Qonaq Kitabı
3

3

Dünyaya təzə gəlmiş Səfəvi dövlətinin gələcəyini fikirləşən əmirlər, bəylər gənc şahı evləndirmək üçün çox götür-qoy edirdilər. Nə qədər tez evləndirsələr, bir o qədər də tez vəliəhd dünyaya gələr və bu qədər müharibələr içərisində, birdən Şah İsmayıla bir bədbəxtlik üz versə, onda onu əvəz etməyə hökmdar da olar.

Hökmdarın evlənməyi də müzakirəyə qoyulub hamının razılığı ilə olmalı idi. Söz yox ki, onu tək Taclıbəyimlə evləndirmək fikrində deyildilər. Ümumiyyətlə əmirəlüməra Hüseyn bəy Lələ, vəzir Zəkəriyyə Keçəçi Təbrizi, Dədə bəy, Xan Məhəmməd Ustaclı, Qara Piri bəy Qacar və başqaları belə hesab edirdilər ki, şahın dayısı qızı ilə evlənməsi məqsədəuyğun deyil. Bu izdivacdan əmələ gələcək vəliəhdlər Ağqoyunluların, Murad Mirzənin və Əlvəndin tərəfini saxlaya bilər, bu isə gələcəkdə ölkədə çoxlu nahaq qanların tökülməsinə bais olar.

Şah İsmayıl isə bir könüldən min könülə Taclıbəyimə vurulmuşdu. Gecə-gündüz onun vəsfinə şeirlər, qəzəllər yazırdı. Taclıbəyim sarayda kənizləri ilə yaşayırdı və istədiyi vaxt şahanə bir görkəmlə şahın hüzuruna gəlir, nazik tül arxasında əyləşib öz yaşıdı dayısı oğlunun söhbətlərinə qulaq asırdı. Onların arasında böyük bir məhəbbət yaranmışdı. Amma heç biri bu məhəbbəti biri-birinə izhar etməmişdi. Onsuz da hər şey aydın idi. Divanın məsləhətini gözləyirdilər.

Hüseyn bəy Lələ bu dəfə də içəri girəndə gördü ki, Şah İsmayıl Taclıbəyimə şeir oxuyur. Qayıtmaq istədi, amma Şah onu getməyə qoymadı. Ona görə yox ki, Hüseyn bəy şeirin bilicisiydi. Onun fikrini bu izdivaca yönəltmək üçün qaytardı. Qəzəli təzədən oxumağa başladı:

 

Qönçətək ləlini xəndan etdigin, yəni ki, nə?

Lalətək bağrını pür qan etdigin, yəni ki, nə?

Qara zülfün ağ yüzün üstündə əfşan eləyib,

Könlümü qəmdən pərişan etdigin, yəni ki, nə?

Qılmaq üçün tazə hüsnün bağın, ey sərvi-rəvan,

Gözümü kuyində giryan etdigin, yəni ki, nə?

Tökmək üçün qanımı başım kəsib hər dəmbədəm,

Şahsuvarım, əzmi-meydan etdigin, yəni ki, nə?

 

Şah İsmayıl başını qaldırıb Hüseyn bəy Lələyə baxdı. Bu baxışda hər şey vardı. Taclıbəyimdən ötrü o hər şeyə hazır idi və bunu onun alışıb yanan sifəti, gözlərinin işığı, əlində tutduğu zərvərəqin titrəyişi deyirdi.

- Çox gözəldir, şahım. Şeirinin kamilliyinə söz ola bilməz. Açığını deyim ki, bəzi hökmdarlar da şair adını daşımaq üçün divanlar yazırlar. Amma onların bütün divanları tək bu qəzələ dəyməz.

Hüseyn bəy Lələ açıq-aşkar Murad Mirzəyə işarə vururdu. Murad Mirzənin də divanları vardı. Həm də sözdən çox mənalar oxumaq olardı.

- Lələnin sözü çox xoşdur. Görək Taclıbəyim nə deyəcək?

Taclıbəyim qalxıb təzim elədi.

- Çox lətif və çox zərifdir.

- Bu zərvərəqi xəttatlara yazdırmışam ki, sənə təqdim edəm. Fikrini sonra da deyə bilərsən. Qəzəl sənindir, Taclıbəyim.

Taclıbəyimin yanaqları od tutub yandı və kağızı alan kimi təzim edib getdi. Kənizlər də onun dalınca düşdü.

Hüseyn bəy Lələni Şah İsmayıl yaxına çağırıb yer göstərdi.

Lələ! - O çox mehriban, sadə və məhrəm bir səslə danışmağa başladı. - Sən mənim yolumda çox bəlalar çəkmisən. Atamın dostu kimi həmişə onu əvəz edib məni qorumusan.

- O biriləri qorumağa gücüm çatmadı, qurban, - Hüseyn bəy günahkarcasına dilləndi.

- Bilirəm. O bir adamın işi deyildi. İndi başqa söhbət eləmək istəyirəm. Yəqin ki, məni başa düşürsən. Lələm olduğuna görə çox açıq danışa bilmirəm. Hamısını özün görürsən.

- Bəli! Hökmdar, sən daş qoyduğun yerə mən başımı qoyacam, bu aydın məsələdir. Ona görə mənim fikirlərimi də eşitməyi rica edirəm. Mənim borcum səni və səltənətimi qorumaqdır. Taclıbəyim dayın qızıdı, o dayının ki, atanın ölümündə Fərrux Yasara kömək eləyib. Sultanəlinin İbrahimin ölümü onların əli ilə olub. Bundan sonra, oğlu Murad, siz dediyiniz kimi namurad, taxtı almaq meylindən əl çəkməyib. Taclıbəyim onun bacısıdır. Məni düzgün başa düşün, hökmdar. Mən sənin həyatın, xoşbəxtliyin və taxt-tacın üçün başımla cavabdehəm. Amma hamıdan, səndən, lap allahdan da çox, Şeyx Heydərin qarşısında cavabdehəm. Hər şeyi ölçüb-biçməsəm, heç nə deyə bilmərəm.

Bu, işin bir tərəfi. İkinci tərəfdən onu deyim ki, Murad, osmanlıların yanına qaçıb və Uğurlu Məhəmməd kimi onun da gözü burdadır. Onun bacısı ilə evlənəndən sonra ümidi artar. Bəlkə də bacısı vasitəsilə bir iş də görə bilər. Bunlar hamısı ehtimallardır. Hələlik heç kimi günahlandıra bilmərəm.

Hüseyn bəy Lələ Şah İsmayılın gözlərində qəribə bir narazılıq gördü. Səbəbini də başa düşdü. Tez də cavabını verdi.

- Hökmdar, qurban, bu yaşdakı məhəbbətin nə demək olduğunu gözəl bilirəm. Qəlbin narahatlığı, ürəkdəki sevinc… Bunlar hamısı gözəldir. Bu istəkdən səni heç kim ayıra bilməz... Amma hökmdar olmaq da çox çətin məsələdir. Onun hər addımı, hər hərəkəti ölkənin mənafeyi ilə ölçülməlidir. Narazılıq doğurmamalıdır. Bu hakimiyyətın qurulmasında yaxından iştirak edib, özlərini, var-dövlətlərini, adamlarını fəda edən əmirlər var. Taclıbəyimlə toyunuz onların çoxuna toxuna bilər. Çünki onların düşmən kimi vuruşduğu SultanYaqubun qızı ilə evlənməyiniz hər halda üzdə də olmasa onların ürəyində narazılıq toxumunu cücərdər. Bunun üçün belə bir təklif eləyirəm: peyğəmbərimizin şəriəti ilə Taclıbəyimlə bərabər, əmirlərdən birinin qızı ilə də evlənmək lazım gələcək.

Şah İsmayıl üçün bu təklif gözlənilməz oldu.

- Mən təkcə Taclıbəyimi sevirəm.

- Qurban, burada məhəbbətə çatmaq üçün də güzəştə getmək lazım gəlir.

- Axı atamın anamdan başqa zövcəsi olmayıb.

- Atan şeyx idi, sən şahsan. Şah olmağın axı şərtləri çoxdur. Hərəmxanada heç olmasa dörd xatun olmalıdır. Onların ikisindən övlad olmasa da, ikisindən olacaq. Həm də hardan biləsən ki, doğulan övladların hamısı taxt-taca layiq olacaq. Sonra bir əsas məsələni də yaddan çıxarmaq olmaz. O da qonşudakı ən güclü hökmdarların heç olmasa biri ilə qohum olmaqdır.

Şah İsmayıl, Hüseyn bəy Lələnin fikirlərinin dürüstlüyünə, uzaqgörənliyinə heyrət etməyə başladı. Axı o heç bir hökmdarın sarayında olmamış, belə məsələləri təcrübəli adamlardan soruşub öyrənməmişdi. Özü düşünürdü. Demək əsl əmirəlüməradır. Atası nahaq yerə onu özünə siğə qardaş seçməyib. Onun dediklərini bir daha götür-qoy elədi. Əmirlərdən birinin qızı ilə evlənmək deyəndə kimi nəzərdə tutur. Bəlkə özünü? Onun qızı varmı? Şah İsmayıl onun ailəsi barəsində axı heç nə bilmirdi. Soruşub öyrənməmişdi. Ani fikirdən sonra soruşdu:

- Lələ, axı mən bir məsələni bilmirəm. Sənin ailən, uşaqların?..

Hüseyn bəyin sir-sifətini kədər bürüdu və o, kədər içərisində gülümsəyə-gülümsəyə dedi:

Əbih Sultan Ərdəbildə mənim də ailəmi, uşaqlarımı tapıb qılıncdan keçirib. Ondan sonra ailə barəsində fikirləşməyə vaxt tapa bilmişəm ki?

“Allah bu necə müqəddəs adamdır! Demək Ərdəbildə tək mənim qayğıma qalıb. Öz balaları da yadına düşməyib. Həm də əmirlərdən birinin qızını deyəndə özünü nəzərdə tutmur.”

- Lələ, hansı hökmdarı deyirsiniz?

- İndi bizim iki böyük qonşumuz var. Osmanlı türk sultanı, bir də gündoğan türk xaqanlığı. Onların hər ikisi də bizə düşməndir. Şeybani xan Teymur nəsli Baburu Səmərqənddən qovandan sonra qan-qan deyir. Onunla qohum olmaq qeyri-mümkündür. Amma Sultan Bayazid özünü sakit aparır.

- Onların sakitliyini bilirik. Saman altdan su yeridəndirlər İlanı Seyid Əhməd əli ilə tutmağı xoşlayırlar. Gödək Əhməd əhvalatı kimi. İndi də o siyasəti yeridəcəklər. Mən tam razıyam əmirəlüməranın fikriylə. Onun məsləhətləri ağıllı və məntiqlidir. Şirvanşah Sultan Mahmuddan nə xəbər var?

- Ona qoşun verib göndərəndən hələlik bir şey yoxdur. Gülüstan qalasını mühasirədə saxlayır.

- Şahim. Taclıbəyimlə toya hazırlığa başlamaq olarmı?

- Sən ki, bu izdivacın əleyhinəsən.

- Şahımız o birisi fikirlə razılaşıb. Ona görə də toy hazırlığına başlayaq.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info