Qonaq Kitabı
İki ildir vəfat edib Sabir

İki ildir vəfat edib Sabir,

Onu millət gözəlcə yad eləyib,

Ruhunu hər cəhətlə şad eləyib,

Qılıb öz qədridanlığın zahir.

 

Neçə məktəb bina edib adına,

Darülitamü darüləcəzə açıb,

Pulu bol-bol, kürur-kürur saçıb,

Yetişib min yetim-yesir dadına.

 

Özünün, oğlunun xüsusunda

Göstərib başqa himmətü qeyrət,

Yaşasın, ölməsin bu cür millət,

Daim olsun bu abirusunda.

 

Bu çalışmaq, bu növi əlləşmək,

Gətirib bizləri bu cür qabağa.

Farsü türkü ərəb durub ayağa,

Ayılıb, başlayıbdı birləşmək.

 

Günü-gündən cəlalımız artır,

Olmuruq bir dəqiqə qəflətdə,

Qoymuşuq kainatı heyrətdə,

Hərə öz səmtinə bizi dartır.

 

Gah olur hami ingilis bizə,

Gah olur dost nemsəvü alman.

Olmuşuq yaxşı bəxtəvər insan,

Özgələr səy edirlər xeyrimizə.

 

Bizə lazımdı indi asayiş,

Çünki hər iş gedir qərarında.

Özü millət öz ixtiyarında,

Eləyir hər ümuri-pirayiş.

 

Göndərib paytəxti-İranə,

Ərfəüddövləni vəzir olsun,

Bütün İran ona əsir olsun,

Rəhmət etsin Əmini-sultanə.

 

Çox yaşa, ey vəziri-danişmənd,

Çünki sən çox əminsən, həqqa.

Sənsən İranı eyləyən əhya,

Yox sənin tək vücudi-qeyrətmənd.

 

“Molla Nəsrəddin”,

23 iyul 1913, â„– 20



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info