Qonaq Kitabı
OTUZ BİRİNCİ FƏSİL

Qızıl Ordu Tehranın şimalında Kirəcdə dayanmışdı. Cənubda, Kirmanşahda ingilis qoşunları ilə İran qoşunları arasında saziş əmələ gəlmişdi.

Tehranda vəziyyətin ən gərgin zamanı idi. Qoşunlar qaçmış, idarələr pozulmuş, tam bir hərc-mərclik yaranmışdı. Hakimiyyət adına hələ də zahiri bir sükut içərisində yaşayan saraydan başqa heç bir şey qalmamışdı.

Lakin siyasət aləmində görkəmli rol oynamaq arzusunda olanlar, istibdadın sadiq nökərləri, öz mal-mülkünü və cəmiyyətdə hakim mövqeyini saxlamaq istəyənlər çox tez lazımi mənbələrlə görüşmüş və hərbin ilk günlərində yaranan şaşqınlığı qızğın fəaliyyətlə əvəz etmişdilər. Belə bir dəstə Zərkəndə Hikmət İsfahaninin bağında toplanmışdı. Onları görən, ciddi bir məqsəd üçün deyil, yüngül bir ziyafət məclisinə yığışdıqlarını güman edərdi. Yavaş-yavaş gəzir təsbeh çevirir çubuq çəkir, söhbət edir, hətta zarafatyana sözlər danışıb gülürdülər də. Bununla belə hamısının simasında bir gərginlik, bir nigarançılıq vardı. İranda yaranan mürəkkəb siyasi vəziyyət, bu vaxta qədər istibdad zəncirlərinin açıq fəaliyyətə buraxmadığı inqilabi demokratik qüvvələrin hərəkətə gəlməsi, xalqın içərisində gözə çarpan canlanma onları təşvişə salmışdı. Rza xan istibdadının axırı çatmışdı. Heç bir qüvvə onu yaşada bilməyəcəkdi. Nə İran tacirləri və mülkədarları, nə ingilis-amerikan imperializmi onun ömrünü uzadacaq iqtidara malik deyildi. Lakin onlar Rza xanı qurban verməklə heç də öz ağalıqlarını, öz hakim vəziyyətlərini itirmək fikrində deyildilər. İndi onları düşündürən, gələcəkdə İran tacını başında gəzdirəcək adamın fikrinə və iradəsinə hakim olmaq, onu öz siyasətinin ifaçısına çevirmək fikri idi. Bu məqsədlə də onlar Hikmət İsfahaninin Zərkənddəki bağında ziyafət düzəltmişdilər. Buraya İranın görkəmli siyasət xadimləri, bəzi mühərrirlər, mötəbər tacir və maliklər də dəvət olunmuşdu.

Hikmət İsfahani qonaqları özü qəbul edərək, ayaq üstə dolanır, gah bu, gah o yana dönərək, birinin halını soruşur, birisinə lütfkar bir söz deyir və qapıdan gözünü çəkmirdi. Hətta mister Tomas və mister Haroldun varlığı belə onun intizarla gözünü qapıya dikməsinə mane ola bilmirdi. O, Şahpuru gözləyirdi.

Mister Tomas trubkasını tüstülədərək özündən razı və soyuqqanlı bir əda ilə gözlərini yavaş-yavaş o tərəf-bu tərəfə gəzdirir və hərdənbir də yanında büzüşüb duran balaca Həkimülmülkə baxırdı.

- Ağayi vəzir, çox fikirlisiniz?

- Vəziyyətimiz ağırdır, mister Tomas, rus qoşunları Kirəcdə dayanıb. Azərbaycandan, Gilandan heç bir məlumatımız yoxdur...          

Bu söhbəti eşidən Hikmət İsfahani tənə ilə:

- Azərbaycanın dərdini sən niyə çəkirsən – dedi, - orada nə mülkün var, nə malın. Hamısını yığmısan Kirmanşaha, İsfahana, Şiraza. Qoy mənim ürəyim darıxsın ki, taxıl əldən getdi, meyvəcat əldən getdi. Bolşeviki yanında görən kəndçi ərbaba bir ponza da verməyəcək.

- Elə bilirsən ki, bu elə bəladır Azərbaycandan bu yana keçməyəcək! Hələ Tehrana çatmayıblar, amma bütün məmləkətdə qanun-qayda pozulub, yerindən duran gədə-güdə azadlıqdan dəm vurur... Kirmanşah kəndçisi də həmçinin. Sərhəng Mazəndarandan nə xəbər var?

Sərhəng vəzirə rahatedici bir cavab verə bilmədi:

- Ağayn vəzir, yaman panika əmələ gəlib. Əsaslı bir xəbər verən yoxdur. Oradan-buradan aldığımız məlumat isə vəziyyətin çox pis olduğunu göstərir.

Sovet qoşunlarının İrana daxil olması ilə mister Tomasın dərdi çox artmışdı. Xalq arasında baş verən canlanma, demokratik qüvvələrin açıq fəaliyyətə başlaması, kənd və şəhər zəhmətkeşlərinin siyasi aktivliyi onu düşündürürdü. O, bütün bunların qarşısını almaq üçün yollar axtarırdı:

- Ağayi Sərhəng, - dedi, - əlahəzrət kral dövləti İranda daimi asayiş tərəfdarıdır. Naməlum və cahil ünsürlərin başıpozuqluq simasına dözmək olmaz.

- Mister Tomas, indiki vəziyyətdə onların qabağını almaq çətindir. Qoşun silahını töküb yerə, əmniyyə, ajan qoyub qaçıb. Belə bir zamanda gədə-güdənin üstümüzə ayaq alması təbiidir.

Hikmət İsfahani yanıqlı bir səslə:

- Mister Tomas, - dedi, - bu işlərin axırı necə olacaq? Bu lat-lütün ki, əl-ayağı açıldı, biz başımızda papaq saxlaya bilmərik. Həmçinin də siz.

Həkimülmülk əlini günbatan tərəfə uzatdı:

- Hələ allaha min şükür olsun ki, başlarını alman bərk qatıb. Yoxsa bizim öz içimizdəkilər gözümüzü açmağa qoymazdılar. Hitleri dala qaytarsalar, işimiz ağır olacaq, çünki tərəzinin bir gözü qərbdədir, o biri gözü burada, İrandadır.

Hikmət İsfahani güldü:

- Hələ ki, alman bərk qabağa yeriyir. Mister Tomas, bu işlərin axırı necə olacaq?

Mister Tomas ikinci dəfə Hikmət İsfahaninin sualını cavabsız buraxmaq istəmədi. Trubkasını sümurüb tüstülətdi.

- Dünyanın vəziyyəti bizə pis görünür. Hitler üzünü şərqə çevirəndən sonra tarixin təkəri yenə də öz yoluna düşmüşdür. Bolşeviklərmi qalib gələcək, nazirlərmi, demək çətindir. Hər halda ikisi də bir-birini yaxşı döyür və İranın gələcəyi üçün bu balaca məsələ deyil.

Həkimülmülk:

- Əlbəttə, - dedi, - qonşu nə qədər zəif olsa, o qədər qonşuya xeyirdir. Sovetlər müharibədən yarımcan çıxsalar bizə zaval yoxdur.

Hikmət İsfahani mister Harolda döndu:

- O da asılıdır bizim dostumuz Amerikadan. Vallah, billah, mister Harold, bax bizim ümidimiz bircə sizlərədir. Amerika və İngiltərəyə! Aman günüdür, bizi bu qarışıqlıqdan qurtarın. İran zəif məmləkət, özü də naxoş, onun təbibi sizsiniz, əlinizi üstündən çəkməyin.

Mister Harold:

- Narahat olmayın, ağalar, - dedi, bolşeviklər bu müharibədən salamat çıxmayacaqlar. Hər halda şikəst və cansız olacaqlarına söz yoxdur. Onlara öz yaralarını sağaltmaq üçün on illər lazım gələcəkdir. Ona qədər də Amerika və ingilis ittifaqı dünyanın bütün millətlərini öz himayəsi altına alar.

Hikmət İsfahani:

- Allah heç baxt sizin sayənizi bizim başımızdan iraq eləməsin, - deyib qapıdan içəri girən yeni qonaqları və özünə xüsusi rövnəq vermnş Şəmsiyyəni gördükdə Sərhəngin qoluna girdi:

- Sərhəng, bu qonaqlar mənim deyil, sənindir.

Sərhəng güldü:

- Yox, hamısı sizindir, - deyib Şəmsiyyənin qolundan tutdu.

Hikmət İsfahani yeni qonaqlarla geri döndükdə o hələ də göy otların arasından düşmüş cığırlarla gəzir, ağacların altına tökülən xəzəllərə baxır və daima gülümsəyən gözlərini bir qonaqdan o birisinə döndərirdi. Gözlərində bir intizar və maraq oyanan Şəmsiyyə ona fikir vermədən hey qapıya baxırdı. O da Şahpuru gözləyirdi. Südabə ilə son görüşündən sonra o, taleyi ilə razılaşmaqdan başqa bir yol tapmayıb Sərhəngə ərə getməyə razı olmuşdu. Doğulub yaşadığı zəngin evlərdən, daima onu nəvazişlərlə əhatə edən adamlardan xaricdə yaxşı bir şey təsəvvür edə bilmədiyindən dolandığı mühitə uyğunlaşmağı və xoş bir həyat sürməyi qərara almışdı. Sərhəng Səfai kölgə kimi onun yanından çəkilmir, xəfifcə qolundan tutur və gözəlliyindən məst kimi başdan-ayağa ona tamaşa etməkdən doymurdu. O, xanımının yayınıq nəzərini bir anlığa da olsa öz tərəfinə çəkmək məqsədilə:

- Xəzan fəsli doğrudan da, gözəldir, - dedi.

Şəmsiyyə ona baxmadan dodaqlarını büzdü:

- Mən ki, bir gözəllik görmürəm. Hər şey susur, tökülür, yuxu və ətalət gətirir.

- Azca əvvəl özün tərifləyirdin. Xəzandan xoşlandığını deyirdin.

- Azca əvvəl başqa, indi başqa. Hər süxən cayi, hər nöqtə məqami darəd*.

Birdən-birə hamının ayağa qalxması onların mübahisəsinə son qoydu. Hikmət İsfahani tələsə-tələsə iki əlini qabağa uzadıb, bir neçə zabitin müşayiətilə gəlməkdə olan Şahpura tərəf gedirdi. Şəmsiyyə gözlərində oynayan bir maraq və həyəcanla:

- Ah, Şahpur! - dedi.

Nədənsə daxilində bir ağrı hiss edən Sərhəng:

- Məlikəni gətirməmişdir, - deyə söyləndi.

- O, ziyafətlərə məlikəsiz getməyi xoşlayır.

Sərhəng heç bir söz deməyib, onu qarşılayan adamlarla görüşərək, onlara tərəf gələn Şahpuru qabaqladı və təzim etdi. Şahpur ona əhəmiyyət verməyib, mütəkəbbür bir hərəkətlə yanından keçdi və Şəmsiyyəyə yaxınlaşdı, əl verib halını soruşdu. Şəmsiyyə xəfifcə baş əyib gülümsədi. Şahpur özünə yaxınlaşmaqda olan mister Tomasa və mister Harolda tərəf getdikdə Şəmsiyyə ifadəsini gizlədə bilmədiyi tamarzı gözlərlə onun dalınca baxdı. Sərhəng Səfai onun qolundan yapışdı:

- Xanım, bu tərəfə baxsanız yaxşıdır!

Şəmsiyyə ona acıqlı bir nəzər saldı:

- Siz bütün gözəl keyfiyyətlərinizdən başqa bir də qısqancsınız, - dedi, - təbrik edirəm, onda çox iztirablar çəkməli olacaqsınız.

Sərhəng hamının Şahpurun arxasınca getməsindən istifadə edərək cürətlə danışdı:

- Şəmsiyyə, mən şahpərəst və mənsəb sevən bir adamam, gizlətmirəm. Lakin qeyrət məsələsində heç kəsə baş əymərəm. Yadında saxla. İstər Şahpur olsun, istər şah...

Şəmsiyyə qəhqəhə çəkib güldü və onun qolundan çəkdi:

- Gedək, bu sözləri öz yanında de, gedək!

Sərhəng qar kimi ağardı:

- Sus, sus, sən dəlisən, xalis dəli!

Hikmət İsfahani qonaqları geniş açılmış və hər cür yeməklərlə bəzənmiş süfrəyə dəvət etdi. Şahpuru lap yuxarı başa keçirtdi. Mister Harold və mister Toması da onun sağına və soluna gətirdi. Burada xörəyi qədim İran adəti üzrə oturmuş halda yox, ingilislərdə olan kimi, ayaq üstündə duraraq yeyirdilər. Bu da məclisin tamam avropasayağı və müasir adamlardan ibarət olduğunu göstərməli idi.

Hikmət İsfahani konyak dolu badəni qaldırıb, Şahpurun sağlığına içdi. Onun ardınca mister Tomas və Harold da badə qaldırıb, yenə eyni sağlığa içdilər. İran tarixinin ağır dövrlər keçirdiyini və bu dövrün Şahpurun vücudu sayəsində istənilən xoşbəxt nəticə ilə qurtaracağını söylədilər. Nəhayət, Şahpur danışdı. O gah mister Harolda, gah mister Tomasa baxaraq, uzun müddət hər ikisinə sığınmaq zərurətini gözəlcə anladığını andıran bir əda ilə:

- Biz inanırıq ki, - dedi, - İran bu təlatümdən də zərərsiz çıxacaq və öz tarixinə əql və müdrikliyin yeni səhifələrini yazacaqdır. İran öz köhnə ingilis dostunun (badəsini mister Tomasa tərəf tutdu) və yeni xeyirxah rəfiqinin (badəsini mister Harolda tərəf tutdu) köməyini heç bir zaman unutmayacaqdır.

Ziyafət davam edir, nitqlər söylənirdi. Sərhəng Səfai isə gözünü mütəmadiyən baxışmaqda olan Şəmsiyyə və Şahpurdan çəkə bilmir və içini yeyirdi. Lakin bu heç də onun simasındakı mülayim təbəssümü və nəzakətli hərəkətlərini xələldar etmirdi.

 ***

Sarayın ətrafında yenə məzar sükutu hakim idi. Yenə onun qapılarında əli tüfəngli “qard-səltənəti”* nəfərləri durmuşdu. Yenə onların sima və hərəkətlərində bir qul, bir nökər mütiliyi hakim idi. Bütün məmləkəti titrədən zəlzələ sanki saraya yaxın gəlməmişdi. İndi həmişəkindən daha artıq bu saray məmləkətdən ayrı yaşayır, onu, əbədi təhdid edən bir qılınc kimi başının üstündə sallanıb dururdu. Sarayın içində yenə qorxu və iztirabın törətdiyi bir məzar sükutu hakim idi. Yenə adamlar pıçıltı ilə danışır, yenə səs çıxarmaqdan qorxaraq öz varlıqlarını gizlətməyə çalışaraq, pəncələri üstə yeriyirdilər. Sarayda gözə dəyəcək bir dəyişiklik varsa, bu da əlahəzrətin özünü olduqca sakit və səssiz aparması idi. O, sanki adamların üstünə qışqırmaqdan, onları tez-tez söyüb təhdid etməkdən, məhbəs və ölümlə qorxutmaqdan çəkinirdi. Onun qəzəbli gəzindiyini, hirsindən qaralaraq susduğunu və ya sol üzündəki çapığın əsəbi bir halda oynadığını görənlər bu sakitlik və mülayimliyin əlahəzrətə nə qədər ağır başa gəldiyini anlayır və danışmırdılar. Onlardan az-çox düşünməyi sevənlər “müstəbidlər üçün fəlakətdən yaxşı müəllim yoxdur!” deyirdi.

Rza xan nə gündüzlər, nə də gecələr rahatlıq duymurdu. O, daxilən sonsuz bir təlaş və həyəcan içərisində idi. O, taxt-tacın bu tezliklə əlindən çıxacağını təsəvvür etməzdi. Hər şeyin bu qədər sürətlə öz son nöqtəsinə çatacağını ağlına gətirməzdi. Halbuki, o, adını İran tarixinin əsatiri şahlarının yanına yazdıracağını güman edirdi. O, sağlığında etdiyi ağalıqdan başqa, gələcək nəsillərin də şüuruna hakim kəsiləcəyini düşünürkən birdən-birə, on beş günün içərisində bütün tarixin görmədiyi bir biabırçılıqla hər şeyi itirmək dərəcəsinə enib sükut etmişdi. Heç bir çarx bu sürətlə üzüaşağı hərlənə bilməzdi.

Nədənsə son zamanlar tez-tez onun yadına iyirminci illərin hadisələri düşürdü. Ona elə gəlirdi ki, tarixin çarxı hərlənərək qəribə bir şəkildə o illəri geri qaytarmaqdadır. Yenə müxtəlif siyasi partiyalar meydana çıxacaq, xalq hərəkatları başlanacaq, azadlıq, demokratiya sözləri ağızlara düşəcəkdi. Fərq bircə orasında idi ki, bu dəfəki sel onu kənara atırdı. O bir daha, nə demokratiya, nə respublika pərdəsi altında mübarizəyə girə bilməyəcəkdi. Bununla belə o, səltənət başına yenə qayıtmaq ümidini itirmirdi. O bilirdi ki, almanlar sovetlərlə apardığı döyüşdə məğlub olsalar da, ingilis və amerikanlar İranı əllərindən buraxmayacaq, xalqın baş qaldırmasına yol verməyəcəklər…

İçəri girən Həkimülmülkə səbirsizliklə:

- Sərtib rahat edildimi? - deyə soruşdu.

Həkimülmülk cavab olaraq geri döndü və şıq zabit paltarında içəri girən Sərhəng Səfaini göstərdi. Sərhəng, gəlin toyuna xonça aparan yengələr kimi əlində tutduğu yaşıl güllü yaylığa bükülmüş qutunu stolun üstünə qoydu. Rza xan iti hərəkətlə yaylığı açdı. Bir vərəqə kağızı götürüb oxudu. Lakin oxuduqca rahatlıq yox, pis bir vahimə varlığını bürüdü. Balaca kağız parçası hərəkətə gəldi. Diri bir insana çevrilib, ona ittiham oxumağa başladı. Oradan Sərtib Səliminin hələ də canlı insan gözü kimi qəzəblə yanan gözləri ona dikildi. Uzun bir çubuğu andıran karandaşı onun alnına vurar kimi balaca qutuya vurdu:

- İran üçün böyük təhlükə olacaqdı! - dedi və Sərhəngə döndü:

- Pəhləvi nəslinə sizin xidmətləri unutmamağı vəsiyyət edirəm!

Sərhəng təzim etdi:

- Həmişə sadiq qulunuzuq, əlahəzrət!

Şah yaylığı yenə qutunun üstünə örtdü. Əli ilə Sərhəngə “get” işarəsi verdi. Sərhəng baş əyə-əyə daldalı çəkilib otaqdan çıxdı. Rza xan dərin bir fikirdən sonra üzünü Həkimülmülkə tutdu:

- Taxt-taca sadiq adamdır, vəzir!

Həkimülmülk cavab yerinə “Səda” qəzetini açıb, şahın qabağına qoydu. Nəzərlərini Pəhləvi zülmü və istibdadı əleyhinə yazılmış məqaləyə dikdi. Şah qəzəblə:

- Məgər bu adam həlak edilməmişdir? - deyib qışqırdı.

- Xeyr, qurban, mister Haroldun xahişinə əsasən əlahəzrət-Humayun onun azad olunması haqqında əmr verdi. Sərhəng də qızına adaxlanmışdır.

Rza xan:

- Ah, xainlər, alçaqlar! - dedi və qəzeti bir kənara atdı.

Bir qədər otaqda gəzinib, yenə öz yerinə qayıtdı. Fikrini məşğul edən, ona əzab verən məsələdən söz saldı:

- Vəzir, - dedi, - qədim Babilistanda yeni hakim seçəndə onu köhnə hakimin cənazəsi yanında oturdub, əhalini yığar və köhnə hakimin bütün yaxşı və pis cəhətlərini saymağa başlarmışlar. De görüm belə bir yığıncaq düzəldib, sözü sənə versələr, nə deyə bilərsən?

Həkimülmülk altdan-altdan ona baxdı: 

- Allaha şükür, əlahəzrətin canı hələ sağdır.

- Yox, vəzir, bu gün İran tarixi məni dəfn edir. De görüm sabahkı nəsillər məndən nə danışacaqlar?

O, Həkimülmülkə zavallı və yazıq göründü. Hətta səsi də dəyişmişdi. Sanki on beş ildə məmləkəti titrətmiş bir müstəbid deyil, sonsuz cinayətlərinin ağırlığı altında əzilən və amansız məhkəmə qarşısında durmuş bir məhkum danışırdı. O, gələcək nəsillərin dəhşətli intiqamını eşidər kimi, Həkimülmülkün cavabını gözləmədən özünü doğrultmağa çalışdı:

- Mən İranı çəyirtkə kimi millətin canına daraşmış mollaların əlindən qurtardım. Mən İran qadınını bədnam edən çadranı açdım, başlardan motal və çirkli papaqları götürdüm. Mən yollar çəkdirdim. Maşın gətirdim. Mən İran uçün əbədi bir təhlükə olan Azərbaycan və Kürdüstan əhalisini quzuya döndərib yerində oturtdum. Onların dilini, adət və ənənələrini tərgitməyə başladım. İranın şimal sərhədlərini möhkəm bağladım. Mən... Bütün bunlara nə deyirsən, vəzir?

Şah öz xidmətlərini saydıqca Həkimülmülkün gözlərində başqa hadisə canlanırdı. Rza xanın hakimiyyət başına keçməsi, bir zaman xidmətçisi olduğu Əhməd şahı aldadaraq Avropaya göndərməsi, onunla demokratik qüvvələr arasındakı riyakar oyunları, respublika yaradacaq ümidilə xalğı və azadxah qüvvələri yatırması və nəhayət, taxt və tacı əlinə alaraq başladığı qanlı işlər canlı bir tarix kimi gəlib nəzərindən keçirdi. Bu tarixin səhifələrində də, o öz didilmiş qəlbini, sonsuz əzab və ruhi sıxıntılarla dolu on beş illik həyatını görürdü. On beş il vəzir, bu müstəbidin bütün təhqir və təhdidlərinə dözmüş, şəxsiyyətini, mənlyini boğaraq, onun hər bir şıltaqlığına davam gətirmişdi. On beş il o qəlbində baş qaldıran nifrət və ikrah hisslərini boğaraq yaşamışdı. İndi ömrünün on beş ilinə zəhər qatmış bir adam qarşısında durmuşdu. İndi bu on beş illik sonsuz əziyyət və təhqirlərin acığını çıxmaq mümkün idi. On beş ildə bircə dəfə başını qaldıraraq, belini düzəldərək danışmaq fürsəti ələ keçmişdi. Onun bütün varlığı bu fürsəti əldən verməməyi tələb edirdi.

- Bütün saydıqlarınız düzdür, əlahəzrət, lakin yarımçıqdır, tam deyildir.

Rza xan, öz xidmətləri haqqında başqasının ağzından təriflər eşidəcəyi ümidilə:

- Nə əlavə edə bilərsən, vəzir? - deyib soruşdu. Həkimülmülk qanlı düşməninə ölümcül zərbə endirən bir adam vəziyyəti aldı, bütün kin və qəzəbini bu sözlərlə tökdü:

- Onu əlavə edə bilərəm ki, əlahəzrət, yüz ildən artıqdır ki, İran tarixi bu on beş illik hakimiyyət dövrü qədər qanlı və riyakar bir dövr görməmişdir!

Rza xan bu nagahani zərbədən sarsıldı, yerindən qalxdı. Həkimülmülk də ayağa durdu. Son dəqiqələrini yaşayan hökmdar nifrətlə ona baxdı:

- Bəs bu on beş ildə, gündə yüz dəfə mənim qabağımda səcdə edən, təriflər yağdıran sən deyildinmi?..  Həkimülmülklər, Hikmət İsfahanilər, Sərhəng Səfailər deyildimi?

Geri çəkilmək fikrində olmayan Həkimülmülk vəhşinin böyrünə soxduğu xəncəri daha da dərinlərə basdı:

- Bəli, əlahəzrət! Sənə səcdə edən biz olmuşuq. Amma hörmət və məhəbbətdən yox!.. Ona görə ki, sən bizim siyasəti aparırdın, bizim canımızı və malımızı qoruyurdun. Bununla belə biz sənə nifrət edirdik. Sənin heç kəsə aman verməyən zülmündən, heç bnr başa rəhm etməyən dar ağaclarından, amansız zindanlarından qorxurduq.

Rza xan durub vəzirin boğazından tutmaq istədi. O qalxıb bir addım geri çəkildi:

- Ağayi Rza xan, müttəfiqlər iyirmi dörd saatın ərzində sizin Tehrandan çıxmağınıza icazə vermişlər. Yol tədarükü görsəniz yaxşıdır.

Rza xan dizləri əsə-əsə qayıdıb yerində oturdu.

- Siz məndən də alçaqsınız! Mənim ixtiyarım sizdə olsaydı heç kəsə aman verməzdiniz, heç kəsə! Mən dövləti sizin kimi adamlara tapşırıb getdiyimə fəxr edirəm. Çünki sizin qanlı və riyakar işlərinizin şahidi olacaq nəsillər bəlkə mənə şükür eləsinlər!

O, başını ovucları arasına aldı, gözünü Həkimülmülkdən çəkib susdu. Qəzəb və kindən partlamaq dərəcəsinə gəlmiş ürəyi daş kimi ağırlaşaraq köksünə yatmışdı. Sanki düşünmək qabiliyyəti dərin bir röyaya dalmış və nələr vaqe olduğunu anlamaqdan aciz idi. Yavaş-yavaş ağır bir pərdə gözlərinin qabağına enməkdə idi.

Bu hadisə İran tarixilə 1320-ci şəmsi ili şəhrivar ayının 25-də vaqe olmuşdu ki, miladi tarixilə 1941-ci il sentyabrın 16-na müvafiq gəlir.



* Hər sözun öz yeri, hər nöqtənin öz məqamı var.

 

* Sarayı mühafizə edən xüsusi qoşun hissəsi.

 

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info