Qonaq Kitabı
OTUZ İKİNCİ FƏSİL

Sentyabrın 17-də çərşənbə günü Qızıl Ordu Tehrana daxil olanda küçələrdə adam əlindən tərpənmək mümkün deyildi. Minlərcə insan məhəbbət, heyrət və maraq dolu gözlərilə Qızıl Ordu döyüşçü və komandirlərinə baxır, onları alqışlayırdı. Qızıl Ordu millətin nəzərində gələcək xoş günlərə, azad və səadət dünyasına yol açan bir qüvvə idi. Mürtəcelər və qara qüvvələr isə Qızıl Orduya kin və vahimə dolu bir nəzərlə baxırdılar.

Rza xanın taxt-tacdan əl çəkməsi, hakimləri, mürtəce təbəqəni tam bir şaşqınlıq içərisində buraxmış, xalqda isə sonsuz sevinc və ümid doğurmuşdu. Zəhmətkeş təbəqələr İran göylərinə əbədi azadlıq günəşi gəldiyini düşünür və hissiyyatını ifadə etməkdən çəkinmirdi.

Qızıl Ordu böyük Kirəc yolundan qüdrətli və əzəmətli bir yürüşlə Tehrana daxil olurdu. O, pozulmaz səflərlə yüyürərək böyük bir qüdrəti, yüksək bir mənəviyyatı, saf və təmiz bir idealı təcəssüm etdirirdi... Onun başı üstündə həqiqi azadlığın əbədi rəmzi olan qızıl bayraqlar yellənirdi. Onun silahını bağrına basmış döyüşçülərinin gözündə əbədi sülhün işıqları yanırdı. Orada sonsuz bir məhəbbət və munislik vardı. Yox, şəhərə adi bir ordu girmirdi. O, süngülərinin ucunda insanlara qardaşlıq və səadət, azadlıq və xoş gün gətirirdi O, şəhərə yeni bir dünya, minlərlə insanlara xəyal kimi uzaq görünən yeni bir həyat gətirirdi. Buna görə də şəhər böyük bir maraq və diqqətlə onun ayaq səslərinə qulaq asır, yürüşünü addım addım izləyirdi. On minlərlə insanlar səkilərdə sıxlaşaraq, evlərin damlarından boylanaraq ucu-bucağı görünməyən bir kütləyə çevrilərək Qızıl Orduya, onun əzəmətli yürüşünə tamaşa edirdilər. Cənuba doğru yayılıb gedən şəhərdə bir addım da boş yer tapmaq mümkün deyildi. Hər tərəf adamla dolu idi. Ordunun ön dəstəsi adamların cərgəsinə yaxınlaşan kimi sükut və heyrət içində durmuş kütlənin içindən yüzlərlə səslər eşidildi.

- Zindəbad Ərtəşi Sorx*.

“Ura!” sədası fırtınadan təlatümə gələn bir dərya kimi insan izdihamını titrətdi. Kim isə adamların arasından qopub özünü küçəyə atdı. Qızıl əsgərlərin başına çiçəklər səpdi. Yenidən ura səsləri gurladı.

Fridun, Kürd Əhməd, Aram, Rza Qəhrəmani, Fəridə və Sərxan da yan-yana duraraq, səslərini çıxarmadan böyük bir ürək çırpıntısı ilə Qızıl Ordu dəstələrinə baxır,  minlərlə başqaları kimi maşınlardan tutmuş döyüşçü və komandirlərin geyiminə, nişanlarına qədər hər şeyə doymaz bir ehtirasla tamaşa edirdilər... Qızıl Ordu döyüşçü və komandirlər, əllərini yelləyərək onları salamlayan kütləni məhəbbət dolu nəzərlərlə seyr edib keçirdilər. Artıq hər yandan onların başına çiçəklər səpilirdi. Tam bir şaşqınlıq içərisində olan hakim dairələrin istəyinə baxmayaraq, xalqın qarşısını almaq, Qızıl Ordunu “sükutla” qarşılamaq mümkün olmamışdı. Əslinə baxılarsa bunun qarşısını alacaq bir qüvvə də yox idi. Yuxarıdan aşağı bütün dövlət aparatı pozulmuş, hərbi təşkilat dağılmışdı. Varlılar, hərbi qulluqçular və sahib-mənsəblərdən gizlənən gizlənmiş, gizlənməyən başını götürüb cənuba qaçmış, özünü sabah Tehran girəcək ingilis ordusuna çatdırmağa tələsmişdi. Xalq isə nə məskənini tərk etmiş, nə də üzünü cənuba tutmuşdu. O, uzun illərin sonsuz zülmündən sonra ilk dəfə özünü azad hiss edərək, geniş nəfəs alırdı. İnsanlar evlərini, işlərini buraxaraq, dükan-bazarı bağlayaraq küçələrə çıxıb, azadlıq ordusunu qarşılayırdılar. İllər uzunu bu ordu haqqında yayılan alçaq böhtan və iftiralar belə xalqın qabağını kəsə bilməmişdi. Onun qəlbində Lenin adının doğurduğu sonsuz məhəbbət və etimadı öldürə bilməmişdi. Sevincdən insanlar bir-birini qucaqlayıb öpür, şadlıq edir, “artıq zəncirlər qırıldı!” deyə böyük azadlıq müjdəsi ilə bir-birini salamlayırdılar. Fridun qucaqlaşıb-öpüşən, bir-birini havada atıb tutan: “Dadaş, ölmədik bu günü də gördük!” deyən iki dəmiryol işçisini Kürd Əhmədə göstərib:  

- Bəs biz niyə durmuşuq? - dedi və onun boynuna sarıldı.  

- Axı biz də istibdadın ağırlığını az çəkmədik!

Kürd Əhməd onu öpərək:

- Sən hamımızdan çox çəkdin, - dedi, - sənin hər şeyə haqqın var!  

- Yox, elə demə, mən ancaq namuslu bir vətəndaş kimi vəzifəmi yerinə yetirmişəm. Siz də mənim kimi... Artıq qabaqda aydın üfüqlər görürəm. Qardaşlar, deyəsən ölməmiş məramımıza çatacağıq, bu yazıq, bu bədbəxt camaatın da səadətə çatdığı günü görəcəyik!..  

- Bəli, bu bir tarixi gündür ki, nəsilbənəsil insanların yadından çıxmayacaqdır. Körpələrimiz də onu əbədi olaraq xatırlayacaqlar!..  

- Gədə, a şirazlı balası! - deyə vəcd ilə qışqıran bir səs onların söhbətini kəsdi, dönüb baxdılar. Ayaqları yalın, başları açıq iki nəfər, adamları yararaq bir-birinə yaxınlaşırdı.  

- Nə var, ay ərdəbilli balası?..    

- Nə olacaq, bayramdır, bayram!.. Səninlə mənim bayramımızdır!    

Onlar bir-birinə yaxınlaşıb qucaqlaşdılar. Şirazlı çağrılan adam:   

- Doğrudan da bayramdır, - dedi... - Novruzdan xoşdur!

Kim isə acığını yeyə bilməyib, onlara baxdı: 

- Nəyin bayramını edirsən oğul, ayağına çust tap, sonra...

Ərdəbilli əlində əsa, başında şlyapa olan arıq, lakin uzunboylu, yaxşı geyinmiş adama döndü.

- Onu da tapacağam, ağa, heç fikir eləmə, onu da tapacağam. O ki qaldı bayram, mənə bundan böyük bayram yoxdur. Rza xanın yıxıldığı günü gördüm. Ölsəm də bəsimdir..

- Tez sevinirsən, oğul, hələ arxı atıl, sonra barakallah de. Rza xan gedər, oğlu gələr... Tez atılıb düşürsən.

- Oğlu gəlməsin, lap dədəsi gəlsin. Bu qüvvənin qabağında istibdad nökərləri daha dura bilməyəcəklər.

“İstibdad nökərləri” sözü ağaya bərk toxundu.  

- Bunun cavabını sənə sabah verərəm, sabah cümə axşamıdır. Xoş gündür, bir Tehranın cənubuna çıx, gör kim gəlir.

Şirazlı ağaya tərəf yeridi:

- Onda bəs, gözün aydın olsun, ingilis ağalar yaxşı vaxtında gəlirlər. Ağa, bəs sən niyə burada qalmısan, yoldaşlarının hamısı çamadanlarını götürüb çoxdan cənuba qaçıblar. Ağa, yoxsa sən casussan?..

Ərdəbilli, özünü itirmiş uzunboylu adamın lap qabağına keçdi.

- Ağa, gözümə yaxşı bax ha, sən deyən zaman deyil!..

Uzunboylu adam birdən-birə gödəlib balacalandı, büzüşüb adamların içinə soxuldu və gözdən itdi.

Fridun fikirli-fikirli yoldaşlarına baxlı:  

- Qabaqda ağır bir mübarizə var, dostlar! Döyüş meydanı bundan sonra açılır!

 ***

Günlər keçdikcə fəhlə təşkilatları yaranıb fəaliyyətə başlayır, azadxah qəzetlər meydana çıxırdı.

Fridun, Kürd Əhməd, Rza Qəhrəmani, Sərxan, Fəridə və Aram yorulmaq bilmədən bu təşkilat və qəzetlərdə çalışırdılar. Südabə və Xavər də ciddi olaraq işə qoşulmuşdular. Qarşıda geniş və nəhayətsiz üfüqlər açılırdı... Xoş bir gələcək gülümsəyirdi. Bu gələcək qarşısında sanki bütün keçmiş dərdlər, bütün ağır yaralar unudulmuşdu. Təşkilatın rəhbəri yenə Kürd Əhmədlə Fridun idi. Artıq cənub zindanlarından qayıdıb gəlmiş bir neçə görkəmli xadim də fəaliyyət göstərməyə başlamışdı. İlk şaşqınlıqdan sonra özünü düzəltməyə başlayan və ingilis qoşunlarını gördükcə ürəklənən irtica da hərəkətə gəlirdi. Dövlət orqanları yenə onların əlində idi. Ancaq xalqın təzyiqi ilə onları geri çəkilməyə məcbur etmək olardı. Kürd Əhməd və Fridun evdən çıxaraq bu məqsədlə təyin olunmuş mitinqə tələsirdilər. Küçədə bir izdiham onları da öz qoynuna aldı. Sanki şəhərin hər tərəfindən adamlar buraya axmaqda idi. Başıpozuq halda hərəkət edərək heç bir intizama tabe olmayan, bir-birini itələyərək qabağa soxulan minlərcə insanlar böyük bir hay-küy qaldıraraq, hara isə tez çatmağa tələsirdi. Bu axının içərisində hər cür adam tapmaq olardı: fəhlə, kəndli, tacir, ruhani, ziyalı, xırda alverçi, hər təbəqədən desən burada vardı. Lakin elə ilk nəzərdəcə onun əsasən yoxsul və zəhmətkeşlərdən ibarət olduğu görünürdü. Fabrik-zavod fəhlələri, xırda sənətkarlar, dəmiryol işçiləri, başmaqçı şagirdləri və heç bir peşəsi olmayan minlərcə işsiz, qabağı açılmış bir çay kimi axır və qışqırırdı:

- Zindəbad azadi-İran!

- Merdebad rejimi-istibdadi!*

- Rədd olsun Pəhləvi!

Hər tərəfdən bir səs, bir şüar eşidilirdi. Adamlar “ura!” deyə qışqırırdı. Hər yüz addımda yorulmadan qışqıra-qışqıra şüar soyləyən natiqləri çiyinlərinə qaldırmış dəstələrə rast gəlmək mümkün idi. Çox gur səsli bir natiqi çiynində aparan belə bir dəstə Fridun və Kürd Əhmədin nəzərini cəlb etdi. Onlar diqqətlə baxdıqda onun Rza Qəhrəmani olduğunu gördülər. O, dəmiryol fəhlələrinin içində idi. Sərxan, onun ocaqçısı Rüstəm də onların arasında idi. Rza Qəhrəmani özü atəşin və həyəcanlı səslə ortalıqda qəribə bir canlılıq yaradırdı:

- Rədd olsun qanlı istibdad! Biz çörək istəyirik! Biz iş istəyirik! Balalarımıza çörək verin!...-  deyə o, dalbadal xalqın ürəyindən olan şüarlar buraxırdı. Nəhayət o:  

- Besəlamotiye-azadi se mərtəbə ura bekeşim!*- deyib çığırdıqda bütün izdiham üç dəfə ura, ura səsilə küçəni titrətdi. Firdovsi küçəsinin ortasında izdiham yavaşıyır, sıxlaşırdı. Adam əlindən tərpənmək mümkün deyildi. İynə atsan yerə düşməzdi. Fridun və Kürd Əhməd adamları aralayaraq, qabağa keçməyə, birtəhər özlərini ikinci mərtəbədə, bir evin balkonunda düzəlmiş tribunaya çatdırmağa cəhd edirdilər. Lakin adamlar divar kimi möhkəm bir sədd əmələ gətirdiyindən bir addım da irəli atmaq imkanı olmayan bir yerdə durdular. Bu zaman nə isə küçənin ortasından onlara doğru bir təzyiq oldu. Kim isə gəlirdi. Motor səsi eşidildi. Bu, motosikletdə oturmuş üç pasibanla camaatı təhdid edərək küçəni açmaq istəyən ajan başçısı idi. O, Rza Qəhrəmanini çiynində saxlamış dəstəyə yaxınlaşdı. Acıqlı-acıqlı onlara baxıb dağılışmalarını tələb etdi. Rza Qəhrəmani:   

- Məhv olsun istibdad nökərləri! - deyib qışqırdı. Ura səsindən ajan başçısının sözlərini eşidən olmadı. O, acıqlanaraq, qabağında dayanmış bir fəhlənin yaxasından yapışıb silkələdi və yana itələdi:

- Dağılışın, asayişi pozmayın! - dedi və əlini tapançasına atdı. Bunu görən Rza Qəhrəmani daha odlu bir səslə qışqırdı:  

- Məhv olsun istibdad nökərləri!.. Məhv olsun Pəhləvi!..

Qəflətən açılan bir güllə səsi, ani bir sakitlik yaratdı. Rza Qəhrəmaninin həmişə havada yellənən sağ qolu yanına düşdü və çiynində qırmızı ləkələr göründü. Kim isə:  

- Bu itlərin silahını alın! - deyə bağırdı. Bir anda ajan başçısını motosikletdən vurub yerə saldılar. Aləm bir-birinə qarışdı. Bir nəfər onun tapançasını götürüb, pasibanları təhdid etdi:

-  Rədd olun buradan!

Kütlə onları göz açmağa qoymadı, daldan qucaqlayıb yerə yıxdılar və döyməyə başladılar. Fridun və Kürd Əhməd böyük bir çətinliklə özlərini Rza Qəhrəmaniyə çatdırdılar. Fəhlələrdən kim isə alt köynəyini çıxarıb parçalayaraq onun yarasını bağlayırdı. Fridunu və Kürd Əhmədi gördükdə Qəhrəmaninin gözləri yaşardı. Sol əli ilə onları qucaqlayıb öpdü:

- Qardaşlarım, nəhayət böyük azadlıq günü gəldi! - dedi.

Onu izdihamdan aralayıb aparmaq istədilər. Razı olmadı.  

- Məni yuxarı çıxarın! Yuxarı çıxarın! - deyib təkid etdi. Yalnız rəngi ağarıb, durduğu yerdə səndələməyə başladıqda fəhlələr onu küçənin yan tərəfinə çəkdilər. Kürd Əhməd və Fridun onu dərhal həkimə aparmaq haqqında göstəriş verərək, tribunaya tərəf irəliləməyə başladılar. Tribunaya çatmamış çox qismi qadınlardan ibarət olan bir dəstəyə rast gəldilər. Onlar tez-tez şüarlar söyləyirdilər. Fridunun gözləri dəstənin qabağında gedən və ara-sıra dönərək şüar söyləyən Fəridəyə, Xavərə və Südabəyə sataşdı. Südabə ona tamamilə başqa cür göründü, indi onun gözəlliyi yeni bir məna, yeni bir keyfiyyət kəsb etmiş kimi idi. Məhbəsdən çıxdığı gün olan görüşlərini xatırladı. Qız gülümsəyərək gözlərindən süzülən yaş damlalarını silmiş və özünü onun boynuna atmaqdan zorla saxlaya bilmişdi. İndi də onun gözləri saf bir məhəbbətin işıqları ilə yanırdı. Nə üçün o bu qıza qarşı əlaqəsini müəyyən edə bilmirdi?.. Qəlbindəki hissləri boğan nə idi? İndiyə kimi bu suallara təbii bir cavab olaraq Gülnaz gəlib gözləri önündə durdu. O indi anlayırdı kı, ürəyini açılmağa qoymayan müqəddəs bir əhdin bilinməz gələcəyidir. Lakin Südabə bundan xəbərsiz idi. O, təzadlı iztirab və həyəcanların nə olduğunu bilmir və sevirdi. İkinci dəfə Südabəyə baxdıqda gözləri qızın gözünə sataşdı. Qızın baxışları heyrət içində donub qaldı. Sonra da bir vəcd ilə qadınlara döndü, Fridunu salamlar kimi qışqırdı:  

- Yaşasın azadlıq!

Fridun, qadınların arasında bir dəstə gül içində ilk bahar qönçəsini xatırladan Südabəyə baxıb gülümsədi. Qız əlini havada yelləyib, onu salamladı. Tribunaya tələsən Kürd Əhməd onu dalınca çəkib apardı.

Tribunada təşviş içərisində olan Aram onları qarşıladı. Hətta salamlaşmağı belə unudaraq:

- Haradasınız? – dedi. - Başlamayıb sizi gözləyirik!

Mitinqi dəmir yolu işçilərindən altmış yaşlı gümrah qoca açdı:  

- Yoldaşlar, - dedi, - bu gün istibdadın axırı gəlib çatıbdır. Bəsdir, iyirmi il biz zülm və əsarət pəncəsində inlədik. Bəsdir, bir tikə çörəyə həsrət qaldıq. Bəsdir, işsizlik və ehtiyac bizi əldən saldı. Bəsdir, ölkəni əcnəbilərə satdıqları. Bu gündən xalq özü məmləkətin ixtiyarını öz əlinə almalıdır. Yaşasın bizə azadlıq gətirmiş Qızıl Ordu! Yaşasın xalq hakimiyyəti!..

Həyəcanlı “ura!” səsləri yatdıqdan sonra Aram, Kürd Əhməd və başqaları danışdı. Camaat hər natiqi diqqətlə dinləyirdi.

Bu zaman natiqlərin çıxış etdiyi yerdən çox-çox uzaqda, izdihamla qaynaşan böyük küçənin o biri başında bir-birini sıxa-sıxa irəli getmək istəyən adamların arasından dörd qadın çıxmağa çalışırdı. Onlar bir səliqədə və bir cür bəzəndiyindən bir-birindən seçilməyən ikisinin otuz-otuz beş yaşı olardı. Bu ortaboylu, arıq qadınların saçları xına rəngində idi. Onlar hər şeyə laqeyd kimi görünürdülər. Üz-gözünü tər basdığı üçün pudrası silindiyindən kaftarlaşmağa başladığı bilinən üçüncüsünün yaşı əlliyə yaxın idi. Üzündəki yorğunluqla qəzəb qarışıq bir ifadə onu çox bədheybət göstərirdi. Dördüncü cavan bir qız idi, yaşlı arvad onu saçı xına rəngli qadınla öz arasına salmışdı və bir an da gözdən qoymurdu. İzdiham bir balaca onları sıxışdıran kimi, təşvişlə cavan qızın qolundan tutub dartır, özlərindən uzaq düşməyə buraxmırdılar. Bu qız Gülnaz idi. Qarı Qəmərbanu, o birilər də onun xanımlarından idi.

İranın müharibəyə qoşulduğu, şahın qaçmağa hazırlaşdığı və azadlıq yaranacağı kimi müxtəlif xəbərləri eşidən Qəmərbanu bərk təşvişə düşmüşdü. Azərbaycanda ona oxşar adamların evlərinin talan edilib, özlərinin də öldürüldükləri kimi xəbərlər də qulağına çatmışdı. Bundan başqa son günlər, demək olar ki, qapısını açan olmurdu. Camaatın başı başqa məsələlərə qarışmışdı. Bunları nəzərə alaraq Qəmərbanu tezcə əsas evdən əl çəkmiş, qızların bir hissəsini azad etmiş, bir-iki ən çox inandıqlarını da götürüb, Gülnaz olan daha sakit və daha əlverişli kiçik evə köçmüşdü. Burada yüngül bir xərc-məxariclə baş saxlamaq olurdu. İndi də bazardan qayıdarkən gözləmədikləri halda bu küçələrə düşmüş, izdiham sel kimi onları qucağına alaraq, insan girdabının lap ortasına sürükləmişdi. Əvvəlcə Qəmərbanuya bir teatr tamaşası qədər maraqlı görünən əzəmətli küçə nümayişləri getdikcə onu qorxutmağa başladı. Bu qüdrətli insan  adını və dəhşətli şüarlar, qışqıran bu güclü dəstələr sanki onun bağlandığı mühiti dağıdacaq, yaşayışının əsası olan aləmi silib atacaq vulkan idi. Arvad elə bil ki, ömrü boyu törətdiyi cinayətlərin sorğu-sualını ancaq bir ədalət məhkəməsinin əlinə düşəcəyini hiss edirdi. Buna görə də o, çıxıb qaçmağa tələsirdi, adamları aramsız surətdə aralayaraq bir yol açmaq istəyirdi.

Gülnaz isə tamamilə başqa bir ruhi vəziyyət içində idi. Ona elə gəlirdi ki, qüdrətli bir sel, bir axın onu alaraq irəli aparır. Bu axın, bu sel onu qucağına alıb, həsrətlə gözlədiyi azadlıq və səadət dünyasına doğru aparırdı. O nə müqavimət göstərir, nə də adamları itələyirdi. Qəribə bir maraqla, özünü unudaraq, hələ səbəbini, mahiyyətini yaxşı ayırd etmədiyi bir sevinclə, deyilən sözləri dinləyirdi. Hər yandan qulağına gələn “məhv olsun istibdad!”, “məhv olsun faşizm!”, “yaşasın Qızıl Ordu!” şüarlarında o, sadə bir məna tapırdı. Azadlıq gününün gəlib çatdığı, taleyinin üzünə gülməyə başladığı ürəyinə dammışdı.

Başının üstündə bayraqlar yellənən dəstələr keçirdi. Onlar əlləri qabarlı, üz-gözləri günəşdən yanmış, üst-başı tökülmüş saysız-hesabsız adamlardan təşəkkül tapmışdı. Bu, artıq hiddətlə ayağa qalxmış zəhmət və ehtiyac ordusu idi. Bunlara baxdıqca ilk dəfə olaraq Gülnazın qəlbində tək olmadığı hissi oyanırdı. O, indi bu böyük izdihamın ayrılmaz bir parçası olduğunu yavaş-yavaş duyurdu. O, əsl anasını, bir zaman ölməyən, heç bir zaman qocalmayan və heç bir dərd qarşısında saralmayan böyük anasını - xalqı tapmışdı və bu anadan, artıq heç bir qüvvə onu ayıra bilməzdi!

Qəmərbanunun, izdihamın seyrəkləşdiyi, səs-küyün azaldığı səkiyə çıxıb, tamamilə sakit və xəlvəti olan dar bir küçəyə dönmək istədiyini gördükdə Gülnaz birdən dayandı:  

- Xudahafiz, xanım, - dedi, - mənim yolum başqa yerədir!

Sanki elə qorxduğu bu imiş kimi, Qəmərbanunun səsi titrədi:

- Gəl, bala, gəl! Küçələrdə qalarsan. Qız uşağına yaraşmaz.

Gülnaz izdihama tərəf döndü. Fəhlə və yoxsul qadınlardan ibarət olan bir dəstəni göstərdi:

- Onlar necə, mən də elə! - deyib yerindən qopdu və dalına baxmadan qaçıb, izdihamın içində itdi.

Uzaqda isə mitinq davam etməkdə idi. Adamlar danışırdı. O günlər ən adi sözlər belə xüsusi bir məna ilə səslənirdi. Hər şey maraqlı, hər şey mənalı idi! Xalq hər şeydə yeni həyatın, azadlıq və səadətin ətrini duyurdu. Arzular və xəyallar dünyasının qapısı açılırdı. Xalq sevinirdi.

Lakin...

Lakin o gün başqa bir yerdə başqa bir iclas da gedirdi. Daha doğrusu, onu iclasa yox, kiçik bir çay məclisinə oxşatmaq olardı. O da Zərkəndədə Hikmət İsfahaninin bağında idi. Orada Tehranın Həkimülmülk kimi mötəbər ağaları, İran siyasətinin “yıxılmaz dirəkləri” vardı. Hətta gövdəsini yenicə yoğunlatmağa başlayan Sərhəng Səfai də orada idi. Mister Harold və mister Tomas da trubkalarını ağzına salıb, sakit görkəmini pozmadan orada gəzir, gah ona və gah buna dönərək, İran qaydası ilə qovrulmuş badam içi və ləbləbi-kişmişdən xırda-xırda ağızlarına atır, əylənirdilər. Bu əyləncələrin içərisində də xalq üçün başqa bir gələcək, İran üçün başqa bir tale hazırlanırdı.



* Yaşasın Qızıl Ordu.

* Yaşasın İranın azadlığı! Məhv olsun istibdad rejimi!

 

* Azadlığın sağlığına üç dəfə ura çəkək!

 

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info