Qonaq Kitabı
Millətinin halı pərişan ola

Millətinin halı pərişan ola,

Hər bir işi nifrətə şayan ola,

Cahil ola, vəhşi və nadan ola,

Qəm yemə, səbr et, bu da, yahu, keçər.

 

Daireyi-əqlü ədəbdən kənar

Əmri müsəlman edə daim şüar,

Olmaya bir kimsədə namusü ar,

Qəm yemə, tab et, bu da, yahu, keçər.

 

Hər işimiz məsxərəli, gülməli

Olsa bizim, pozma kefin, ay dəli,

Hər neləsə Kəlb Cəfər, Kəlb Əli,

Qəm yemə, tab et, bu da, yahu, keçər.

 

Vaizimiz söyləyə mənbərdə gər

Beri-ələm, möcüzi-şəqqülqəmər,

Zəfəri-çindən sənə versə xəbər,

Sakitü lal ol, bu da, yahu, keçər.

 

Mərsiyəxan gündə çıxa mənbərə,

Xalqı soya, düşməyə əsla yerə,

Tab elə, döz böylə yaman günlərə,

İncimə, səbr et, bu da, yahu, keçər.

 

Oğru, əcamir doluşa məscidə,

Zəng vura, toy çala, şaxsey gedə,

Baş-qulağın qanına qəltan edə,

Dinmə, danışma, bu da, yahu, keçər.

 

Tüstü basa məscidi, külxan ola,

Tab eləmək xarici-imkan ola,

Mərsiyəmiz kizb ola, böhtan ola,

İncimə, qatdaş, bu da, yahu, keçər.

 

Çakər[1] ola mərsiyəxani-səhih,

Qovli qələt, feli təmamən qəbih,

Vədeyi-cənnət verə xəlqə sərih,

Dinmə, danışma, bu da, yahu, keçər.

 

Bəzzazımız başə çala zərbəti,

Kəndinə tərğib eliyə milləti,

Əmri-səvab ədd edə bu bidəti,

Qəm yemə, səbr et, bu da, yahu, keçər.

 

Məscidinə oğru girə aşikar,

Sirqət edə çəkmə, qaloş, hər nə var,

Payi-bürəhnə qalasan zinhar,

Dinmə, danışma, bu da, yahu, keçər.

 

“Molla Nəsrəddin”,

18 yanvar 1911, â„– 3



[1] O zaman Naxçıvanda yaşayan bir mollanın təxəllüsüdür.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info