Qonaq Kitabı
İranlılar

Barəkallah, çox nəcib insandılar iranlılar,

Hər kim eşşəksə ona palandılar iranlılar.

 

Gəlməmişdən Məmdəli uymuşdular məşrutəyə,

Etiraz etmişdilər hər bimürüvvət lutiyə,

Nitqidə natiqləri bənzərdi sanki tutiyə,

Zənn edərdi cümlə, şəksiz, qandılar iranlılar.

 

Hər şəhərdə, qəryədə yapmışdılar bir əncümən,

Coqə-coqə toplanıb eylərdilər fikri-vətən,

Dəm vurardı cövri-istibdadidən hər bir yetən,

Guya hürriyyətə qurbandılar iranlılar.

 

Bənzəyirdi hər biri eşqi-vətən məcnununa,

Can nisar etmişdilər məşrutənin qanununa,

Filhəqiqət, çoxları qəltan olub öz xununa,

Canü dildən işbu narə yandılar iranlılar.

 

Eylə ki, xaqani-mənfur eylədi əzmi-vətən,

Dövrünə cəm oldular türkman kimi zağu-zəğan,

Dəfeyi-əvvəl Süpehdar oldu bir peymanşikən,

İrticaya tazədən toplandılar iranlılar.

 

Əncümənlər hər tərəfdə özgə bir şəkl aldılar,

Dövreyi-mənhusi-istibdadı yada saldılar,

Vadiyi-cəhlü cəhalətdə hərasan qaldılar,

Əhdü peymanı, hüququ dandılar iranlılar.

 

Lövhəşallah, hansı bir nöqsanların tedad edim,

Hansı bir nəğzi-vəfa etdiklərin inşad edim,

Min deyil, beş min deyil, mən hansını dəryad edim,

Müxtəsər, bir heykəli-bicandılar iranlılar.

 

Hər nə məclis qurdular, hər yerdə şura etdilər,

Bir ətin, bir əkməgin taksində dəva etdilər,

Hər yerin hakimlərin bir bisərüpa etdilər,

Onların hər məkrinə tovlandılar iranlılar.

 

Aldı qanuni-əsası çünki duzdan-maliyat

Mülkədarə, rəncbərə bəxş etdi bir tərzi-həyat,

Zülmdən istərdi tapsın məmləkət bir az nəcat,

Ol səbəbdən məhvinə davrandılar iranlılar.

 

Heç rəvadırmı əkinçi, ciftçi yeksər kam ala?

Nazi-pərvər şahzadə küçələrdə ac qala,

Müslümü gəbrü nəsarayə bərabər ədl ola,

Mərhaba olsun ki, qədrdandılar iranlılar.

 

Altı min illik hökumət millətə əyməz boyun,

Heç görübsənmi, çobansız otlaya bilsin qoyun?

Düşdü meydanə beş-on dinsiz çıxartdı min oyun,

Ol oyundan, iştə, bağrı qandılar iranlılar.

 

Afərin məşrutəyə bədxah olan oğlanlara,

Gündə istefa verən, eraz edən əyanlara,

Şükr kim şimdi baxan yox nahaq axmış qanlara,

İrticaya qəlbdən xahandılar iranlılar.

 

“Molla Nəsrəddin”,

4 avqust 1911, â„– 28

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info