Qonaq Kitabı
Füzulini beşlətmə

Yoxdur aləmdə dəxi qüssəvü dərdü məhənim,

Vardı hər yerdə mənim bollu suyum, bollu dənim,

Məni min fikrə salan bu gödənimdir, gödənim,

“Pəmbeyi-daği-cünun içrə nihandır bədənim,

Diri olduqca libasım budur, ölsəm, kəfənim”.

 

Aldadıb xəlqi bütün, kəndimə qıldım mayil,

Ərşeyi-mənbərə çıxcaq söylərəm lətayil,

Siğəsiz gün keçirib olmaram əsla qafil,

“Canı canan diləmiş, verməmək olmaz, ey dil,

Nə niza eyliyəlim, ol nə sənindır, nə mənim”.

 

Hara getdimsə mənə göstərilən hörmətdir,

Millətim çünki həqiqətdə gözəl millətdir,

Molla olmaq belə bir qövmə böyük nemətdir.

“Tövqi-zənciri-cünun daireyi-dövlətdir,

Nə rəva kim məni ondan çıxara zəfi-tənim”.

 

Hansı bir şəhrə və ya kəndə ki düşdü güzərim,

Olacaq gündə kababım, bilirəm, simü zərim,

Olmayıbdır əliboş övdət edəm bir səfərim,

“Eşq sərgəştəsiyəm, seyli-sirişk içrə yerim,

Bir hübabəm ki, havadan doludur pirəhənim”.

 

“Molla Nəsrəddin”,

24 oktyabr 1913, â„– 24

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info