başladılar. Cemin 6 ay yarım sürən Fransadakı əsirliyi bitmiş, həmin fəxri əsirlik İtaliyada başlamışdı. Bu 5 il, 11 ay, 14 gün davam edəcəkdi.

Şahzadəni Romadan kənarda qarşılayanlar arasında Məmluk sultanının papanın yanına göndərdiyi elçilər də vardı. Məmluk elçiləri uzaqdan Sultan Cemi görən kimi torpağı öpməyə başladılar. Sonra yaxınlaşıb şahzadənin üzəngiyə keçirdiyi ayaqlarını öpdülər. Ertəsi gün Cem papa tərəfindən qəbul edildi. Papa, kardinallar, Romadakı bütün elçilər şahzadəni ayaq üstündə qarşıladılar. Papa böyük tacını və mərasim libasını geymişdi. Mərasim məmurları Cemə imperatorların belə papanın ayaqlarından öpdüklərini deyir, heç olmasa baş əyməsini xahiş edirdilər. Şahzadə dedi ki, o yalnız atasının qarşısında baş əyib və bundan sonra heç kəsin qarşısında əyilmək fikrində deyil. VIII İnnokenti onu başı ilə salamlayan Sultan Cemi qucaqlayıb öpməklə böyük iltifat göstərdi.

...Papa Avropa dövlətlərinin Türkiyəyə qarşı birgə müharibəsinə sərkərdəlik etmək üçün Sultan Cemin razılığını almaq istəyirdi. Bu barədə öz fikrini üstüörtülü deyəndə “mən ölkəmə xəyanət etməyəcəyəm” deyə cavab verdi. Papanın onunla rəsmi və xüsusi görüşlərindən heç bir nəticə hasil olmadı.

İstanbula çağırıb başına tac qoysalar belə, sultan bu qədər əhvalatdan sonra onu götürməyəcəyini, yalnız Qahirəyə qayıdıb ömrünü ailəsinin yanında başa vuracağını deyirdi.

...O, Şərq dillərindən əlavə latın, yunan, italyan və fransız dillərini də bilirdi.

...1490-cı ildə Sultan Bayazidin elçisi qapıçıbaşı Mustafa bəy gəldi. Sultan Cemin 3 illik xərcini papaya təqdim etdi.

Bu aralarda Venedikt torpaqları yenə də türk süvariləri tərəfindən cığnanırdı. Venedikt bundan cana gəlmişdi. Sultan Bayazidi qorxutmaq üçün Avropa hökmdarları papaya təzyiq göstərib Sultan Cemi onun əlindən almaq istəyirdilər.

... 1494-cü ildə papa fransız kralı VIII Karlla bərabər Sai Anqelo sarayında Sultan Cemin qəbuluna getdilər. Böyük və təntənəli bir mərasim oldu. Papa VIII Karlla şahzadəni tanış etdi və şahzadəni fransız kralına verdi.

(Yılmaz Oztuna “Türkiyə tarixi”).

Fransız kralı Sultan Cemi Parisə apara bilməmişdi.

O yolda, Neapolda 35 yaşında vəfat etmişdi. Papa tərəfindən onun zəhərləndiyi açıq-aşkar məlum idi. Onun ölümünə qədər qardaşı Bayazid Avropadakı istilalarını dayandırmalı olmuş, ayrı-ayrı xırda-para hücumlarla kifayətlənmişdi. Qardaşının ölümündən sonra o, hakimiyyətinin ikinci dövrünə girmiş, qol-qanadı açılmışdı.

Avropanın ən güclü dövləti olan Venedikt cümhuriyyətinə qarşı ciddi əməliyyatlara başladı. Venediktlilər dənizdə çox güclü idilər və onların donanmasını məğlub etmək mümkün deyildi. Mühüm qələbələrdən birini Spinoza adası yanındakı dəniz döyüşündə məğlubiyyət ərəfəsində olan Barak rəis qazandırdı. O, gəmisini venediktlilərin admiral gəmisinin üstünə sürdü, başqa gəmilər onu əhatə etdilər. Donanmanın admiralını əsir almaq niyyəti ilə hamı gəmisini ona tərəf sürürdü. Hər tərəfdən onu əhatə etdilər, gəmiyə keçməyə başlayanda o, gəmiyə yüklədiyi barıtı partlatdı, özü və gəmisi ilə bərabər Venedikt admiralı Veredianın gəmisini və onlarca başqa gəmini göyə sovurdu. Bundan sonra qorxubilməz qüdrətli Venedikt donanması qaçmağa üz qoydu.

Bu dar ağacı altına gətirilənlər isə həmin qələbədən sonra adanı qorumaq üçün quruya çıxarılan yeniçərilərdi. Bir müddətdən sonra adaya yan almış və düşmən qüvvəsini çox görüb adanı təhvil verib İstanbula qayıtmışdılar. Hərbi əmri yerinə yetirməkdən imtina etdiklərinə görə edam edilirdilər.

Sultan Bayazid tələsirdi. Tez hökmü oxudular. Kəndirləri ağ kəfən geymiş yeniçərilərin boğazlarına keçirtdilər, meyitlər sallana-sallana qaldı. Nə hıçqırıq eşidildi, nə də qarğış. Sultan Bayazid atını sürüb sarayına getdi.

Otuz nəfərin edamında özünün şəxsən iştirakı çox vacib idi. Sultan Cemin əsirliyi ilə bağlı hərbi yürüşlərin keçirilməməsi ən igid döyüşçülər oian yeniçərləri də tənbəlləşdirmiş, laqeydləşdirmişdi. İndi əsgəri nizami-intizamı möhkəmləndirmək məqamı yetişmişdi.

Sultan Bayazid başa düşürdü ki, o, atası Fateh Sultan Məhəmmədin səviyyəsinə qalxa bilməyib, onun kimi sərkərdəlik qabiliyyətinə yüksəlməyib. Qalan vaxtı əldən vermək istəmirdi. Amma nə qədər çətinlikləri vardı!.. Oğlanları böyümüşdü. Onlardan şahzadə Əhmədin, Qorqudun yaşları otuz beşi keçmişdi. Hələ şahzadə Səlim… Onların hər biri atasının yerini tutmaq istəyirdi, Bayazidin ürəyindən keçən bu idi ki, Qorquddan yaxşı hökmdar çıxar. Amma onun da oğlu yoxdur, qızları var. Ailə oğul üzünə həsrət qalıb. Qorqudu ona görə istəyirdi ki, Qorqudun dənizçilər arasında çox böyük hörməti vardı. Gələcəkdə isə dəniz qüvvələrini gücləndirmək lazım gələcəkdi.

Sarayın qapısında iri təbil aramla vurulurdu. Bir, iki, üç, dörd.., altmışa çatanda, ondan da iri təbil vurulurdu. Demək, saat tamam oldu. Düzdü. Avropadan mexaniki saatlar alıb gətirmişdilər. Amma qədim adəti hələ də pozmamışdılar. Sultan Bayazid öz yerini taxtda tutandan sonra vəziri Əli Paşa varid oldu. Vəzir ölkədəki vəziyyət barədə məlumat verməliydi. Bu sarayda vəzirin on kiçik səhvi onun böyük cəzası ilə nəticələnirdi.

Fatehin həkimi Yaqub paşanın Venedikt təbəəsi ola-ola sultan sarayına türk kimi yol tapması, sultanı yavaş-yavaş zəhərləyib öldürməsi yaddan çıxan məsələ deyildi və bu işdə vəziri günahkarlandırmışdılar. Davud paşadan sonra Hərsəkzadə Əhməd paşa cəmisi bir il vəzirlik etmiş, onun yerinə Candarlızadə İbrahim paşa keçmişdi. İki il sonra vəzifəni İbrahim paşa tutmuş, onu da Hacı Məsih paşa əvəz etmişdi. Bir il sonra o da ölmüşdü.

İndi Əli paşa səltənətin işlərini aparmaqda canidildən çalışsa da, hiss edirdi ki, sultan ondan da şübhələnir.

Vəzir Avropadakı məsələlərdən danışdı. Amma Sultan nədənsə bu məsələyə o qədər də əhəmiyyət vermədi. Məsələ Səfəvi hökmdarına çatanda vəzir dedi:

- Kürd əmiri Hacı Rüstəm bəy Mükri məktub göndərib.

- Oxu görək.

Vəzir lülələnib möhürlənmiş məktubu açıb oxudu.

Kürd əmiri yazırdı ki, bu üsyankar şiə tayfasının dərsi verilməsə, hələ çox iş görəcək. Onlar Əlvənd Mirzəni təzədən məğlub eləyib qovandan sonra İraqi-əcəmdə Murad Mirzəni, İraqi-ərəbdə Barik bəy Pərnakı darmadağın elədilər. İndi isə Misir məmluk sultanı Qansu ilə ittifaq yaratmaq istəyirlər.

- Münrü başından böyük danışır. Özünü siyasətdən başı çıxan adam kimi göstərmək istəyir. Daha bilmir ki, sultan Qansu Quri dünənki uşaqla birləşib Sultan Bayazidin üstünə gələ bilməz.

- Böyük Sultan! Bəlkə o, Sultan Cemin ailəsinin Misirdə qalmağı məsələlərini eşidib elə düşünür ki, belə işdən ötrü müharibə ola bilər.

Sultan Bayazid vəzirinə tərs bir nəzər saldı və ağ saqqalı yun kimi görünən vəzirin rəngi daha da qaraldı.

- Ağqoyunluların çırağı söndü. Bunu birdəfəlik yadında saxla. Uzun Həsənin özünə bərabər övladları olmadı. Bu tör-töküntülər də heç nəyə qadir deyil. Bizim köməyimiz də onları iqtidara gətirə bilmədi. Bu məsələ qurtardı. İndi başa düş ki, Təbriz taxtının sahibi o uşaqdı. O isə bizimlə hələ gücünü sınamaq halında deyil.        

- Sultan əlini taxtın, qızıl çəkilmiş qoltuqluğuna qoymuşdu və onun ağdərili əlinin üstündəki göy qan damarları açıqca görünürdü. O bu əllərlə şeir yazırdı, xəttatlıq eləyirdi, mürəkkəb hesablamaları qarğı qələmlə aparırdı.    

Vəzir başını qaldırıb Sultanın sifətinə baxdı. Sultanın qırğı dimdiyinə oxşar burnu eynilə onu atasına oxşadırdı. Vəzir Sultandan sonra başını qaldırıb divara vurulmuş böyük şəklə baxdı. Onu Fatehin vaxtında Florensiyadan gəlmis rəssam Bellini çəkmişdi. Fatehin öz sifarişilə gələn rəssam onun bir neçə şəklini yaratmışdı. Onlardan birində Fateh ağ çalma ilə təsvir edilmişdi, mülayim bir görkəmdəydi. Şəklin arxası qara rəngdəydi və sultanın başı üstündə hər tərəfdə üç tac şəkli əks olunmuşdu. Bu da o deməkdi ki, yəni Sultan neçə-neçə ölkəni öz hakimiyyəti altında saxlayır. Bəli, Bayazid öz atasına çox oxşayırdı. Hirslənəndə isə bu oxşarlıq itir. Əli paşa Fatehi də yaxşı tanıyırdı. İstanbulu alanda, Ayasofiyada səcdəyə gələn bizanslıları ayağa qaldırmışdı. “Qalxın, mən sizi ayağa qaldırmağa gəlmişəm!” deyəndə bax, beləcə mülayim idi. Rəssam düşmən ölkədən gəlsə də, Fatehi mülayim, sakit görkəmdə əks elətdirib. Bəlkə elə buna görə də Bellini vətəninə qayıdanda onu aparan gəmi hədiyyələrin ağırlığından suya elə oturmuşdu ki, onun vətəninə çatmağına ümid eləyənlər az idi.

- Sultan-əzəm, düzdür, onun bizimlə üz-üzə gəlməyə gücü yoxdur. Amma babası Uzun Həsənin vaxtındakı sərhədləri bərpa eləyib qurtarmaq üzrədir. Gələcəkdə çox böyük qüvvəyə çevrilə bilər. Özü də sünniləri hər yerdə sıxışdırır. Dəstə-dəstə sünni qaçıb sizin kölgənizə sığınmaq istəyir, amma sərhəddəki sancaqbəyiləri onları düşmən kimi qarşılayır. Adamların ah-naləsi ərşə qalxıb. Buna bir əncam çəkmək lazımdır.

Bayazid fikrə getdi. Vəzir onu aldatmırmı? Oradan sünni adı ilə şiələr gələ bilər. Anadoluda da şiələr çoxdur. Onları qızışdırarlar, onları sakitləşdirmək böyük çətinlik törədər.

- Bəlkə onlar şiələrdi? Sünni-adı ilə gəlir? Buna, nə deyirsən?

- Mənə çatan xəbərlərə görə onlar sünnilərdi.  

- Dürüstləşdir. Yoxlanılıb sonra ölkəyə buraxılsınlar.

- Baş üstə. Məktubları hazırlayıb günü sabah sizin mübarək hüzurunuza gətirərəm.

- Əli paşa, Şah İsmayıl İraqi-əcəmi də, İraqi-ərəbi də tutub. Nəzakət xatirinə onun yanına elçilər göndərib, gözaydınlığı vermək yadınıza düşməyibmi? 

- Sultan-əzəm, belə məqamlar Sultanın mübarək fikri ilə yerinə yetirilən işlərdir, ona görə qulunuz o məqamlara qədər düşünməyə özünü qadir hesab etmir.

- Məhəmməd Çavuş Balabanı göndərərsən. Qoy hazırlaşsınlar, Şah İsmayıla məktub yazmalıyam. Mənə de görüm, Şeybani xandan elçilər gəlib çıxmayıb?

- Bu günlərdə Krımdan, Kafadan çıxmalıdılar. İndi yolda olarlar.

- Onları böyük şərafətlə qarşılamaq lazımdır.

Əli paşa Bayazidin fikrini başa düşdü. Demək, Şah İsmayılın başı altına yastıq qoymaq lazımdır. Bir zaman ayılıb görsün ki, iş işdən keçib...



*  Sentyabr-oktyabr 1503-cü il. 

* Fateh II Məhəmmədin oğlu Sultan Cem 1489-cu ildən 1495-ci ilə qədər Avropada əsarətdə olmuşdu.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info