Qonaq Kitabı
Ləzgi

Nə gözəl bir işdi, ya Rəb, bu işə dayana ləzgi,

Asa xəncərin, həmişə, o sayaq dolana ləzgi.

 

Basa yayda, qışda daim başına o qıllı börkü,

Düzə vəznəni kefincə, geyə əyninə o, kürkü,

Olub indi çünki dünya hamı işdə hərki-hərki,

Niyə milli paltarından ərinə, utana ləzgi?

 

Neçə ildi dincəlibdir, yatıb istirahət ilə,

Meşələrdə, dağda ömrün keçiribdi ləzzət ilə,

İşi yoxdu məktəb ilə, nə rücuu sənət ilə,

Gedib əlləşə uzun gün, yorulub usana ləzgi.

 

Şamilin zamanı keçdi, o bir ayrı aləm idi,

Kişidə olan səfahət hamıya müsəlləm idi,

Eyləməzdi rəhm özünə, davakar bir adəm idi,

Nə rəvadır əldə tutsun onu bir bəhanə ləzgi?

 

O zaman genə sağ olsun, neçəsi dönüklük etdi,

Girə verdi həmqatarın, baş alıb kənara getdi,

Biləsən, Hacı Muradı necə yaxşı işlər etdi,

Yeri var təfaxür etsin elə pəhləvanə ləzgi.

 

Necə bizdə şiə, sünnü həməvaxt edir rəfaqət,

Oların içində də var, dəxi başqa bir sədaqət,

Həməvaxt avarlar eylər qumuğa böyük məhəbbət,

O məhəbbətin ucundan gərək arxalana ləzgi.

 

Hamı bir bezin qırağıdır, şükür, bizim müsəlman,

Ya tatar, ya laz, ya inquş, asetin, ya sart, ya türkman,

Sevinir, gülür ürəkdən olan görəndə insan.

Yaşa, gəlməyib sənin tək bir igid cəhanə, ləzgi.

 

Yaşamaqlığın cahanda necə gör tapıbdı fəndin,

Hara bağlasan durandır, dəxi qırmaz öz kəməndin,

Nəyinə gərəkdi bilsin dilini bu kənd o kəndin,

O qədər müqəyyəd olmaz, yavumaz lisanə ləzgi.

 

“Molla Nəsrəddin”,

28 mart 1913, â„– 10

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info