Qonaq Kitabı
Min il yazasan da bu müsəlman başa gəlməz

Min il yazasan da bu müsəlman başa gəlməz,

Nadandı ki, nadandı ki, nadan, başa gəlməz.

 

İldən-ilə, gündən-günə məğşuşlaşır işlər,

Təğyir tapır, başqalaşır rahü rövüşlər,

Hər yana baxırsan qıcanıbdır bizə dişlər,

Axırda bizi məhv edəcəkdir bu yerişlər,

Millət olacaq qəflətə qurban, başa gəlməz.

 

Gəzdim Bakı, Daşkəndi, Orinburqu, Samarı,

Həm Volqaboyun başaşağı, başı yuxarı,

Gördüm həmi Həştərxanı, həm başqa diyarı.

Hər yerdə müsəlman qoyub üz nikbətə sarı,

Bu dərdə çətindir ola dərman, başa gəlməz.

 

Bəhri-Xəzərin dörd tərəfı yekcə müsəlman,

Əxlaqı pozuq, tərbiyəsiz, bisərü saman,

Gördükdə bu övzai düşür vəhşətə insan,

Vallahi, bu əhvala gərək ağlayasan qan,

Bihəddidi zillət, belə hüsran başa gəlməz.

 

Gördüm təkəni, türkmanı, taciki, tatarı,

Qırğızlar, əvət, ləngə salıbdır bu qatarı,

Özbəklər ilə sartları yad eyləmə barı,

Pis vəzidə, pis gündə gedib gördüm oları,

Onlar gəlib olmaz dəxi insan, başa gəlməz.

 

Mən bu səfərimdə hər üzün təcrübə etdim,

Gördüm hər işi, əslinə, həm fərinə yetdim,

Şad olmadım əsla, nə qədər ölkəyə getdim,

Xoşhal gedib hər yerə, bədhal qayıtdım,

Bildim ki, bu cür eyb, bu nöqsan başa gəlməz.

 

Hər yana baxırsan hamısı zirü zəbərdir,

İran da, Buxara da bütün xak-bəsərdir,

Osmanlı bulardan dəxi min kərrə betərdir,

Hər yerdə müsəlman deyilən qanlı-cigərdir,

Bu qövmidə yoxdur sərü saman, başa gəlməz.

 

Mən görmədim əsla oları məktəbə rağib,

Ya mərifətə, elm və ya sənətə talib.

Bu məsələ məxsusən olur diqqəti-calib.

Var yazmalı gərçi daha çox başqa mətalib,

Lakin nə səmər, min kərə yazsan, başa gəlməz.

 

Bir parələri oğrudu, quldurdu tamamı,

Bir parələri də itirib qürbü məqamı,

Bir parəsi bilmərrə atıb nəngilə namı,

Öyrən bu sözü, saxla yadında bu kəlamı;

Dünya dağılıb, qopsa da tufan, başa gəlməz.

 

Hər yerdə soyur, soymalayır xalqı hər alim,

Hər yerdə hökumət eləyir cəbrü məzalim,

Hər yana gedirsən görünür başqa əvalim,

Bir kimsədə yoxdur əbəda məsləki salim,

Bidad eləyib tökməyəsən qan, başa gəlməz.

 

Biclər bürünür intiligent cildinə fahiş,

Qırxır kasıbı, şüğl eləyir fiskü fəvahiş.

Biçarə əvam eyləyir onlara nəvaziş,

Hər kimsədə var ortalığa düşməyə xahiş,

Bu işlər olur heyrətə şayan, başa gəlməz.

 

Mən yaxşı gəzib, yaxşı düşündüm hamı halı,

Bilmərra dəxi boşlamışam bəzi xəyalı,

Bu millətin axır yetişib hiyni-zəvalı,

İslahı onun fərz eləməklikdi məhalı,

Öldürmə özün, boşla, ay oğlan, başa gəlməz.

 

“Molla Nəsrəddin”,

23 sentyabr 1917, â„– 17

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info