Qonaq Kitabı
Mixəkli, hillidir əcəb tərəklə aşı mollanın

Mixəkli, hillidir əcəb tərəklə aşı mollanın,

Tapılsa harda bir lotu olar həmaşı mollanın.

 

Səri pilovda hər gecə qoyar dərac, qırqavul,

Səfa sürər soraq edən tapılsa harda bircə dul,

Hüzurə gündə bir kərə camaatı edər qəbul,

Birin qəbul edən kimi birin qovar lədilvüsul,

Təmayilati-nəfs ilə qızıbdı başı mollanın,

Həvadisi-zəmanədən hanı təlaşı mollanın.

 

Üruc edəndə minbərə ərəbcə vəzlər deyər,

Ədası, həm təkəllümü qülubi-nasi cəlb edər.

Zibəs ki əbdi-bətndir həmişə mehman gedər,

Hər ay başında bir gecə camaatı qonaq edər.

Cavandı, qırxı keçməyib hənuz yaşı mollanın,

Fərəh verir qadınlara göz ilə qaşı mollanın.

 

Yeri düşəndə başlayır avam üçün müqəddimə.

Oxur əlimi ələmə, mükərrəmi mükərrəmə.

Qılar namazi-meyyiti besəd hezar zümzümə,

Səxavəti-kərəmdə həm kişi əvəzdi Hatəmə.

Tutubdu səhni-məscidi a toy şabaşı mollanın,

Müridi səcdələr yanar görünsə başı mollanın.

 

Həsari-şəhrə bənzəyir onun zəxim heykəli,

Çıxar sədası top kimi dəyəndə əlmüvəkkəli,

Olub yazıq camaatın bu şəhrdə mühəssəli,

Nisayı sevdiyindən ol soraq edər əramili.

Ədili yox zəmanədə ağırdı daşı mollanın,

Əvəzdi sanki girməyə səri-təraşı mollanın.

 

“Molla Nəsrəddin”,

12 fevral 1914, â„– 5

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info