Qonaq Kitabı
İYİRMİ DOQQUZUNCU FƏSİL

Müharibə sürətlə inkişaf edirdi. Bu sürətlə müvafiq Tehranın siyasi dairələrində müxtəlif mülahizə və şayiələr gəzirdi. Rza xan müttəfiqlərin təklifini rədd etdiyi günlərdə almanların tezliklə Türkiyə və ya Qafqazdan qoşun keçirib, İranın köməyinə gələcəyinə aid şayiələr yayılmışdi. Lakin onlar sabun köpüyü kimi çox da tez dağılıb getmiş, yerini Hitlerin ünvanına yağdırılan lənətlərə, tam bir ümidsizliyi andıran danışıqlara tərk etmişdi. Artıq orada-burada Rza xandan, onun axır ayaqda nə cür hərəkət edəcəyindən, hara qaçacağından danışırdılar. Yeni dövlət quruluşu, məmləkətin gələcək taleyi hamını məşğul edirdi. Yavaş-yavaş inqilabi demokratik fikirlər, daha geniş dairələri əhatə etməyə başlayırdı. Fəhlə və kəndlilərlə dağınıq qüvvələrini birləşdirmək arzuları qüvvətlənirdi.

Həyat və cəmiyyətin dərinliklərində yetişmiş və uzun müddət boğularaq, özünü göstərə bilməmiş ictimai qüvvələr baş qaldırır, böyük zəlzələ ilə torpağı çatladaraq, yuxarı püskürən vulkan kimi, hər şeyin altını üstünə çevirəcəyi ilə hakim təbəqələri təhdid edirdi. Yuxarı siniflər, istibdad və irtica qüvvələri onun bütün vüsətilə özunü göstərə biləcəyini hiss etdikdə qorxudan titrəyir, yaxınlaşmaqda olan fırtınanı yatırtmaq yollarını axtarırdı. Bu qorxu, bu vahimə Həkimülmülk və Rza xanları, mister Tomas və mister Haroldları daha artıq bir-birinə yaxınlaşdırır,  təhlükə duyan canavarlar kimi bir dəstə halına salırdı. Xalqın hərəkətə gələcəyi, öz iradə və varlığını göstərə biləcəyi imkanı onları dəhşətə gətirirdi. Onlar uzaq gələcəyin mübarizəsinə hazırlaşır, yalan, böhtan, riyakarlıq kimi öz alçaq mübarizə silahlarını itiləyirdilər. Sovet xalqı, milyonlarla sovet əsgəri, qadın və kişiləri bəşər tarixinin görmədiyi bir qəhrəmanlıqla hər cür fəlakət və qurbanlara dözərək, bütün xalqların, bütün bəşəriyyətin azadlıq və gələcəyini Hitler yırtıcılarından qoruyarkən, Amerika, İngiltərə və İran mürtəceləri Tehranda oturub, gələcək mübarizənin riyakar planlarını tökürdülər. Xalq hərəkatının, demokratik inkişafın qarşısını almaq, Sovetlərə qarşı düşmənçilik siyasətini davam etdirmək yollarını axtarırdılar. Bütün millətlərin mülkiyyətçi və kapitalist sinfinə xas olan müxtəlif alçaq və vəhşi sifətlərdən əlavə İran hakim və varlı təbəqəsinin özünəməxsus bir keyfiyyəti də vardır. Bu da onun doğulduğu gündən ictimai idealdan məhrum olmasıdır. Buna görə də o, hədsiz dərəcədə simasız və ikiüzlüdür. Bütün bu sinfin təbiəti olan bu keyfiyyət, bir dəryanın tərkibi bir zərrədə əks olunan kimi, həmin sinfin hər bir fərdinin, hər bir şəxsiyyətinin təfəkkür və əməllərində, əxlaq və adətlərində öz ifadəsini tapmışdır.

 Sərhəng Səfai də bu sinfin övladı idi. O öz sinfinin bütün ənənələrinə sadiq və bu ənənələrdən yoğrulmuş bir gündə idi. Onun nəinki təfəkkür və əxlaqı tamam aid olduğu sinfin təfəkkür və əxlaqının eyni idi, o öz sövq-təbii hisslərilə də, bütün “qeyri-şüuri” varlığı ilə də öz sinfinə sadiq idi. Buna görə də ətrafında gedən hadisələrə biganə qala bilməzdi. O bu hadisələrin gələcək inkişafından asılı olaraq düşünməyə, hərəkət etməyə başlayırdı. Şəraiti ölçüb-biçir, öz mənafeyinin harada olduğunu tezcə müəyyən edir, buna müvafiq də iş görürdü; Simasızlıq, əqidəsizlik, satqınlıq, hərislik bütün sinfin taktikası idi. Dünən ağ yazılan, bu gün qara da oxuna bilərdi. Yalnız mənsəb, mülk və mal əldən getməsin, hakimiyyət və ixtiyarat əldən getməsin!..

Kərimxangilin işini böyük bir ciddi-cəhdlə, tükənməz bir enerji ilə dar ağacına qədər aparıb çıxarmış Sərhəng Fridun və Hikmət İsfahaninin işini uzadır, min bəhanə taparaq məsələni ləngidir və gözləyirdi. Lakin o sadəcə gözləməklə qalmırdı. O, bir gözü ilə cənuba, o biri gözü ilə şimala baxır, Tehrana doğru hərəkət edən iki böyük qüvvənin keçdiyi yola nəzər salır, düşünür və ölçüb-biçirdi. Hadisələrin aqibətini müəyyən etməyə can atırdı. Başında tacı, altında taxtı titrəyən Rza xanın təhdidlərini və qəzəbini yuşmaltmaq üçün o, min bəhanə tapırdı. Əslinə baxsan, Rza xan özü də son günlər məhbəsdə çürüyənləri unutmuş kimi idi. Görünür ki, əlahəzrətin varlığını daha mühüm hadisələr məşğul edirdi.

Sərhəng əlinə düşmüş fürsətdən istifadə etmək fikrində idi. O, gözünü şimaldan və cənubdan paytaxta doğru gələn iki qüvvədən çəkərək, həbsdə, hazırda onun əlinin altında olan iki adama dikmişdi. Fridun və Hikmət İsfahani! Bu iki adam sanki o iki qüvvənin gətirdiyi müxtəlif ruh və müxtəlif meyli ifadə edən canlı bir rəmz idi. Sərhəngin son xətti-hərəkəti də bu instinktin tələblərinə əsaslanırdı.

Bu mülahizələrə görə Hikmət İsfahani ilə növbəti görüşündə daha mülayim, daha yumşaq rəftar etdi. Halına yandığını, qurtarması üçün əlindən gələni etməyə hazır olduğunu söylədi və mənalı-mənalı:  

- Hər şey məndən asılı deyil, - deyib əlavə etdi.

Onun fikirlərini, nələr düşündüyünü, nə kimi mülahizələrlə yaşadığını dərhal anlamış Hikmət İsfahani özünü bilməməzliyə qoydu. Onun məhəbbət və hörmətinə həmişə böyük inam bəslədiyini bildirib, təşəkkür etdi və başına gələn dəli əhvalatının heç üstünü də açmadı. Sərhəng isə ağır bir izahat verməkdən qurtardığı üçün çox razı qaldı və daha da mülayimləşdi, Hikmət İsfahaniyə hətta vəzifəsinin tələbini unutmaq kimi bir fədakarlığa belə hazır olduğunu hiss etdirərək:  

- Sizi buradan qurtarmaq üçün bilmirəm əlahəzrətə necə təsir edək, - dedi və üzündəki mülayim təbəssümü bir az da artıraraq əlavə etdi:

- Bəlkə mister Tomasa bir parça kağız yazasınız?

Hikmət İsfahani, onun heç bir şey anlamaq mümkün olmayan üzünə baxdı və başını tərpətdi:

- Məsləhət görmürəm, indi mister Toması məsləhət görmürəm.

 Onun etirazının səbəbini birdən-birə anlaya bilməyən Sərhəng təəccüb etdi:

- Yoxsa elə güman edirsiniz ki, daha mister Tomasın sözü keçmir? Səhv edirsiniz! Mister Toması saraya bağlayan halqa bir deyil, iki deyil. Biri qırılanda, o biri qalır. Müharibə-filan sizi aldatmasın. Bunlar zahiri şeylərdir. Bir də ki, əlahəzrət ingilislərlə yox, ruslarla dava edir.  

-  Yox, necə olsa üstümüzə qoşun çəkib. Daha ingilislə mənimki getdi qiyamətə. O ki bizim istiqlalımızı pozdu, qurtardı…

Hikmət İsfahani “istiqlal” sözünü ağzına gətirən kimi Sərhəng məsələni anladı və gülümsədi. Demək azadxahlıq, demokratlıq əbasını çiyninə salmaq zamanının gəlib çatdığını bu qoca oyunbaz ondan da yaxşı anlamışdır. O, Rza şah tərəfindən zindana salınmasını gələcək fəaliyyətində çox faydalı bir mal kimi istifadə etməyi indidən qərara almışdı. Sərhəng mülahizələrinin doğruluğunu yoxlamaq üçün qəsdən özünü sadəlövh göstərdi:

- Bəlkə fon Valterə yazasınız, əlahəzrətin müttəfiqləridir.

Hikmət İsfahani Sərhəngin bu təkliflərinin bir siyasət olduğunu və ya ürəkdən gəldiyini heç cür müəyyən edə bilmədiyindən diqqətlə onun simasına, gözlərinə baxırdı. Lakin onun əsl fikrini bilməyin çətinliyini gördükdə gözlərini yana çevirib məsələnin mahiyyəti haqqında düşünməyə başladı. O mister Tomas və fon Valterin onu məhbəsdən dərhal xilas edəcəyinə inanırdı. Yəqin onlar balaca bir xahişə bəndirlər. Lakin o, belə bir xahişi etməyəcəkdi. Çünki bu hərəkət onun gələcək fəaliyyəti üçün yaxşı deyildi. Almanlar məğlub olduqda, fon Valterin əli ilə zindandan qurtarmağı ictimaiyyətin nəzərində onu hörmətdən sala bilərdi. Camaat “Rza şah həbs etdi, nazirlər buraxdılar” - deyəcəkdi. Mister Tomasın vasitəsilə də çıxmağa dəyməzdi. Xalqın ingilislərə olan nifrəti ona məlum idi.

Onun cavab vermədiyini görən Sərhəng məsələni bir az da açdı:

- Mister Tomasa yazmamağınızı anlayıram. Bəs fon Valterə niyə yox?!. Onlar ki, dostlarımızdır!

Hikmət İsfahani ah çəkdi.

- Qərəzli dost biqərəz düşməndən pisdir... Başımıza bu oyunu açan onlar oldu.

Sərhəng onun istibdad dövründə zindana düşməyini gələcəkdə böyük və qiymətli bir sərmayə kimi istifadə etməyi qəti qərara aldıqını gördü:

- Mister Harold necə? Onları camaat demokrat, azadixah tanıyır. Özləri də iki cəbhə arasında bitərəfdirlər.

Hikmət İsfahani gülümsədi:

- Daha nə edim, çarəm yoxdur. Sən deyirsən, gərək yazam, Sərhəng ona borclu qalmaq istəmədi. Danışıqların üstündən bütün pərdələri götürdü:

- Yazın, yazın mister Harold hər tərəfdən məsləhətdir. Çünki hazırda hər yerdə amerikalıları demokrat, azadixah tanımışlar. Avam camaat onları alicənab və xeyirxah bilir. Müstəbid Rza şah həbs etdi, demokrat Amerika azadlıq verdi! Bax, bu kapitaldır, bu avtoritetdir!.. Yazın!..

Hikmət İsfahani özünü yenə tox tutaraq qələmi mürəkkəbə batırıb, Sərhəngin uzatdığı bloknotun üstündə nə isə yazdı. Büküb ona uzatdı.

- Sərhəng, xahiş edirəm, mister Harolda çatdır.

Sərhəngin simasında süni təəccüb əlaməti geri çəkildi:

- Mən?!

Hikmət İsfahaninin havadan asıla qalmış əlinə baxdı:

- Başqa bir vasitə tapın. Bilsələr abrım gedər.

Sərhəng kağızı açıb, stolun üstünə qoydu və otaqda gəzindi.

- Lakin... Lakin bu bizə çox baha başa gələcəkdir.

- Sərhəng, necə olsa gərək düzəldəsən!

- Çox bahalı işdir, çox... Çox bahalı işdir...

Hikmət İsfahani Sərhəngin nəyə işarə etdiyini yaxşıca anlayırdı. Lakin onun uca yerdən başlayacağından qorxaraq, özünü bilməməzliyə vururdu. Sərhəng bir də “çox bahalı işdir!” dedikdə Hikmət İsfahani əsəbilik göstərdi.

- Bilirsən, ağayi Sərhəng, mən tacirəm, haqq-hesabda sözün açığını sevirəm. Buyur görüm nə istəyirsən?

Sərhəng pul söhbəti gələndə həmişə Hikmət İsfahaninin haldan çıxdığını bildiyi üçün əsəbiliyinə əhəmiyyət vermədi. Öz halını pozmadı:

- Qorxuram sevdamız baş tutmaya?

- Kişi, sən bir sözünü de, sonra falı bəd aç! De görüm nə istəyirsən?

- Şəmsiyyəni!

Hikmət İsfahaninin üstündən sanki dəyirman daşı götürüldü. Dərindən nəfəs aldı:

- Bir qız bir oğlanındır, götür halal xoşun olsun.

- Cehizini də bu başdan danışsaq lap rahatlıq əmələ gələr.

Hikmət İsfahanini yenidən titrəmə tutdu. Yenidən əsəbiləşdi:

- Olsun, de görüm!

- Nə deyim. Özünüz məndən yaxşı bilirsiniz. Əlli min tümən pul, bir də Ərdəbil malikanəsi.

Hikmət İsfahaninin başı gicəldi. Ağır və gözlənilməz zərbədən səndələyər kimi oldu. Etiraz edərsə, sövdanın pozulacağından qorxdu. O zaman Rza şahsız da Sərhəng onu məhbəsdə həlak edəcəkdi. Çünki bu elə bir söhbət idi ki, gərək açılmayaydı, açıldı, gərək hər iki tərəfin razılığı ilə başa çatsın. Razılıq əmələ gəlmədən Sərhəng belə bir sirlə onu salamat buraxmayacaqdı. Onlar bir-birini didməyə hazır olan qurd kimi baxışdılar. Bu baxışlar məsələni həll etdi. Eyni vəhşi instinkt ilə ikisi də salamatlığın birləşməkdə, razılaşmaqda olduğunu duyaraq ayağa qalxdı. Hikmət İsfahani:

-  Allah xeyir versin, - deyib əlini ona uzatdı..

Sərhəng onun əlini sıxıb, mürəkkəb və kağızı qabağına qoydu.

- Buyurun, yazın!.. Şərt kağız üstündə olsa yaxşıdır. Yazın!

Hikmət İsfahani əli əsə-əsə kağızı yazıb mister Harolda olan məktubun yanına qoydu. Sərhəng hər iki kağızı götürüb bükdü və qoltuq cibində gizlətdi.

- Bu gecə sizi evinizə buraxaram, - dedi və xəfifcə gülümsədi. Bu gülüş Hikmət İsfahaniyə bir töhmət, bir təhqir kimi göründü. Daxilində nə isə bir ağırlıq duydu, özünü pis hiss etdi. Həmişə zərərli sövdaya düşəndə, ticarətdə uduzanda özünü belə hiss edərdi.

 ***

Sərhəng Hikmət İsfahaninin bütün varidatını ələ keçirmək xəyalında idi. Bu xəyal yavaş-yavaş həqiqətə çevrilirdi. Çünki yetmişdən artıq yaşamış Hikmət İsfahani, canı nə qədər sulu olsa da, axır mənzilə yaxınlaşmışdı. Sərhəngin hesabına görə ən uzağı o, səkkiz və ya on ildən sonra ölməli idi. Tez olarsa daha yaxşı!.. O öldükdən sonra bütün əmlakına varis çıxacaq yeganə adam Şəmsiyyə idi. Hikmət İsfahaninin beş arvad almasına baxmayaraq, övlad naminə bircə Şəmsiyyədən başqa heç kimi yox idi. Beləliklə, çox olsa-olsa on il sonra onun saysız-hesabsız mülk və varidatı Sərhəngin əlinə keçəcəkdi. Sərhəngi Şəmsiyyəyə cəzb edən də hissiyyat və ürək deyil, bu haqq-hesab idi. Sərhəng, vara çatandan sonra ürəyinin arzularını asanlıqla ödəmək mümkün olduğu əqidəsində idi. İndi yolun üstündə iki maneə dururdu. Şəmsiyyə və sərtib Səlimi!

 O, yalnız Şəmsiyyənin razılığını aldıqdan sonra Hikmət İsfahaninin azad olunmasına təşəbbüs edəcəkdi. Bunun da iki səbəbi vardır. Birinci, Şəmsiyyə indi atası məhbəsdə ikən daha tez onunla izdivaca razı olardı. Daha doğrusu, başqa şəraitdə onun razılıq verməsi müşkül işdi. İkinci, Hikmət İsfahaninin məhbəsdən çıxdıqdan sonra tamamilə başqa sifət göstərməsi də mümkün idi. Bəli, Sərhəng bu ağaları yaxşı tanıyırdı. Quyruğu qapı arasından çıxan kimi “qız razı deyil” deyib, verdiyi kağızdan da boyun qaçıra bilərdi. Doğrudur, belə halda ona təzyiq etmək üçün Sərhəngin əlində daha güclü vasitələr vardı. O, sübutlar və dəlillərlə Hikmət İsfahaninin yalançı azadxahlığının üstünü açıb, abırdan salardı. Onun işi bu yerə gətirib çıxaracağına şübhə etsə də, ona tamamilə arxayın da ola bilmirdi. Buna görə Şəmsiyyə ilə danışmağı lazım gördü. Hazırkı şəraitdə Şəmsiyyəni razı salmaq Sərhəngə o qədər də çətin görünmürdü. Bəli, Sərtibin də, Hikmət İsfahaninin də məhbəsdə olduğu bir vaxtda bu asan bir iş idi. Onun fikrincə qız onsuz da Sərtibi istəmirdi. Onunla izdivaca razılıq verməsi də bir güc, bir təzyiq nəticəsi idi. İndi Sərtib olmasın, Sərhəng olsun!.. Nə təfavütü vardı? İstəmədən birisinə ərə gedən eyni qayda ilə başqa birisinə də gedə bilərdi. Təbii və məntiqi görünən bu düşüncələrin oyatdığı ümidlə Sərnəng Şəmsiyyənin yanına getdi. Şəmsiyyə kədərli və fikirli olsa da, onunla danışarkən gülümsəməyə, şad görünməyə çalışırdı. Hətta özü gedib ona çay da gətirdi. Bütün bunlar Sərhəngi ürəkləndirdi.

- Xanım Şəmsiyyə - dedi, - mən bir daha sizinlə iki il bundan qabaqkı söhbətə qayıtmaq istəyirəm.

Şəmsiyyə qaşlarını çatdı və əsəbi bir halda:

- İki il qabaqkı cavabı da alarsınız! - dedi. Sizi mənə sevdirəcək heç bir təbəddülat əmələ gəlməmişdir!..  

- Yaxşı fikir edib, yaxşı düşünsəniz, görərsiniz ki, çox böyük təbəddülat əmələ gəlmişdir!

-  Siz atamın və Sərtibin həbsinə işarə edirsiniz. Məncə bu təbəddülat ürəkdə məhəbbət yox, yalnız nifrət oyada bilər.  

- Xanım, Sərtibi xatırladığınız üçün təşəkkür edirəm. Çünki onu misal çəkməklə mən fikirlərimi aydın ifadə edə bilərəm. Siz ürək və məhəbbətdən danışırsınız. Rica edirəm, bir sualıma cavab verin. Məgər siz Sərtibə aşiq olmuşdunuz? Ona görə izdivac məsələsi ortalığa çıxdı?

Şəmsiyyənin qəlbinin ən həssas tellərinə toxunmuşdu. Qız özünü təhqir edilmiş sanaraq titrəyir və zorla göz yaşlarını saxlayırdı. Əlini Sərhəngin oturduğu yumşaq kresloya vuraraq:  

-  Sizin nəzərinizdə bununla, bu cansız taxta parçası ilə bir qız arasında heç bir fərq yoxdur, - dedi. - Mən sizin yerinizə utanıram, Sərhəng! O kresloya pul verib siz də bazardan ala bilərsiniz, başqa birisi də. Lakin axı mən canlı bir insanam, mən kreslo deyiləm, Sərhəng! Belə, bir dəfə qanın ki, burada döyünən bir ürək var, o istəmədiyi adamın ağuşuna atıla bilməz. Sizi məcburən nifrət etdiyiniz bir qadınla bir otağa salıb, yaşayın, bir yerdə yatın, durun və hətta onun hisslərinə də cavab verin desələr, bacararsınızmı, Sərhəng? Nahaq yerə biz qadınları cansız, ruhsuz və hər kəslə yaşaya biləcək bir məxluq hesab edirsiniz!..  

- Xanım, inandırıram sizi ki, minlərcə qadınlar məhəbbət nə olduğunu bilmədən ərə gedirlər. Lakin məhəbbət sonradan ünsiyyət nəticəsində meydana çıxır.  

- Düzdür, İranın yüz minlərcə bədbəxt qızları və qadınları insan həyatının yüksək və ləziz mənasını təşkil edən məhəbbətdən xəbərsiz ömur etməyə məcburdurlar. Lakin mən elə yaşamaq istəmirəm! İstəmirəm!... Bu heyvan yaşayışıdır, insan həyatı deyil!..  

- Məsləhət sizinkidir, xanım! Məni bura gondərən ağayi Hikmət İsfahani oldu. Onun həyatı sizin razılığınıza bağlıdır.

Quru bir əda və təhdidlə söylənmiş bü sözlərdən sonra o, Hikmət İsfahaninin kağızını Şəmsiyyənin qabağına qoydu. Şəmsiyyə kağızı oxudu. Əlində əzib yerə atdı:

- Rəzalətdir, rəzalət! - dedi bə əllərini ağzına basdı.

Sərhəng əyilib kağızı götürdü, səliqə ilə qırışıqlarını açıb bükdü və cibinə qoydu, əlini papağına atdı. 

- Xudahafiz, xanım, qəti cavabınızı bir gün də gözləyə bilərəm…

Şəmsiyyə bir qərara gələ bilmirdi. Bu adamın atasını da, Sərtibi də məhv edəcək bir alçaq olduğu ona aydın idi. Bəlkə də Şəmsiyyə onların xatirinə özünü qurban verməli idi. Bəlkə də yalandan söz verib onları azad etdirməli və sonra, Sərtiblə izdivac etməli idi. Şəmsiyyə yalnız zindana düşdükdən sonra Sərtibin nə qədər nəcib və təmiz bir ürək sahibi olduğunu duymağa başlamışdı. Qəlbində nə isə incə hisslər baş qaldırmışdı. İndi o, bir zaman Şahpurla izdivac kimi boş bir fikrə düşərək, Sərtibi uzaqlaşdırmaqda özünü ittiham edir, bunu ömrünün düzəlməz bir xətası sayırdı. Sərhəngə söz verib, onları zindandan qurtarmaq və sonra Sərtiblə izdivac etmək fikri ona yeganə çıxış yolu kimi göründü. Lakin bəs sonralar, Sərhəng onlardan əl çəkəcəkdirmi, Sərtib kimi düzlük sevən bir adam Sərhəngin hiylələri qarşısında dayana biləcəkdirmi? Burada onun fikri çaşır və heç bir qərara gələ bilmirdi. Nəhayət, məsləhətləşməli bir adam düşündükdə Südabənin yanına getməyi qərara aldı.     

Son aylar çox az-az görüşdükləri Südabə öz otağında nə isə oturub yazırdı. Şəmsiyyəni görən kimi tələsik kağızları yığışdırdı:  

- Xoş gəlmisən, bacım, - deyib əlini sıxdı, - otur, otur, niyə belə ağarmısan, heç rəngin üstündə deyil?

Şəmsiyyə onun üzündə bir ilham, bir şadlıq görərək:

- Maşallah, sən yaxşısan, - dedi və oturdu.

Südabə çay hazırlamaq istədikdə, əlindən tutub qoymadı:  

- Səndən yaxın bir dostum yoxdur, adam pis günündə dost yanına gedər.

Südabə ona yaxın oturdu:   

- Nə var, Şəmsiyyə, sənə nə olub?

Şəmsiyyə başına gələn əhvalatları ona danışdı:   

- İndi mənə bir məsləhət ver, bir yol göstər, nə edim? Ağır gündə adamın gözü bağlanır. Xoşbəxtliyi elə yerdə axtarır ki, orada tapmaq mümkün deyil.

Şəmsiyyənin muşkül suallar qarşısında durduğunu anlayan Südabə düşdüyü ziddiyyətlər içərisində ona səadət görmürdü, onun fikrincə bu səadət başqa yerdə idi.   

- Sən yaxşı dedin, Şəmsiyyə, biz çox zaman xoşbəxtliyi olmayan yerdə axtarırıq. Mən onun əsil yolunu göstərsəm, bilmirəm o yol ilə gedərsənmi?

- Sənin yanına onun üçün gəlmişəm, Südabə.  

-  Şəmsiyyə bacım, nə Sərhəng, nə də sənin atan sənə səadət verməyəcək. Onların yolu hakimiyyət və mal-dövlət yoludur. Bu yolda onlar nə sənin səadətini düşünür, nə mənim. Bunun üçün onların bu bədbəxt İranı satmadıqları bir dövlət qalmayıb. Sən xoşbəxtlik axtarırsan, amma sənə də, mənə də necə xoşbəxtlik ola bilər ki, vətənimiz və xalqımız zülm içində, yoxsulluq içindədir.

Şəmsiyyə azca yana çəkilərək təəccüblə və ehtiyatlı bir nəzərlə ona baxır, nələr danışdığını anlaya bilmirdi. Südabə davam edirdi:   

- Onlardan əlini üz, gəl başqa bir yerə gedək. Gəl mən səni sadə adamların içinə aparım. Səadət onların içindədir. 

- Bəs atam, bəs mülklərimiz? - dedi, - onlardan ayrılsam mən necə yaşaya bilərəm?

- Onların hamısını at, gəl yaxşı adamların içinə gedək. Orada dəbdəbəli məclislər və şahzadələr yoxdur. Kasıblıq və ehtiyac içində olsa da böyük duyğular, ali fikirlərlə yaşayan adamlar var!..

Südabənin dedikləri Şəmsiyyəyə anlaşılmaz bir yuxu təsiri bağışladı. Sanki qız onu hara gedib çıxdığı bəlli olmayan qaranlıq bir yola çəkirdi.  

- Sağ ol, bacım, - məni bağışla, narahat etdim, - deyib Şəmsiyyə evinə qayıtdı. Sabahısı günü eyni tərəddüd içərisində yaşayarkən yenə Sərhəng gəldi. Ona tam bir azadlıq və səadət vəd edərkən atasını mütləq buraxacağını, Sərtibin vəziyyətini yaxşılaşdırmağa çalışacağını vəd etdi. Yenə onun yumşalmadığını gördükdə durub getmək istədi:  

- Xudahafiz, xanım, ağayi Hikmət İsfahaniyə son sözünüz varmı? Bəlkə bir daha üzünü görmədiniz!

Şəmsiyyə başını qaldırdı və qorxulu nəzərlərlə onun gözlərinə baxdı. Bu gözlər soyuq bir şüşə kimi işıldayan cəllad gözü kimi qətiyyətlə yanırdı. Bu qətiyyətin altında Şəmsiyyənin bütün iradəsi öldü. Ümidsizlik və dəhşət içərisində qolları yanına düşdü, qanı qaçmış dodaqları zorla titrədi:  

- Razıyam, Sərhəng, qayıdın!

 ***

Sərhəng kabinetində oturub mister Harolda verdiyi kağızın cavabını gözləyir və Sərtib Səlimi haqqında düşünürdü. Hər hansı danışıqdan boyun qaçıran, yanına gələn hər kəsi söyüb-qovan və ümumən böyük bir rahatsızlığı yaradan Sərtibi nə cür məhv etmək yollarını axtarırdı. Rza xanın əmrinə və Sərhəngin istəyinə görə Sərtib salamat çıxmamalı idi. Bu vaxta qədər öldürülməməyinə də səbəb şahın şübhələrini doğrultmaq təşəbbüsü idi. Rza xan tələb edirdi ki, Sərtibin mütləq sovet səfarətxanası ilə əlaqəyə girib, məmləkətdə pozucu işlər apardığı sübut edilsin. Lakin Sərtib bütün əzablara dözərək, “yox” deyib dururdu. Artıq vaxt gəlib çatmışdı. Sərtib aradan götürülməli idi. O, başlana biləcək azadlıq hərəkatlarında hakim dairələr üçün daha qorxulu idi. O, böyük nüfuz sahibi idi. Kərimxanların dalınca getməyən mütərəddid təbəqələr belə onun ardınca gedəcəkdilər. Sərhəng həm bu təhlükəni aradan qaldırmaq, həm əlahəzrətin qəzəbini soyutmaq, həm də öz yolunu təmizləmək üçün onu məhv etməli idi. Lakin nə cür? Sərhəng əvvəlcə onu öz kamerasında asmağı düşündü. Sonra xörək içində zəhər verib öldürməyi daha əlverişli tapdı. Hər halda bu iki üsul daha səssiz və sakit keçə bilərdi. “Sərtib özünü öldürmüş, yaxud zəhərlənmişdir” deyib onun ölümünü əbədi bir sirr pərdəsi altında gizlətmək olardı. Lakin Sərhəng hələ qəti bir qərar çıxarmamış Həkimülmülk zəng etdi. Onun səsində qeyri-adi bir həyəcan vardı. O, əlahəzrətin Hikmət İsfahanini azad etmək haqqındakı hökmünü bildirərək, səsindəki titrəyiş və iztirabı gizlədə bilmədi. Sərhəng ona qulaq asa-asa “bu hərif öz gələcəyindən qorxur” deyə düşünürdü. Həkimülmülk sözünü:

- Əlahəzrət Sərtibin rahat edilməsini istəyir, rahat edilməsini istəyir! - deyib qurtardı və qulaqlığı asaraq heç Sərhəngin fikrini də soruşmadı.

Sərhəng iki nəfər boynuyoğun, kök və bir-birindən seçilməyən qulluqçunu yanına çağırtdırdı:   

- Hazırlaşın, - dedi, - əlahəzrət Sərtibi rahat etməyi tələb edir!

Onlar sualedici nəzərlərlə Sərhəngə baxdılar:  

- Nə cür?.. Özünü asmaq təriqilə, yoxsa?..

Sərhəng sual etdi:   

- Onun aclıq elan etdiyi neçə gün olar?  

- Beş gündən çoxdur dilinə heç bir şey vurmur.   

- Çoxmu zəifləmişdir?

Onlar bu sualın mənasını anlamadılar. İkisi də birdən:

- O qədər də yox, Sərhəng, canı çox bərkdir.

Sərhəngin acığı tutdu:  

- Siz də bimürvət adamlarsınız!... Beş gün də ac qalan insan zəifləməzmi? Ona bir iynə vurmaq lazımdır. Canına bir az qüvvə gəlsin.

Onlar yalnız indi Sərhəngin fikrini anladılar. Zəncirdən açılmış köpək kimi sevinclə:  

- Bəçeşm, - deyib tələsik və ruhlanmış halda onun yanından çıxmaq istədilər.

Sərhəng onları saxladı və balaca bir qutu ilə yaşıl güllü bir yaylıq verdi.  

- Alın, rahat edildiyini bildirən sənəd buraya qoyulmalıdır, Əlahəzrətə gedəcək!..

Sərhəng kinini qiyamətə qədər ürəyində saxlayan adamlardan idi. Şəxsiyyətinə toxunan, mənliyini yaralayan xırda bir sözü belə illərlə ürəyində saxlar, intiqamını almayınca rahat olmazdı. İndi də əlahəzrətin əmrini yerinə yetirərkən iki il əvvəl Şimranda Şəmsiyyənin qonaqlığında Sərtiblə olan deyişməsi yadına düşdü. Daxilində vəhşi bir hiss baş qaldırdı. Sərtibin ölümü nə cür qarşılayacağını görmək istədi. Durub aşağı endi.

Ağ xalatlı, küt baxışlı bir adam ölüm iynəsini hazırlayıb durmuşdu. Qulluqçular Sərtibi gətirməyə getmişdilər. Sərhəng qətl otağına açılan balaca pəncərədən baxır, Sərtibin gəlməsini gözləyirdi. İstintaqa çağırıldığını zənn edən Sərtib başını dik tutaraq daxil oldu. Dalınca dərhal qapı örtüldü. O, ağ xalatlı adamla üz-uzə gəldi. Sərhəng onun simasında qorxu və vahimənin izlərini axtardı. Ağaracağını gözlədi. Lakin Sərtib ani bir heyrətdən sonra başını dik tutaraq, acıqlı nəzərlərlə ağ xalat geyinmiş cəllada baxdı.   

- Mən naxoş deyiləm!.. 

- Sərhəng sizə iynə vurmağı əmr etmişdir. Beş günün aclığına heç bir bədən dözməz!  

- Təşəkkür edirəm, mənim iynəyə ehtiyacım yoxdur! - deyib qayıtmaq istədikdə yoğun xidmətçilərlə qarşılaşdı. Onlar:  



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info