Qonaq Kitabı
Eyləmə qəm

Eyləmə qəm, ey başı boş bambılı,

Dümbəyi çal düşgilə meydanə sən.

Mütrübə, cindarə, meyə səp pulu,

Sərf eləmə başqa bir ehsanə sən.

 

Gündə həna bağlagilən yalına,

Açma gözün, baxma bir az halına,

Cəlb elə ənzarı yoğun şalına,

Eylə səfər ildə Xorasanə sən.

 

Tazəbatazə eylə siğə, nikah,

Bilgilən icrayi-təlaqi mübah,

Feyz qazan kəndinə şamü sabah,

Fövt eləmə ömrünü əfsanə sən.

 

Səy eyləyib başına topla mürid,

Mədrəsəni, məktəbi et napədid,

Qoyma açılsın bir üsuli-cədid,

Görmə rəva elmi müsəlmanə sən.

 

Başını qırxdırgilən, həm pak elə,

Diqqət eylə, qoymagilən tük gələ,

Salma bu dünyada özün əngələ,

Dik gözünü cənnəti-rizvanə sən.

 

Qız götürub qaçmağı bil çox hünər,

Dərdin ola vermə təbibə xəbər,

İncimə üz versə qəzavü qədər,

Eylə fəda canını cananə sən.

 

Qoyma əyalın, çocuğuna zad qana,

Qat otağa, bağla dilin, yıx yana.

Dərs yaraşmaz qıza, ya oğlana,

Qeyrət elə nəfi-cibişdanə sən.

 

Ölsə ölün, quyla əmanət onu,

Qoyma yubanmaqlığa, əlbət, onu,

Torbaya tök, çat ata xəlvət onu,

Düş çaparaq bərri-biyabanə sən.

 

Çox da qəzetlər səni təhqir edir,

Əksini jurnalda da təsvir edir,

Eybini, nöqsanını təhrir edir,

Vermə qulaq hərzəvü hədyanə sən,

Dümbəyi çal, düşgilə meydanə sən.

 

“Molla Nəsrəddin”,

14 dekabr 1910, â„– 40



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info