Qonaq Kitabı
İYİRMİ SƏKKİZİNCİ FƏSİL

Rza Qəhrəmani Friduna bir kömək etmək üçün çox çalışdı. Lakin bütün təşəbbüsləri nəticəsiz qaldı. Xüsusilə sərtib Səliminin və Hikmət İsfahaninin tutulması ilə iş çətinləşdi. Buna baxmayaraq o, məhbəslə əlaqə yaratmaq fikrindən əl çəkmədi. Oranın xırda qulluqçularından birini ələ almağa səy etdi. Fəridənin vasitəsilə, qızı toxucu fabrikində işləyən məhbəs süpürgəçilərindən bir qoca ilə əlaqə yaratdı. Onunla heç olmasa bəzi xəbərləri Friduna çatdırmağa cəhd etdi. Bu, Friduna ruhi qüvvə verər, iradəsini möhkəmlədərdi. Lakin qoca, qızının təklifinə qəti etiraz etdi:

- İstəyirsən məni də tutub basalar ora?

Məhbəslə əlaqə fikri də baş tutmadıqda Rza Qəhrəmani butün diqqətini təşkilatın işlərinə verdi. Fridun tutulduqdan sonra işlərin bütün ağırlığı onun boynuna düşmüşdü. Çünki Aram üzə çıxa bilmirdi. Kürd Əhməd də Kürdüstandan və Azərbaycandan qayıtmamışdı. Fəaliyyəti isə zəiflətmək zamanı deyildi. Əksinə, zaman elə məsələlər ortalığa atırdı ki, onları həll etməkdə nəinki xalqın, hətta sayı o qədər də çox olmayan təşkilat üzvlərinin belə fikrində dolaşıqlıq yaranırdı. Bütün İranın, xüsusən Tehranın siyasi vəziyyəti həmişəkindən çox gərgin bir hal almışdı. Bu vəziyyət hər gün bir az da gərginləşir və yeni-yeni hadisələr və fikirlər doğururdu. Alman qoşunlarının sovet torpaqlarında irəliyə hərəkət etməsindən və İran daxilində mütərəqqi adamların tutulmasından mürtəce və hakim dairələr öz məqsədləri yolunda istifadə edirdilər. Onlar zəhmətkeşlərin və demokratik düşüncəli təbəqələrin ümidini öldürməyə çalışırdı. İrtica, sovet qoşunlarının müvəqqəti geri çəkilməsini, sovet məmləkətinin dağılması kimi qələmə verirdi. Bununla da xalqın azadlıq və ruhunu birdəfəlik susdurmağa cəhd edirdi. Rza Qəhrəmani Tehran qəzetlərini oxuyur, fəhlələrlə tez-tez danışır və bütun bunları hər dəqiqə müşahidə edirdi. Qəzetlər, alman xəbərlərini böyuk başlıqlar altında nəşr edirdilər. Onlar tamamilə Göbbels propoqandasına qapılaraq, daxili bir kin və sevinclə Sovet dövlətinin mütləq aradan çıxacağından danışırdılar. Hətta hələ də Sofi İranpərəst tərəfindən buraxılan “Səda” qəzeti almanların Moskvanı tutması xəbərini birinci gətirənə, əlahəzrətin böyük mükafat vəd etdiyini yazırdı. Belə bir zamanda təşkilat üzvlərində, demokratik fikirli adamlarda və zəhmətkeşlərdə Sovet Ordusunun mütləq qələbə çalacağına etimad oyatmağın və onların əhvali-ruhiyyəsini yüksək saxlamağın, İranda iki cəbhə arasında gedən mübarizə üçün həlledici amil olduğunu Rza Qəhrəmani yaxşı anlayırdı. Bu gün depoda baş vermiş bir hadisə onun bu fikrini xüsusən möhkəmlətmişdi: nahar fasiləsində depo işçiləri sovet-alman müharibəsinin gedişindən, aqibətindən danışmağa başlamışdılar. Qoca depo işçisi ümidsiz və kədərli bir səslə:

- Bir şamı ki hər yandan püfləyələr, onun yanması mahaldır, - dedi. - Heç bilmirəm axırı necə olacaq, ümidimiz bircə Şura idi, onu da belə vurub dağıdacaqlar. Bundan sonra azadlıq fikri getdi qiyamətə.        

Bu sözlər Rza Qəhrəmaniyə çox ağır təsir bağışladı. Bu sözlər nəinki işçilər arasındakı ağır şübhələri, həm də təşkilatın pis işlədiyini, həqiqəti bütün xalqa çatdıra bilmədiyini göstərirdi. Fəaliyyəti canlandırmaq lazım idi. Bu fikirlə Rza Qəhrəmani işdən çıxıb yoldəyişən Rüstəmi tapdı; yoldaşları yığmasını tapşırdı. Rüstəmin körpə uşaqlar mışıldayan daxmasına birinci gələn Fəridə və Sərxan oldu. Onlar ikisi də bir-birinin sözünü kəsə-kəsə danışırdı. Fəridə yenə təbiətinə xas olan canlılıqla camaat arasında eşitdiklərini nağıl edib öz fikrini dedi:

- Sovetlər olmasa bizim mübarizəmizin axırı yoxdur, azad ola bilməyəcəyik, vəssalam. Mən deyirəm, gəlin o tərəfə kağız yazaq. Nazirlərlə vuruşan qızıl əsgərlərə yazaq ki, bərk durun, bizim ürəyimiz sizinlədir. Çünki siz bizim də gələcəyimiz üçün vuruşursunuz.

Sərxan onun sözünü kəsdi:

- Nəinki tək bizim, bütün bəşərin gələcəyi üçün. Dünyada nə qədər zəhmətkeş var, hamısının azadlığı yolunda... Yoxsa tək bizim desək, elə bilərlər ki, gözümüz İrandan başqa heç yeri görmür.

Fəridə də onun sözünü kəsdi:

- Əllaməlik eləmə, sən allah. Onlar elə bilməzlər, sənin kimi dargözlü deyillər. Mən zəhmətkeş deyəndə elə bir səni demirəm, bütün dünyanın əliqabarlılarını deyirəm.

Rza onların mübahisəsini kəsdi:

- Məsələ sözdə deyil, onun cövhərindədir. Elə ikiniz də bir deyirsiniz və yaxşı da sözdür. Kağız yazaq, göndərək getsin. Yəqin onların da ürəyi böyüyər, bilərlər ki, onların İrandakı zəhmət qardaşları yatmayıblar, bacardıqlarını edirlər.

Təklifinin belə məhəbbətlə qarşılandığını görən Fəridə sevinclə:

- Niyə gecikdirək, - dedi, - gəlin elə bu saat yazaq.

Rza Qəhrəmani balaca cib dəftərini və karandaş çıxartdı. Sərxan, narazı bir halda ona baxdı:  

-  Yox, usta, ora yerləşməz, dayan sənə böyük vərəqə verim, özünü də mürəkkəblə yaz, qoy yadigar qalsın.

O, cibindən dörd qatlanmış böyük bir vərəqə kağız və dəmiri qaralmağa başlamış köhnə qələmini çıxartdı. Rza Qəhrəmaniyə verdi:

- İndi yaz.

 Rza Qəhrəmani kağızı açdı, qələmi barmaqları arasında hazır saxlayıb, söz tapmaq üçün fikrə getdi. Səbirsizlik göstərən Fəridə onun fikrini pozdu:

- Bəs bu məktubun bir ünvanı olmaz? Kimə yazırıq?

Sərxan:

- Mane olma, qoy kişi fikirləşsin, - dedi, - onu danışdıq ki, Ərtəş Sürgün sərbazlarına yazaq.

Fəridə sakit olmadı.

- Bəs kargərlər, zabitlər, kəndlilər, onların niyə ürəyini sındıraq? Mən deyirəm gəlin bütün sovet xalqına yazaq.

Arvadı ilə çiyin-çiyinə qısılıb, diqqətlə qulaq asan Rüstəm danışdı.

- O, böyük iştibah olar. Nazirlər çalışır ki, hökuməti-şurəvini və kommunist firqəsini aradan aparsın. Mənim qandığıma görə bu iki şeysiz şurəvi camaatı da bizim günümüzə düşər?! Xalqın canı bu iki şeydədir. Necə deyərlər, biri - bədəndə ürək kimidir, biri də beyin kimi. Gəlin kağızı Sovet hökumətinə və kommunist firqəsinə yazaq.

Sərxan yenə özünü onlardan bilici göstərdi:

- Orda xalq da, hökumət də, firqə də bir şeydir, bir-birindən ayırmaq olmaz. Onları da qoruyan sərbazlardır, yazaq sərbazlara.

Fəridə öz fikrində durdu. Rüstəm də qızışıb dediyindən əl çəkmədi. Nəhayət, Rza Qəhrəmani hamısını qane edən bir təklif irəli sürdü:

- Mənim əzizlərim, dünyada azadlığın bircə məşəli var. Onun adına Sovet Sosialist Respublikaları İttifaqı deyirlər. Kommunist firqəsi də, Sovet hökuməti də, sovet kargərləri, kəndliləri və sərbazları da öz şərafətlərini onun varlığında görürlər. Zəhmətkeşlərin düşmənlərini qorxudan Sovet İttifaqının varlığıdır. Bütün dünyada azadlığın püştbani də odur. Gəlin, kağızımızı ora yazaq. SSR İttifaqına!..

Sərxan üzünü o birilərə tutdu: 

- Ustanın sözündə məntiq var. Yaz usta, heç bir mübahisə ola bilməz.

O, məktubu yazdıqca gah Sərxan, gah Rüstəm hərəsi bir söz deyirdi. Xüsusən, Fəridə özünü saxlaya bilməyib, tez-tez sözə qarışırdı.

- Elə sözlər tap ki, ayna kimi ürəyimizi onlara göstərsin.

Məktub qurtarandan sonra, oxudular, bəzi yeni sözlər artırırdılar. Fəridənin təkidilə axırına bir cümlə də yazdılar. “Bizim ürəyimiz partlayır ki, bu ağır gündə sizə kömək edə bilmirik...”.

Rza Qəhrəmani məktubun üzünü köçürtdü və səliqə ilə büküb konvertə qoydu, ağzını bağladı. 

- Əzizlərim, indi öz işlərimizdən danışaq, vəziyyət yaxşı deyil. Zidd-şurəvi təbliğat xalqın ruhiyyəsini pozur. Düşkünlük yaradır.

Onun sozlərinə diqqətlə qulaq asan Sərxan:

- Amma məsələnin başqa bir cəhəti də vardır, - dedi. - Düşmənlərimiz ki, bu qədər qışqırırlar, bunun özü bir şübhəli məsələdir. Onlar qorxularından xalqı küyə salmaq istəyirlər. Gözə tüstü buraxırlar.

Fəridə ərinin sözünə qüvvət verdi:

- Mən camaat arasında eşidirəm ki, şura qoşunlarının qəhrəmanlığı dillərə sığmır. Hamı heyran qalıb. Xalqdakı bu ruhu da görmək lazımdır.

Onların bu sözləri medalın başqa bir tərəfini Rza Qəhrəmaniyə göstərdi. O, rəsmi dairələrin və qəzetlərin qaldırdığı hay-küyün dalında böyük bir qorxu və ümidsizlik gizləndiyini anladı və mərdliklə öz düşüncəsinin birtərəfli olduğunu boynuna aldı:

- Mən işin bu tərəfinə əhəmiyyət verməmişdim. İndi ki, belədir, demək biz düşmən təbliğatını daha tez puç edə bilərik.

Yeni bir vərəqə hazırlamaq və şifahi təbliğatı gücləndirmək qərarına gəldilər. Onu Tehranda çap etmək qeyri-mümkün idi. Bu işi Sərxan Sari şəhərindəki adamların vasitəsilə təşkil edəcək və sonra hazır vərəqələri Tehrana gətirəcəkdi.

Rza Qəhrəmani Fəridədən Xavərin halını soruşdu. Fəridə, birinci dəfə olaraq günahkar kimi başını aşağı saldı:

- Dilənçi qadın birdən-birə yoxa çıxdı, ondan sonra heç cür əlaqə düzəldə bilmirdi. İstəsəniz bu axşam özüm yanına gedərəm.

- Qətiyyən elə şey etmə. Kiçik bir ehtiyatsızlıq hamımızı məhv edə bilər.

Fəridə çıxış yolu tapdığını bildirən bir sevinclə Firuzə və Fatma haqqında onlara məlumat verdi, onlardan birinin əli ilə Xavərlə əlaqə saxlamağı təklif etdi. Rza Qəhrəmani:

- Hələlik onu heç bir işə çəkmək olmaz. Ancaq bir qədər pul çatdırmaq lazımdır ki, dolana bilsin, vəssalam.

Rza Qəhrəmani Kürd Əhməddən aldığı məktubu onlara oxudu. Məktub şərti ifadə və işarələrlə yazıldığından, o hər cümlədən sonra dayanır, ayrıca izah edirdi. Kürd Əhməd Kürdüstanda işlərini qurtarıb, Təbrizə yollandığını, oradan da Ərdəbilə gedib, Tehrana qayıdacağını yazır, işlərinin çox yaxşı getdiyini bildirirdi.

O kürdlər arasında azadlıq fikirlərinin yenidən şiddət etdiyini, kürdlərin fürsət düşən kimi istibdad əleyhinə çıxacaqlarını ayrıca qeyd etmişdi.

Gecədən xeyli keçmiş Rza Qəhrəmani saatına baxdı.

- Vaxtdır, - deyib Rüstəmə döndü. Rüstəmin işarəsi ilə arvadı uşaqların ikisini götürüb həyətə, qapının ağzına çıxartdı və orada yerlərini rahatlayıb yanlarında oturdu. Rüstəm qapını örtdü. Yükün altındakı radionu açdı. Hamısı səsini kəsib radionun ətrafına toplandı.

Moskva farsca danışırdı. Onun səsi indi də sülh dövründə olduğu kimi təmkin və inamla dolu idi. Sanki bu səs üzərində alman bomba daşıyanları uçan, şəhərlərini qaranlıq bürümüş, təyyarə və topların səsilə yatıb-ayılan bu məmləkətdən deyil, divarından quş aşmayan sakit və əzəmətli bir qaladan gəlirdi. Moskva Sovet dövlətinin İran hökumətini xəbərdar edən, 19 iyul tarixli notasını verirdi. Həyəcanla qulaq asan Fəridə özünü saxlaya bilmədi? 

- İndi qoy ağalar görsünlər kimin ömrü qurtarır.

Sərxan onun fikrinə şərik olduğunu bildirən bir təbəssümlə:

- Arvad, qoy qulaq asaq, - deyib, Moskvaya baxmaq istər kimi gözlərini radionun balaca və dairəvi gözünə dikdi.

 * * *

Kürd Əhməd Urmiya ilə Səlmas yolunun üstündəki kədiyin ətəyində yanlarından buğlana-buğlana tər axan sarı kəhər atın cilovunu çəkdi. Ağır nəfəs alan at qızışdığından sakit ola bilmədi və qabaq ayaqlarını yerə döyüb, irəli dartındı. Lakin Kürd Əhməd atının yarım saat əvvəlki dəli qüvvətinin sındığını və istər-istəməz ram olmağa başladığını hiss edib, yeni və qotazlı yəhərin üstündə yarı dala çevrildi. Kimi isə axtarır kimi gədiyin ətəyindən sağa doğru uzanıb gedən əyri-üyrü yola nəzər saldı. Beş dəqiqə keçməmiş dördnala gələn boz at yolun döngəsindən özünü irəli atdı. Kürd Əhməd hələ də bu buğlanan kəhəri azca kənara çəkərək, boz atın üstündəki adama baxdı:

- Rəhim ağa cilovunu çək, yoxuş başlayır.

Rəhim ağa atı ancaq iyirmi-otuz addım qabaqda saxlaya bildi, tez geri qaytardı:

- Sarı kəhəri yaxşı soyutdunuz, - dedi və gülümsədi, - yaman atdır, adamın balaca qorxduğunu hiss etsə yerə çırpacaq.

Kürd Əhməd kəhərin yalını tumarladı:

- Atın dəlisi, igidin ağıllısı!..

Rəhim ağa, saçaqları geniş alnına, boynuna və qulaqlarının üstünə tökülmüş ipək çalmanı başından götürdü, cibindən enli bir yaylıq çıxarıb, tərini sildi. Əynində kürdlərin çox sevdiyi genbalaqlı ipək tuman və uzunboğaz çəkmə vardı. Kürd Əhmədin bir ata məhəbbətini andıran mehriban baxışları altında yerə sıçradı, kəhərin üzəngisini bərkidib, eyni cəldliklə boz atın üstünə qalxdı.

Atlar ağır-ağır nəfəs alaraq yoxuşu dırmaşmağa, bir-birini ötməyə can atırdı. Lakin Rəhim ağa hörmət olaraq Kürd Əhmədi irəli buraxır və tez-tez boz atın cilovunu çəkirdi. Kürd Əhməd isə kəhəri yavaşıtdı. Üzəngiləri bir-birinə dəyəcək qədər atını boz ata yaxınlaşdırdı, yanaşı sürdü:

- Yorulmamısan ki?

Rəhim ağa gözlərini bir-birini əvəz edən, nə isə vahiməli bir sükutla dolu saysız-hesabsız dərələr və təpələrdən çəkdi:

- Anam məni at üstündə doğub, - dedi, - peşəm yəhərə oturub kəndləri, obaları gəzməkdir.  

- Elədir, kürdün çoxu at üstündə doğulub, at üstündə də ölür.

Kürd Əhməd bu sözləri başqa bir mənanı nəzərdə tutmayaraq söylədi. Lakin Rəhim ağa onlarda rəşadət və qəhrəmanlığın mənbəyi saydığı bir adətin tənqidini gördü.

 - Köçərilik də kürd xalqının bir fəlakətidir, -  dedi və nə isə düşünüb əlavə etdi:

- Torpağa kök atmayanlar bu dünyadan izsiz-tozsuz gedərlər:

- Lakin torpağa kök atmaq üçün onu eşib qazmaq lazımdır. Altını üstünə çevirmək lazımdır. 

- Belə bir qabiliyyət və əzm bizim xalqda məgər yoxdur?

- Var! Kürd xalqı çox zəhmətsevən və rəşid bir xalqdır. Lakin onun əl-qolu bağlıdır. Dərəbəylik və əşirət dövrünün qaydaları onu göz açmağa qoymur. Onları dağıtmaq lazımdır.

Onlar hər ikisi fikrə gedib susdu, atların eyni ahənglə və müntəzəm surətdə təkrar olunan ayaq səsləri altında səhər yenicə açılırdı. Günəşin ilk qızartıları göydə və kədiyin başında görünməyə başlayırdı. Yavaş-yavaş dərələrə səs düşür, təpələrdə xurcun və çuvallarını at və eşşəklərin üstünə atmış, tələsmədən hara isə gedən kəndlilər görünürdü. Qabaqda, kədiyin ortasında nisbətən geniş bir təpənin döşündə böyuk bir köç, it hürüşməsi, qoyun və malların mələşməsi, arvad-uşağın səs-küyü içərisində yuxudan ayılıb yola hazırlaşırdı.

On beş-on altı yaşlı, qızıl boyunbağısı ipək köynəyini sinəsinə qədər uzanmış, qırmızı yanaqlı bir qız ətrafdan yığılmış çör-çöplə yanan ocağın tüstüsü altında, qara bir qazanda nə isə bulayırdı. Çadırın qabağında dolğun bədənli qarasaç və qaragöz bir gəlin oturmuşdu. O heç kəsə fikir vermədən döşlərini açaraq körpə uşağı əmizdirirdi.

Kürd Əhməd və Rəhim ağa köçün yanından ötərkən:

- Ağalar, buyurun, bir stəkan çay için, - deyən bir səs eşidib atların başını çəkdilər və o tərəfə baxdılar. Kürd Əhməd ayaq üstə durmuş bir dəstə kürddən heç kəsi tanımadı. Bu təklifi adətin tələbindən doğan bir ehtiram saydı və təşəkkür edərək, keçmək istədi. Lakin ağzını açmamış, kilsə kahinlərini xatırladan ağ, qalın saçları boynuna qədər uzanmış, ağ saqqalı döşünə düşmüş arıq və zəif bir qocanın onlara tərəf yeridiyini gördü.

- Salam, Rəhim ağa, atdan düş, bir tikə çörək ye.

Qoca sözünü deyib yaxınlaşana qədər Rəhim ağa cəld atdan yerə sıçradı və onu qabaqlayıb, hörmətlə əyildi, əlindən öpdü: 

- Salam, böyük şair.

Kürd Əhməd dərhal bu qocanın şair Həjir olduğunu anladı. Kürd Əhməd bilirdi ki, ömrünü İran, Türkiyə və İraq kürdlərinin ocağı başında, qovğa və dalaşmalarla dolu yürüşlərdə keçirərək, sinədən dediyi sözdə, mahnılarda onların arzu və həsrətlərini ifadə edən kürdlərin toy və yaslarında, sevinc və kədərində iştirak edər, ixtilaf və mübahisələrini kəsərdi. Tayfalar arasındakı ədavət və dalaşmalar çox zaman onun əli ilə yatırılardı. O, xeyirxah və tamahsız bir adam idi. Kürd Əhməd eşitmişdi ki, onun əynindəki paltardan, əlindəki tamburdan, sakit və mülayim xasiyyətli ağ atdan başqa dünyada heç bir şeyi yoxdur. Kürd Əhməd Kürdüstana gəldikdə onun ağızdan-ağıza gəzən şeirlərinə qulaq asardı. Bu şeirlər aşiqanə əhvalatlardan çox, nə isə şirin xəyalla qarışmış dərin dərin bir kədər və qüssəni ifadə edərdi. Onlara qulaq asdıqda sanki kürdün ağır həyatı, facianə tarixi, soyumaq bilməyən arzuları dilə gəlib danışırdı.

Kürd Əhməd atdan enib, Rəhim ağa kimi hörmətlə qocanın əlindən öpdü.

Rəhim ağa:

- Səfəriniz haradır, inşallah? - deyib soruşdu.

Qoca qırx beş-əlli yaşlarında çox gümrah və hamıdan zəngin geyinmiş adamı göstərdi:

-  Tanış olun, ağayi Hüseyn xanı yaylağa ötürüb qayıdacağam.

Kefi özündə olmadığı bilinən Hüseyn xan sərt bir ifadə ilə onların əlini sıxdı, lakin Kürd Əhməd adını eşitdikdə yalandan da olsa gülümsəməyə çalışdı:

- Rəhmətlik atanızla dostluğumuz vardı. Buyurun, yuxarı. Kürd Əhməd onun yaylağa niyə belə gec köçdüyünü soruşdu.

Bu sualdan Hüseyn xanın üzündəki süni gülüşlər çəkildi. Gözlərinə bir qəzəb və qüssə çökdü. O cavab verməyib əyinlərində köhnə və cırıq kürd milli paltarı olan və itaətlə kənarda durmuş kəndlilərə döndü.

- Ağaların atını alın!     

Kəndlilərdən birisi tələsik irəli gəldi. Kürd Əhməd və Rəhim ağanın atının cilovundan tutdu və aparıb, kənarda daşa bağladı.

Huseyn xan:     

- Buyurun.  Bir stəkan çay içək, - deyib əlini çadırdan bir az aralı, təpənin döşünə salınmış xalçaya tərəf uzatdı və yenə kəndlilərə döndü:

- Tez süfrə hazırlayın!

Kəndlilər süfrə açıb, xurcunlardan çörək, bişmiş yumurta, pendir və yağ çıxartdılar.

Onlardan birisi tüstüləyən ocağın üstündən sərnici götürüb, fincanlara qaynar süd süzmək istədikdə, Hüseyn xan acıqlandı:

- Bu nədir? Tez qara qoçu kəsin.

Kürd Əhməd buna razı olmadı:

- Sağ olun, elə bir stəkan süd içib, yola düşəcəyik.

Lakin Hüseyn xanın əmrlərinə bilatə’xir əməl etməyə alışmış kəndlilərdən birisi bu sözlərə əhəmiyyət vermədən yamacda otlayan qara qoça tərəf qaçdı, oradaca yerə yıxdı və belindəki xəncəri sıyırıb, boğazına çəkdi. Sözünün belə tez yerinə yetirilməsindən razı qalmış Hüseyn xan Kürd Əhmədə: 

- Fikir eləməyin, bir qoçla kasıb düşmərik, - dedi. Zirov bəyin oğlu Mustafa bəy sürümüzü yeyir, heç sağ olun demir, siz bir qoça da razı olmursunuz.

Onun acıqlı və fikirli olmasının səbəbini anlamağa başlayan Kürd Əhməd və Rəhim ağa sual və danışığın iki tayfa arasında əmələ gələn ədavəti daha da artıracağını düşünərək susurdular. Lakin qoca şair, söhbətin açılması üçün fürsət gözləyirmiş kimi Hüseyn xana baxdı:

- Ümidini haqq və ədalətə bağla, xan, səbirli ol, haqq yerini tutar - dedi və Kürd Əhmədə tərəf döndü: 

- Oğul kürdün dərdi böyükdür. Kürdüstanın yaraları sağalan yara deyil. Onun vahid vücudunu üç yerə parçalayıblar. Birini türklər didir, birini iranlılar, birini də ərəblər. Çöldə düşmən çoxdur, içəridə də birlik yox...

Hüseyn xan:

- Birlik o zaman olar ki, hər tayfa öz çörəyini yesin, - dedi, - onda tayfaların da sözü bir, işi bir olar. Yolundan çıxanı yığışdırıb döyə-döyə yola gətirərlər. Bizim tayfa başçılarında nə bu şüur var, nə də heysiyyəti-milli.

Kürd Əhməd bu adamın “heysiyyəti-milli” və “tayfaların istiqlalı” fikrini bir-birinə bağlayan məntiq və şüuruna heyrət etmədi. Çünki o belə xanlar və tayfa başçıları ilə ilk dəfə görüşmürdü, onların bu düşüncələri Kürd Əhmədə məlum idi. O bilirdi ki, bu adamları yol üstündən götürməyincə kürd xalqının “heysiyyəti-milli”sini qorumaq mahal əmridir. Buna görə də zahiri soyuqqanlılıqla susub, Hüseyn xana qulaq asırdı. Hüseyn xan əlini şairin saqqalına tərəf uzatdı:

- Şərafətimizə and olsun ki, məni saxlayan, sənin bu ağ saqqalındır. Ondan keçə bilmirəm. Yoxsa çoxdan Mustafa bəyin torpağını çuvalnan daşıtmışdım. Qayıdanda elə belə də deyərsən. On günə sürünü çobanın qabağına qatıb göndərdi, göndərib, göndərmədi, məndən inciməsin. Qan dizə çıxacaq!

Kababın ortalığa gəlməsi ilə söhbət kəsildi. Hüseyn xan isti əti qonaqlara tərəf itələdi:

- Yeyin, kabab isti-isti yaxşıdır.

Onlar hərəsi bir tikə götürməmiş Hüseyn xan yenə Mustafa bəyin dalınca danışdı:

- Kürd xalqının düşmənidir, gorbagor atası da özü kimi idi. Gərək siz onu tanıyaydınız!

Kürd Əhməd onun nəyi xatırlatmaq istədiyini və özünə müttəfiq axtardığını bildirdi:  

-  Ataların ədavəti, övladlara keçməməlidir.

Hüseyn xan nə isə ağır bir söz demək istədi, lakin özünü saxladı. Onun acığını içində boğduğunu hiss edən Kürd Əhməd yeməyin tezliklə qurtarmasını gözləyərək uzaqlara baxdı. Səhər günəşinin şüalarını əks edən şəffaf Urmiya gölü kədiyin döşündən nəhayətsiz bir dəniz kimi görünürdü. O, bollu taxıl və bostan məhsulatı yetirən ətrafdakı çöllərə saf bir hava və sərinlik verirdi. Bu doğma mənzərələr Kürd Əhmədin qəlbində uşaqlıq və gənclik xatirələrini canlandırırdı. O, Hüseyn xanın patriarxal təbiətini ifadə edən sözlərini eşitməmək üçün məmnuniyyətlə bu xatirələrə dalardı. Lakin özünü təhqir olunmuş bilən və heç cür soyumaq istəməyən Hüseyn xanın sözləri qulağında taqqıldayıb, buna mane oldu:

- Yaxşı, Mustafa bəy, bir qoyuna on qoyununu çəkib gətirməsəm, anamın südü mənə haram olsun!

Şair Həjir də bu sözlərdən yorulmuş kimi süfrədən kənara çəkilib, tamburunu götürdü və dizi üstə qoyub, həzin-həzin çalmağa başladı. Tamburun simindən qopan səslər, dərələrə, təpələrə yayılır, günəşin ilıq şüaları ilə birləşir, Urmiya gölünün sakit aynasında əks-səda verərək, sanki nə isə, qəmli bir dastan nağıl edirdi. Şair özünü unutmuş və heç kəsi görmürmüş kimi çalır və yavaşdan oxuyurdu. Onun sözləri tayfalar arasındakı qanlı davada əri də, oğlu da öldürülmüş və tək-tənha dağlara düşmüş bir qarıdan danışırdı. O oxuduqca arvad-uşaq səssizcə gəlib çadırın yanına toplaşır, Hüseyn xanın əmrinə hazır duran kəndlilər ətrafını bürüyürdü. Şairə qulaq asırkən, əbədi itaətin onların üzərində yaratdığı gərginlik yumşalır kimi olurdu. Getdikcə onlar daha diqqətlə dinləyirdilər. Bu zaman Kürd Əhməd Rəhimağanın yavaşca yerindən qalxaraq kənara çəkildiyini bir qədər sonra Hüseyn xanın adamlarından iki nəfərlə dərəyə endiyini gördu. Getdikcə Həjər həsrət dolu qüssəli mahnılardan şadlıq və mətanət gətirən mahnıya keçirdi. O, kürdün rəşadət və qorxmazlığından deyib, rəhimsiz və ədavət törədən bir xanı öldürmüş qoçaq bir qəbilədən danışan mahnıya keçdi. Bir döyüş marşını andıran bu mahnının. “Məhv olsun zalım ağa!” deyən hər dördüncü bəndini oturanlar xor kimi təkrar etməli idilər. Bu mahnının hamını vəcdə gətirən, gözəl deyilmiş çox asan və qüvvətli yeri idi. O, bura gəlib çatanda Huseyn xan ayağa durdu:

- Bəsdir! Gün qızmamış yola düşmək lazımdır.



 
[1] [2] [3] [4] [5] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info