Qonaq Kitabı
BİR ADAM LAZIMDIR

 

Rusiyada və Yevropada nəşr olunan qəzetələr ha yazırlar ki, müsəlmanlar çalışırlar “ittihadi-müslimin”[i] düzəldib birləşsinlər və əcnəbi millətlərə zor edib, bütün yer üzünə sahib olsunlar.

Bir adam lazımdı ki, gedə yapışa bu qəzetləri yazanların əlindən və gətirə Qarabağa və Qarabağın bir para vaizlərini nişan verə; haman vaizləri ki, camaatı yetmiş iki tirəyə bölməkdən savayı özgə bir işləri yoxdu.

Bir belə adam bizə lazımdı.

Bundan savayı bizə bir adam da lazımdır: bir adam da lazımdı gedib dursun Arazın kənarında və İrandan bu tərəfə keçən bəzi vaiz və mərsiyəxanlara və təzə seyidlərə desin: mən ölüm, ülgücləri qoyun burada, sonra Arazı keçin.

Bir belə adam bizə lazımdı.

Bundan savayı bir adam da bizə lazımdı:

Ağdamda hacı Qənbərvəli cümə günləri dükanı açır ki, guya toyuğu gəlib dükanda yumurtdayandan sonra dükanını bağlasın. Bu hiylə ilə hacı fürsət tapıb alış-veriş eləyir. Bir adam lazımdı ki, Ağdama gedib hacı Qənbərvəlidən soruşa: “Ay hacı, allah atana rəhmət eləsin, necə heyfin gəlmədi o pullara ki, aparıb Ərəbistan biyabanında bədövilərə payladın?”.

Bir belə adam bizə lazımdı.

Sonra bir adam da bizə lazımdı.

Tiflisdə ruhani rəislərimiz gimnaziyada oxuyan şiəməzhəb müsəlman uşaqları-na deyirlər ki, siz sünni mollasından dərs almayın. Bir adam lazımdı ki, gedib həmin ruhani rəislərimizə desin: “Ay qardaş, nə vaxt siz bəxtiqarə müsəlmanların içindən rədd olacaqsınız?”

Bu adamlardan savayı bir adam da bizə lazımdı, bu da qalsın sonraya.

 

Hərdəmxəyal.

“Molla  Nəsrəddin”,  3 noyabr,  1906,  N 31.



[i]  Müsəlmanların birliyi.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info