Qonaq Kitabı
CAVAB

 

ƏHMƏD  BƏY  AĞAYEV  CƏNABLARINA

 

(Müştəri  məsələsi)

 

Cənab Əhməd bəy! Möhtərəm “İrşad” kaspisində “Həyat”ın bağlanmağından söhbət açıb, müsəlmanlardan giley edirsən ki, qəzet oxumağa meyl etmirlər. Yazırsan ki, mədəni millətlərin hədsiz qəzetləri və məcmuələri var və hər bir qəze-tin hədsiz və hasabsız müştərisi var. Yazırsan ki, bütün İran aləmində bir dənə gündəlik ruznamə yoxdur və Qafqaz müsəlmanları iki dənə qəzeti saxlaya bilmirlər və bunların hamısından sonra yazırsan ki, bu əhvala səbəb, əvvəla, mollalardır və saniyən “Molla Nəsrəddin”.

Mən öz təərəfimdən və əgər mollalar da istəyirlərsə, onların da tərəfindən və mollalardan savayı, hətta, hacı, məşədi, xan, bəy – ta nə başın ağrıdım, – cəmi müsəlmanların tərəfindən lazım gördüm sənə cavab verim.

Deyirsən ki, müsəlmanlar qəzet oxumağı özgə millətlər kimi xoşlamırlar. Qardaş, müsəlmanlar başlarına nə daş salsınlar? Siz qəzetdə nə yazırsınız ki, müsəlmanlar oxuyub xoşlansınlar? Bax, elə bu saat “İrşad”ın köhnə nüsxələrinin birini əlimə alıb, diqqətlə mütaliə edirəm. Görək nə yazılıb? Bəli, nömrə filan. Sonra abunə olmaq şərtləri, filan (əlbəttə, pul söhbətidir, bunu hamıdan başda yazacaqsan). Sonra iri xətlə yazırsan: “İrşad”. Hürriyyət, müsavat, ədalət”.

Hələ hürriyyət və ədalət qalsın, bu barədə danışmayaq; çünki indiki zəmanədə eybdir belə sözləri danışmaq. Müsavatdan bir qədər söhbət eləyək.

Hələ “müsavat” nədir? Yəni sənin sözündən bu çıxır ki, bir kəndli ilə bir xan qabaq-qabağa gələndə kəndli xana baş yendirsə, xan da kəndliyə yendirsin? Sənin sözündən bu çıxır ki, bir gün rəiyyət ağanın ayağına duranda, o biri gün də ağa rəiyyətin ayağına dursun?

Di cavab ver!

Əgər desən “hə”, onda mən gərək elə başa düşəm ki, zarafat eləyirsən. Əgər desən “yox”, onda ta nə “müsavat” bazlıqdır?

Əhməd bəy, vallah, zarafat eləyirsən!

Heç bir mənə de görüm, bircə dəfə ömründə görübsənmi ki, bir kəndli dalında bal küpəsi, bir əlində bir dəstmal yumurta, o biri əlində beş-altı toyuq-cücə qan-tərin içində, cırıq-mırıq paltarda, piyada, ayaqyalın gələ mülkədarın qapısına, balı və yumurtanı qoya xanımın qabağına, toyuqları verə nökərə və bir dənə qırmızı xoruz tuta balaca ağanın qucağına və bu heyndə xan çıxa balkona və kəndli xanı görcək ikiqat əyilib salam verə...

Mən ölüm, Əhməd bəy, lotu-lotuyana mənə de görüm, heç görübsən və eşidib-sənmi ki, xan kəndlinin salamının cavabında ona deyə: əleykəssəlam?

Mən bu cür işləri çox görmüşəm. Mən görmüşəm ki, bal, yumurta, xoruz – bunlar öz qaydası ilə, amma həmişə kəndli salam verəndə, xanlar və ağalar deyiblər: “cəhənnəm ol!”

Bu belə.

Sonra keçək qəzetin məzmununa.

Başdan bir neçə elandır (əlbəttə, pul olan yerdə elan da başa keçər; hələ bəlkə ilan da başa keçər).

Elanların biri, məsəla, budur: Peterburq ünas tibb darülfünunundan ikmali-təhsil etmiş təbibə Əminə xanım Bahadırşahzadə naxoşları qəbul edir: filan, filan...

Belə şeyləri qəzetdə yazmağın bəs deyil, hələ deyirsən müsəlmanlar qəzet oxumurlar. Çox əcəb! Elə bircə bu qalmışdı ki, övrətlər gedib, həkimlik dərsi oxuyub, naxoşlara müalicə etsinlər!

Bir yandan deyirsən “Əminə xanım”, bir yandan da “darülfünün”. Vallah, başa düşmürəm. Müsəlman arvadının adı çəkiləndə həmişə mənim yadıma saqqız çeynəmək düşür.

Qərəz. Hələ keçək o üzə.

Teleqraf xəbərləri: Paltava. Kəndlilər müttəfiq olub, Vasilyev adlı mülkədarın imarətinə od vurub yandırdılar.

Belə-belə yalan xəbərləri yaza-yaza, hələ müsəlmanlardan da giley edirsən ki, qəzet oxumurlar. Belə sözlərə necə inanmaq olar? Bizim rəiyyəti inandırmaqmı olar ki, bu xəbər doğrudur? Barı yazırsınız, elə bir xəbər yazınız ki, ağla sığışsın. Əgər yazsanız ki, mülkədarlar müttəfiq olub, kəndlilərin evlərini dağıtdılar – o vaxt, bəli, mən də inanaram, bizim kəndlilər də inanarlar. Çünki belə işlər bizim vilayətlərdə hər gün ittifaq düşür.

Keçək xarici xəbərlərə.

Şimali Amerikanın müttəfiq məmləkətlərinin cümhur rəisi... filan, filan...

Sən allah, insaf elə, Əhməd bəy: biz hara, Amerika hara? Və bizə nə dəxli var cümhur rəisi nə elədi ya nə eləmədi?

Bunlar qurtarandan sonra axırda yenə elanları düzübsən bir-birinin yanına. Məsəla, elanların biri bu məzmundadır:

 

E l a n

 

(Məmaliki-osmaniyyə üçün)

 

Təbrizdə satılır ucuz qiymətə xəfiyyələr (yəni hökumət şpionları). Xahiş edən-lər Təbrizdə Nasir Nizam idarəsinə müraciət buyursunlar.

Ax, ax! Yazığım gününüzə, ay müsəlmanlar! Belə-belə yalanları qəzetlərdə yazıb, hələ sizdən giley edirlər ki, qəzet oxumursunuz.

Elanların biri də budur:

 

E l a n

 

Gəncədə filan küçədə müsəlman içində əvvəlinci şərabçı dükanı.

 

Ax, ax, ay  müsəlmanlar!

Can cilvələnir qaməti-mozunu[i] görəndə,

Dil tazələnir arizi-dilcunu[ii] görəndə.

Zənciri-cünuna[iii] birə-yüz rəğmətim artar –

Dərviş Ağabaladəki əfsunu-görəndə.

Pərpiç oluram hər dəm oda düşmüş ilan tək

Ol arizi-murdardə geysunu[iv] görəndə.

Gəlmişdim edəm sürməli çeşmində müdara,

Ağzım sulanır qarpız-qovunu görəndə.

Xunxarlığı[v] eyb deyil nərgisi-məstin,

Hər kim ola qaynar qanı meymunu görəndə.

Ey əhli-hünər, cəm deyil şair həvası,

Eyb eyləmə, şeirindəki məzmunu görəndə.

 

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  22 sentyabr,  1906,  N 25.



[i] Gözəl qamət.

[ii] Ürək ovlayan sifət.

[iii] Dəlilik zənciri.

[iv] Saç.

[v] Qaniçicilik.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info