Qonaq Kitabı
Sür ömrünü, çək ləzzətini can ələ düşməz

Sür ömrünü, çək ləzzətini can ələ düşməz,

Heç bir belə gün, bir belə dövran ələ düşməz.

 

Yorğanını ört üstünə, get xorneyi-xabə,

Dünyaya cəhət salma özün rəncü itabə,

Bu cifə üçün kəndini oxşatma kitabə,

Fanidi bu dünya, vəli, rizvan ələ düşməz.

 

Təşviş eləmə getsə hamı qövm qabağa,

Sən yatgilən, dincəl, əbədən durma ayağa,

Əfkarını məhdud elə, tərpənmə qırağa,

Mövhum ilə məmlüv olan əzhan ələ düşməz.

 

Arifləri hər bəzmidə təhqir elə yeksər,

Alimləri hər halidə qıl xarü mükəddər,

Öz meylini, öz rəğbətini cahilə göstər,

Sərvəqt ol, aman, qoyma ki, nadan ələ düşməz.

 

Ezaz elə, ikram elə hər mollanümayə,

Təqlid elə hər başı sarıqlı cühəlayə.

Xeyratını ver pulluya, vermə füqərayə,

Fəxr et belə ehsanə, bu ehsan ələ düşməz.

 

Kürnüş elə, əl bağla bəyi, xanı görəndə,

Təzim elə, düş səcdəyə mollanı görəndə,

Ver var-yoxunu mütribü zurnanı görəndə,

Nə zurna tapılmaz, nə də bəy, xan ələ düşməz.

 

Dünyayə əcəb dəmdə, əcəb gündə gəlibsən,

Hər milləti vəhşətdə, zəlalətdə bilibsən,

Bircə özünü eyni-səadətdə görübsən,

Bas bağrına islamı, müsəlman ələ düşməz.

 

Aləm düşəcəkdir, yanacaq nari-cəhimə,

Tək sən gedəcəksən bir o cənnati-nəimə,

Ey cümləni murdar bilən mərdi-bəhimə,

Bərk saxla öz imanını, iman ələ düşməz.

 

Hər yerdə səni süng eləsə boynuyoğunlar,

Əmmaməlilər, tirməlilər, sürməyi donlar,

İncinmə, darıxma, ürəyin sıxma, qoy onlar

Meydan sulasınlar, belə meydan ələ düşməz.

 

Ver Çakərə yüz-yüz ki, yesin qarnı toxalsın,

Hər il boşasın arvadını, tazəsin alsın,

Övladını dansın, evinə vəlvələ salsın,

Vicdanını seyr et, belə vicdan ələ düşməz.

 

Mənbərdə oturt Mirzəli tək hər pezəvəngi,

Vəzində desin min cürə əxbari-cəfəngi,

Qoy nəql edə keyfıyyəti-sərbani-dəbəngi,

Vallahi, bu cür mərdi-süxəndan ələ düşməz.

 

Qafilsən əcəb, məqbərənin ləzzəti vardır,

Hər gün orada mollaların söhbəti vardır,

Tüllabların get necə gör işrəti vardır,

Ver huşunu bu sözlərimi qan, ələ düşməz.

 

Bu il bu məhərrəm hacılar qıldılar tədbir,

Ta eyləyələr köhnə, uçan məscidi təmir,

Min verməyə, yüz verməyə and içdilər bir-bir,

İndi biləsən bir nəfər insan ələ düşməz.

 

Getsən qaçacaqlar,

Tutsan danacaqlar,

Müşkül dəxi onlar

Bir cəm olacaqlar.

Məscid də yarımçıq,

Məktəb də yarımçıq

Axır qalacaqlar.

 

“Molla Nəsrəddin”,

7 fevral 1911, â„– 6



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info