Qonaq Kitabı
Ol gün ki çıxdı Şuşada meydana dördaşıq

Ol gün ki çıxdı Şuşada meydana dördaşıq[1],

Qoydu tamam evləri virana dördaşıq.

 

Qartın qumarı adət idi gərçi köhnədən,

İndi düşübdü dəb, vəli, hər yana dördaşıq.

 

Bağlarda, dağda, bərri-biyabanda, küçədə,

Yay, qış, payız, bahar gərək oynana dördaşıq.

 

Dörd-beş yaşında körpə çocuq, yüzyaşar qoca,

Daim atırlar alçıya, toxana dördaşıq.

 

Sən qanmasan ki, bu oyunun var nə aləmi,

Ləzzət verir nə növ ilə insana dördaşıq.

 

Qismət ola, yolun düşə bir dəfə Qələyə,

Anlarsan onda kim, deyil əfsanə dördaşıq.

 

Əhsən deyək gərək hamımız qarabağlıya,

Oradan yayıldı Gəncəyə, Şirvana dördaşıq.

 

Yox özgə yerdə mərifət əhli olan kimi,

Min cür oyun bilir, nə ki bir danə dördaşıq.

 

Yox öylə məclis, orda qumar oynanılmasın,

Ya kart gərək ola, ya da firlana dördaşıq.

 

Olmaz əvəz bu dördaşığa başqa bir oyun,

Layiqdi bəs ki hər bəyə, hər xana dördaşıq.

 

Qanmaz yəqindir oynamayan nəşəsin onun,

Hər yol atanda ruh verir cana dördaşıq.

 

Sal, qarabağlı, başın aşağı, işində ol,

Gəz dağda-daşda, atgilən mərdanə, dördaşıq.

 

Verməzlər indi min belə iradə bir qəpik,

Vacibdir oynasın igid oğlana dördaşıq.

 

“Molla Nəsrəddin”,

16 mart 1917, â„– 6



[1] Qumar oyununun bir növü.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info