Qonaq Kitabı
Gücsüz edir ümumən hər güclüdən gilayə

Gücsüz edir ümumən hər güclüdən gilayə,

Heç vaxt olmamışdı bu narazılıq bu payə.

 

Məlum, güclü kəslər xalqın qanın içirlər,

Hər işdə, fürsət oldu, insafdan keçirlər.

Bu binəva rəiyyət, hər cür kəsib-biçirlər,

Məcbur olurlar axır hər yerdə xan seçirlər,

Onlar özün hər işdə çünki soxur arayə.

 

Ərzaq komitəsində bir şəxs edir sədarət,

Bais odur ki, orda hər gün qopur qiyamət,

Üç ayda yeddi yüz pud qənd eləyiblər sirqət,

Bir kəsdə yoxdur əsla dillənməyə cəsarət,

Heyran qalıbdır aləm yeksər bu macərayə.

 

Bu işləri görən yox, kordur tamam gözlər,

Əntiqə bir vücuduq dünya üzündə bizlər,

Meydanda əyrilərdir, çıxmış kənara düzlər.

Cürətlənib deyən yox, çoxdursa gərçi sözlər,

Bir beş nəfər tapılmır versin səda sədayə.

 

Mən bilmirəm ki, bais kimdir bi qilü qalə,

Kimdir edir ümurı naəhlinə həvalə,

Zalimlərə bu əmri kim eyləyib qəbalə?

Aya tapılmayırmı, bir şəxs laməhalə,

İzhari-mətləb etsin bir mətləb-aşinayə.

 

Yoxsa, bu vəzilən çox müşküldü gün keçirmək,

Lazımdı himmət etmək, ziddiyyəti götürmək,

Hürriyyətin, çalışmaq, hər hökmünü yetirmək,

Hər əmri layiqincə əncamına yetirmək,

Ta qoymamaq xana, bəyə, gədayə.

 

Aldanmayın bir növi, insaf edin, cəmaət,

Huşyar olun, amandır, bəsdir bu qədər qəflət.

Bir kəs ki irticaya qırx il edibdi xidmət,

Aya, olurmu onda hürriyyətə sədaqət?

Etdikləri məzalim, yoxsa deyil kifayət?

 

Hər kəs açırsa ağzın, qövlü qərəzdi yeksər,

Bir mətləb üstə hər ay bəhsi-ləcacət eylər,

Hər bir yetən qoyar boş əngini, nitq söylər,

Axır qalar yarımçıq hər məsələ, hər işlər.

Biganələr olar cəm bu dadə, bu harayə.

 

Dünya olubdu yanğın, bir qətrə su tapılmır,

Un yox, qəhətdi buğda, xalis çörək tapılmır,

Kimdir desin soyulmur, kimdir desin çapılmır,

Kimdir desin söyülmür, kimdir desin qapılmır?

Məzlum olursa aclar, çox xoşdur əğniyayə.

 

Naəhlinə hər işlər çünki olub mühəvvəl,

İş başına keçibdir, hər yerdə kəcröv işlər,

Tovlid edir ədavət, hər anda bu gedişlər,

Her yerdə qanmayan var, kəndin araya peşlər,

Cahildi çün əhali, vermiş qəza rizayə.

 

İndi keçibdır onlar, lazımdı diqqət etmək,

Ziddiyyəti buraxmaq, haqqın dalınca getmək,

Bu seçki işlərində düz məsləki yeritmək,

Candan yanan adamlar iş başına keçirmək,

Bir növ sədd çəkmək bu nagəhan bəlayə.

 

Düşmənlər eyləyir bu işlərdən istifadə,

Səy eyləyirlər olsun fitnə-fəsad aradə,

Şərh eyləmək gərəkməz bu mətləbi ziyadə,

Mən olmuşam bu günlər qail bu etiqadə,

Hər yerdə var müfəttin çatsın gərək cəzayə.

 

“Molla Nəsrəddin”,

12 iyul 1917, â„– 16

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info