Qonaq Kitabı
İYİRMİ ALTINCI FƏSİL

Hitler ordularının Sovet ölkəsinə xaincəsinə basqınından beş gün keçirdi. Artıq bütün dünyanın nəzəri sovet-alman cəbhəsinə dikilmişdi. Sanki tarixin təkəri orada hərlənir, dünyanın gələcəyi, məmləkətlərin taleyi orada müəyyən edilirdi. Nəinki böyük və xırda dövlətlərin, hətta bu dövlətlər daxilindəki insan münasibətlərinin, bu və ya digər ideala mənsub olan dəstə və ailələrin də taleyi orada, o böyük vuruş meydanında həll olunurdu. Tehran, bu hadisələri çox gərgin şəkildə izləyən müxtəlif və bir-birinə zidd fikirli insan dəstələri ilə dolu bnr şəhər idi. Burada müharibənin gedişi, kimin qalib gələcəyi haqqındakı söhbətlər sadə bir maraqdan doğmurdu. Bu söhbətlərdə müxtəlif ehtiraslar, görüşlər, arzu və meyllər bir-biri ilə çarpışırdı. İranı doldurmuş və arasıkəsilmədən axıb gəlməkdə olan alman casusları, İranın hakim dairələri və mürtəce təbəqələr Hitlerin qalib gələcəyini sadə bir həqiqət kimi irəli sürür, öz təbliğatlarında müasir vasitələrdən tutmuş orta əsrlərin dini cəfəngiyatını andıran ağlasığmaz uydurmalara qədər hər şeydən istifadə edirdilər. Birinci cahan müharibəsi zamanı Vilhelmin, Məhəmmədin qılıncını bağlayıb cahad elədiyini yayan alman casusları, indi də eyni sözləri Hitler haqqında yayır, hətta onun əsl “Sahibəzzaman” – “İmam Heydər” olduğunu xalq arasında yayırdılar. Bütün bu cəfəngiyata baxmayaraq, yoxsul, ac və hüquqsuz xalq dərin bir ürək çırpıntısı ilə bu davada Sovetlərin qalib gəlməsini istəyir, azadlıq və insana layiq həyatın yalnız bu qalibiyyətdən asılı olduğuna şübhə etmirdi. İranın dargöz və kütbeyin mürtəcelərini boş xəyallara salmış sovet-alman döyüşləri, demokratik qüvvələri də hərəkətə gətirmişdi. Hər iki tərəfdə qəti döyüşə hazırlıq gedirdi. Almanlar çox diqqətlə bu hadisələri izləyir, görünməmiş bir enerji ilə İranı istədikləri səmtə yuvarladırdılar. Gecə-gündüz alman səfarətxanasına get-gəlin ardı-arası kəsilmirdi. Alman səfiri fon Ettel, öz diplomatik idarəsini əsl bir hərbi ştaba çevirmişdi. Burada İranda Sovetlərə qarşı açılacaq cəbhənin planları işlənir, hərbi qüvvələrin düzülüş qaydası və hücum xətləri müəyyən edilirdi. Artıq Rza xanı tamamilə öz təsiri altına almış almanlar, hər ehtimala qarşı qəbilələr arasında işləyir, cənubda, şimalda hələ də feodal həyatı yaşayan qəbilələrdən üsyançı dəstələri hazırlayırdılar. Cənub qəbilələri arasında, Yunkers firmasının müdiri, iyirmi beş il İranda işləmiş Şunsmanın mərkəzi dövlətə qarşı hazırladığı qəbilə üsyanlarının üstü açıldıqda fon Ettel onun İsfahandan Tehrana “sürgün edilməsinə” nail olmuşdu. Təbrizdə “Veberbauer transport” adlı kontorun başçısı sifətində polkovnik Şmidt kimi casus və provokator dururdu. O, Sovet sərhədləri boyunca canilər, satqınlar və xainlərdən ibarət terrorçular, basqınçılar dəstələri hazırlayırdı. Ənzəlidə, Qorqanda və bütün şimal şəhərlərində də eyni qızğın fəaliyyət gedirdi. Bütün bu fəaliyyətin mərkəzində isə fon Valter dururdu. O, Tehrandan şimal, cənub, şərq və qərb - bütün məmləkətə yayılan fitnə-fəsad tellərini birləşdirir, bu tellərə istiqamət verirdi. O, fon Ettel vasitəsilə Berlindən hər gün bir göstəriş alır, yuxusunda da tezliklə Qafqaz və Bakı neftini işğal edəcəkləri günü görürdü. İyun ayının 27-də səhər saat doqquzda öz kabinəsinə daxil olduqda bu fikirlər başında dolanırdı. Lakin bununla yanaşı harada isə dərinlərdə bir şübhə, pis bir sual da baş qaldırırdı: - Birdən alman orduları bir-iki aya Rusiyanı fəth etmədilər?.. Birdən Sovetlərin qırılmaz müqavimətinə rast gəldilər? Müharibə uzandı?.. O zaman bu iranlılara etibar etmək olardımı? Onlar fürsət düşən kimi azmı fon Valter kimilərin başını kəsib ağaca keçirmiş və meydanlarda gəzdirmişlər?.. Bu pis, şübhəli və gecə yuxusuzluğunun törətdiyi baş ağrısını unutmaq üçün o, balaca, dairəvi və işıldayan masanın üstünə yığılmış yeni qəzetlərə əl atdı. İlk əlinə keçən “İttilaat” oldu. Burada birinci səhifədəcə alman silahının qələbəsini iri hərflərlə xəbər verən bir yazıya gözucu baxdı. Nədənsə onu oxumağa qərarı gəlmədi. “İttilaat”ı bir kənara atıb, başqa qəzetləri gözdən keçirdi. Bu zaman səfarətxananın katibi icazə istəyib daxil oldu və balaca bir vərəqəni masanın üstünə qoydu. Səfir göndərmiş, tanış olmağı, saat 10-da yanına gəlməyi tapşırmışdı. O, etinasızlıqla qəzetləri bir kənara çəkib, vərəqəni götürdü. Lakin oxuduqca üzünün ifadəsi dəyişir, dodaqlarını dişləyirdi; əlli xətdən ibarət olan yazı Hitlerin xəyanətkar və qaniçici bir cəllad olduğunu deyir, İranda olan almanlardan vaxt ikən başlarını götürüb qaçmağı tələb edirdi, fon Valter vərəqəni əlində sıxaraq otaqda gəzindi, dodaqaltı:

- Tezliklə sizin ümid ocağınızı dağıdacağıq, - deyə söyləndi. Gəlib xəritənin qabağında durdu. Cəbhə xəttini, Hitler orduları ilə Moskva arasındakı məsafəni müəyyən etməyə çalışdı. Gözləri Moskvanı, onun arxasında uzanıb gedən ucsuz-bucaqsız Sovet torpaqlarını süzdü. Bu yerlər ona anlaşılmaz bir sirr, açılmaz bir tilsim kimi müəmmalı görünürdü. Onlara baxdıqca ürəyində gizli bir vahimə baş qaldırırdı. Başı böyük bir yük kimi çiyinlərinə ağırlıq etməyə başlayırdı. Dönüb balaca şkafa yığılmış va nəzərdən keçirilməmiş kitablara əl atdı. İlk rastına gələn kitabın üstündə farsca “Xatirati-Hitler” yazılmışdı. Kitabın cildində qara çərçivə içərisində döşdən yuxarı çəkilmiş bir adam şəkli vardı. O, hərbi paltarda idi. Başını gərgin halda dala atmış, sağ əlini yuxarı qaldıraraq yumruğunu düyünləmişdi. Çatma qaşları, giləsi bilinməyən iri-iri açılmış çılğın gözlərinin üstünə enmişdi. Ağzı, tarıma çəkilmiş bir yayı andırırdı. Fon Valter bu şəklə baxsa da fikri uzaqlarda idi. Vərəqə, müharibənin aqibəti, bilinməz bir gələcək fikri varlığına hakim kəsilmişdi. Ona görə də kitabın üzərindəki şəkil ona, düyünlənmiş yumruğu ilə dünyanı hədələyən, hər kəsə meydan oxuyan bir dəli təsiri bağışladı. Lakin ağır fikirlərdən ayrılıb, bir də şəklə baxdıqda və onun Hitler olduğunu gördükdə özü də öz duyğusundan vahiməyə düşdü. Səliqə ilə onu kənara qoyub, başqa bir kitab götürdu. Onun üstündə “Mussolini” yazılmışdı. Fon Valter onu da yerinə qoyub saatına baxdı və səfirin yanına getdi. Səfirin qapısında o, Həkimülmülk və xariciyyə vəziri ilə qarşılaşıb salamlaşdı. Xariciyyə vəzirini səfarətxana katibinin ixtiyarına buraxıb, özü dostcasına Həkimülmülkün qolundan tutdu:

-  Nə var, nə yox, dostum?

Həkimülmülk gülümsəyərək:

- Şükür, sizin sayənizdə yaxşı dolanırıq, - dedi.

- Əlahəzrət necədir? Fikrində bir dəyişiklik yoxdur ki?

Həkimülmülk onun nə soruşmaq istədiyini anladı.

- Allahın iradəsi almanla İranın taleyini elə birləşdirib ki, sümüklə ilik kimi. Heç bir qüvvə onları bir-birindən ayıra bilməz. Amma...

- Nə amma? Yoxsa şübhəniz var?

- Allah eləməsin. Amma bircə bu ingilisdən ehtiyat edirəm.

Fon Valter güldü:

- Bizim böyük Vilhelm onlar haqqında bilirsənmi nə demişdir? - deyə soruşdu və Həkimülmülkün cavabını gözləmədən:

- Onlar mart ayında yarısərsəm olan dovşan kimi ağılsızdırlar. Onlardan ehtiyat etmə! - deyib səfirin otağına girdi.

- Səfir fon Valterin vərəqə haqqındakı söhbətini yarımçıq kəsdi:

- Lazımi tədbir görəcəyinizə əminəm, - dedi və Berlindən yenicə aldığı bir şifri ona verdi. Burada işləri daha artıq canlandırmaq, qəti hərəkətlərə hazır olmaq tələb edilirdi. Fon Valter şifr-teleqramı oxuyub başını qaldırdıqda səfirin sözlərindən vəcdə gəlmiş kimi: - On milyon ton! - deyib təkrar etdi.

- Neft... Neft! Bilirsənmi, neft nədir? Neft qan və qüvvə deməkdir! Bizim isə buna ehtiyacımız çoxdur. Necə olsa İran neftini, Bakı neftini əlimizə keçirməliyik!..

Səfir neftdən xeyli danışdı. Sonra yeni gəlmiş qırx alman təyyarəçisini, ordu hissələrində almanların istədiyi kimi yerləşdirməyə şahın razılıq verdiyini fon Valterə bildirdi və əlavə etdi:         

- Bütün dediklərimizi qəbul etsələr də biz ehtiyatlı olmalıyıq. Bu balaca məxluq özünü böyük bir hökmdar və siyasət adamı hesab edir. İngilis və amerikanlarla bizim aramızda oynayır, gah o yana, gah da bu yana... Bunları allaha səcdə etdirəcək bir şey varsa, o da yalnız və yalnız qüvvədir, gücdür!.. Ona görə də qəbilə başçıları, ordu rəisləri bizim əlimizdə olmalıdır. Hər yerdə istədiyimiz zaman qalxacaq bir qüvvə hazır durmalıdır. Tezliklə bu xırda həkimciyəzlərlə oynamaq məcburiyyətindən qurtaracağıq. Alman silahı bu millətləri, bu dövlətləri və onların oyunbaz başçılarını yer üzündən silib atacaqdır.

Fon Valter, səfirə qulaq asdıqca hər iki əlini başının yanlarındakı seyrək tüklərə çəkirdi. Qaşlarını həmişə geri dartırdı. Buna görə də gözləri adi halında olduğundan artıq açılmışdı. Səfir Sovet İttifaqına göndəriləcək diversiya dəstələri və məlumat yığacaq casuslar haqqında soruşdu:

- Bakı bolşeviklərin qan damarıdır, onu kəsmək lazımdır?

Fon Valter dəstələrin hazır olduğunu, onları Sovet İttifaqına keçirmək planlarını və tapşırıqların məzmununu nağıl etdi.

- Qoşunlarımız Şimal Qafqaza çatana qədər bunlar fəaliyyətə başlarlar.

- Təxribat materialları daşındımı?

- Bəli, Miyanda Hikmət İsfahaninin anbarlarında 50 ton hazırdır.

Səfirin yanından çıxdıqdan sonra o, kabinəsinin qabağında Əli əmniyyəbaşını dizlərinə dirsəklənərək, başını qolları arasına alıb fikirləşən gördü. O saat qaşqabağını salladı, qaşlarını gözünün üstünə endirdi. Əli əmniyyəbaşı onu görən kimi qalxıb özünü düzəltdi, salam verdi. Fon Valter onun salamını almayıb, içəri girdi. Əli əmniyyəbaşı istədi çıxıb getsin, baş götürüb ayağı getdikcə qaçsın. Lakin hara? İran körfəzindən Xəzərə qədər fon Valterin hökmü keçirdi. Onu tapıb öldürəcək, mülkünü də müsadirə edəcəkdilər. Bəsrəyə, oradan da Bəhreyn cəzirələrinə qaçmaq fikrindən keçdi. Xəlvətcə ev-eşiyi satıb, uşaqlarını yığıb birbaş oraya köçmək lazım idi. Lakin orada da rahat bir iş tapacaqdırmı? İngilislərin əlindən qurtara biləcəkdimi? Var-yoxunu yeyib, ac-yalavac geri döndükdə isə bir daha qiyamətə qədər özünü dikəldə bilməyəcəkdi. Yox, fon Valterin sözünə əməl etməkdən başqa çarə yox idi.

Fon Valter onu içəri çağırdıqda oturmaq da təklif etmədi. Durub başını tez-tez tumarlayaraq gəzindi və gəlib gözlərini Əli əmniyyəbaşının gözlərinə dikdi.

- Xainsiniz, xain!..

Əli əmniyyəbaşı, naçar başını aşağı dikdi. Fon Valter:

- Hə, şahsevənin içinə qaçmaq istəyirsən, bəlkə fikrin Talış dağlarından o tərəfə keçməkdir. İndi də bolşeviklərə qulluq etmək istəyirsən?

Əli Qəmərbanunun evindəki söhbətdən fon Valterin kamilən xəbərdar olduğunu duydu və əsl mətləbdən yayınmağa çalışdı.

- Cənab fon Valter, mən hara, bolşeviklər hara... Mən onların qanını içərəm...

Fon Valter, ümumən belə adamları və xüsusən Əli əmniyyəbaşını yaxşı tanıdığı üçün, boş danışıqlara uzun vaxt sərf etmək fikrində deyildi, stolunun siyirməsini çəkdi, bir parça kağızı havada yellədi:

- Sən bizimlə əməkdaşlıq etməyə qol vermisən.

Əli əmniyyəbaşı altdan-altdan kağıza baxdı və titrədi:

- Vermişəm, qolumda da varam.

- Odur ha, elə onu yadına salmaq istəyirəm. Get və yadında saxla ki, belə işdə cəsarət lazımdır, ölərsən, mülkün, ailən, evin qalar. Ölməzsən qoşunlarımız Qafqazı tutanda Bakı nəzmiyyəsini sənə tapşıracağam.

Əli əmniyyəbaşı çıxdı. Fon Valter yeni hərbi məlumatı oxudu və bir az şişərək dərisinə sığmadı. “Rədd olsun şübhələr, - dedi - Almaniya dünyanın ağası olacaqdır...”.

Ulduzlu və parlaq cənub gecəsi Tehranın üstünə qanad gərmişdi. Gündüz adamlarla qaynayan küçələrdə orta əsr Şərqini andıran əsrarəngiz bir sükut hakim idi. Dükanın qapısını bağlayaraq oradaca səkinin üstündə yer salıb yatmış xırda alverçilər və pinəçilərin xorultusu, üzünü şimala və cənuba tutaraq yola çıxan dəvə karvanlarının ahəngdar zınqırov səslərinə qarışırdı. Şərqin qədim adətinə görə gecələr yol gedib, gündüzlər dincələn dəvə karvanları müasir çeşidli ingilis, amerikan, alman mallarını daşısalar da min il bundan qabaqkı ahəng, ritm və səliqəsini saxlayır, “Ford”, “Şevral’ye”, “Kraysler” və başqa maşınların hərəkət etdiyi asfaltlı yollardan sallana-sallana keçib gedirdilər. Yalnız təsadüfən rast gələn bir maşının parlaq işıqları onların gözünü qamaşdırır, nizamını pozurdu. Dəvələr hürkərək bir-birinə dəyib, bütün yolu tutur, bir qarışıqlıq əmələ gəlirdi. Sərban həyəcanla dəvələri haylayır, karvanbaşı, üstündə mürgülədiyi birinci dəvədən yerə sıçrayaraq, tələsik onun ovsarından tutub yola çəkir və maşının yanından keçirirdi. Bu qayda ilə yavaş-yavaş bütün dəvələr gəlib-keçir və yol açılırdı. Yenə gecənin əsrarəngiz sakitliyi içərisində ahəngdar və nə isə bir məyusluq oyadan, qəlbə qüssə gətirən zınqırov səsləri eşidilməyə başlayırdı. Maşın uzaqlaşır, karvan sallana-sallana hərəkət edib gedirdi.

Cümə məscidinin böyük həyətində kim isə avazla ucadan quran oxuyurdu. Bir müəzzinin avazını andıran bu səs gecə qaranlığında məscidin divarları dibinə qısılaraq yatmış dilənçilərin arasındakı xəstə və şikəstlərin zarıltı və naləsini yatıra bilmirdi. Lakin gecə keçib, göydə ulduzlar qalınlaşdıqca hər şey, hər şey susurdu. Sanki bütün şəhər, bütün Tehran sakit cənub gecəsinin qoynunda əbədi bir yuxuya gedirdi. Həkimülmülk belə bir gecədə maşına oturaraq, şəhəri dolanır və yarım saat sonra əlahəzrətlə olacaq görüşünün məzmununu düşünürdü. Fikirləri qayda ilə bir-birinin dalınca düzməyə, inandırıcı bir məntiq yaratmağa çalışırdı. Fikrin ilişdiyi, məntiqin pozulduğu, yerdə zehnini tamamən yormamaq üçün diqqətini şəhərin mənzərələrini seyr etməyə verirdi. Lakin adət etdiyi, hər gün gördüyü bu mənzərələr uzun müddət onu məşğul edə bilmirdi, ona son dərəcə adi və təbii görünürdü. Onlarda düşüncə və xəyalı məşğul edəcək heç şey tapmırdı. Nə uzaqlarda qırpınan parlaq ulduzlar, nə zülmət içərisində uzanıb gedən göylər, nə karvanın qaranlıqlara axan ahəngdar və qüssəli səsi onu əyləndirə bilmirdi. Bu gecə, çox ağır görünürdü. Bu gecəki görüşü özü xahiş etmişdi. Buna baxmayaraq, yenə qəlbində bir qorxu, bir vahimə vardı. Beynində bu görüşün heç baş tutmamasını arzu edən bir fikir də oyanırdı. Lakin artıq gec idi. Söz deyilmiş, vədə verilmişdi. İndi ancaq bircə yol qalırdı. Heç bir tərəddüdə, qorxuya və şübhəyə yol vermədən elani-hərb etmək, düşündüklərini əlahəzrətə xəbər vermək! Bu fikirlərlə maşını qaytarıb saraya gəldi. Yerində oturub “Səda” qəzetinə bir də nəzər saldı. Lazım olan sətirlərin və sözlərin altından göy karandaşla cızdı. Bu zaman əlahəzrətin onu gözlədiyini xəbər verdilər. O, saatına baxdı. Şah vaxtından on dəqiqə əvvəl onu çağırırdı. O, təcili qalxıb, Rza xanın yanına getdi. Hökmüdar onu həmişəkindən mehriban qarşıladı. Uzun müddət təzim vəziyyətində saxlamayıb, oturmasına tez icazə verdi. O, bütün bunları xeyir əlaməti düşünərək qəlbən sevindi, istədiklərini söyləmək üçün əlinə fürsət keçdiyini güman etdi. Rza xan yerindən tərpənmədən və sol üzündəki çapığı oynatmadan danışmağa başladı:

- Ağayi vəzir, - dedi, - bizim üçün çətin bir dövr başlayır. Sovetlər və ingilislər biz gözləyəndən tez hərəkətə keçmək fikrindədirlər. Bu bizim vəziyyətimizi ağırlaşdırsa da geriyə yol yoxdur! 

Şah acıqlı bir halda sıçrayıb ayağa qalxdı. Ona bir şey olduğunu zənn edərək Həkimülmülk də mexaniki olaraq yerindən qalxdı. Rza xan əlini masaya döyüb təkrar etdi:

- Geriyə yol yoxdur! Yol yoxdur! Ahhh... Bu hadisələr almanlar Moskvanı alana qədər uzansaydı!..

Həkimülmülk əlahəzrətin ağır bir yük altında əzilir kimi inlədiyini gördükdə kömək etmək istədi:

- Əlahəzrət, bəlkə ingilislərlə danışmaq mümkun oldu. Bəlkə məsələni biz istəyən vaxta qədər uzatmaq mümkün oldu.           

Rza xan dəlicəsinə otaqda gəzindi. Məngənə arasında sıxılır kimi öz-özünə:

- Məsələ ingilislərdə olsaydı, bu əhvalatlar meydana çıxmazdı. Məni narahat edən ingilislərin İrana qoşun yeritməsi deyil, vəzir! İngilis gəlsə də taxt-tac yerində qalacaqdır! Qayda qalacaq, qanun qalacaq, sən qalacaqsan, mən qalacağam. Amma rusların ayağı dəyən hər yerdən bir alov, bir od qalxacaq! Yanğın - bütün məmləkəti bürüyəcək bir yanğın əmələ gələcəkdir! Bu yanğının aparmadığı ərbab qalmayacaq, tacir qalmayacaq, mülk qalmayacaq, dövlət qalmayacaqdır. Dünən dardan asdığın Kərimxanlar dirilib qəbirdən çıxacaq və əllərinə qırmızı bayraq alıb küçələrə töküləcəklər. Yox-yox! Qan dizə çıxsa da dava lazımdır. Tac-taxtdan əl çəksəm də dava lazımdır. Çünki bu gün basılsaq da, sabah, bir aydan, üç aydan sonra alman orduları Rusiyadan axıb gələndə geri qayıtmaq üçün qapılar üzümüzə açıq olacaqdır! Sənin fikrin neçədir, vəzir?

Həkimülmülk baş əydi:

- Əlahəzrət kamilən səhih buyururlar.

Rza xan qayıdıb yerində oturdu və öz-özü ilə danışır kimi:

- Müttəfiqlərin təklifləri rədd olunmalıdır, - dedi, - bizim qəti qərarımız belədir! Artıq məmləkət hərbi vəziyyətdədir, daxildə, öz içimizdə bütün şurişçilər, bütün məxluq bir qılınca səcdə etməlidir. Ona səcdə etməyənlərin başı kəsilməlidir. Elədirmi, ağayi vəzir?

Həkimülmülk qalxıb təzim etdi və başında dolandırdığı xəbis fikrini bəyan etmək üçün fürsət çatdığını anladı:

- Əlahəzrət kamilən səhih buyururlar - dedi və sərhəng Səfaidən aldığı məlumatı öz mülahizələrini də əlavə etməklə Rza xana bildirdi. Rza xan qəzəbli halda otaqda gəzindi. Həkimülmülk sözünü qurtarıb, baş əyərək susduqda gözaltı onun üzünə baxdı. Şahın sol üzündəki çapıq titrəyirdi. Hikmət İsfahani bu saat burada olsaydı, əlahəzrət yəqin öz əli ilə onu həlak edərdi.

- O qoca tülkünü bu gecə zindana salmaq lazımdır!.. Eşidirsənmi, vəzir! Bu gecə!.. 

- Bəçeşm, əlahəzrət!

- Yəqin hamısı bir dəstədir. Sui-qəsdçilər, qatillər dəstəsi!.. Yəqin sərtib Səlimi də onların içindədir. Bəlkə elə təşkil edən o özüdür, heç şübhəsizdir ki, o özüdür! Lakin onu Qəsri-Qacara basmamış yanıma çağırtdır, mən onunla bir də danışmaq istəyirəm. Bu adamın sözləri mənim ürəyimə dağ çəkmişdir. Buraya çağır!

- Bəçeşm, əlahəzrət!

Rza xan darıxmış və səbirsiz halda:

- İndi gedə bilərsən! - dedi.

Həkimülmülk qalxıb təzim etdi və ayaq saxladı. Rza xan onun yenə nə isə demək istədiyini duyaraq əsəbi halda əlavə etdi:

- De görüm, daha nə var?

Həkimülmülk, həyəcanlı və titrək səslə:  

- Əlahəzrət, vəzifəmiz məmləkətin səadəti və əlahəzrətin vücudu-mübarəki yolunda hər cür ağırlığa dözməyi bizdən tələb edir. Əlahəzrətin ovqattəlxliyinə bais olsa da, bir çox məsələlər var ki, onları deməyə məcburuq.

Rza xan kəskin bir səslə onun sözünü kəsdi:

- Ağayi vəzir, müxtəsər elə görüm sözün nədir?

Həkimülmülk yığışıb açıldı və “Səda” qəzetini çıxartdı.

- Buyurun, əlahəzrət. Bu ağayi Hikmət İsfahaninin ruznaməsidir. Bu məqalədə almanların taktikini tənqid etməyə başlayıblar. Məqsəd aydındır. Məmləkətin bugünkü ağır siyasi vəziyyətində müttəfiqimiz olan almanlarda şübhə oyatmaq, əlaqəmizi sarsıtmaq!..

Rza xan qəzetin göy karandaşla cızılmış yerlərini oxudu və götürüb otağın o biri başına tulladı:

- Hikmət İsfahani adını yaza bilmir, belə şeyləri düzəltmək onun işi deyil! De görüm, ruznamənin müdiri kimdir!?.

- Sofi İranpərəst adlı birisidir, qurban. 

- Sabah buraya çağır!

Həkimülmülk “bəçeşm” deyib baş əydi və çıxmaq istədi. Rza xan əlini qaldırdı. Həkimülmülk yarı-təzim vəziyyətində durduğu yerdən tərpənmədi. Rza xan otaqda gəzindi. Pəncərədən sakit həyətə baxıb fikrə getdi. Sonra vəzirə döndü və yenidən oturmaq üçün ona yer göstərdi. Həkimülmülk, şahın simasında nə isə qeyri-adi bir mülayimlik gördü. Bir an əvvəlki qəzəbli və qorxulu ifadələr bir pərdə kimi üzündən çəkilmişdi. Bu hal Həkimülmülkü ürəkləndirdi, özünü sərbəst hiss edərək göstərilən səndələ oturdu. Lakin dərhal Nizaminin sözlərini xatırladı. “Pələngin ağaran dişləri təbəssümdən deyildir, o səni parçalamaq üçün açılmışdır”. Bir vahimə içində titrəyib, ayağa qalxdı. Şah onun çiynindən basıb oturtdu və özü də qarşıda oturdu:

- Tarixi əsatirlər, əfsanələrlə dolu olan bu tac-taxt nə tufanlar, nə zəlzələlər görmüşdür, vəzir!

Şahın səsində də, baxışlarında da bu dünyadan yorularaq sakit bir guşəyə çəkilib, aramsız surətdə hərəkət edən, “çarpışan, birini yıxıb, o birini tikən, birini öldürüb, digərinə həyat verən çərxin gərdişini seyrə dalmış bir dərvişin laübalılığı duyulurdu. Lakin qızdırma kimi birdən baş qaldırmış bu zahiri ...laübalılığın səbəbi nə idi? Bir müstəbidin öz axıtdığı qanlardan, öz işlədiyi nəhayətsiz hiylə və dəsisələrdən yorğunluğumu, yoxsa ölümcül təhlükə hiss edən bir vəhşinin şaşqınlığımı? Həkimülmülkün keyimiş idrakı vəziyyəti dərk edəcək halda deyildi. Ona görə də şahın halındakı sövq-təbii bir hissin təsirilə onun söhbətinə qüvvət verməyə çalışdı:

- Bəli, qurban, tarixin səhifələrində onun gah ucalmasını, gah enməsini nağıl edən rəvayətlər çoxdur. Bu rəvayətlər bir əzəmət və rəzalət silsiləsi kimi gəlib-keçir.

- Qacar hökmranlığının açdığı qara səhifələr isə bu rəzalətin qaranlıq nəhayəti idi.

- Bəli qurban, Qacar dövrü İranın qocalıq və kəsalət rəmzi oldu. Yalnız Pəhləvi xanədanı İran günəşini əbədi qaralmaqdan saxladı. İran tarixinin yeni yüksəliş səhifələrini açdı.

Həkimülmülk Rza xanın fikrə getdiyini görüb susdu və altdan-altdan onu süzməyə başladı. Şahın simasındakı ifadələrdən artıq tamam başqa bir ruhi vəziyyət keçirdiyi bilinirdi. Təbiətindəki ağalıq, şöhrət və xudbinlik üzünə çıxdıqca orada bir qətiyyət yaradırdı. Lakin fikrən hələ tamamilə tarixi mövzudan uzaqlaşmamışdı:

- Mən Ənuşirəvan Adil zamanını İran tarixinin misilsiz şərafət dövrü hesab edirəm.

- Bəli qurban, Ənuşirəvan Adil ağıllı hökmdar idi.

- Bəs mənimlə Ənuşirəvan Adil arasında nə təfavüt görürsən, vəzir?

Bu gözlənilməz sual Həkimülmülkü sarsıtdı. O, birdən-birə nə cavab verəcəyini kəsdirə bilmədi. Lakin susmaq, gecikmək də olmazdı.

- Əlahəzrət, zəminü asiman təfavüt var. Sizin zamananızdakı tərəqqi və təkamülü İran heç bir vaxt görməmişdir. Ənuşirəvan Adil zamanında Mazəndərandan İsfahana getmək üçün gərək aylarla vaxt sərf edəydin, dəvədən, uzunqulaqdan başqa bir vəsilə yox idi. Sizin zamananızda, elə vəsilələr icad olub ki, üç günə ölkənin bu başından o başına gedirsən. Ənuşirəvan Adil zamanında aeroplan yox idi, sizin zamananızda var, buxar maşınları yox idi, sizin zamananızda var. Avtolar yox idi, sizin zamananızda var. Poçt-teleqraf yox idi, sizin zamananızda var, Sizin zamananızda Ənuşirəvan Adil zamanı qabili müqayisə deyil, əlahəzrət!

Rza xan kəskin bir hərəkətlə ayağa sıçradı və qapını Həkimülmülkə göstərdi:

- Çıx çölə, qurumsaq! Ənuşirəvan Adilin, Buzər Cümehr kimi vəziri var idi, yaxası sənin kimi köpək oğlanlarının əlində qalmamışdı. Çıx çölə!..

Həkimülmülk özünü nə vaxt çölə atdığını bilmədi.

 *  *  *

Rza xanın yanından çıxdıqdan sonra o, Ənuşirəvan Adilə və İran taxt-tacına oturmuş bütün şahlara lənət oxudu. “İşim yaxşı tutmuşdu, - dedi, - bu Ənuşirəvan məsələsi olmasaydı. İndi, gəl ki, məni də qata Sərtibin dəstəsinə!.. Öz əlimlə öz çırağımı yaman keçirtdim!” Bu fikirlər onu bütün gecəni yatmağa qoymadı. İlan kimi qıvrılıb durdu. Lakin getdikcə qızışan qumarbaz kimi başladığı yoldan dönmədi. Səhərisi müəyyən olunmuş zamanda Sofi İranpərəsti çağırıb, şahın yanına apardı.

Onlar büzüşərək, ikiqat əyilə-əyilə girdilər. Pəncərə qabağında durub, hara isə baxan Rza xan adəti üzrə uzun müddət onlara əhəmiyyət vermədi. Sonra ağır-ağır, əzici bir fikirdən ayılar kimi döndü, sükut içərisində, zahiri bir əzəmətlə onları seyr etdi. Əlahəzrətin yanına gəlmək şərəfinə birinci dəfə nail olan Sofi İranpərəst sehrlənmiş adam kimi yerində donub qalmışdı. Ona elə gəlirdi ki, şah, əlini tərpədəndə saray titrəyir, başını çevirəndə Tehran lərzəyə düşür, qaşını oynadanda gözlərindən od çıxır, bütün məmləkət bir vahimə içərisində susub durur. Rza xanın qəzəbli üzü və gözləri, despotik rəftarı onu çaşdırmışdı. Qorxudan tamamilə özünü itirmiş, varlığını yaddan çıxararaq yarpaq kimi əsən bir tikə ətə çevrilmişdi. Dəhşətli bir vahimə varlığına hakim kəsilərək onu düşünməyə, duymağa qoymurdu. Daha doğrusu, bütün hissiyyatı, bütün varlığı və şüuru keyimişdi.

Onlar hər ikisi hələ də təzim vəziyyətində dayanaraq oturmaq icazəsi gözləyirdi. Sofi İranpərəst bir az da belə qalarsa titrəyən dizlərinin taqətdən düşəcəyindən və yıxılacağından qorxurdu. Dumanlı bir fikirlə əlahəzrətin “əyləşin” sözünü gözləyirdi. Qarşısında adamların titrəməsinə adət etmiş Rza xan isə onları incitməkdən ruhi bir ləzzət alır və danışmırdı. Nəhayət, Sofi İranpərəst əlahəzrətin səsini eşitdi:

-  Bu gün nə günüdür?

Əvvəlcə bu sual ona qəribə və anlaşılmaz göründü. Gözaltı Həkimülmülkə baxdı. Yanında canlı insan deyil, daşdan yonulmuş arıq və eybəcər bir heykəl, qədim Misir mumiyalarını andıran bir cənazə durduğunu zənn etdi. Onda sanki heç bir həyat və düşüncə əlaməti yox idi. Rza xan sualına cavab gözləyirdi. Onlar əzablı bir surətdə diqqətlərini gərginləşdirərək bu gün nə günü olduğunu xatırlamağa çalışırdılar. Lakin nahaq yerə! Vahimə hafizəni tamamilə yatırmış, öldürmüşdü, fikir məhvərindən çıxmış bir şar, dağ aşağı yuvarlanan bir araba kimi bir nöqtədə qərar tuta bilmirdi. Gözləməkdən yorulmuş Rza xan əsəbiləşdi:

- Bu gün nə günüdür, soruşuram?

Sofi İranpərəst, Rza xanın son dərəcə qəzəbli olduğu, acığını tutduran hər kəsi mütləq məhv edəcəyi haqqında çox söhbətlər və rəvayətlər eşitmişdi. Çaşmış, öz adını belə unutmuş müxəyyələsində bu dəhşətli hekayələr dumanlı siluet və tablolar şəklində baş qaldırdı. Dar ağacı, kəndir gəlib gözləri önündə durdu.

Rza xan bir də qışqırdı:

- Kar deyilsiniz ki? Bu gün nə günüdür?

Onlar nə qədər çalışdılarsa, nə qədər diqqətlərini gərginləşdirməyə can atdılarsa, bu günün nə günü olduğunu xatırlaya bilmədilər.

Rza xan iki addım irəli atdı:

- Eşşəklər, eşşəklərsiniz!.. Bircə palanınız əskikdir! - dedi və Sofi İranpərəstə baxdı.

- Bu baş-qulaqla dövlət əleyhinə təbliğat aparırsan, ağa?

Dünya Sofi İranpərəstin başına hərləndi. Nə vaxt özünü əlahəzrətin ayaqlarına atdığını və yalvarmağa başladığını bilmədi:

- Aman günüdür. Mənə rəhmin gəlsin, əlahəzrət!..

Rza xan yuxarıdan-aşağı ona baxdı. Qıçlarına su ilanı dolanır kimi ürəyi bulandı. Başını yana çevirib, ayaqlarını onun qolları arasından çəkdi və üzünü Həkimülmülkə tutdu:

- Götür, at çölə! Mən də elə bilirdim ki, yanıma adam gələcək. Götür, at çölə!

Həkimülmülk hələ də Rza xanın ayaqlarını qucaqladığı yerdə üzü üstə düşüb qalmış Sofi İranpərəstin cəld qolundan tutdu və qaldırıb qapıya tərəf sürüdü. Onu astanadan o taya itələyəndə Rza xanın səsini eşitdi:

- Sərtib Səlimini gətir!

O, “bəçeşm” deyib Sofi İranpərəstin dalınca özünü çölə atdı. Sofi İranpərəst, yıxılmamaq üçün, divara söykənə-söykənə yeriyirdi. Sapsarı saralmış, rəngi meyit rənginə dönmüşdü. Həkimülmülk qolundan tutub onu sürüdü:

- Rəhmətlik oğlu, ölməyə yer tapa bilmirdin, gərək qanını bizim başımıza tökəydin?

Sofi İranpərəst yazıq-yazıq ona baxdı, ah çəkdi. Həkimülmülk onun hələ də vahimə ilə dolu gözlərinə fikir vermədi, öz-özü ilə danışırmış kimi, davam etdi:

- Qurumsaq kişi. Yazılarını oxuyanda elə bilirsən ki, bir canavardır, şirdir, pələngdir, qorxu-zad nə olduğunu bilmir. Amma özü dovşandan da pis, lap siçan kimi bir şeydir. İndi gör bunun üstündə başımıza nə oyun gələcək. Yediyimiz çörək də bir damcı zəhər olub dolacaq qarnımıza.

Gələcək ağrıları indidən duyar kimi bir qəzəblə yenə Sofi İranpərəstə döndü:

- Kişi bəs sən bu ürəknən dünyada sataşmadığın bir dövlət qoymamısan qalsın?.. O yekəlikdə şurəvidən tutmuş firənglərəcən bir hökumət qalmayıb ki, ağzına gələn hədyanı yazmayasan!.. Qurumsaq. Bəs bu nə hərəkət idi? Bu ürəknən almanın taktikini tənqid edirsən, bişərəf? Bu qeyrətnən alman dövlətinin, İrandakı siyasətindən danışırsan, binamus? Bəs nə ürəknən yazırsan?

Cavab almadıqda onun yaxasından tutub silkələdi:

- Bir cavab ver, ay tünbətünün nəvəsi, ağzını aç, bir söz de! Yazılarından da əlahəzrətin narazı olduğunu anlamış və daha artıq bir vahimə ilə tez buradan çıxıb qaçmaq istəyən Sofi İranpərəst zorla ağzını açdı:

- Həzrət əşrəf, məni çevir balalarının başına. Burax, buradan salamat çıxım gedim. Qələt elərəm dədəm Hacı Əliynən, bir də bir dövlətin adını çəkərəm. Bir də siyasət deyilən söz mənim qələmimdən çıxmaz! Qələt eləmişəm.

Hələ də baş vermiş hadisə üçün nə cəza alacağını düşünən və buna görə də hər kəsi sancmağa hazır olan Həkimülmülk:

- Tfu sənin qeyrətinə! - deyib onun üzünə tüpürdü və sarayın qapısından həyətə saldı.

 * * *

İyun ayından davam edən Tehranın cəhənnəm kimi yaxıcı istisi avqustda daha da şiddət kəsb etmişdi... Günəş səhər tezdən üfüqlərdən baş qaldırıb, axşam qərb üfüqlərində gözdən itənə qədər od kimi hər tərəfi yandırır və qurudurdu. Tehranın torpaq küçələrindən keçən hər hansı maşın və ya faytonun dalınca toz buludu qalxıb, havaya yayılırdı. Hündür gövdəli çinarların yarpaqları tozdan qabıq bağlamış və bozarmışdı. İstidən nəfəs çəkmək mümkün deyildi. Mərmər sarayın sərin divarları arasında belə bu cəhənnəm istisinin təsirini hiss edən Rza xan, narınc şirəsindən qayrılmış soyuq şərbəti içib, Həkimülmülkü və sərtib Səlimini içəri buraxmaq əmrini verdi. Onlar gələnə qədər əsəbi halda otaqda gəzinməyə başladı. Son zamanlar əlahəzrətin kefi durulmur, simasını bürümüş qaranlıq bir zərrə də olsa açılmırdı. Hər kiçik və əhəmiyyətsiz bir hadisə dərhal onu haldan çıxarırdı. On beş illik hakimiyyəti ərzində istər daxili və istərsə xarici siyasət sahəsində tutduğu yol indi gəlib böyük bir uçurumun qırağında durmuşdu. Bu uçurum öz dəhşətli ağzını açaraq onu, bütün cah-cəlalı, tac-taxtı, soyumaq bilməyən qəzəbi, məhbəs və dar ağacları ilə birlikdə udmaq, məhv etmək istəyirdi. Geriyə dönmək mümkün deyil, irəliyə getməyə də yol yox idi. Əlahəzrəti əsəbiləşdirən, tez-tez haldan çıxaran da bu idi. Bu fikir bir dəqiqə ondan əl çəkmirdi. Gündüz də, gecə də onu təqib edir, qorxulu kabus kimi xəyalından çıxmırdı. On beş ildə tikdiyi bu dağılmaz bir qəl’ə zənn etdiyi bina titrəməyə, hələ zəlzələ keçməmiş çat-çat olmağa başlamışdı. O, bir zaman bu binanın xarabaları altında öləcəyini ağlına da gətirməzdi. Heç indi də bu barədə düşünmürdü. Lakin sövq-təbii bir hiss, bütün müstəbidlərə xas olan xəstə bir duyğu bir aqibəti xəbər verməkdə idi. Buna görə də həqiqi insan şüurunun keyfiyyətləri olan səbir, mətanət və təmkin artıq onu çoxdan tərk etmişdi. Daha doğrusu, şüur ölmüş, hisslər, ehtiraslar və heyvani instinkt həyat və təfəkkürə hakim kəsilmişdi. Buna görə də pozğun istəklərin xaricində olan hər bir hərəkət, hətta ruhuna uyğun gəlməyən təbiət hadisələri belə onu ağıldan çıxarırdı. Həkimülmülk və Səlimini gözlədiyi zamanda da ruhən belə bir anormal vəziyyət içərisində idi. Hər şey, hətta günəşin işıqları belə ona qeyri-adi, murdar görünürdü. Xüsusən, Tehranın istilərində dəstə-dəstə uca çinarların başına qonub bir-birinə hay verərək qaqqıldaşan qarğaların səsi qulağından çəkilmirdi.

O gəzinir, düşünür, fikrini bir şeyə cəlb etmək istəyirkən bir matəm havasını andıran səslər pəncərədən içəri dolurdu:

- Qaqqa-qa-qa-qa... Qaqqa-qa-qa-qa.

Bir, iynə kimi beyninə sancılan bu səslərin təsiri altında sarayın komendantını yanına çağırtdırıb:



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info