Qonaq Kitabı
Ey Məmdəli, bu növi ki, İrandan əkildin

Ey Məmdəli, bu növi ki, İrandan əkildin,

Doydun, bilirəm, axır özün candan, əkildin.

 

Söz verdi sənə eylə ki, ilk dəfə Süpehdar,

Oldun o ləinin hamı fikrinə xəbərdar,

Düşdün yenidən səltənətin fıkrinə, təkrar

Məşruta verən neməti-ehsandan əkildin.

 

Türkmanlara bel bağladın, ey əhməqi-gövdan,

Çöllərdə səni vellədilər bisərüsaman,

Oldu oların hər biri bir səmtə girizan,

Ürkdün özün axırda o türkmandan, əkildin.

 

Risva elədin kəndini əqtari-cahanda,

Təşkil elədin xərgəhini türfə məkanda,

Dəva elədin millət ilə bir neçə yanda,

Qaçdın Sarıdan, Damqanü Simanandan əkildin.

 

Qan içmək olub gərçi əzəldən sənə pişə,

Getməzdi bu dövran belə kamincə həmişə,

Vurdun nə qədər mümkün idi millətə tişə,

Tülkü kimi qaçdın, genə meydandan əkildin.

 

Rüstəm sənə bu işdə verib gərçi cəsarət,

Etməzlə dəxi şah səni bir də rəiyyət,

Getdi kisədən pensiya də, xeyli nədamət

Oldu, vəli, qurtardın əcəb qandan, əkildin.

 

Öldürdülər Ərşəd kimi bir mərdi rəşidin,

Qaçdın, genə qurtardın o öz cani-pəlidin,

İranda dəxi qalmadı bir yerdə ümidin,

İttək biləni qovdular hər yandan, əkildin.

 

Axtardı səni qətl eləsin Yefremi-sərdar,

Şükr eyləgilən, olmadın əllərdə giriftar,

Bu qan ki, axıtdın tutacaqdır səni naçar,

Hərçəndi ki, imdi genə bir yandan əkildin.

 

Bilmərrə muradınca dolanmadı bu dünya,

Viranəyə döndərmədin İranı sərapa,

Fikrin nə idi, olmadı, səd şükr, mühəyya,

Şövq ilə gedib, yəs ilə İrandan əkildin.

 

Bundan sonra labüddü son darə-səzasan,

Ya pinti Həmid tək necə divarə səzasan,

Min lənətə, min nikbətə, min barə səzasan,

Viran elədin mülkü, o virandan əkildin.

 

“Molla Nəsrəddin”,

11 sentyabr 1911, â„– 33

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info