Qonaq Kitabı
Bir əsridi çıxmışdı ki, meydanə pristav

Bir əsridi çıxmışdı ki, meydanə pristav[1],

Məxluqu gətirmişdi bütün canə pristav.

 

Çıxsaydın əgər gəzməyə, kəndlərdə görərdin,

Nə zülm eləyir rəncbərə, dehqanə pristav.

 

Quldur kimi çapmış-talamış şəhri, dehatı,

Qoymuş neçə min evləri viranə pristav.

 

Daim çalışıb öz cibinin xeyrinə olmuş,

Xain, həm əbləh, həm də ki, divanə pristav.

 

Tutmuş füqəranın qanını şişeyə salmış,

Hər əlsiz-ayaqsızları zindanə pristav.

 

Mən hər nə qədər səy elədim, görmədim əsla,

İnsaflı və vıcdanlı bir danə pristav.

 

Hərçəndi ki, hər milləti, hər qövmü soyurdu,

Cəllad idi məxsus müsəlmanə pristav.

 

Göstərməsin Allah o günü kim, gecə-gündüz

Dürtərdi özün hər yerə, hər yanə pristav.

 

Meyxanəni, dəmxanəni bir-bir dolanırdı,

Hər yerdə vururdu neçə peymanə pristav.

 

Pul verməz idi içdiyinə, ondan əlavə

Həm nail olurdu böyük ehsanə pristav.

 

Axşamə kimi müftə yeyib, müftə gəzirdi,

Hər şəhridə meyxanəbəmeyxanə pristav.

 

Hər yerdə qumar olsa idi, üzv idi orda,

Saxlardı özü, bəlkə, qumarxanə prıstav,

 

Daim eləyib batili haqq, haqqı da batil,

Etməzsə, olardı de görüm ta nə pristav?

 

Saxlardı bütün oğrunu, quldurla qaçağı,

Yoldaş idi hər çapqına, talanə pristav.

 

Aldıqlarını çünki naçalniklə[2] bölürdü,

Çatmışdı odur kim, bu böyük şanə pristav.

 

Rusiyyəni, Qafqazı dağıtdı, sora soxdu

Axır nəfəsində özün İranə pristav.

 

“Molla Nəsrəddin”,

23 mart 1917, â„– 7



[1] Pristav – Rusiya imperiyasında məhkəmə işlərindən məsul olan məmur, nəzarətçi.

[2] Naçalnik - rəis

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info