Qonaq Kitabı
Dindar olanın halı pərişan gərək olsun

Dindar olanın halı pərişan gərək olsun,

Əfsürdə-dili, bisərüsaman gərək olsun.

 

Hər qövmə ləkəd-küb ola gər milləti-islam,

Hər adəti-məzmum ilə kəndin qıla bədnam;

Sixma ürəyin, eyləmə qəm, olmagilən xam,

Bu tayifə rizvanə şitaban gərək olsun.

 

Mömin gərək alsın özünə ildə bir arvad,

Damad arayıb kəndinə, olsun həmi damad,

Getsin Məşədə, kəbləyə, qılsın ağasın yad,

Cənnətdə də həmxabeyi-qılman gərək olsun.

 

Qoysun başına molla gərək üç pud əmmamə,

Yay, qış ola əynində onun bir cürə camə,

Ləbbadə və qurşaq ilə gəldikdə xüramə,

Şalvarsız ayağında da tuman gərək olsun.

 

Müşküldü bu kim olmaya seyyiddə səfahət,

Təkrarinə bu məsələnin məncə nə hacət?

Olsa kəmərində birinin şali-səyadət,

Labüddü məğrurü qudurğan gərək olsun.

 

Get seyr elə gör Kukəməri, əhli-Yegani,

Təlvis edib onlar bütün əqtari-cahani,

Hər şəhridə bu tayifənin pirü cəvani

Sail-bəkəfi-pariçeyi-nan gərək olsun.

 

Çün pirdə, ocaqda görünür kəşfü kəramət,

Etsin oları şiə gərək ildə ziyarət,

Möqüf ola, heyhat, çətindır belə adət,

Millət belə qəflətlərə qurban gərək olsun.

 

Kənd-kəsəyə getsən bilisən sureti-halı,

Qurtarmaz içindən oların cəngü cidalı,

Hansı birinin bir kərə artıq düşə yalı,

Dəva salıb öz qaninə qəltan gərək olsun.

 

Çoxlar özünə sənət edib qandırabatı,

Təqdis eləyir işbu müləvvəs hərəkatı,

Olmaz oların hər iki dünyada nəcatı,

Həp bari-kəşu quli-biyaban gərək olsun.

 

Sərdari-Maku oğluna lazımdı toy etsin,

Yüz min tüməni bir toyunun xərcinə getsin,

Bu işrətinin söhbəti dünyalara yetsin,

Dağ-daş başa baş cümlə çıraqban gərək olsun.

 

Konyak içilə su yerinə bəzmi-səfadə,

Sərməst ola, şənlik eliyə atlı, piyadə,

Məzlumların gözlərinin əşki aradə

Axsın yerə, bir dalğalı ümman gərək olsun.

 

Qafqazlı müsəlmanlarımız diqqətə calib,

Fors etməyə, şıq gəzməyə olmuş hamı talib,

Vilhelmi-sibil, pensine, bir şeyi-əcaib,

Avropalı görsə onu heyran gərək olsun.

 

Hər kəs ki, gedir rus dilini qılmağa təhsil,

Az-maz qonuşur türki lisanın bir-iki il,

Bəs ki qarışır bir-birinə sonra bütün dil,

Kim zənn edəcəkdir bu müsəlman gərək olsun.

 

Lazımdır ki, bildirsin özün aləmə şiə,

Olsun mütəhəmmil hamı dərdü qəmə şiə,

Hər il başabaş batsın, əvət, matəmə şiə,

Olduqca həyatı, gözü giryan gərək olsun.

 

“Molla Nəsrəddin”,

27 iyun 1911, â„– 27

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info