Qonaq Kitabı
Kamil paşa, kamilliyinə min barəkallah

Kamil paşa, kamilliyinə min barəkallah,

Etdin nə gözəl millətini xürrəmi xəndan.

Tədbirlə, politkayla bütün, əşhədi billah,

Dünyaları qıldın özünə valehü heyran.

 

Sədr əzəm olub boylə böyük rütbəyə çatdın,

Jon türkləri qovdun, aradan daşların atdın,

Osmanlıların üzlərini bir sən ağartdın,

Düşmənləri qoydun işinə matü hərasan.

 

Hərçəndi, beş-on qitə vilayət çıxıb əldən,

Fəxr etmə, olar getmiş idi ruzi-əzəldən,

Sən səy elə, ancaq bu bütün yurdu təməldən

Sahiblənə Bolqar, Qaradağ, Serb və Yunan.

 

Hörmət qazan, et şənini hər yerdə müraat,

Fürsət ki, düşübdür əlinə boşlama, heyhat!

Türkdənsə yavuqdur sənə avropalı min qat,

Gir ingilisin bəstinə, qıl əhdinə peyman.

 

Yunanlılara indi ki, mal oldu Salanik,

Bolqarları da Ədirnəyə qoy ola malik,

Qoyma eləsin bir əhdi hərbə tədarik,

Cınqır çəkənin məskənini etgilə zindan.

 

Yoxsa hamısı birdir bu yerlər gedecəkdir,

Bir-bir hamısın avropalı mal edəcəkdir,

Nə Ədirnəbazlıqdı, nə boş küydü, kələkdir?

Bir də necə dəva, necə Balkan, necə qan-qan?

 

Sən vermə riza, qoyma dəxi hərb ola təkrar,

Ta bəlkə desinlər adına sülhə tərəfdar,

Ol aləm ara mərhəmətə, lütfə səzavar,

Beş parça yer üstündə sıxarmı ürək insan?

 

İş döndü əgərçi, kabinə oldu mübəddəl,

Sən axiri qaldın arada mat-məəttəl,

Bənd olma, yerində eləsə başqası əngəl,

Beş gündü bu işlər, yaşamaz boylə bu dövran.

 

Axırda sədarətdə genə sən qalacaqsan,

Şövkət paşanın partfelin əldən alacaqsan,

Öz dəstini öz ardına bir-bir salacaqsan,

Qəm çəkmə heç, öz işlərinə olma peşiman.

 

“Molla Nəsrəddin”,

20 yanvar 1913, â„– 2

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info