Qonaq Kitabı
Ey olan xas şiəyi-Heydər

Ey olan xas şiəyi-Heydər,

Ver qulaq, eylə bu sözü əzbər:

Faülatün, məfaülün, fəulün,

Deyirəm gör sənə nə yaxşı xəbər:

Var idi bir Mərakeş adlı diyar,

Ərəb idi cəmaəti yeksər,

Nə ərəb, cümləsi cəsur-qəyur,

Kani mərdanəgivü bəhri-hünər.

Hökm edərdi o mülkə bir sultan,

Adı Mövla Əzizi-kəlpeysər.

Eylədi çünki zülm məxluqə,

Üzünə ağ olub rəiyyətlər,

Verdilər tac-təxti qardaşına,

Boyun əydi ona bütün leşkər.

Təxtə Mövla Həfid çün çıxdı,

Ona çatdı o gün ki, irsi-pədər.

Özünə aldı yüz on üç övrət,

Hamısı gülzar, siminbər.

Olmadı bir dəqiqə qəflətdə,

Başladı eyşü nuşə şamü səhər.

Yaraşar hökmdara kef çəksin,

Nəyə lazımdı mal, gənc, gövhər.

Necə mərhum Nəsirəddin şah,

Neçə dəfə Firəngə etdi səfər.

Bu da bir kərrə getdi Parisə,

Keçirib orada yaxşı, xoş günlər

Dedi: “Heyhat, bilməmişdim mən

Varmış gör necə gözəl yerlər?

Niyə mən kəsmişəm bu məmləkəti,

Səltənətdən çıxır mənə nə səmər?

Heyifdir, mən bu yaxşı günlərimi

Keçirəm bu xərabə yerdə hədər.

Qoy firənglər gəlib bu çöllərdə

Eyləsinlər ümuri-xəlqə nəzər”.

Yığdı kür-küflətin yığışdırdı,

Köçdü Parisə, tutdu orda məqərr.

O yedi, içdi kaminə çatdı,

Sən də ye, iç damağın olsun tər.

 

“Molla Nəsrəddin”,

3 fevral 1913, â„– 4

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info