Qonaq Kitabı
BİZİM İŞLƏRİMİZ

 

Məlumdur ki, bu il çox yerlərdə quraqlıq keçir və əkinlər susuzluqdan yanıb puça çıxırlar. Və bir para yerlərdə camaat müsəllaya çıxıb allahdan yağış istəyib. Və axırda bu da məlum olub ki, allah-taala müsəllaya çıxanların duasını qəbul eləməyib və heç bir yanda yağış göndərməyib, necə ki, məsələn, Ağdamda və sair yerlərdə.

Ədibi-biəvəz Mirzə Melkum xan “Qanun” ruznaməsində başdan belə yazır ki: “Mən sözümü o kəslərə yazıram ki, adamdırlar”.

Amma mən özgə cür deyirəm: “Mən sözümü o kəslərə yazıram ki, qulaqları var”.

Keçək sözümüzə.

Müsəllaya çıxanların duası heç bir yanda dərəceyi-qəbulə yetişməyib və heç yerdə yağış yağmayıb.

Keçən vaxtlarda da çox ittifaq düşüb ki, yay çox isti olub, çox quraqlıq keçib və müsəlman camaatı neçə dəfələrlə müsəllaya çıxıblar. Mən özüm bu işləri neçə-neçə dəfələr görmüşəm və eşitmişəm; özüm neçə-neçə dəfə həmin müsəllaya çıxanlara tamaşa eləmişəm. Amma tək bircə dəfə də olmayıb ki, müsəllaya çıxanlara allahın rəhmi gəlsin və onlara yağış göndərsin.

Nədir bəs bunun səbəbi?

Bu mətləbə təfsil vermək lazımdır.

 

*  *  *

 

Mirzə Melkum xan deyir: “Mən sözümü o kəslərə yazıram ki, adamdırlar”.

Mən də deyirəm: “Mən sözümü o kəslərə yazıram ki, qulaqları var”.

Keçək sözümüzə.

Müsəllaya çıxmaq, camaat namazı qılmaq və allah-taala yolunda hər növ dua və səna zikr etmək – bunlar hamısı ibadətdir və insanın vəzifəsidir. Bu vəzifənin müqabilində və bu ibadətin əvəzində pərvərdigari-aləm bəndələrə heç bir şey borclu deyil versin və göndərsin. Allah-taala bizi yox yerdən xəlq edib və bizim borcumuzdur allaha ibadət etmək. Vəssəlam! Və lakin bu ibadətin, bu camaat namazının və müsəllanın əvəzində allah-taaladan yağış istəməyə bircə tikə haqqımız yoxdur.

Amma gör biz neyləyirik: biz allaha deyirik ki, “biz sənə ibadət elədik, sən də bizə yağış göndər ki, pambıqlarımızı suvaraq və pambığı sataq, pulunu qoyaq cibimizə”. Yəni biz istəyirik ibadətimizi allaha sataq və əvəzində yağış alaq; yəni əkinlərimizdən ötrü su alaq.

Dəxi bu ibadət olmadı; bu oldu alış-veriş! Yoxsa əgər biz düz adam olsaq, nə səbəbə biz dara düşəndə və ehtiyac məqamında allahı yada salırıq? Məsələn, Ağdamda müsəllaya çıxanların içində bir neçə nəfər hindarxlı var idi. Həyə bunlar bu dərəcədə allah bəndəsidirlər, bəs nə səbəbə o böyüklükdə Hindarx kəndində bir məscid yoxdur ki, müsəlmanlar gedib orada yomiyyə[i] namazını qılsınlar?

Məgər allah-taala bu işləri görmür və bilmir?

Bu əvvəlinci səbəb ki, müsəllaya çıxanların duası qəbul olunmur və yağış yağmır.

İkinci səbəb də budur ki, allah-taala bunu çox yaxşı bilir ki, əgər müsəlmanlara rəhmi gəlsə və onlara yağış göndərsə, söz yox ki, pambıqlar su içib tələf olmayacaqlar və başlayacaqlar göyərib ucalmağı; amma söz burasındadır ki, axırda heç bir müsəlman öz pambığını özü yığmayacaq, Kərbəlayı Heydərin pambığını Kərbəlayı Xəlil yığacaq, Kərbəlayı Xəlilin pambığını Kərbəlayı Heydər yığacaq.

Bu ikinci səbəb.

Bu işlərin üçüncü səbəbi də budur ki, hər dəfə müsəlmanların müsəllaya çıxmaqları ilə allah yağış yağdırsa, dəxi bundan sonra bir kəs dəli deyil ki, arx çıxartsın, Arazdan və Kürdən su gətirsin, kəhriz vurdursun; demək ki, yay əkinləri üçün su tədarükündə olsun.

İbadətin yağışa dəxli yoxdur. Müsəlmanın borcudur ibadət etmək, yağışın da borcudur yağmaq; amma yağış yağmağın da bir vaxtı var. Dua eləməklə nə yayda yağış, nə qışda dolu yağar. Hər ilin dörd fəsli var və hər fəslin öz təqazası var. Baharda çox yağış yağar, qışda qar yağar, yayda da isti  yağar. On yeddi min mömin müsəlman qışda bir yerə yığışıb on yeddi min gecə və gündüz dua eləsə, qışda dolu yağmaz.

Özgə millətlər ibadət vaxtında gedirlər ibadətə və əkinləri susuz qalanda zəhmətlər çəkib, sümük sındırıb və tədbirlər töküb, ağla gəlməyən yerlərdən su çı-xardıb, əkinlərini suvarırlar. Amma bizlər? Bizlər Arazın və Kürün vücudu ilə yayda susuz qalırıq və həmişə Avropa səyyahları bizim vilayətə gəlib, bu işləri görəndə  deyirlər: “biçarə müsəlmanlar!”

Bizlər məscidlərin qapılarını oğurlayıb yandırırıq, amma Kürü, Arazı və yerin altındakı suları qoyub gedib yalandan allaha yalvarırıq ki, bizə su göndərsin.

Belə olmaz!

Bu da üçüncü səbəb.

 

*  *  *

 

Bircə sözüm qaldı:

Ağdamda müsəllaya çıxanlardan iki nəfər kəndli istinin şiddətindən azarlayıb və vəfat edib.

Mirzə Melkum xan yazır: “Mən sözümü o kəslərə deyirəm ki, adamdırlar”.

 

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  24 iyul,  1907,  N 27.



[i]  Gündəlik.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info