Qonaq Kitabı
İYİRMİ YEDDİNCİ FƏSİL

Fridun məhbəsin ağır və kəsif havasına heç cür alışa bilmirdi. Nəfəsi darıxır ürəyi şiddətlə döyünür, başı gicəlirdi. Bəzən ona elə gəlirdi ki, havasızlıqdan boğulacaq, ürəyi partlayacaqdır. Bu zaman kamerada o tərəf-bu tərəfə gəzir, dərindən nəfəs alırdı. Pəncələri üstə qalxaraq, ağzını kameranın qərbə açılan bacasının dəmirlərinə söykəyir və bütün qüvvəsilə çöldən gələn təmiz havanı sümürür, bir yüngüllük duyaraq, yenə düşüb gəzinirdi. Çox zaman gözünü eni bir, uzunu iki qarışdan artıq olmayan bu balaca bacaya tutub baxır, baxırdı. Xüsusilə günəş batana yaxın sarı işıqlar kameranın nəmli divarlarına düşəndə o, böyük bir həsrət və ürək çırpıntısı ilə gözlərini bu bacaya dikib dururdu. Lakin bu sarı işıqlar çox tez sönüb gedir, kameranı yenə qaranlıq bürüyürdü. Bu zaman qüssə və sıxıntının həddi olmurdu. Vaxt keçmək, qurtarmaq bilmirdi. Fridun qulağını kameranın qapısına söykəyərək, gərgin bir diqqətlə dinləməyə başlayırdı. Heç bir səs, heç bir hərəkət əlaməti duymadıqda hövsələdən çıxırdı. Hər şeyin tezliklə gəlib keçməsini istəyirdi. Nə olacaqsa tez olsun!.. Ölüm də olsa, tez!.. İntizar və əzab içərisində oturub gözləməkdən dəhşətli heç bir şey yoxdur. Buna baxmayaraq o gözləyirdi. İlk istintaqdan sonra Qəsri-Qacara keçirildiyi bir həftə olardı. Bu müddətdə nə ondan bir söz soruşmuş, nə də ona bir söz demişdilər. Sanki onu təsadüfən tutub buraya atmış və varlığını belə unutmuşlar. O isə dözür və gözləyirdi. Bir neçə dəfə qapını döyərək, hay-küy salmaq və “gəlin məni aparın! Nə edəcəksiniz edin!” deyə qışqırmaq istəmiş, lakin özünü saxlamışdı. Məhbəsdə o “Ana” romanını fəsilbəfəsil xatırlamağa başlamışdı. Sanki onu yenidən oxuyur, hər hadisəni ayrılıqda yadına salaraq düşünürdü. Xüsusilə Pavel Vlasovgilin tutulması, onların özlərini zindanda necə apardıqları gözündən çəkilmirdi. Belə hallarda istər-istəməz özünü onlarla müqayisə edir və səbirsizlik göstərdiyi, darıxdığı üçün özünü danlayırdı. “Mən ki, cani deyiləm, özümü heç bir şeydə müqəssir hesab etmirəm, nə üçün darıxmalıyam, qoy bizə əzab vermək kimi bir cinayətə əl atanlar qorxsunlar, darıxsınlar!” Pavel Vlasovun məhkəmədə özünü hakimlərdən yüksək tutması, məğrur və istehzalı baxışları gözlərində canlandıqca sanki ona necə hərəkət etmək və qalib gəlmək yolunu göstərdi. Əsl mübarizlər çətin gündə möhkəm dayananlardır!” deyib düşünürdü. “Əsl insan çətin gündə səbir etməyi bacaranlardır, deyirdi.

Qəsri-Qacara düşdüyü bir həftənin ərzində, demək olar ki, həyatının bütün səhifələrini vərəqləmişdi. Xatirindən keçirmədiyi heç bir hadisə qalmamışdı. Kənd, uşaqlıq, Tehran, atasının ölümü, aclıq, anasının, heç olmazsa bir horralıq un qapmaq üçün kəndisini çırpması bir-bir gəlib gözləri önündə durmuşdu. Bu xatirələr içərisində qəlbinə iti bir neştər kimi soxulan Gülnaz və Musa kişinin hekayəti idi. O, bir daha Gülnazı görəcəkdimi? Görəsən, bir dağ çiçəyi qədər ətirli, bir uşaq qədər sadə və təcrübəsiz olan bu yazığı həyat girdabı haralara atmışdır, onu bir zaman məchul fəlakətlərin qucağından qopartmaq mümkün olacaqdımı?.. Görəsən, Musa kişi haradadır? O harada ölüb getdi? Ölüsünü basdıran oldumu? Yoxsa ona bir məzar da qazan olmadı?.. Onun körpələrindən heç sağ qalanı varmı?.. Bütün bu suallar qəlbindəki mübarizə hissini və həyat eşqini daha da artırırdı. Müxtəlif duyğular alovlandıqca, daxilində, harada isə, dərinlərdə çalxanaraq qaynadıqca bir aclıq, bir atəş doğururdu. Sevmək! Sevmək! Sevmək! Yalnız indi iki il əvvəlki cəsarətsizliyi üçün özünü danlayırdı. Kiçik bir tərəddüd, anlaşılmaz bir xəta əbədi olaraq Gülnazı əlindən almışdı.

İndi ona elə gəlirdi ki, qadın nəvazişi və məhəbbətilə isinməyən bir qəlb səadətdən məhrumdur. Bu xatirələr içərisində Südabənin məhəbbətlə yanan gözləri də canlanırdı. O gözlərdəki intizar və səadəti Fridun yalnız indi, məhbəsin qaranlıq divarları arasında duymağa başlayırdı. Gülnazın uzaqlardan bir xəyal kimi görünən heykəli belə bu duyğunu və onun oynatdığı xoş ürək döyüntüsünü susdura bilmirdi. Bu nədir? Yoxsa özü də bilmədən Südabəni sevmişdir? Bu məhəbbət bir oğru kimi qəlbinə girmiş və orada gizlənərək baş qaldırmaq üçün fürsət gözləmişdir? Bəlkə də bu sevgi qəlbində açılmadan solmuş ilk arzuların məzarı üzərində bitən bir həsrət çiçəyi, bir təsəlli, gülüdür?..

Südabə haqqındakı xatirələr, azadlıqda keçirtdiyi ömrünün axırıncı gecəsini xatırlatdı. Südabənin yatağa düşmüş xəstə anası onun, kim bilir, bəlkə də son nəfəsdə dediyi yanıqlı sözlər qulağında səslənər kimi oldu. İranı, Azərbaycanı, bunları tarix səhifələrində mürəkkəb və dumanlı şəkildə bir-birinə dolaşmış həyat və inkişaf yollarını xəyalından keçirtdi. Qoca, savadsız bir arvad ölərkən üzünü Şimala, Azərbaycana tutmuş və pıçıldamışdı: - Vətən!..

Bu qadının facianə həyatı Friduna, bütün Azərbaycanın başına gələn bir müsibətin rəmzi kimi göründü. O, ilk dəfə kənddə molla, şəhərdə mühərrir olan Sofi İranpərəstlərin yorulmadan təkrar etdiyi “Azərbaycan cöz'e layənfəkki-İranəst”* sözlərinin üstündə düşünməyə başladı... Bütün bunlar ona, yalan və saxtakarlığın üzünə çəkilmiş bəzəkli bir pərdə kimi iyrənc göründü. O bu pərdələrin dalındakı əsrar və həqiqət dünyasına nəzər salırdı.

İctimai mübarizənin, istibdad əleyhinə mübarizənin başqa bir səhifəsi də vardır. Milli istiqlal hərəkatı!. Azərbaycanın azadlığı!.. Bu fikirlər ona Səttarxan və Şeyx Məhəmməd Xiyabani hərəkatını xatırlatdı. Bu vaxta qədər onların tarixi həyat və mübarizələri, məqsəd və amalları bu fikirlər nöqteyi-nəzərindən öyrənilməmişdi. Cəmiyyətdə bir elm kimi hökm sürən tarixin saxtalaşdırılması və yalançı şərhi buna yol verməmişdi. Onlar isə mübarizədən baş açıb vətənin elmi tarixini - öz tarixlərini yarada bilməmişdilər. Düşmənlərin qayırdığı yalan və saxtakarlıq pərdəsi yalnız müasir həyat və təfəkkürün deyil, keçmişin də, çoxdan olub keçmiş hadisələrin də mahiyyətini, əsl mənasını örtüb basdırmışdı. Hər şeyə saxta bir rəng hakim kəsilmişdi. Düşüncəyə, təsəvvürlərə, həyat və hərəkətlərə hakim olan bu saxta rəng hər şeyin altını üstünə çevirmiş və hər şeyi baş-ayaq etmişdi. Yüzlərlə adam məktəbə getdiyi, ağlı bir şey kəsməyə başladığı gündən şahpərəstlər və hakim fars millətçilərinin uydurduğu yalanlardan başqa bir şey eşitmirdi. Dərs kitabları bu yalanlarla dolu idi. Sanki zövqlər, adətlər belə bu rəngə tabe olmuşdu. Ən dözülməz cəhət bu yanlış, bu fəlakətli və yalançı vəziyyətin çoxlarına təbii və adi görünməsi idi. Məmləkətin paytaxtında Rza xanların düzəltdiyi arx bədənə zəhərli mikroblar daşıyan bir damar kimi uzanaraq İsfahan, Təbriz, Xorasan, Zəncan, Həmədan, Əhvaz və Ərdəbili dolanır, hər yanda bir irin, bir yara açaraq, bütün həyatı çürüdürdü. Ağayi Hikmət İsfahanilər yüz minlərcə Musa kişiləri evindən-eşiyindən didərgin salır və səfalətin hər şeyi udan dibsiz bataqlığına atırdılar. Hüseyn Məhbusi kimi xain və alçaqlar yabanı bir ot kimi böyüyür, qol-qanad atıb torpağı və ab-havanı zəhərləyirdilər. Müstəbid və mənliyi heçə dəyməyən bir cani özü kimi bir ovuc mülkədar və tacirə söykənərək, milləti fırfıra kimi barmağına fırladırdı. Bütün bu müsibətlərə də, millətin bədənini bürümüş dəhşətli və qorxunc yaralara da adi bir şey kimi baxanlar vardı.

Qəsri-Qacara düşdüyünün səkkizinci günü bu fikirlərə daldığı zaman kameranın qapısı açıldı. Onu istintaqa apardılar. O, istintaq otağına girdikdə sərhəng Səfai arxası qapıya, ayaq üstə telefonla danışırdı. Sərhəng özünə xas olan soyuqqanlılıq və təmkinlə:

- Boynuna qoymaq lazımdır, mütləq lazımdır! - deyib dəstəyi asdı və geri döndü. O, dodaqlarında istehza, maraq və sevinc qarışıq bir təbəssümlə səndələ oturdu və Friduna yer göstərdi. Sonra əli ilə nizami xidmətçiyə və bir də saya paltarlı, Fridunun tanımadığı birisinə çıxmaq işarəsi verdi.

Onlar çıxdıqdan sonra masanın üstündə qollarını çarpazlayaraq, çənəsini ona söykədi və kirpik çalmadan gözlərini Fridunun gözlərinə dikdi. Friduna elə gəldi ki, əlinə keçmiş şikarı parçalamamış oynatmaq istəyən bir yırtıcının qabağında dayanmışdır. Sərhəng beş dəqiqə heç bir söz demədən başını pəncələri arasına alaraq ona baxdı. Fridun kirpik çalarsa, balaca bir qorxaqlıq göstərərsə yırtıcının üstünə atılacağını hiss edir və qəzəbli baxışlarını onun gözündən çəkmirdi. Birdən sərhəng qəhqəhə ilə güldü:

- Ağayi Fridun, xoş görmüşük!

Fridun heç bir söz demədi. O, eyni vəziyyətdə oturub sərhəngə baxırdı: Hətta onun hərəkətlərini, üz-gözünün ifadəsini diqqətlə izləyirdi. İnsanın daxili aləmilə zahiri hərəkətləri arasındakı bu nadir ziddiyyət ona qəribə görünürdü.

Sərhəng açıq bir istehza ilə:

- Bu tezliklə əlimə keçəcəyiniz yuxuma girməzdi, - dedi.

Fridun, haqqında çox şeylər eşitdiyi bu riyakar və zəhərli adamın qabağında özünü itirməməyə çalışdı:

- Hansı bir filosof isə, insan heç bir şeyə heyrət etməməlidir, - demişdir.

- Biz çoxdan heyrət etməyi yaddan çıxartmışıq.

- Mən nə üçün Qəsri-Qacara gətirildiyimi bilmək istəyirəm?

- Əlbəttə, biləcəksiniz. İxtiyarınız var. Demək sizin heç şeydən xəbəriniz yoxdur?

- Bilmirəm “heç şey” nəyə deyirsiniz?

- Biz “heç şey” hər şeyə deyirik. Dövlət əleyhinə qiyam və əlahəzrətə sui-qəsd hazırlığı. Kərimxan Azadi və Simon Simonyanla əlaqə. Aram Simonyanın gizləndiyi yer. Yenə də saya bilərəm... Görürsünüz ki, “heç şey” açıldıqda içindən nə qədər şey çıxır.

- Sərhəng, mən sizin haqqınızda çox şey eşitmişdim, lakin şuxluğu sevən adam olduğunuzu eşitməmişdim.

Sərhəng ciddi hal aldı:

- Yaxşı fikirləşin, ağayi Fridun, mən elə bilirdim ki, əməllərinizi yadınıza salmaq üçün yeddi gün vaxt sizə kifayət edər. Bir gün də artırıram. Gedin. Yaxşı fikirləşin. Onu da bilin ki, bizim iliyi damardan, fikri beyindən çıxaracaq vasitələrimiz vardır. Gedin, fikirləşin, özünüzə yazığınız gəlsin!..

- Mərhəmətiniz artıq olsun!.. Lakin deməliyəm ki, mən hər şeyi fikirləşmişəm. Artıq fikirləşməyə bir şey qalmamışdır.

- Yox, hələ çox şey qalmışdır!.. Gedin, iyirmi dörd saat sonra görüşərik. Güman edirəm ki, ağıllı tərpənərsiniz. Yadınıza salım ki, əlahəzrət və onun bizim kimi həqir bəndələrinin nəzərində həqiqət ali və yüksəkdir.

Sərhəng Səfai zəngi basıb, dodaqlarında istehzalı təbəssüm görünən Fridunu aparmağı əmr etdi. O getdikdən sonra Sərhəngin başında köhnə fikirlər cuşə gəldi. Fridun, Şəmsiyyə, Hikmət İsfahani! Ona elə gəldi ki, müxtəlif işlərin bir-birinə ilişdiyi nöqtə, kələfin ucu əlinə keçmişdir. İndi o, səbir və məharətlə bu düyünü açmağa başlamalı, bir-birinə dolaşmış ipləri ayırmalı və onlardan möhkəm, qalın bir kəndir toxuyaraq, şöhrət və mənsəb nərdivanının yuxarı pilləsinə atmalı idi.

 * * *

Hikmət İsfahani nə üçün həbs edildiyini heç bir vəchlə müəyyən edə bilmirdi. Əvvəlcə bunun səbəbini əlahəzrətin hələ də ona bəslədiyi kin və qəzəbdə görürdü. Yəqin kobud rəftarı yadından çıxarmamış və ondan intiqam almaq istəmişdi. Saray siçanı Həkimülmülk də altdan-altdan ipləri çeynəyərək öz işini görmüşdür. Lakin başqa bir fikir bütün səbəblərin əvvəllərdə də mövcud olduğunu ona deyirdi. Bəs nə üçün bir il, yaxud yarım il bundan qabaq onu həbs etmirdilər?. Burada xəyalına daha dərin səbəblər olduğu gəlirdi. Məmləkətin vəziyyəti qeyri-müəyyəndir, dövlət və taxt-tac fırtınalı dəryada çalxanan sınıq bir qayığı xatırladırdı. Bu qayıq kiçik bir daşa dəyərsə parçalanacaq və Rza xan bütün taxt-tacı ilə heç olub gedəcəkdi. Hətta siyasi dairələrdə, xarici səfarətxanalarda, əyan içərisində bu barədə gizli mülahizələr də söylənirdi. Pəhləviyə və onun yaratdığı rejimə müxtəlif olan adamlar və təbəqələr xəlvəti İranın gələcək üsuli-idarəsini müzakirə edir, mütləqiyyət tərəfdarları yeni şah haqqında düşünürdülər. Mister Tomas və mister Haroldun zarafatyana onun başının tac üçün yarandığına işarə vurmaları, şübhəsiz ki, təsadüfi və nahaq deyilmiş söz deyildi. Belə bir şəraitdə Rza xan, yəqin ki, güman gedəcək hər kəsi aradan qaldırmağı qərara almışdı.

Bu fikir qəlbində bir vahimə yaradırdı. O, Teymur Taşın, Sərdar Əsədin məhbəsdə riyakarcasına qətlini xatırlayır və buradan qurtarmaq üçün çabalayıb dururdu. Fikrən heç bir yol tapmadıqda vahiməsi daha da artırdı. “Pəhləvi qurumsaq bütün əmlakı, bütün malikanələrimi zəbt etməklə kifayətlənməyib özümü də həlak edəcəkdir” deyə, acığından yanıb-yaxılırdı.       

Yox, bir yol tapmaq lazımdır. Qurbanlıq qoyun kimi başını Pəhləvinin bıçağının altına qoymaq olmazdı. Şəhərlə kiçik bir əlaqə yarada bilsəydi fon Valterə, mister Tomasa, ya mister Harolda balaca bir kağız çatdıra bilsəydi!.. Onlar xəbər tutana qədər məhbəsdə öldürüləcəyindən qorxurdu. İndi o, şəhərdəki dostları ilə rabitə yaradacaq bir adama əmlakının yarısını verməyə hazırdı.

Bu fikirlərə dalmışkən qapını açdılar və “gəl” deyə əmr etdilər. O, müstəntiqin simasında yüzlərcə cəlladlardan birisinə rast gələcəyini güman edir, qorxusundan titrəyirdi. Lakin içəri girib, sərhəng Səfaini gördükdə şadlığından gözləri yaşardı, bununla belə ağa və tacir təbiəti də tez özünü göstərdi. Sərhəngin yanında zahirən də olsa əvvəlki qürur və əzəmətini saxlamağa çalışdı. Lakin boğazına keçmiş kəndirin ucu Sərhəngin əlində idi. Bunu duymuş olmalıdır ki, qeyri-iradi onun qabağında əriyir, təməllüq və yaltaqlığı xatırladan bir mehribanlıq və yumşaqlıq göstərirdi. Odur ki, özünü Sərhəngin üstünə ataraq, əlini iki əlinin içində bərk-bərk sıxdı və:

- Bundan sonra heç şeydən bakim yoxdur, - dedi, - Allaha şükür edirəm ki, mənim taleyimi sənin əlinə salıb. Bu vəziyyəti dilnən demək olmaz, gərək şeirlə deyəsən: 

Gər təbibinə biyayi bəsəre balinəm

Be do aləm nə dehəm ləzzəte bimariro.*  

Cəlladım sən olsan, yüz canım da olsa verərəm, uf demərəm…

Onun belə əyilməsindən daxili bir ləzzət duyan Sərhəng yarırəsmi bir soyuqluq göstərdi. Bu hal Hikmət İsfahanidə can qorxusundan doğmuş təməllüq hissini daha da artırdı:

- Kişi, vallah düz deyirəm ha, nazənin oğlansan. Sənin əlində ölmək də xoşdur.

Kiçik bir fasilədən sonra:

Görün bu Pəhləvi qurumsaq axır başımıza nə gətirdi, - deyib şikayətləndi.  

Sərhəng:

- Ağayi Hikmət İsfahani - dedi, - xahiş edirəm harada olduğunuzu unutmayasınız.

Hikmət İsfahaninin qaraldığını gördükdə səsini yumşaltdı:

- Axı bir bizi də nəzərə alın! Vəzifəmizin, mövqeyimizin tələbləri var ki, bir saat da yaddan çıxarmağımız müşküldür. Onsuz da mən burada hər dəqiqə sizin fikrinizi çəkirəm. Çalışıram ki, iş daha da mürəkkəbləşməsin.

- Mütəşəkkirəm, ağayi Sərhəng, səndən çox razıyam. Bircə mənə de görüm niyə məni gətirib bu dama soxublar?..

Sərhəng belə bir sualı gözləmədiyindən birdən-birə danışmadı. Ani fikrə getdi və kəskin bir cavab verdi:

- Heç özüm də yaxşı bilmirəm. Əlahəzrətin öz əmridir. Ağayi Həkimülmülk yəqin məsələdən xəbərdardır. Sonra da Fridun...

Sözün dalını demədi. Bu, onun haqq-hesabını poza bilərdi. Heç Hikmət İsfahani də dalını soruşmadı. Ona elə bircə bu kəlmə bəs idi. Dərhal məsələdə Sərhəngin öz əli olduğunu kəsdirdi. Lakin Sərhəngə bildirməməyi qərara aldı. Belə bir fikir başından keçdiyini gizlətmək üçün.

- Kişi, vallah-billah, bu saray siçanıdır bütün aləmi bir-birinə qatan, - dedi, - əlahəzrətdə günah yoxdur. Günah bu tülkü köpək oğlundadır!.. Ağayi Sərhəng, siz mənə kömək edin, mən o qurumsağın işlərini açıb töküm.

- Hazırda siz buradan salamat qurtarmaq yollarını düşünsəniz yaxşıdır. Elə ki, çıxdınız, sonra intiqam nəqşəsini tutmaq olar.

- Bu da ağıllı məsləhətdir. Məndən xırda olanda nə olar. Düz buyurursan. De görüm kömək etməyə hazırsanmı?

- Bu nə sözdür, ağayi Hikmət İsfahani, bu nə sözdür?

Hikmət İsfahani ona tərəf əyildi:

- Sərhəng onu daha da əyməyi, birdəfəlik, qiyamətə qədər lazımsa, hazıram. Əlli min tümən, yüz min tümən.

Sərhəng qaşlarını çatdı:

- Bu mahal əmridir, ağayi Hikmət İsfahani, mahal əmridir. Amma yenə mən çalışaram. Fikirləşərəm görüm nə etmək olar.

Onun yumşaldığını görən Hikmət İsfahani bir az da başını qabağa əydi:

- Sən heç fikirləşmə. Məndən bircə tikə kağız çatdır mister Tomasa, vəssalam.

Sərhəng daha da ciddi vəziyyət aldı:

- Belə bir hərəkət əlahəzrətə məlum olsa mənim başımı kəsdirər, ağayi Hikmət İsfahani! Çox müşkül işdir.

- Bəs mən nə edim, elə nahaq yerə ölüm, məhv olub gedim?..

Sərhəng onu daha da əyməyi, birdəfəlik, qiyamətə qədər özünə tabe etməyi qərara aldı:

- Hələlik sizə heç bir söz deyə bilmərəm. Əlimdən ancaq o gələr ki, burada, məhbəsin içində sizi bitdən, sirkədən gözləyim. Nəyə ehtiyacınız varsa buyurun, mənim üçün qorxulu olsa da hər cür köməyə hazıram.

Sərhəng söhbətin qurtardığını bildirmək üçün ayağa durdu.

Hikmət İsfahani də qalxdı:

- Mümkün olsa bir qəlyan, lap ürəyim partlayır.

- Bəçeşm, sizə əla qəlyan gətirərlər.

Hikmət İsfahani ümidsiz və əzgin halda onun yanından çıxdı, əli silahlı nizaminin qabağına düşüb, dodaqaltı söyə-söyə kamerasına getdi. Lakin kimi söydüyünü özü də bilmirdi.

Fridunu ikinci dəfə sərhəng Səfainin yanına gətirəndə uzaqdan gözünə tanış bir adam dəydi. Diqqətlə baxıb Hikmət İsfahanini tanıdıqda təəccüb etdi. Hikmət İsfahaniyə məhbəsdə rast gəlmək ağlasığan şey deyildisə də, həqiqət idi. Hikmət İsfahani də ona baxırdı. Onun nə isə xatırlamağa çalışdığını üzünün ifadəsindən hiss etdi. Görünür ki, Friduna harada rast gəldiyini yadına salmağa çalışırdı, lakin bacarmırdı. Fridun başını yana çevirib keçmək istədi. Hikmət İsfahani ayaq saxladı və diqqətlə ona baxdı. Nə isə xatırlamış kimi:

- Gədə, vələdüzzina, sənsən?! Bolşevik! - deyib qışqırdı.

Fridun cavab vermədi və irəli yeridi. Hikmət İsfahani əsəbi hərəkətlə qayıtdı və onun dalınca Sərhəngin yanına girdi.

- Ağayi Sərhəng, bunu əldən verməyin, bu yaman adamdır, bolşevikdir! Mən özüm onu tutub bura göndərmişəm.

Fridun onun son hadisələrdən xəbərsiz olduğunu anladı və daxili bir rahatlıq duydu. Sərhəng isə belə yüngül vasitələrlə onun məhbəsdən qurtarmaq istədiyini düşünüb, istehzalı gülümsədi.

Hikmət İsfahani daha ciddi bir halda:  

- Gülməyin, gülməyin! - deyə əlavə etdi, - həqiqət sözümdür.

Sərhəng Fridunu göstərdi:

- Bilirsinizmi bu adam kimdir? Cəzasının yüngülləşdirilməsini xahiş etdiyiniz Fridundur.

Hikmət İsfahani təəccüb və heyrət içində donub qaldı.

Friduna:

- Gədə, məgər sən o kənddəki deyilsən? - deyə soruşdu.

Fridun özünü xamlığa qoydu.

- Ağa nə buyururlar, başa düşmürəm.

Hikmət İsfahani:

- Bir az da burada qalsam dəli olacağam! Adım da yadımdan çıxacaqdır. Qaranı ağa qarışdıracağam, - deyib otaqdan çıxdı.

Sərhəng Friduna baxıb, ciddi və bir az da sərt görkəm aldı:

- Hər sudan quru çıxmağa öyrənmisiniz!..

Fridun cavab vermədi. Əhvalı özündə deyildi. Sərhəngin onunla bir komediya oynamağa hazırlaşdığını hiss edir və buna yol verməməyə çalışırdı. Sərhəng sükutu pozdu:

- Danışın görək nə deyə bilərsiniz?

- Siz məni çağırmısınız. Mənim deməyə sözüm yoxdur.

- Tərsliyi buraxın! Mənim sözümə qulaq asın, dost olaq, Sizə həyat, azadlıq və mənsəb vəd edirəm.

- Mütəşəkkirəm. Mənim, bunların bahasına verəsi şeyim yoxdur.

- Etiraf edin və söz verin ki, bizimlə işləyəcəksiniz!!

Fridun ondan ikinci Hüseyn Məhbusi hazırlamaq istədiklərini anlayaraq, bu iyrənc və əbəs təşəbbüsə qəlbən güldü:

- Sizi inandırıram ki, məni tanımamısınız, Sərhəng!  

- İstəyirsən anadan olandan bu günə qədər bütün həyatını sənə nağıl edim. Bizdən heç şeyi gizlətmə, oğlan! Belə bir fikrə düşmək nahaqdır, özünü əziyyətə salarsan.

Fridun susurdu. Sərhəng davam etdi:

- Bircə danişgahdakı hərəkətlərin edam olunmağın üçün kifayətdir!

- Hansı hərəkətlərim?   

- Hansı hərəkətlərin? Qurban Mərəndini tanıyırsanmı? Yoxsa onu da danacaqsan?

Fridun bir an fikrə getdi. Qurban Mərəndinin harada olduğunu yəqin etdi. “Bəlkə də o, min söz danışmışdır, yalandan etiraflara məcbur olmuşdur” deyə düşündü.

Sərhəng:

-  Hə, fikrə getdin? Görürsənmi, bizdən gizli sirr saxlamaq fikri əbəs fikirdir. Biz hər şeyi bilirik.

- Mən anlamıram ki, Qurban Mərəndinin mənim müqəssirliyimə nə dəxli var?

O dəxli var ki, sən Tehrana daxil olan kimi onunla tapışmısan. Nəinki tapışmısan, onunla həməqidə, həmfikir olmusan. Buna görə də onun vətənə zidd, millətə zidd, şaha zidd hərəkətlərinin tohin etməməyin bir kənara qalsın, bu hərəkətlərə hüsn-təvəccöh bəsləmisən!

- Dəlil, dəlil, mən dəlil istəyirəm!

- Dəlilmi? Saib Təbrizi məsələsi yadındadırmı? Nə üçün sən ağzına su alıb susurdun. O xainin dişlərini sındırmırdın?

- Mən bunu ədalətsiz bir hərəkət hesab edirəm, ağayi Sərhəng, təsdiq edin ki, Saib Təbrizinin şeirlərini oxumaq üstə insanı danişgahdan qovmaq ədalətsiz işdir.

- İş Saibdə deyil, oğlan. Biz hadisələri göründüyü kimi qəbul edəcək qədər sadəlövh deyilik. Biz insanın hərəkət və əməllərindən nə məzhəbin sahibi olduğunu təyin edirik. Çünki insanları fəaliyyətə sövq edən fikirlər və arzulardır. İnsan, ürəyinin arzusuna və fikrinə müvafiq də hərəkətlər edir. Məsələn, hər kəs su içməmişdən qabaq su içmək ehtiyacı duyur. Bazara getməmişdən, bazara getmək fikrinə düşür. Beləcə, insanların hərəkətlərinə görə fikir və xəyallarını müəyyən etmək bizim işimizdir.

- Çox yaxşı işdir. Çox şadam. Lakin bunun Saibə nə dəxli var?

- Sən Saibin kölgəsində və təhlükəli və pis fikirlərini bizdən gizlətməyə çalışırsan, lakin nahaq yerə.

- O hansı təhlükəli və pis fikirlərdir?

- Sənin dostun Azərbaycan dilində şeir oxumuşdur. Sonra bu dili müdafiəyə başlamışdır, elədirmi?

- Mən burada heç bir cinayət görmürəm.

- Dildən danışan adam, sonra da xalqdan, millətdən danışmalıdır. Azərbaycan dilini bir dil kimi qəbul edən, sabah Azərbaycanın “azərbaycanlı” adını daşıyan bir xalqın olduğunu da iddia edəcək! Məntiq belədir!

- Buna da sözüm yoxdur. Lakin cinayət, cinayət hanı?

- Azərbaycanlıları bir xalq kimi qəbul edən hər kəs İranın milli vəhdətini pozmuş olur. Ancaq əsas təhlükə bu deyil; İranda Azərbaycan fikrini ortalığa atan hər bir adam gözlərini Şimala, Rusiyaya tutmağa məcburdur. Çünki o tayda Azərbaycan var. Bakı, Gəncə, Şamaxı var... Buradan məntiqi olaraq çıxan nəticə bilirsənmi, nədir?

- Xeyr, bilmirəm!

- Bilirsən, lakin demirsən, Qoy ürəyində olanı mən sənə deyim. Azərbaycanı İrandan ayırmaq, o tərəfə qatmaq!.. Cinayət də budur! Təhlükə də budur! Əlahəzrəti titrədən səbəb də budur!.. Sən də buna çalışmısan. İnkar edə bilərsənmi?

- Təşəkkür edirəm, Sərhəng! Siz mənə çox şeylər öyrətdiniz.

- Artıq deyəcək bir sözün yoxdur ki?

- Xeyr.

O, zəngi basdı:



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info