Qonaq Kitabı
Deyirlər, çıxdı bir gün Tura Musa

Deyirlər, çıxdı bir gün Tura Musa,

Minacat etdi: “Ey məbudi-yekta,

Özün məcmu-dünyanı yaratdın,

Bu milyon, milyon insanı yaratdın.

Nolur lütfün ola şamil ki, mən də

Sənin tək xəlq edim bir nazlı bəndə,

Qəbul olsa mənim bu iltimasım,

Dəxi dünyada yox xofü hərasım”.

 

Kəlimullaha oldu vəhy nazil,

Böyük bir mərhəmət haqqında şamil.

Dedi: “Verdim sənə hər ixtiyarı,

Nə istərsən elə, hökmündü cari.

Yuğur, insana oxşar bir şəkil yap,

Düzəlt hər bir yerin insan kimi lap.

Vicudu, cəmdəyi, çiyni, qulağı,

Qolu, dirsəkləri, boynu, buxağı,

Başı, beyni, qıçı, qarnı sərasər

Ki, olsun büsbütün insana bənzər.

Sən et bu şəkli torpaqdan kəşidə,

Edər Cibril özü ruhun dəmidə”.

Eşitcək bu sözü Musa sevindi,

Yerindən sıçradı, aslana döndü.

Qolunu çırmadı, açdı dolağın,

Soyundu paltarın, atdı papağın,

Qazıb yerdən bir az torpaq çıxartdı,

O torpağa bez-on kuzə su qatdı.

 

Yoğurdu palçığı bir çəngə qapdı,

Nasıl əmr olmuş idi eylə yapdı.

O palçıqdan düzüb bir heykəl etdi,

O dəm Cəbrailə göydən vəhy yetdi,

Gəlib ol heykələ nəfx etdi bir ruh,

O heykəl nitqə getdi oldu ziruh,

Atıldı, düşdü, fırlandı, yumuldu,

Çığırdı, qaçdı, hər səmtə cumuldu.

 

Bu işdən düşdü Musa iztiraba,

Vücudu titrədi, daldı əzaba.

Dübarə yalvarıb qıldı minacat:

“Məni, ya Rəb, bu bəndə eyləyib mat,

Sənin xəlq etdiyin cümlə bəşərdə,

Bu cür yüngül, səfeh yox bir nəfər də.

Nədən bu tutmayır bir ləhzə aram?

Mənə bu hikməti gəl eylə ifham”.

 

Yetişdi həzrəti Musaya ilham,

Bu minval ilə göydən gəldi peyğam:

Ki, sən allahlığa bixud can atdın,

Yaratdın bir nəfər, naqis yaratdın,

Yadından bir işi qıldın fəramuş,

Onunçun bunda yoxdu zərrəcə huş.

Beyin çün qoymuyubsan sən o başa,

Özünü öldürub, düşmə təlaşa.

 

Olub insan, bu, insana qoşulmaz,

Dürüst anla, beyinsiz adəm olmaz,

Dəxi keçdi əməl, fövt oldu fürsət,

Dilərsən olmasın bir nəfsə zəhmət,

Apar at bir çuxur məvada qalsın,

Yesin, içsin, gözəl bir övrət alsın.

Törər nəsli olarlar bir bölük hiz,

Salarlar bir şəhər məşhur Təbriz.

Yeyər ol şəhrin əhli çoxlu paxla,

Beyinsizdir olar, yadında saxla.

 

Bir eşşək mindirib bir eşşək üstə

Tutarlar sağ-solun dəstəbədəstə.

Biri anqırsa, etsə bir nümayiş,

Ona səcdə edərlər, həm sitayiş,

Deyərlər müctəhiddir, ya imamdır,

Bir anqırmaq kifayətdir, tamamdır.

Olardan umma sən əqlü fərasət,

Olar kani səfahətdir, səfahət.

 

“Molla Nəsrəddin”,

14 avqust 1913, â„– 2l

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info