Qonaq Kitabı
BİR GÜRCÜYƏ CAVAB

 

Gürcü mühərrirlərindən bir rəfiqim dünən gəlmişdi bizə söhbətə. Danışıq mil-lətlərin qabağa gəlməyindən düşdü. Rəfiqim başladı ki, hər bir millət üçün nicat yolu tapmaq balaca uşaqları məktəbə göndərib tərbiyə verməklə əmələ gəlir. Əgər belə olmasa, heç bir şey fayda bağışlamaz: nə hürriyyət, nə cümhuriyyət, nə zənbu-riyyət, nə çənçuriyyət...

Qərəz rəfiqim bunlardan bir neçəsini də saydı və bu sözləri deyəndən sonra mənim rəyimi soruşdu. Mən cavab verdim ki, hələ sözünü de qurtar, mən axırda birdən cavab verərəm.

Qonağım başladı:

- Üç yüz il bundan irəli Firəngistanda da uşaqlar 18 yaşına kimi küçələrdə aşıq oynardılar, qızlar qıçmadaş və beşdaş oynardılar. Hüriyyət, cümhuriyyət (sözü) danışanın qulaqlarını kəsərdilər. O vədə Firəngistan padşahı on dördüncü Lüdovik həmişə deyərdi: “Hökumət ibarətdir tək mənim vucudumdan” və kimin hünəri var idi irad etsin və bunun səbəbi budur ki, uşaqlar 18 yaşına çatana kimi küçələrdə aşıq oynardılar. Amma elə ki, cammat elm və mərifət vasitəsilə baçladı gözünü açmağa, Firəngistan padşahları da yavaş-yavaş təşriflərini apardılar. Odur ki, indi Firəngistan hökumətini məhz camaatın öz vəkilləri idarə edir. Odur ki, Firəngistan millətlər içində olan şöhrəti ilə fəxr etməkdədir.

Bu sözləri deyəndən sonra gürcü rəfiqim genə mənim rəyimi soruşdu. Dedim:

- Hələ sözünü qurtar. Mən axırda birdən cavab verərəm.

Rəfiqim başladı:

Bir vaxt var idi ki, Germaniya imperatorları, nəuzübillah[i], allahlıq iddiası edir-dilər və onların rəftarı üçün heç bir qanun yox idi. Bunun da səbəbi o idi ki, uşaqlar on səkkiz yaşına kimi küçələrdə aşıq oynayırdılar, qızlar da habelə. Amma di gəl indi gör ki, işlər necə olub: indi Germaniya padşahı şikara[ii] gedəndə də camaat vəkillərindən izn istəyit. Məhz məktəblər və genə məktəblər Germaniya millətini bu mərtəbəyə yetiribdir.

Genə bu sözləri deyib, rəfiqim mənim rəyimi soruşdu. Dedim:

Sözünü qurtar, rəyimi axırda deyərəm.

Qonağım başladı:

- Ay Molla, and verirəm səni dərviş Ağabalanın canına! Sənə mən indi bir söz deyəcəyəm. Sən mənim bu sözümü əlbəttə yetir iranlılara. – Dedim:

-Baş üstə.

Rəfiqim başladı:

-İranlılar indi şadlıqlarından mayallaq aşırlar. Amma bunu bilirlərmi ki, ingilis məmləkətində məşrutiyyət fərmanı miladi tarixinin 1215-ci ilində elan olunub və həmin tarixdən 1689-cu ilədək ingilis milləti ilə ingilis padşahlarının mabeynində[iii] hüriyyət üstə hədsiz davalar əmələ gəlib, hədsiz qanlar tökülüb, üç dəfə böyük inqilab zühurə gəlib və məhz 1689-cu ildə ingilis məşrutiyyəti bərqərar olub? Camaatın padşaha güc gəlməsinin səbəbi məhz o oldu ki, uşaqlar küçələrdən yığı-şıb və aşıqlarını İrana göndərib doluşdular məktəblərə.

Sözünü tamam edib qonağım rəyimi soruşdu. Mən dostuma belə cavab verdim və güman edirəm ki, yaxşı cavab vermişəm, dedim:

- Rəfiq, əvvəla, çox uzun müşərrəf oldun. Bizim Lağlağı da çox danışandı, amma danışanda genə başa düşmək olur ki, nə dedi və lakin sən o qədər hədərən-pədərən nağıl elədin ki, indi də qulaqlarım taqqıldayır. Nə bilim Firəngistan belə gəldi, məşrutiyyət belə getdi. İkinci də budur ki, sən nahaq yerə xəyal edirsən ki, bizim oğlanlar və qızlar oxumurlar.

Qonağım hirslənib tez durdu ayağa. Dedim:

- Yavaş! Heç hirslənmə! O ki, oğlan uşaqlarımızdı onlar on səkkiz yaşına kimi oxuyurlar: əlif zəbər-ə. Be zən be. Cim zəbər ce...

Rəfiqim sözümü kəsib dedi:

- Çox əcəb. Bunu oğlan uşaqları oxuyur. Bəs sən dedin ki, qızlar da oxuyurlar?

Tez cavab verdim:

- Əlbəttə, qızlar da oxuyurlar. Qızların da üç-dördü bir yerə cəm olanda, biri götürüb qavalı, biri düşür oynamağa və qalanları da çəpik tutub oxuyurlar:

 

     Bu gecə yemişəm bir dənə qarpız.

     Balam ey, balam ey! Balam ey!..

 

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”, 25  avqust,  1906,  N 21.



[i] Burada: Allah göstərməsin.

[ii] Ova.

[iii] Arasında.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info