Qonaq Kitabı
Ədəbiyyat (20-ci nömrədə “Cinani”yə cavab)

Çox eybculuq etmə, məndən sənə vəsiyyət,

Sanma ki millətində bilmərrə yoxdu qeyrət.

Osmanlılardan etmə bir bu qədər şikayət,

Kilki-qəza yazıbdır bu mətləbi əzəldə,

Bir eyib olar yəqinən dünyada hər gözəldə.

 

Allahını sevərsən, hər eybi eyb sanma,

İnsaf, mürüvvət eylə, çox sözlərə inanma,

Şam, Hələb, yəmənli vəhşisə də utanma,

Kilki-qəza yazıbdır bu mətləbi əzəldə,

Bir eyib olar mühəqqəq dünyada hər gözəldə.

 

Tunis, Səvadən, Cəzair əhlin birəlli tutma,

Hər bir yetənə yetmə, yetməyənə daş atma,

Xalqın yuma babalın, çox da sözü uzatma,

Kilki-qəza yazıbdır bu mətləbi əzəldə,

Bir eyib olar müsəlləm dünyada hər gözəldə.

 

Gərçi Mərakeş əhli bir yerdə girə keçdi,

Molla Əzizi qovdu Molla Həfıdi seçdi.

Getdi o da Parijdə cami-məhəbbət içdi,

Kilki-qəza yazıbdır bu mətləbi əzəldə

Bir eyib olar həmişə vazehdı hər gözəldə.

 

Tehranda gözləyirlər gərçi cülusi-şahı,

Təbrizli qurmuş amma bir başqa dəstgahı,

Yoxdur bu yerdə əsla heç bir kəsin günahı,

Kilki-qəza yazıbdır bu mətləbi əzəldə,

Bir eyib olar yəqindir aləmdə hər gözəldə.

 

Hərçəndi çoxdu bizdə boş-boş ədavət etmək,

Hər bir işin dalınca laənşüur getmək.

Hər cür zülmə dözmək, hər bir cəfayə bitmək,

Kilki-qəza yazıbdır bu mətləbi əzəldə,

Bir eyib olar mühəqqəq dünyada hər gözəldə.

 

“Molla Nəsrəddin”,

28 iyun 1914, â„– 21

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info