Qonaq Kitabı
"Kəlniyyət" məcmuəsinin ruhuna

Öldünsə sənin ruhuna mən fatihəxanəm,

Rəhmət ola, min yol sənə rəhmət, genə rəhmət.

Mən də ölərəm tezlik ilə, sanma cəvanəm.

Quylar bizi bir-bir yerə, qeyrətlidi millət.

 

Derdin ki, gərək, elm oxuyub tərbiyə tapmaq,

Hər millət ilə ülfətü ünsiyyəti qatmaq,

Fikr eyləmiyirdin heç özün bircə, ay axmaq,

Murdarla təmiz müşkül olur qılsalar ülfət.

 

Caizdi ki, ruslarla gedib mömini-dindar

Versin əl-ələ, eyləsin üst-başını mırdar?

Başdan-ayağə söylədiyin qandı, a kaftar,

Bidətdi, bu bidətdən ələ tövbə, nədamət.

 

İnsafdır etmək bu qədər məsxərə xalqı,

Diksindirib adatına birdən-birə xalqı,

Bədnam eləmək, həcv eləmək boş yerə xalqı?

Dözməz belə tövhinlərə ərbabi-həmiyyət.

 

Yetdin yetənə, yetməyənə bir təpik atdın,

Vicdanını, imanını bircə pula satdın,

Şeyxi, qazını, xanı, bəyi bir-birə qatdın,

İcma eləyib qıldılar axır sənə nifrət.

 

Tutdun yaxasından Bakının həftədə yazdın,

Milyonçu, zavodçu demədən[1] beynini qazdın,

Uprava, qlasnı bağırıb kefləri pozdun,

Saldın Bakıya həftədə bir şuri-qiyamət.

 

Sancdın hamını, birbəbir oldu sənə bədxah,

Çün qarğıya düşdün, səni tutdu belə, Allah.

İstərdin edəydin hamını mürtədü gümrah,

Dindarların batini göstərdi kəramət.

 

Axır səni atdı bakulu, eylədi bayqot,

Dəfn etmək üçün qazdı qəbir, sazladı tabut,

Çıxdın puça, ömr eyləmədin, tapdı səni mövt,

Bu xalq gətirməz dilinə doğru, həqiqət.

 

Millət ki, alır feyzini təsbihü qəbadən,

Millət ki, çəkir nəşəni nəleynü ridadən.

Asudə tamamilə bu gün cunu cəradən,

Göstərməyəcək qeyrətini, bir də nə qeyrət!

 

Qoymaz, nə qədər vardı gücü, jurnal açılsın,

Çıxsın qəzetə, şöləsi ətrafə saçılsın,

Lazımdı maarif görünən yerdə qaçılsın,

Ta dərs oxunub basmasın islami qəramət.

 

Mömin gərək olsun Məşhədə, Kablaya züvvar,

Muxtarsa, deyilsin adına Kablayı Muxtar,

Göz yaşı axıtsın nə qədər candakı can var,

Divanə deyilsən ki, necə elm, nə sənət?!

 

“Molla Nəsrəddin”,

20 fevral 1913, â„– 6



"Kəlniyyət" -  “Molla Nəsrəddin” jurnalının təsiri altında nəşr olunan satirik jurnal

 

[1] Deməkdən.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info