Qonaq Kitabı
5

5

Yol kənarında qoca bir çinar ağacı vardı. Kötüyünə örkən dolanmazdı. Bir nəhəng budağı qurumuşdu və həmin budaqda bir hacıleylək yuvası vardı. Amma qəribə burası idi ki, oraya bir yox, on-on beş hacıleylək qonmuşdu və bir hacıleylək onların qabağında uçur, sanki yalvarır, üzr istəyirdi. Ona əhəmiyyət vermirdilər. Hacıleylək uçub yerə qonur, yenə də dayanmır, uçub onların yanına gəlirdi. Başqa budaqlara qonmuş bu hacıleyləklər dimdiklərini şaqqıldadıb, elə bil nəsə doğrayırdılar, kiməsə söyür, kimisə töhmətləyirdilər.

At belində dayanıb bu mənzərəyə baxan Qaçaq Murad məəttəl qalmışdı. Ömründə hələ belə şey görməmişdi. Çinarın altında palçıq suvaqlı, əyri-üyrü bir dam vardı. Burada yemək, gecələmək olardı. Quşların hərəkətindən heç nə başa düşməyən Murad atın cilovunu çinar ağacının yanına çalınmış tovlamıxın halqasına bağladı. Özü içəri girdi. Başında araqçın olan qırx beş-əlli yaşlarında balacaboy, çevik gözlü kişidən soruşdu:

- Bu hacıleyləklər niyə belə eləyirlər?

- Hə. Olan işdi.

- Nə olan işdi? Mən belə şey görməmişəm.

- Belə şeyi burda görərsən, ayrı yerdə yox. Əşi, o boyda quş ikicə yumurtanın üstündə kürt yatır. Fikirləşdim ki, niyə havayı yerə qarnının tükünü töksün? Uşağa dedim apar o yumurtaların yerinə toyuq yumurtası qoy, beş cücəmiz də çox olsun.

Murad onun üzünə yox, dönüb yerə tüpürdü, elə onun üzünə tüpürmək kimi bir şey idi. Dayana bilməyib çıxdı, quşlara baxmağa başladı. Ana hacıleyləyin tükünü didirdilər. O isə qaçmırdı. O qədər dimdiklədilər ki, axırda meyiti budaqların arasından keçib ağacdan asılıb qaldı. Hacıleyləklər yuvadakı cücələri də öldürüb aşağı tulladılar və uçub getdilər O, geri dönəndə bir tanış sifət gördü. Harda görub? Kimdi, nəçidi? O adam da dayandı, baxdı, baxdı, ağız-gözü əyildi, dili batdı.

- Ədə, sənə nə oldu?

Kişinin ağzından köpük daşdanmağa başladı. Qaçaq Murad kişinin papağını götürüb başının altına qoydu.

- Kim var burda?

Dükanın sahibi gəldi.

- Nə olub?

- Ürəyi gedib bu kişinin. Üzünə bir az su vurun.

Su gətirib üzünə səpdilər. Dükan sahibi dedi:

-  Bizim kəndlidi. Şah İsmayılın müridlərinnən idi.

İmam yolunda çox vuruşub, Şamaxıda yaralanmışdı. İndi tez-tez belə tutması olur.

Qacaq Murad indi başa düşdü ki, onun ölümünü, dəfnini görüb, tanıyıb, ona görə ürəyi gedib. Əhəmiyyət vermədi. Keçib oturdu.

- Bir piti ver görüm.

- Verim də. Yaxşı, o hacıleyləyə görə az qalmışdın məni öldürəsən ha. Görmürsən, insan milçək kimi qırılır. Hacıleylək nədi ki.

Süfrəyə lavaş, göy-göyərti, içərisində “Leyli-Məcnun” təsviri olan kasa, bir dolu da pitı gətirdilər.

Murad bərk acmışdı. Çörəyi kasaya doğradı, pitinin suyu ilə isladıb, kamali-ədəblə yeməyə başladı. O, yeməyini qurtarmamış, çöldə hay-küy eşitdi. Qalxıb başını əyib qapıdan çıxanda gördü ki, ağ əmmaməli, əbalı molla həmin ağzı köpüklənən adam yanında əli belli, oraqlı, baltalı xeyli adam yığılıb. Muradı görəndə geri çəkildilər. Kişinin ağzından yenə köpük axdı. Murad özünü itirmədi.

-  Nə olub, ay camaat?

- Sənin adın Muraddı?

- Yox. Mənim adım Səməndər bəydi, özüm də Xan Məhəmməd Ustaclının atlısıyam.

Molla inamsız-inamsız dedi:

- Sən xortdamamısan?

- Sənin əzizin xortdasın.

- Axı, bu... Ağzı köpüklənəni göstərdi.

- Bu deyir kı, guya sən Şamaxıda ölmüsən, basdırıblar. İndi xortdayıb gəlmisən?

Murad güldü.

- Siz də gəlmisiniz məni öldürəsiniz, eləmi?

- Xortdayanın başını əzməsən çox ziyanlıq törədər, bəy.

Murad əlini yellədi.     

- Get o qohumunu pirə apar. Deyəsən onun başına hava gəlib.

Onlar ağzı köpüklənən kişini itqusdu götürüb apardılar.

Cəbani döyüş meydanında belinə mindiyi yabı Qaçaq Muradı kəndə, sahibinin qapısına aparmışdı. Bir neçə gündən sonra gözünü açmışdı. Onun yarasına yağ qaynadıb tökmüş, kənddə ara həkimliyi eləyən qarı isə neçə məlhəm qoymuşdu. Qarının dul qalmış qızı da vardı. Murad onlara köçmüş, gəlinə kəbin kəsdirmiş, əkin-biçinə başlamışdı. İndi isə öz ellərinə baş çəkmək, dünyadan xəbər tutmaq üçün çıxmışdı. Onun da Arazın o tayından olduğunu bilirdilər. Ona görə də katda, kəndxuda göz verib-işıq vermirdi. İstəyirdi öz yerlərində yer eləyib hamilə arvadını da, qayınanasını da götürüb aparsın.

Murad gecəni çinarın altındakı dükanda, dar bitli-sirkəli yorğan-döşəkdə keçirməli olacaqdı. Dükan sahibi, deyirdi bundan artıq yeri yoxdu.

- Başa düş, mən Xan Məhəmməd Ustaclının atlısıyam! - deyə Murad səsini ucaltdı.

Bundan sonra dükan sahibinin üzü güldü, mehribanlaşdı. Onu öz evinə apardı. Gecəyarısı kişi təzə qonaq da gətirdi. Pəncərənin yanında yanan gil çırağın işığında yer saldı, bir nəfər ucaboy adam soyunub uzandı.

Qaçaq Murad səhər tezdən qalxdı, gecə gələn qonaq da oyanmışdı. Ona baxır, təəccüb eləyirdi. Birdən dilləndi.

- Murad!

Murad səsə döndü.      

- Sən Murad deyilsən?

Murad onu tanıdı. Bu Dədə bəyin oğlu Mustafa idi.  

- Deyim Muradam, necə deyim. Deyim Murad deyiləm, necə deyim?

Mustafa qalxıb geyindi. Əlləri əsirdi. Onun da canına üsütmə gəlmişdi.

- Yaxşı, məni bir hali elə görək bu nə yuxudu.

- Yuxu deyil. Adamı başının üstündəki saxlayan kişi öldürməsin. - Sonra Murad başına gələnləri ona danışdı. Cəbani döyüşündən qabaq Murad Əbih Sultanı gətirib təhvil verəndə ona Mustafa baxırdı. Xeyli də söhbət eləmişdilər. Birlikdə çıxıb yuyundular, çörək yeyib yola çıxdılar.

- Nə yaxşı, nə yaxşı. Sənin xəbərin var ki, ha, dədəm sənə ehsan verir?  

- Nəyə görə?

- Axı səni tanımayıb, nizə ilə vurmuşdu. Heç yadından çıxmır. Ay heyfsilənir, ha. 

- Mənim heç xəbərim olmadı. Yadımda da qalmayıb. İndi Dədə bəy necədi?

- Dədə bəy qorçubaşıdı.

- Hardan belə, hara belə?

- Ərdəbildən gəlib Təbrizə gedirəm. Səni də özümnən aparacağam. Xəbərin var? Şah İsmayılın toyudu. Toya tələsirəm.

- Allaha çox şükür, Mustafa bəy. Nə xoş xəbər oldu bu. Amma mən gərək elimizə gedəm.

- Yox, buraxmaram, başım üçün. Yoxsa dədəmin əlindən qurtara bilmərəm, həm də   şahımızın, pirimizin, sultanımızın toyunda olmasan hara gedirsən?!

- Məni toya kim çağırıb, ay Mustafa bəy?

- Murad bəy, sənin çox böyük haqq-sayın var. Əbih Sultanı sən gətirib şahımıza vermədinmi? Gedəcəyik!

Murad görürdü ki, yenidən onun üçün gün doğur. İşıq ucu görünür. Getməlidir. Düzdür, çoxları onun xortladığını fikirləşəcək, amma qəbirdə dirilib çıxdığına görə ona bəxtəvərlik verənlər də olacaq. Kişinin haqqını Mustafa bəy çox səxavətlə ödədi, çinarın yanına gəldilər.

Mustafa bəyin atlıları burada onları gözləyirdilər...

* * *

Qara zurnanın səsi aləmi başına götürdü. Cənginin sədasını eşidəndə atlar oynağa getdi. Təbriz valisi, Təbriz qazısı, əyan-əşrəf şəhərin içərisindən keçib “Səkkizbehişt” sarayına gedirdilər. Ortada dörd nəfər qırmızı çalmalı mürid böyük bir xalçanı çiyinlərinə alıb aparırdı. Bu, görünməmiş bir mərasim idi.

İldə Təbrizdə yüzlərlə, minlərlə xalı, xalça, vərni, palaz, kilim toxunurdu. Amma bu xalçanın tayı-bərabəri nə olmuşdu, nə də olacaqdı. Şah İsmayılın toy gününə ərməğan üçün Təbrizin ən məşhur xalı ustaları toxumuşdular. Hana qurulanda da, xalça tamam olanda da Təbriz qazısı gəlib dua oxumuş, xeyir-dua vermişdi. Şah İsmayılın özü də tərifini eşidəndən sonra onu toxuyanlara ənam paylamışdı. İndi xalça hazır idi və onu saraya aparırdılar. Bütün küçələr bəzənmiş, hər qapıda xonçalar qoyulmuşdu. Təbriz hələ belə bayram görməmişdi. Bütün evlərdə böyükdən-kiçiyə hamı əlinə-ayağına xına qoymuşdu. Həmin günlər hər yerə xına satan İrana, Təbriz bazarlarına qonşu ölkələrdən onlarca dəvə karvanı xına gətirirdi. Zərgərlərin baş qaşımağa vaxtları yoxdu. Qız-gəlin bəzək-düzək almağa tökülmüşdü.

Xalçanın karxanadan çıxması ilə Şah İsmayılnan Taclıbəyimin toyu başlanmışdı. Küçələrdə çalanlar, oynayıb oxuyanlar bir-birinə qarışmışdı. Arxlar kənarında, ağaclar altında süfrələr açılmışdı.

Xalçanı gətirib “Səkkiz behişt” sarayının qabağına çıxartdılar. Buraya minlərlə adam yığılmışdı. Dəstə dayandı. Xalçanı açıb əvvəlcədən düzəldilən yerdən asdılar. Adamlar arasında heyrət nidaları eşidildi. Doğrudan da o görünməmiş bir sənət əsəriydi. Xalçanın yanına miz qoymuşdular. Xalça toxuyanlara xələti olanlar gətirib mizin üstünə yığacaqdılar. Bir azdan miz bu xələtlərin altında idi.

Təbriz qazısı uca bir yerə çıxıb üzünü camaata tutdu:  

- Ey əhli-Təbriz! Mürşüdümüzün, şahımızın, pənahımızın toyu mübarək olsun!

- Mübarək olsun! - nidası Ərk qalasında əks-səda verdi. İzdiham təlatümə gəldi.

- Ey əhli-Təbriz, bu gün üçün toxunan xalçanın min rəngini görürsünüz. Təbriz ustalarının qızıl barmaqlarına söz ola bilməz. Amma indiyə qədər heç birimiz belə misilsiz xalca görməmişik. Tanrının kərəminin o qızıl barmaqlara necə bir ilahi qüvvə verdiyini özünüz gözlərinizlə görürsünüz. Belə xalçanı adsız qoymaq olmaz. Ona insan kimi ad vermək lazımdır. Hökmdarımızın razılığı ilə, əmirəlüməranın, vəzirin, əmirlərin məsləhəti ılə xalçaya “Şeyx Səfi”* adını vermək istəyirik.

Yerlərdən alqış nidaları ucaldı. Xalçanın yanında ag saçlı, utancaq təbəssümlü bir kişi və yeniyetmə bır oğlan dayanmışdı. Başıçalmalı, gözəlqamətli oğlan sevindiyindən ağlayırdı.                   Hüseyn bəy Lələ Təbriz qazısının yerinə çıxıb üzünü camaata tutaraq yavaş səslə danışmağa başladı.

- Ey camaat, şahımızın, pirimizin, sultanımızın şərəfinə toxunan “Şeyx Səfi” xalçasının nəqşəsini çəkən, onu toxuyan sənətkarlar var. Burdakı ənamlar onlar üçün yığılır. Bu, camaatın ənamıdı. Şahımızın öz ənamı var. Bu naxışları çəkən cavan oğlandır. Adı Məhəmməddir. Adi bir təbrizli ailəsindəndir. Ona sultan ləqəbi verilir. Bu gündən olur. Sultan Məhəmməd Təbrizi. Hökmdarımız ona qızıl yəhər-yüyənli bir at, Təbriz altında iki kənd bağışlayır.

Mehtərlər qızıl yəhər-yüyənli atı gətirdilər. Bu, qara bir köhlən idi, yəhər-yüyəni qara rəng üstündə qəribə bir işıqla parlayırdı.

Yeniyetmə Sultan Məhəmməd hönkürə-hönkürə ata mindi, sürüb dövrə vurdu. Onun göz yaşları qurumur, hönkürtüsü kəsmirdi. Bu sevinc yaşları cavan nəqqaşı adamların gözündə xeyli ucaltmışdı.

Hüseyn bəy Lələ dedi:

- Ey camaat, xalçanın ilmələr, ərişi, arğacı, hanası, rəngləri ilə məşğul olan Səfər Təbrizidir. Ona bəy ləqəbi verilir və bir kənd bağışlanır. Bundan başqa, hökmdarımız həmçinin ona bir gümüş yəhərli-yüyənli at bağışlayıb. Ağsaçlı, yaşlı, utancaq kişi ata minib dövrə vurdu və sürüb Sultan Məhəmmədin dalınca getdi.

Tək Təbrizdə yox, ölkənin bütün şəhər və kəndlərində bayram idi. Camaatdan muştuluq vergisi yığılır, hamı həmin vergini həvəslə gətirirdi. Sarayda isə şahın əyan-əşrəfi toplanmışdı. Mərmər hovuzun ətrafındakı çəmənliklərə xalılar döşənmişdi. Musiqiçilər çalır, müğənnilər oxuyurdu. Qarabağ tərəfdən gələn xanəndə “Segah” muğamı başlamışdı. Bu muğam fars muğamlarından xeyli fərqlənirdi. O, əsl Azərbaycan muğamı idi. Əbdülqədir Marağinin yaratdığı bu muğam da “Şeyx Səfi” xalçasına oxşar bir əsər idi və hamının qəlbini oxşayırdı. Xanəndəni aşıqlar əvəz etdı. Cavan bir aşıq sazını götürüb şahın oturduğu məclis qarşısında var-gələ başladı:

Qurbani der, könlüm bundan sayrıdı,

Hə etmişəm, yarım məndən ayrıdı?

Ayrılıqmı çəkib, boynu əyridi?

Heç yerdə görmədim düz bənövşəni.

Bu misralar Şah İsmayılın çox xoşuna gəldı və aşığı yanına çağırtdırıb kürsüdə oturtdu.

- Aşıq, gözəl qoşmadır. Ürəkdən yazmısan. De görüm hansı eldənsən?

- Arazqıraqlıyam. Xudafərin körpüsu tərəfdən. – Bu sözləri deyəndə ayağa qalxıb, sazı da qoltuğunda baş əydi.

- Bəs nə yaxşı bu tərəflərə üz tutmusan? Nə vaxt gəlmisən?

- İki gündür, şahim. Belə bir toy-büsatın sorağını eşidən aşıq dayanıb-dura bilərdimi?

Şah İsmayıl ona sınayıcı bir nəzər salıb dedı:

- Bizim ömrümüz təkcə toydan-düyündən ibarət deyil.

- Bilirəm. Vətən üçün mənim sazım da, canım da qurbandır! Ləqəbimi də elə buna görə götürmüşəm - Qurbani.

Bu cavan, iyirmi bir-iyirmi iki yaşlı, ucaboy, iri, Məcnungözlü aşığın sözləri Şah İsmayılın ürəyinə sərin bulaq suyu kimi yayıldı.  

- Hüseyn bəy, aşıq Qurbaniyə ev, məvacib, at. Özünü də, sarayda aşıqlar aşığı təyin edirəm.

- Baş üstə!

Qurbani yenə qalxıb baş əydi, minnətdarlığını bildirdi.

- Qurbani, sən haqq aşığısan. Xudam səni xəlq eləyib. Ürəyinin istəyinə qulaq as. Bu gündən aşıqlar aşığısan. İndi çıx meydana, hünərini göstər.

Qurbani quş kimi özünü meydana yetirib sazı sinəsinə basdı. “Dübeyti” üstündə çalmağa başladı. Bütün məclis lal kəsilib, saza, simlərdən qopan naləyə, dərdə, ələmə qovuşan aşığa diqqət kəsildi. Bu elə bir çalğı, elə bir yanğı idi kı, şahdan tutmuş nökərlərə qədər hamını ovsunlamışdı. Hərənin öz dərdi, öz müqəddəs kədəri yadına düşmüşdü.

 

Şahım, sənə ərz eləyim ürəkdən,

Yarım məni biyabana salıbdı...

 

Şah İsmayılın gözləri qarşısında qarapaltarlı anasının gözəl, kədərli sifəti canlandı, qalanın daş divarları, kədər dumanı arxasından boylanan Sultanəlinin sifəti dayandı. Qəhər onun boğazında düyünləndi. Dindirən olsa, hönkür-hönkür ağlayardı. Hüseyn bəy onu heç vaxt belə görməmişdi. Toy günü o kövrəlmişdi. Əmirlərin bir neçəsi onun gözünün nəmləndiyini görürdü. Əslində Qurbaninin Savalan dağının zirvəsi kimi zil zənguləsi, bu zəngulədəki haray, insan kədəri heç kimə yad deyildi. Çoxları qəhərlənmişdi. Şah İsmayılın fikri dəyişdi, kədər məğrurluqla əvəz olundu. Bu məğrur hisslər içərisində o yenilməzliyini hiss edirdi, amma qəhər keçib getmirdi. Onu qəhərləndirən indi də tamam başqa bir hiss idi. Öz xalqının hakimiyyəti, öz xalqının dili, öz xalqının sənəti... Hər şey qovuşurdu, birləşirdi, Qurbaninin sazından qopan ahəng kimi cəm olurdu. Bu birliyi qəhərsiz, ürəyə axan sevinc yaşları olmadan təsəvvür etmək mümkün deyildi.

Bu yanğı, bu qüdrət birdən-birə susdu. Məclis özünə gəlməmiş, Qurbani “Sarıtel”ə keçdi. Üzünü Şah İsmayıla tutdu: 

- Ey böyük şahim, mürşidi-kamilim, rüsxət versəniz, bu el bayramında, el toyunda gözəl şairimiz - şahımızın bir şeirini oxuyaram...

Xətai əli ilə işarə verdi. Bu, razılıq əlaməti idi.

 

Qaibdən dəlil göründün.

Dədəm, xoş gəldin, xoş gəldin!

Bizi sevib sevindirdin,

Dədəm, xoş gəldin, xoş gəldin.

 

Toya qəribə bir şuxluq gəldi. Qurbaninin də gücü onda idi ki, kədərdən şadlığa, yanğıdan sərinliyə, zirvədən düzə enməyi bacarırdı.

 

İki can idik, birləşdik,

Məhəbbət qapısın aşdıq,

Şükür, didara irişdik,

Dədəm, xoş gəldin, xoş gəldin!

 

Sarayın eyvanının bir tərəfində sənətkarlar əyləşmişdi. Bunların arasında nəqqaş Sultan Məhəmməd, şair Həbibi vardı. Onlar şirin söhbət edirdilər. Həbibi böyük sənət uğuruna görə Sultan Məhəmmədi təbrik eləmişdi. İndi Qurbaniyə qulaq asanda ikisi də qəhərlənmiş, sevincdən məst olmuşdular.           

Həbibi ürəyində deyirdi: “Şah İsmayıl gəlməliydi. Zaman onu yetirməliydi. Bunun başqa yolu ola bilməzdi. O gəlib, indi bizim sənətin də gözəl günləri başlayır. Nə qəribədir ki, bu sənətkarlar da elə Xətai yaşdadırlar” .

Qurbani oxuyurdu:

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info