Qonaq Kitabı
Səbribəyzadə, bizi atma, amandır, getmə!

Səbribəyzadə[1], bizi atma, amandır, getmə!

Millətin halı bu gün xeyli yamandır, getmə!

 

Yaxşı təfsir eylə öz rəyin ilə Quranı,

Çadraya, çarşafa bük, dustaq elə nisvanı,

Qoyma getsin qabağa milləti, qaytar anı,

İndi Qafqazda böyük bir həyəcandır, getmə!

 

Gedəsən, kim yazacaqdır bizə “Eşqü həvəsi”,

Milləti-qəmzədənin kim olacaq dadi-rəsi?

Sən ki getdin, dəxi şır-şır kəsilir, mən biləsi,

Bir qədər səbr elə, bir ləhzə dayan, dur, getmə!

 

Getmə, etsən də iradə, səni qoymaz İsa bək,

Sərf edibdir sənə, həm jurnalına çoxlu əmək,

Sən ki getdin, ədəbiyyat bütün öldü demək,

Bu günahı eləmə, vaxtı yubandır, getmə!

 

Başına cəm elə “Həqqi” kimi hər naxələfı,

Ağzına hər nə gəlir, yazsın, itirsin kələfi,

Çap elə birbəbir əşari-qüruni-sələfi,

Sənə dikmiş hamı gözlər, nigarandır, getmə!

 

Gündə yaz, həftədə nəşr et, ədəbiyyati-ətiq,

Fikri-mövhum ilə qıl kəndini heyrətdə qəriq,

Sənə, Həqqilə Müzəffər olacaq yari-rəfiq,

Tök ətəkdən bu daşı, gör nə zamandır, getmə!

 

Kaş ola beş dənə Qafqazda sənin tək şair,

Elmdə, fəzlü kəmalatü hünərdə mahir,

Heyf, boşdur əlimiz, sən ki gəlibsən hazır,

Qoyma cahil qala bu milləti, qandır, getmə!

 

Sən ki getdin, deməli, vay bizim halimizə,

Kimdi yazsın o gözəl şeirləri bir də bizə?

Heyf, səd heyf, o gözəl müntəxabata, o sözə,

Qal, bizə sadə ibrətləri andır, getmə!

 

Bu sözü məndən eşit, sanma zərafət edirəm,

Sənə məftunəm, o məcmuəni sənsiz nedirəm?

Yazığın bizlərə gəlsin, demə, hökmən gedirəm,

Getmə, Xürrəm, mən ölüm, az məni yandır, getmə.

 

“Molla Nəsrəddin”,

5 fevral 1914, â„– 4

 

 

[1] Xalid Xürrəm Səbribəyzadə - şair və jurnalist, Bakıda 1913-1914 illərdə həftədə bir dəfə nəşr edilən ictimai-siyasi və elmi-ədəbi "Şəlalə" jurnalının redaktoru olmuşdur (jurnalın sahibi və naşiri İsa bəy Aşurbəyov idi)"Şəlalə" Azərbaycan ədəbiyyatının varlığını inkar etmiş, onu "çox tərəqqi etmiş olan Osmanlı üsuli-təbirini tərviz" etməyə səy göstərmişdir.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info