Qonaq Kitabı
BİR BOÇKA SU

 

BAKIDA  ÇORNI  QOROD  FƏHLƏLƏRİNƏ

 

Ağa fəhlələr, yenə dilinizi uzadıbsınız, “Təzə həyat”ın 91-ci nömrəsində şikayət edirsiniz ki, zavodun müdiri gündə sizə, əlli iki nəfərə bir boçka su verir. Yazırsı-nız ki, sudan ötrü qapı-qapı dilənirsiniz və bundan da savayı çox artıq əskik sözlər yazırsınız...

Əlbət bunları yaza-yaza siz elə xəyal eləyirmişsiniz ki, bu sözləri oxuyanlar sizin halınıza yanacaqlar və sizə yazıqları gələcək və sizin müdiriniz və sərkarınız sizə rəhm eləyəcək.

Bir boçka su!

Məgər bir boçka su əlli iki nəfər fəhləyə azdır? Nə səbəbə qənaət eləmirsiniz? Məgər gündə vaizlərdən eşitdiyiniz bu deyilmi ki, “qənaət kimyadır?” Məgər bir boçka su azdır?

Bəs belə məlum olur ki, israf eləyirsiniz; yoxsa mən heç vaxt inana bilmirəm ki, bir boçka su əlli iki nəfər fəhləyə kifayət eləməyə.

Lazımdır qənaət eləmək. Qənaət, qənaət! Bir boçka su zarafat deyil, bu şərtlə ki, ha bir ucdan töküb içməyəsiniz; yoxsa hərəniz əlinizə bir qab alasınız ki, “mənə su! mənə su!”, – dəxi burada, əlbət ki, bir boçka da görməz, iki boçka da görməz.

Məsələn, götürək müsəlmanları bir boçka su hesab eləyək. Bir baxın görün nə qədər sizin kimi susuz adamlar tökülüblər həmin bir boçka suyun üstünə: yüz on üç milyon mərsiyəxan, bu qədər də vaiz, yetmiş iki milyon xan, bəy və zavodçu, qırx dörd milyon seyid, iki yüz milyon dərviş, üç yüz milyon dua yazan, rəmmal, fal açan, tas quran, göbək yazan, burun püfləyən, müsəlman həkimi, məktəb mollası, xeyrat qonaqları, şeyxlər (məsələn, Quba şeyxi), qərəz, dəxi də kimlər, dəxi də kimlər...

Səkkiz yüz qırx dörd milyon barama qurdu tökülüblər bir boçka suyun üstünə, yəni müsəlman millətinin üstünə və heç biri şikayət eləmir ki, “su azdır”. Amma bir boçka su əlli iki nəfər fəhləni görmür.

Yox bircə, inşaallah, müdirinizə yazaram sizi qoyar dəmir yola, aparar Avropanın Karlsbad yaylaqlarına, orada sərin suları içib kökələrsiniz, inşaallah, sizi göndərərlər Pyatiqorska, Dərəçiçəyə, Abastumana.

Yoxsa belə şeylər xəyalınızdan keçir?

Hələ utanmaz-utanmaz götürüb şikayət də yazırsınız və bizi rus hökumətinin nəzərində “biabır” eləyirsiniz. Mağıl indiyədək özümüzə güclü bir ad qazanmışdıq; mağıl indiyədək ədəbililikdə heç millət biz müsəlmanlar tək şöhrət tapmamışdı. Məhəmmədağa Şahtaxtlı buyuran kimi, siz də həyasız duma vəkillərimiz kimi istəyirsiniz adımızı batırasınız.

Allah baisin evin yıxsın!

Allah sizin də adınızı elə batırsın ki, dəxi heç məclisdə və adam içində hörməti-niz olmasın, allah sizin yekə-yekə uca və ali imarətlərinizi başınıza uçurtsun, ey əlli iki nəfər fəhlə! Amin deyən dillər lal olmasın!

Bunların hamısı keçəndən sonra gəlin mən sizə bir tapmaca deyim: həyə bildiniz nə səbəbə sizin başınıza bu qədər “it oyunu” gətirirlər? Həyə bildiniz?

O səbəb ki, siz əlli iki nəfər fəhlə hamınız bisavadsınız. Lotu-lotuyana, düzünü deyin: belədir ya yox?

Öz aramızdır, o şikayəti də “Təzə həyat”a özünüz yazmayıbsınız, özgəsinə yazdırıbsınız. Mən sizin hamınızı tanıyıram. Sizin içinizdə bircə Kərbəlayı Həsənqulu hıqqana-hıqqana adını yaza bilir; o da ki, maşallah, adını yazanda “Həsənqulu” əvəzinə “hədərən” çıxır.

Amma bir şey də var:

İndi, məsələn, tutaq ki, xudanəkərdə[i]  birdən uşaqlarınızı qoyasınız dərs oxuyalar (Camei-Abbas” kitabını demirəm ha!); bəli, məsələn, uşaqlarınızı qoyasınız təzə açılan məktəblərdə paltarları gödək müəllimlərdən dərs alalar (amma burası yaxşı deyil ki, yerin altındakı öküzə şəkk gətirəcəklər); bəli, uşaqlarınız oxuyalar və sonra, tutaq ki, elə sizin kimi Çornı qorod fəhləsi olalar, - onda işlər xarab olacaq: onda əgər onlara bir boçka su gətirsələr və desələr ki, “canınız çıxsın, az için!” – onda haman sizin uşaqlarınız yapışacaqlar bir-birinin əlindən və səs-səsə verib, ucadan oxuyacaqlar:

 

Ürfanımızla çəkdik rahi-nicatə məşəl,

Vicdanımızdan aldıq fərmani-kirdigari.

 

 

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  12 avqust,  1907,  N 30.



[i]  Allah eləməmiş.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info