Qonaq Kitabı
Haradan başıma düşdüsə sövdayi-Buxara

Haradan başıma düşdüsə sövdayi-Buxara,

Yandırdı məni vəzi-qəməfzayi-Buxara.

 

Hirsləndim, acındım, özümü odlara yaxdım,

Fövri götürüb, gözlərimə eynəyi taxdım,

Məktubları açdım, oxudum, sözlərə baxdım,

Gördüm ki, fəzihətdi sərapayi-Buxara.

 

Sartlar, təkələr, pirü cavan həpsi müəmməm,

Üst-başları cındır, saç-saqqalları dərhəm.

Qanmaz olar aləmdə, əgər qansa da aləm,

Şəkk etmə, gedib eylə tamaşayi-Buxara.

 

Yetmiş yaşarı on yaşar oğlanlara nabənd,

Qəlbin beçəbazlıqda edər cümləsi xürsənd,

Mütrübdü, ya mütrüb babası hər biri pürfənd,

Məşğuldu eyş-işrətə hər bayi-Buxara.

 

Bu əsri-tərəqqidə hamı xürrəmi-xəndan,

Zillətdə, səfalətdə yaşar bircə müsəlman,

İnsan demək olmaz olara, çün deyil insan,

Şahiddi bu mətləbdə təqazayi-Buxara.

 

Qaziləri hər məhkəmədə almada rüşvət,

Hükkam eləyib həpsi qan içməkliyə adət,

Məzlumdu, məflukdu hər yerdə rəiyyət,

Bilməm necə təqrir eləyim, vay, Buxara!

 

İran demə, İranda genə cüzı ədəb var,

Misr əhli maariflidi, çün başqa səbəb var,

Tunisdə, Sudanda nə qədr vəhşi ərəb var,

Pisdir hamısından genə min pay Buxara.

 

Sağ idi Əhəd xan, var idi başqa əvalim,

Öldü o, o gün ki, yerini tutdu Mir Alim,

Məhv oldu ədalət dəxi, başlandı məzalim,

Can çıxdı, fəqət qaldı həyulayi-Buxara.

 

Vaxtında o mərhum elədi hər işə iqdam,

Hər şəhri gəzib tutmadı bir ölkədə aram,

Əlhəq o kişi, qıldı uşaqbazlığın itmam,

Sürdü kefini, söylədi oxqay, Buxara.

 

Hər hansı çocuq olsa idi qarei-Quran

Getsəydi əmirin yanına bir gecə pünhan,

Fövri ona bir pensiya eylərdilər ehsan,

Xeyrat eləməkdə yox idi tayi-Buxara.

 

Əfsus, o günlər ki, keçib bisəmər oldu,

Fəryad, o cür naz ilə nemət hədər oldu,

Heyfa, o çocuqlar hamısı dərbədər oldu,

Oldu bütün afaqidə rüsvay, Buxara.

 

İndi o yazıqlar dolanır bisərü bipa,

Yanmır oların halına bir kimsənə əsla,

Mir Alim uyub qızlara, keflənməyə hala,

Viranə olub məskəni-məvayi-Buxara.

 

“Molla Nəsrəddin”,

15 fevral 1913, â„– 5

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info