Qonaq Kitabı
OTUZUNCU FƏSİL

Atasının ölümü Gülnaz üçün ağır taleyinin ən gözlənilməz bir zərbəsi oldu. İlk günlər o, tamam bir ümidsizlik içinə düşdü. Budur, qəlbində oynamağa başlayan və onu mübarizəyə sövq edən hisslər sanki bir anlıq məhv olub getdi. Yenə nəhayətsiz bir tənhalıq duyğusu onun varlığına hakim oldu. Artıq onun bu böyük dünyada heç kəsi yox idi. O, kimsəsiz və pənahsız idi. Niyə özünü öldürmədiyinə, niyə anası ilə bir yerdə qəbrə girmədiyinə, yenidən bu cəhənnəmdə yaşamağa razı olduğuna da hərdən təəccüb edirdi. Bundan sonra o nə üçün yaşamalı, kimin yolunu gözləməli idi?.. Fridun dardan asılmış, atası kim bilir harada ölüb qalmışdı?

Lakin bu bədbin və əzici düşüncələr, belə sağlam və gənc ürəkdəki həyat qüvvəsini, həyat eşqini, dumanlı və şirin arzuları boğub susdura bilmirdi... Yaşamaq, yaşamaq lazım idi. Onun ölümü ilə heç kəs səadətə çatmayacaqdı! Ölmək asan idi; həmişə mümkün idi! Lakin o yalnız özü üçünmü yaşayırdı? Bəs, yoxsul bir kəndli evində buraxıb gəldikləri balaca Almaz? Bəs Tehranın dolanbac küçələri, başaçılmaz hay-küyü içərisində itmiş Ayaz?.. Ah, kaş qardaşı və bacısı sağ olaydı. Gülnaz bütün zəncirləri qırar, bu zindandan qaçıb, onları tapar, qapılarda qulluqçuluq edərək, gecə-gündüz işlər və onları yaşadardı, uçuq bir daxmada sınıq bir kürsü başında olsa da onlarla insana hər dərdi unutduran bir səadət tapardı!.. Yox, o körpələri tapmaq və böyütmək üçün yaşamağa, hər zülmə dözməyə dəyərdi... Sabahdanca küçələrə düşəcək, Ayazı axtarıb tapacaqdı və birbaş kəndə gedəcəkdi! Orada balaca Almazı da götürüb ata yurdunun bağlanmış qapılarını açacaqdı, axşam olub qaranlıq qovuşanda onların da evində işıq yanacaqdı. Cümə axşamları qapılarına gələn ata-babalarının ruhu peşman qayıtmayacaqdı. Kəndlilər “qeyrətli qızdır, ata ocağını birdəfəlik sönməyə qoymadı...” deyə ona hörmət edəcəkdilər...

Belə xoş xəyallara daldığı zaman Gülnaz özünü unudur və həyatının ürəyə sevinc və həsrət gətirən səhnələrini xatırlayırdı. Uşaqlıq, kənd, onun aydın səhərləri, qaranlıq və ulduzlu gecələri, xoruz banı, yaşıllanan otlar və ağaclar gözündə canlanır. İt ulaşması, yaz zamanı daşan çayların şırıltısı və quşların şərqisi qulaqlarında səslənirdi. Sonra atası, anası, ilk beşik olan Gülnaza məhəbbətləri, qardaş və bacıları, nəhayət Fridun, qiyamətə qədər uzaq bir xəyal olub qalacaq o aylı gecələr, o xırman üstü... gəlib gözləri qabağında durur və onu yaşamağa çağırırdı.

Axşam işdən sonra astanada oturub, kiminlə isə danışır kimi pıçıldayırdı:

- Yəqin indi oralarda sərinlər düşür. Axşamlar Savalandan meh əsir, ağaclar yavaş-yavaş saralmağa başlayır.  -  Gözləri yol çəkir kimi bir nöqtəyə dikilib qalırdı. Sonra yenə pıçıldayırdı. - Bir azdan sonra səhərlər kəndimizi duman bürüyəcəkdir. Axşamlar ocaqların tüstüsü buludlara qarışacaqdır. İnəklər, qoyunlar qərib-qərib mələşəcəklər. Qarğalar, bayquşlar qalaqların başına qonacaqdır. Nədənsə bayquş bizim kəndə həmişə payızda uçardı. Qalağın üstünə qonanda anam qabağına xonça aparardı. Ah, görəsən evimiz necədir, uçub dağılmayıb ki?

Bu xatirələr içərisində evlərini, ailələrini, xoş ümidlərini dağıtmış bayquşların da siması canlanırdı: ərbab, əmniyyələr, Əli əmniyyəbaşı, mübaşir Məmməd! - belə hallarda Gülnaz duyurdu ki, onu intiqama çağıran içərisindəki qəzəbli səs susmamışdır, o, inadla deyir ki, intiqam almaq lazımdır, - bütün fəlakət və müsibətlərin səbəbi olan, anasını və qardaşlarını küçələrə salan, onu bu çıxılmaz cəhənnəmə atan, balaca bacı və qardaşlarını başsız buraxan bu kabuslardan bir intiqam almaq lazımdır! Atasının, Fridunun, qara, soyuq torpaqlarda yatan anası və qardaşı Niyazın qatilləri onlardır! Yalnız anasınınmı? Atası və qardaşınınmı? Yox, o gördüklərindən bilirdi ki, bu vəziyyətə salınanlar saya-hesaba gəlmir. Savalanın ətəyindən Tehrana qədər keçdiyi hər yerdə o, bir yox, beş yox, min, yüz min özü kimi bədbəxt görmüşdü. Onun qəlbində susmayan səs, təkcə bir ailənin, bir adamın deyil, bütün bu bədbəxtlərin intiqam səsi idi. Lakin... 

Lakin o nə idi?

Yerin də, göyün də hökmünü yazan Hikmət İsfahanilərin, mübaşir Məmmədlərin, Əli əmniyyəbaşıların, Qəmərbanuların yanında o nə idi, nə edə bilərdi? Onlar Gülnazın üyindən keçənlərn bilsələr onu elə itirərdilər ki, izi-tozu da tapılmazdı...

Xəyal və düşüncələri bu yerə gəlib çatanda yenidən o özünü çıxılmaz bir qaranlıq içində hiss edirdi. Gecələr səhərə qədər yuxusunda bircə şeyi görürdü: nə əvvəli, nə də axırı olan bir palçıq gölünə düşmüşdür. Saqqız kimi yapışqan, üfunətli bir göl! Zorla bir ayağını qaldırıb, irəli qoyur, sonra əlləşib, ikinci ayağını qaldırır, irəli atır, lakin palçıq hər iki ayağını dizə qədər tutub sıxır, onu tərpənməyə buraxmır, o, əl-qol atır, tövşüyür, boğulur, yenə ayağını qaldırıb irəli atır, yenə palçıq dizinə çıxır... Beləcə, səhərə qədər ağır və insafsız bir yuxu ondan əl çəkmir... Yox, yalnız ölüm bu iztirablara son qoya bilər! Bəs Almaz, bəs Ayaz? Almaz çoxdan ölmüşdür, axı bir tikə çörək tapmayan iki qoca onu qışdan çıxarıb sağalda biləcəkdimi? Elə anası da onun öləcəyini bildiyi üçün qoyub gəlmişdi. Gülnazın yadında idi: arvad ölünü qəbrə qoyur kimi uşağı qoca kəndli arvadının qucağına qoymuş və yavaşca gözünün yaşını silmişdi. Bir daha anası heç onun adını da çəkməmişdi. Onlar Almazı diri-diri basdırıb çıxmışdılar... Ayaz da ölmüşdü. Nər kimi adamları udub əridən bu əjdaha, bu ac və zalım şəhər balaca bir uşağı sağ-salamat buraxacaqdımı? Yox, yəqin o da çoxdan ölmüşdü. Artıq Gülnazın növbəsi gəlib çatmışdı. Həyat onu müşkül məsələ qarşısında qoymuşdu, qəti cavab istəyirdi. Ya namusla ölməli, ya da yuxarı eyvana çıxıb, Qəmərbanunun xanımlarına qarışmalı! Başqa yol qalmamışdı. Anası öldükdən sonra Gülnazın dünyada heç bir köməyi qalmadığını görən və bütün ümidlərinin qırıldığını güman edən Qəmərbanu da qəti qərarını vermişdi. Onun hər hərəkəti, hər baxışı deyirdi: ya mən istəyən olacaq, ya da öləcəksən!”.

Səhərdən-axşama qədər arasıkəsilməz iş içində, dəhşətli yuxular arasında bu bir-birinə zidd düşüncələr, həlli mümkün olmayan bu məsələlər Gülnazın varlığını didib gəmirirdi. O özünü unudurdu, adətin gücüylə bir avtomat kimi yerinə yetirdiyi işlərdə indi gözlənilməz səliqəsizliyə yol verirdi. Hətta son günlər iki yaxşı boşqabı sındırmışdı. Bütün bunlar üçün Qəmərbanu bir dəfə əlindəki maşanı onun belinə çırpmışdı. Son dəfə isə üstünə cumaraq qızı əzişdirmək istədikdə, onun sərt gözlərinə baxdı, vurmağa cəsarət etməsə də zəhərli sözlər dedi:  

- Qız, üzümə yaxşı bax ha, vallah başına bir oyun açaram ki, Əzraili çıraqla axtarmalı olarsan! Həyasız, gör üzümə necə baxır!..

Qəmərbanu söyə-söyə pillələri çıxmağa başladı. Bir ayağı bir pillədə, biri o biri pillədə geri döndü, iki əlini də havada oynadaraq hədələdi və boğuq səslə dedi:

- Bu gecə axırıncı gecədir, vəssalam!

- Gülnaz yerindən tərnənmədi, gözdən itincəyə qədər onun dalınca baxdı. Ani və qəti bir fikrin təsirilə bir daha geri dönməsini gözləyərək, ağ neft dolu qabı və kibriti qapıb zirzəmiyə qaçdı... Qabı kərpic döşəmənin üstünə qoydu. Artıq boğuq və rütubətli havasına, soyuq divarlarına isinişmiş olduğu, ağır və tənha dəqiqələrdə bir yuva sandığı zirzəmi ilə əbədi vidalaşar kimi dörd tərəfə göz gəzdirdi. Bu başdan o başa getdi. Küncdə nə isə ayağına ilişdi. Qaldırıb baxdı. Anasının kəfənlə əvəz olunmuş cırıq paltarları idi. Dizi üstə yerə yıxılıb, cır-cındırı qucaqladı, ağladı. Bu zaman həyətdə hənirti duydu. Səs eşitdi, deyəsən onu çağırırdılar. Tez yerindən qalxdı. Qapının dal tərəfdən cəftəsini saldı. Neft qabını tapıb, çiynindən aşağı üstünə caladı. Soyuq və yapışqan kimi bir şey bədəni aşağı süzülməyə başladı, Onun canı gizildədi. Qabı yerə atdı. Kibriti axtarmağa başladı. Uzun müddət tapa bilmədi. Üşütmə iliyinə sirayət edirdi. Əsəbi halda əlini divarların dibinə sürtdü. Nəhayət, kibriti uzunsov, balaca və nimdaş balışının yanından tapdı. Budur, bircə an qalmışdır. O, kibriti çəkəcək və qırmızı bir alov canını əbədi olaraq dözülməz təhqir və sonsuz iztirablardan qurtaracaqdı.

O, kibrit çəkdi. Bir qığılcım ani olaraq parlayıb qaraldı və dərhal sakit yanan bir alova çevrildi. Otağın hər tərəfi işıqlandı. Yenə qəlbində susmaq bilməyən həyat eşqi baş qaldırdı. Ah, dünya nə qədər gözəldir! Bu soyuq, daş döşəməli zirzəminin pəncərəsindən bayırda parlaq bir günəş doğmuşdur, onun ziyasilə qızışan çəmənlər, yamyaşıl otlar, ağaclar insanı “gəl yaşa!”, “gəl yaşa” deyə çağırır. Taxıl zəmiləri gör necə sünbül bağlamışdır. Ah, Fridun da buradadır ki! O, Musa dayıya kömək edir, onlar xırmanda taxıl döyürlər. Sonra taya dibində oturub, ayran içərək söhbət edirlər. Fridun deyir:   

- İnsan yaşamaq üçün doğulmuşdur!

Gülnaz qabağa yeriyir. Fridunu qucaqlamaq üçün qollarını açır! Elə atasının, anasının gözü qabağında onu qucaqlayacaqdır! Axı nə olar, ürəyi yanan bir adama su içmək niyə ayıb olsun?

Barmaqlarının yanmasilə otağın qaranlığına bürünməsi bir oldu. Kibrit çöpü kül olub yerə düşdü. Gülnaz xəyallardan ayıldı, lakin günəşli kənd, xırman üstü, taya dibi gözündən çəkilmədi. Fridun onu çağırır, Ayaz onu haraylayır, Almaz qollarını açıb ona doğru yeriyir və:

- Gəl, bacım, gəl! - deyirdi.

Gülnaz davam gətirə bilməyib yerə oturdu. Başına çox aydın, çox sadə və kəskin bir fikir gəldi.

- Yox, mən əlimi öz qanıma batırmayacağam günahdır, çox böyük günahdır! Əgər öləcəyəmsə qoy qanım düşmənlərimin üstünə tökülsün. Onların əlində qurusun. Öz əlimdə yox!

Sanki bu sözləri divarlar da təkrar etdi. Sonra da elə bil hər yandan bu səs eşidildi:

-  Bəsdir, dur zəncirlərini qır, böyük dünyaya çıx!

Bu nə xəyal idi, nə də sayıqlama! Onun huşu özündə idi. Sanki uzun bir yuxudan indi ayılırdı. Bu vaxta qədər dumanlı pərdələr dalından gözünə görünən dünyanı sanki indi açıq gözlə seyr edirdi. Ağır bir yükü çiynindən atmış kimi qətiyyətlə ayağa qalxdı. Kibriti götürüb balaca çırağı yandırdı. Qatı neft iyi verən bez köynəyini əynindən çıxarıb, küncə qoydu. Yastığın altındakı köhnə paltar cındırlarını götürüb, bədənini sildi, ikinci və yeganə köynəyini əyninə keçirtdi. Sonra kibrit çəkib ağ neftlə islanmış küncdəki köynəyi alışdırdı. Cəftəni qaldırıb qapını açdı. Gecə qaranlığı içərisində yanan köynəyin işığı güclü bir sel kimi həyətə axdı. Kim isə eyvandan həyətə qaçdı, tonqal kimi yanan köynəyin yanında durub diqqətlə alova baxan Gülnazı göstərərək:

- Vay, qız evi yandırdı, gəlin! - deyə haray saldı.      

Adamlar həyətə atıldılar, zirzəminin qabağına doluşdular. Gülnaz hələ də daş bir heykəl kimi gözlərini alova dikib durmuşdu və kimsəyə əhəmiyyət vermirdi. Qəmərbanu yanan köynəyə baxdı və Gülnazın qabağında durdu:             

- Hə, qudurmusan, evi yandırmaq istəyirsən?

Gülnaz danışmadı. Bu, Qəmərbanunu daha da haldan çıxartdı. Gülnazın çiynindən tutaraq dartdı və:  

-  Dur get, baltanı götür odun yar, odun lazımdır - deyə onu itələmək istədi. Lakin Gülnaz birdən-birə ona tərəf döndü:  

- Get özün yar! - deyib döşündən elə itələdi ki, arvad az qaldı divara dəyib əzilsin. Bütün xanımlar heyrətlə bir-birinə baxdı. Gülnaz mütənasib bədənini düzəldərək, başını daha da dik tutdu. 

- Mən artıq sənin qulun deyiləm, olmayacağam da!

 ***

Bu hadisədən sonra Qəmərbanu heç bir söz deməyib, öz otağına getdi. Danışmamağının səbəbi çox qəzəbli olması deyildi: əlbəttə, Gülnaz onun canını boğazına yığmışdı. O, qızın hərəkətlərini tərslikdən başqa bir şeylə izah edə bilmirdi. Namus və heysiyyət duyğusunun insana bu qədər mənəvi və cismani qüvvət verdiyini o, təsəvvürünə də gətirmirdi. O öz balaca evi və salonunu bütün cəmiyyətin timsalı sayırdı. İçki və nəşənin beyinləri dumanlatdığı vaxt o, ən mötəbər qonaqlarının belə, məsələni tutaq ki, tacir, mülkədar və ya nəzmiyyə işçisinin lap üzünə deyirdi.

- Mənim xanımlarım sizin xanımlardan daha təmizdnr, onlar gizlində eliyəni bunlar aşkar edir...

Bu sözləri deyir və gözlərini süzdürərək qəhqəhə çəkib gülürdü. Buna görə də təbiidir ki, Gülnazın “tərsliyinin” dərin daxili, yəni mənəvi və əxlaqi səbəblərini anlamaqdan çox-çox uzaq idi. O, ancaq qarşısında balaca, zəif, lakin çox məğrur və yenilməz bir varlıq görürdü. Onu balaca və zəif sandığı üçün müqaviməti artdıqca qürurunu əzmək, ayaqları altına alıb tapdamaq duyğusu da artırdı. Lakin hərdənbir yorulurdu. Fikrən yumşalır, “güc əyməyəni söz əyər” deyə qızı xoşluqla yola gətirməyə çalışırdı. Onunla kobud rəftarı üçün özünü danlamağa başlayırdı. İndi də Gülnazın ağzından “qulun deyiləm, olmayacağam da!” sözlərini eşitdikdə qorxub geri çəkildi. Üstünə atılıb, saçlarını yolmadı, halbuki böyük ləzzətlə bunu edərdi. Etmədi, çünki qorxdu. Qızın da ona əl qaldıracağını duydu. Yuxarıda, otağında isə Qəmərbanunun başına başqa fikirlər gəldi: “Dünyanın bu dolaşıq zamanında bu qızı xanımların içində saxlamaq xatadır. Fikirlərini çaşdırar. Sabah hamısı üstümə ayaq alar. “Ona neylədi ki, bizə də neyləsin” deyib başıma çıxarlar. Əlbəttə, bu fikirlər əsassız deyildi. Doğrudan da, qızların içində yavaş-yavaş Gülnaza hörmət etməyə başlayanlar və bu cür düşünənlər yetişirdi. “Yox, - deyib Qəmərbanu öz fikirlərinə yekun vurdu. Yox! Onu qızların içində saxlamaq olmaz”. Qərar birdən-birə hazır oldu: Gülnazı “xüsusi adamlar” üçün saxladığı tək evlərdən birinə köçürmək fikrinə gəldi. Orada qızı əzmək, ayaq altına salmaq üçün daha təsirli vasitələr tapardı.

Lakin bunu bütün həyətdəkilərdən gizlin etməyi kəsdirib eyvana çıxdı, nökəri səslədi:

- A gədə, get o it küçüyünə de, qoy zir-zibilini yığışdırsın. Bir fayton da çağır, aparıb verəcəyəm sahibinə, qoy getsin kəndlərinə, mal tövləsi təmizləyəndən adam olmaz.

Yarım saat sonra həyət qapısından bir fayton hərəkət etdi. Bu faytonun içində bir-birindən aralı iki adam oturmuşdu. Bunlardan biri Qəmərbanu, biri də Gülnaz idi. Gülnaz doğrudan da, artıq azad edildiyi kimi düşünürdü, halbuki ümumi otaqdan qarserə salınan məhbus vəziyyətində idi.

 * * *

İki gün sonra ağaclar və divarların kölgəsi uzanıb, axşam sərinliyi düşəndə Qəmərbanunun qapısı döyüldü. Həm də bu adi qapı döyülməsi deyildi. Kim isə çox dotələb və səbirsiz halda aramsız olaraq, çəkici yastı dəmirə vururdu. Qəmərbanu nökəri səslədi: 

- Gədə, gör kimdir qapını sındıran. Elə bil üstümə baş gətirib!

Nökər qapını açanda Qəmərbanu özü də həyətin ortasına qədər gəlmişdi və tələsik içəri girən Xavəri dərhal tanıdı:

- Hə, xoş gəlmisən, ay xanım, axır özün öz ayağınla gəldin, buyur, buyur içəri!

Yarıistehza, yarıciddi qollarını açıb, Xavərə tərəf yeriyərkən içəri girən tanımadığı bir qadın və bir kişini gördükdə sözünün dalını demədi, tamamilə ciddi ifadə ilə yerində durub qaldı. Xavər ona yaxınlaşdı:  

- Gülnaz hanı? Aparmağa gəlmişik!

Qəmərbanu əvvəlcə “Nə Gülnaz?” deyə soruşmaq, onu da, Xavəri də tanımadığını söyləmək istədi, lakin tez bu fikirdən əl çəkdi:  

- Nə olar, apararsınız da, buyurun içəri, bir stəkan çay için, sonra danışarıq.

Fəridə dayana bilmədi:  

- Xanım, biz tələsirik, qızı çağırın, çıxaq gedək!

Qəmərbanu səsində süni bir kədərlə:  

- Fələyin işini bilmək olmaz, - dedi, - yazıq qızın yaman qara bəxti var imiş. Anasından bircə ay sonra şam kimi saralıb soldu. Qəm-qüssəyə davam gətirmədi.

O, Gülnazı və Səriyyə xalanı necə saxladığını, ananın nələr çəkdiyini, axır vaxtlar lap meyitdən pis halda buraya gəldiyini və ölümünü nağıl etdi. İnandığı nökər və əndamlı xanım da burada idi, dediklərini başları ilə təsdiq edirdilər. Hətta əndamlı xanım dəsmal çıxarıb, qeyri-ixtiyari axan göz yaşlarını sildi. Ona baxıb Qəmərbanu da ağladı. Bütün həyət, həyətdəki adamlar və onların hərəkətləri iyrənc bir şey kimi Fridunun ürəyini bulandırırdı, nifrət dolu bir səslə:

- Ağlamayın, xanım, - dedi, elə murdar əməllər var ki, onları göz yaşları da silə bilməz! Onları yumaq, silmək üçün ildırım lazımdır, tufan lazımdır. Bax, artıq o böyük tufan başlanmışdır. Onun gurultuları eşidilir. O, Gülnazları bədbəxt edən sizi də, sizi yaradan mühiti də yer üzündən silib atacaqdır.

Xavər, Fəridə və Fridun qapını açıq qoyub həyətdən çıxdılar. Qəmərbanu mat-mat ona baxan nökərə döndü.  

- Nə ağzını açıb mal kimi gözünü döyürsən, yeri qapını ört!..



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info