Qonaq Kitabı
Qələm arqadaşım Kefsizə

Gələsən, dilbir edib xəlqə mətəl yazmıyalım,

Tapalım kəndimizə başqa əməl, yazmıyalım.

Atalım, boşluyalım, şerü qəzəl yazmıyalım,

Hər kəsin öz ürəyi, hər necə istər etsin,

Nəyi xoşlarsa onun qoy dalısınca getsin.

 

Sənlə mən nə edə billik bu qədər məxluqə,

Ya sözü ciddi yazaq, ya çevirək şuxluqə,

Hey çalış, hey çabala, baxma vara, yoxluqə,

Yazasan, yazmıyasan, bir kəsə təsir eləməz,

Çox soyuqdur bu dəmir, döymə ki, təğyir eləməz.

 

Belə bir qövm ki, daim səni təhqir eləyir,

Nə deyirsənsə onu tərsinə təbir eləyir,

Axtarır cüzi bəhanə səni təkfir eləyir,

Belə bir vəhşi cəmaətlə bacarmaqmı olar?

Çox danışsan tükünü küçədə, meydanda yolar.

 

Nə işin var yazasan mollanı rüsvay edəsən,

Bəyi, xanı, ağanı rəncbərə tay edəsən,

Əzələr baş-qulağın, başlayıb ax-vay edəsən,

Qorx o gündən ki, sənə Qaxqulu bəy bir şər ata,

Düşəsən sən qalaya, müddəilər kama çata.

 

Dinmə, hər kimsə qoy olsun öz işində azad,

Biri istər özünə gündə qoy alsın arvad,

Yazma, heç vaxt eləmə xalqı özündən naşad,

Necə məşhur deyiblər atalar “Ərdəbili”,

Hər kəs olsun gərək aləmdə özü öz vəkili.

 

Bizə nə borcdu Bakı konsulu hər cür dolanır,

Çağırır xalqı qonaq evlərinə qartı salır,

Qumar oynatdırıban yerdaşını kəndi alır,

Eybdir, xalqa dolaşmaqlığını qoy qırağa,

Demə böhtan kişiyə, bir sola bax, bir də sağa.

 

Belə yazdıq ki, cəmaət bizə bədxah oldu,

Həmi bizdən, həmi məcmuədən ikrah oldu,

Dalımızca o qədər qarğış olub ah oldu,

İrəvanda bir igid indi çıxıb meydana,

“Molla Nəsrəddin”i qoymur ki, gedə İrəvana.

 

Hansı məclisdə düşür bizləri bədnam eləyir,

Jurnala, kəndimizə nifrətin elam eləyir,

İrəvan əhli ona çox böyük ikram eləyir,

Çünki qatildi, qoçaqdı, lotudu, şöhrəti var,

İrəvanda bu cür əşxasların hörməti var.

 

“Molla Nəsrəddin”,

5 aprel 1913, â„– 11

 

 

Kefsiz  -  Əli Nəzminin təxəllüsü



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info