Qonaq Kitabı
Qatış-bulaş

Sərkər Molla əmi, özümü tərif etmək olmasın, mən tamam üç dilə: türk, fars və ərəb dillərinə aliməm. İndi sənin əqlincə mən bu üç dillərin hansı birisində məqalə yazsam mənim üçün fəzilət artıq olar? Mənim bu kəm əqlimə görə bu dillərin heç birisində məqalə yazmaq mənə əl verməz. Çünki əgər türk dilində yazaram, deyərlər fars, ərəb dillərini bilmir, əgər fars dilində yazaram, deyərlər türk və ərəb dillərindən xəbəri yoxdur. Və əgər ərəb dilində yazaram, deyərlər türk və fars dillərindən məhrumdur.

Yaxşısı bilirsən nədir? Yaxşısı odur ki, mən məqalədə bu üç dili bir-birinə qatış-bulaş edəm. Bu belə. Bundan əlavə, heç bilirsən qatış-bulaş dillərində yazılan məqalənin bir böyük və ümdə fəziləti də nədədir? Bir fəziləti də ondadır ki, belə gözəl məqaləni heç başa düşməyən adam tapılmaz. Hərçənd, ağzım dinc durmadı, dedim ki, belə məqaləni camaat hamı başa düşər, amma bu çox da elə bir mətləb deyil, camaat başa düşər düşsün, düşməz düşməsin. Mənə deyən gərək – camaat ilə nə işin, sən öz fəzilətinə çalış. Eşitməyibsən, bir itin bir qəssab dükanından bir parça ət aparmağını görüb bir qara dərviş bunu nə qaydada xəbər verdi qəssaba? “Usta qəssab, sənin bir parça ləhmini kəlb apardı” sözlərini deməkdə nə sayaq məxrəcə can verdi. Sənin əqlincə bir belə alim dərviş dəli idi ki, ağzını, gözünü əyə-əyə yarım saat özünə zor verirdi? Əgər biçarə dərviş özünü bu zəhmətə salmasa idi, heç onda olan qiraət fəzilətini bir kəs başa düşməzdi.

İndi canım, əyri oturaq, düz danışaq, dərviş dərvişliyində özünün bir qırıq qiraət fəzilətini nəzərə versin, bəs heç insafdır ki, mən üç dilin alimi ola-ola öz fəzilətimi gizləyim?

Molla əmi, heç kəs məndən inciməsin, düzü, qardaş, əgər məqaləni mən qatış-bulaş dilində yazmıyam, canım heç vaxt dincəlməz. Oxuyan başa düşər düşsün, düşməz düşməsin. Mən öz fəzilətimi gözüm baxa-baxa zay edən adamlardan deyiləm.

 

“Molla Nəsrəddin”,

4 noyabr 1907, â„– 41

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info