Qonaq Kitabı
İYİRMİ BEŞİNCİ FƏSİL

Göhər Səriyyə xalanın əyninə göy qədəkdən bir xalat geyindirib, ikimərtəbəli evinin birinci mərtəbəsində mətbəxin yanındakı böyük eyvanda oturtdu və yunu, parçanı qabağına töküb, “burada işləyəcəksən” dedi. Səriyyə səhərlər ora gedir, axşamlar fabrikin həyətində işıqsız, torpaq döşəməli daxmada yatırdı. Göhərin uşaqdan xoşu gəlmədiyini hiss edərək, Niyazı yanınca aparmayıb, bütün günü fabrikin həyətində özbaşına buraxmağa məcbur olurdu. Göhərin ikinci gün ona verdiyi bir tüməni bərk-bərk yaxasında gizlədərək gündə iki qranlıq çörək alırdı. Çörəyi iki yerə bölüb, birini Niyaza verir, o birini də cındır parçasına büküb küncə qoyurdu.

- Bala, bunu indi ye, bunu da günorta yeyərsən, - deyib, üzündən öpərək işə gedirdi. Şama da qayıdanda özü ilə Göhərin verdiyi süfrə dibini gətirirdi. Uşaq çörəyi qoltuğuna sıxıb, parça-parça ağzına doldurur və acgözlüklə yeyir, daha aclıqdan şikayət etmirdi. Amma onun rəngi üstünə gəlmir və üz-gözü saralıb solurdu. Səriyyə xala onu birtəhər əvvəlki halına qaytarmaq üçün öz tikəsini də kəsib ona yedirdirdi. Axşam qayıtdıqda bütün günü həyətdə başsız qalmış uşağını üst-başı palçıqlı və çirkli tapırdı. Qadınlar onun zığ içində oynadığını, barama qazanlarını əlləşdirdiyini, bəzən də həyətin ortasında yerə sərilib ağladığını deyirdilər. Lakin Səriyyənin onu yenə də tək buraxmaqdan başqa çarəsi yox idi. Çünki birinci gün özü ilə apardıqda uşaq aynabəndin şüşəsini qurdalamağa başlamışdı. Göhər: “Xala, gözlə sındırar ha” demiş və əlavə etmişdi:

- Uşaq da bir şey deyil, zəhləm gedir.

Səriyyə xala yorğanın yaxşı çıxması üçün çox səy edirdi. Çünki taleyi bundan asılı idi. Göhər xanım bəyənsə ona iş verdirəcəkdi, əks halda yenə küçələrə düşməli olacaqdı. O, diqqətlə yunu yuyur, sərib qurudur, çırparaq təmizləyir və yorğanı sırımaq üçün yer hazırlayırdı. Gündüzlər fabrikdə, ipək pərdə ilə ikiyə bölünmüş otaqda ərbaba kömək edən Göhər axşam evə qayıtdıqda Səriyyə xalanın işinə baxaraq:

- Yaxşı səliqən var, xala, - deyib razılığını bildirdi.

Bundan ürəklənən Səriyyə daha artıq səy etdi, yorğandan əlavə başqa işlərinə də əl atdı. Xalçaları həyətə salıb çırpdı, süpürgəni götürüb, evlərin toz-torpağını sildi, çünki üçotaqlı, ikimərtəbəli evdə Göhər təkcə yaşadığından bütün günü onları silib-süpürən olmurdu. Zirzəmidə qalan, hər iki qulaqdan kar qoca nökər də peçi qalamaq, bazara getmək və həyəti təmizləməkdən başqa bir iş bacarmırdı.

Göhər kontordan gəlib, ev-eşiyi süpürülmüş, səliqəyə salınmış gördükdə Səriyyə xalaya:

- Sağ ol, ay xala, evi ayna kimi parlatmısan, - dedi.

İyirmi dörd yaşında ərə gedib, iyirmi doqquz yaşında dul qalmış Göhər ömrünün açılan çağlarını yaşayırdı. Onun birinci əri xırda tacir idi. Ölən günə qədər “uşaq” deyib durmuş və Göhərin qəti müqaviməti nəticəsində bu həsrətlə də dünyanı tərk edib, heç bir qohumu olmadığından mülk-malını məlahətindən doymadığı Göhərə buraxıb getmişdi. Həyatda şirinlik sevən və şirinlik yaratmağı bacaran, gözüaçıq Göhər onun ölümündən sonra vətəni olan Şiraca, valideynlərinin yanına qayıtmaq istəmədi. Tehranda gah gəncliyinə tamahlanıb, gah da var-yoxunu ələ keçirmək istəyərək, ona evlənmək təklif edənləri bir-bir rədd etdi. Nəhayət, kustar fabrikinin sahibinə rast gəldi. Lakin, Göhər onu yaxına buraxsa da evlənməyə razılıq vermədi. Ərbab da səbir və mətanət göstərdi. Göhəri fabrikinə apardı. Özünə köməkçi etdi, hər cür hörmət göstərdi və nəhayət, ona məhrəm oldu. Buna baxmayaraq, Göhər yenə rəsmi arvad olmaqdan boyun qaçırırdı. O, yaxşı anlayırdı ki, dörd uşağı və arvadı olan bu adama ərə getməklə heç şey qazanmayacaqdı. Əksinə, kəbin zəncirini boynuna salıb, ixtiyarını əbədi olaraq ona vermək həm öz müstəqilliyini itirəcəkdi, həm onun məhəbbətini soyudacaqdı, həm də malının və çanının ağası edəcəkdi. İndi isə Göhər onun ağası idi, başqa evlənmək istəyənlərin hamısını qovub, ayda bir iki dəfə onu yanına buraxmaqla özünü daha da şirin edərdi.

Səriyyə xala Göhərin həyatının bu cəhətlərini bilmədən və maraqlanmadan tapşırıqlarını yerinə yetirir və getdikcə onun husn-təvəççöhünü qazanırdı.

Göhər kontordan gəlib həyətə girən kimi Səriyyə xalanı çağırdı.

- Dur, tez get, - dedi, - Niyaz bir az xarabdır.

Səriyyə xala onun üzünə baxıb, bir şey anlamadı. Fikri Niyazın yanında həyətdən çıxdıqda, Göhər rəhmə gəldi:

- Al bu beş tüməni də, lazım olar...

Səriyyə qıçları dolaşıb, tövşüyə-tövşüyə fabrikə tərəf qaçdı. Gün yenicə batmışdı. Lakin göy üzü buludlu olduğundan hava tez qaranlıqlaşmışdı. Səriyyə xala üzləri yorğun və sapsarı, üst başları çirkli və dağınıq fabrikdən çıxaraq evlərinə tələsən fəhlə qadınlarla qarşılaşdı. Onun fabrik həyətində yaşadığını bilən və Niyazı tanıyan bəziləri ayaq saxlayıb, yol verdilər. Səriyyə özünü hamamın yanındakı daxmaya atdı. İlk gözünə dəyən fabrikdə birinci gün gördüyü Firuzə oldu. O, torpaq döşəmədə oturub, Niyazın başını dizi üstünə almışdı. Başqa bir qadın çömbələrək Niyaza baxırdı. O, Səriyyəni gördükdə qalxdı və yer verdi.

Səriyyə xala onu sonra tanıdı: bu, qarayanız Fatma idi.

Fəlakəti duymuş və boğazı qurumuş Səriyyə Firuzənin yanında oturdu, uşağa tərəf əyildi.

- Niyaz, bala, haran ağrayır?

Uşaq zorla gözünü açıb, anasına baxdı və yenə yumdu. Firuzə yavaşça onun başını Səriyyə xalanın dizi üstünə qoydu. Ana Niyazı qaldırıb, bağrına basmaq istərkən Firuzə:

- İncitmə xala, yazıqdır, qoy rahat can versin! -  dedi və yaşarmış gözlərini yana çevirdi.

 ***

Niyazın ölümündən sonra Səriyyə xala yenə Göhərin evinə gedir, yorğanların mitilini sırıyırdı. Lakin əlləri əvvəlki kimi işləmir, gözləri tez yorulub, tikişi-tikişdən seçmirdi. Ən pisi isə son günlər tez-tez onu boğan ağır öskürək idi. Belə hallarda o dayanıb, nəfəsini dərir, əllərini yanına salıb dincəlir, gözlərini yumub otururdu. Bəzən ürəyi darıxanda heç kəsin eşitməyəcəyi sakit həyətdə həzin-həzin oxuyurdu.

Yorğanları tikib qurtardıqda Göhər xanım o yan-bu yanını çevirdi, əli ilə yoxladı və bəyəndi. Muzd olaraq verdiyi yeddi tüməndən əlavə göy qədək paltarı da ona bağışladı.

- Heç karxanaya getmə, - dedi, - qal evin işlərini gör, mənə qulluq elə.

Lakin Səriyyə xala Göhərin evində çox qalmadı. Bir axşam Göhər yuxarı otağın pəncərəsindən həyətə baxdığı zaman, Səriyyə xalanın öskürərək sinəsindən qan gəldiyini gördü. Göhər bunu diqqətsiz buraxmadı. Aşağı endi, onun tez-tez   öskürdüyünü və neçə dəfə döşündən qan gəldiyini öyrəndikdə öz-özünə:

- Vərəmdir, - deyib fikrə getdi və əlavə etdi:

- Səriyyə xala, sabahdan fabrikdə işləsən yaxşıdır, ərbabla mən özüm danışaram.

Ərbab onu barama bişirən arvadların içində işə qoyub, fabrikin həyətindəki işıqsız daxmada yatmasına icazə verdi.

Səriyyə xalanın işlədiyi fabrikin yalnız adı fabrik idi. Əslində isə o, İranın bir çox şəhərlərində olan kustar karxanalardan biri idi. Burada ibtidai üsullarla həm barama bişirir, həm onu telləyir, həm boyayır, həm də ipək toxuyurdular. Onun buraxdığı mal əsasən kənd yerlərində satılır və əhalinin aşağı təbəqələri tərəfindən istifadə edilirdi. Orada “sex” başçıları olan kişilər istisna edilməklə bütün işçilər qadınlardan ibarət idi. Çünki onların əməyi çox ucuz və faydalıdır. Sahibkar onları istədiyi qədər işlədib, kefi çəkən qədər maaş verə bilərdi.

Səriyyə xala işə günorta naharından sonra başladı. Sex müdiri onu bir neçə böyük qazanın bulandığı yerə gətirdi:

- İş qurtaranda bu qazanların suyunu boşaldıb yuyacaqsan, anbardan təzə su gətirib dolduracaqsan, bu işi sabaha qoymaq olmaz, səhər kargər işə gələndə gərək qazanı təmiz su ilə dolu görə.

O, ayağı ilə yerdəki çirkli suyu və zir-zibili göstərdi:

- Belə şeylər də gərək olmaya, bax, süpürgə də ordadır, hər gün silib süpürəcəksən, tezdən ocaqları yandırmaq da sənin işindir.

Səriyyə elə o saat, böyük qara əskini, vedrə və süpürgəni götürdü, çirkli suyu yığıb qurulamağa, zir-zibili təmizləməyə başladı. O, tər və buğ içində qazanların başında işləyən qadınlara toxunmamağa çalışaraq, addım-addım hər tərəfi dolandı. Bu iş ona o qədər də ağır görünmədi. Lakin gün batandan sonra bütün fəhlə qadınlar dağıldıqda qazanların suyunu həyətin ayağındakı arxa daşıyıb, on-on beş piləli ovdana oxşar anbardan təzə su gətirməyə başlayanda nəfəsinin kəsildiyini, qollarının quruyub yanına düşdüyünü, dizlərinin əsdiyini hiss etdi. Yenə bərk öskürərək anbarın ağzında oturub nəfəsini dərdi.

Yalnız gecədən xeyli keçmiş qazanları doldurub qurtardı. Tər içində özünü daxmasına atdı və nə zaman yuxuya getdiyini bilmədi. Son illər ərzində belə yorulduğu olmamışdı, birinci dəfə olaraq ağır yuxuya getdi. Lakin səhər işıqlananda hərasan qalxdı. Yatıb yuxuya qalmaq və işdən qovulmaq vahiməsi şirin yuxuda da fikrindən çıxmamışdı.

Həyətin qapısı təzəcə açılırdı. O, ocaqları odlamağa başladı. Gözləri yuxulu və əzgin qadınlar həyətə toplaşırdılar. Qarayağız Fatma hamıdan qabaq gəlmişdi, bir taxtanın üstündə oturub, hey əsnəyir və danışırdı.

- Ay xala, səni çox ağır işə qoydular. Yoldaşın kimdir?..

Səriyyə tək olduğunu söylədikdə o söydü:

- İnsafsız köpək oğlu, bacarsa qanımızı da sorar. Səndən qabaq bu işi iki adam görürdü. Bəs hüququn nə qədərdir?

- Bilmirəm, ərbab heç bir söz demədi.

O, başını tovladı:

- Ay hay, ərbab nə deyəcək. Onunla olsa heç bir şahı da verməz. Bu gün danış, iyirmi tüməndən əksiyə razı olma. İki adamın işini görürsən.

Söz bura çatanda bir neçə başqa qadın da gəlib çıxdı. Fatma Səriyyəyə dediklərini onlara danışıb:

- Görürsünüz, - dedi, - yazığa hüququn da bildirməyib! 

- Firuzə elə yaxşı deyir, kargər özü danışmasa onun haqqını verən olmayacaq.

Bu zaman göygözlü, xurmayı saçlı Firuzə də gəldi. O, qadınların hamısına salam verdi. Səriyyə xala cavanlığına baxmayaraq qadınların ona xüsusi bir hörmətlə yaxınlaşdığını gördü. O, Səriyyə xalaya döndü:

- Necəsən, xala?

- Necə olacaq, iki adamın işini görür, hüququn da bilmir. Bu sözləri deyən Fatma idi. Səriyyə xala birinci gün onda gördüyü acıqlılığın heç də pis ürəkliyindən olmadığını anladı. Eyni zamanda bu söhbətlər ona qəribə göründü. Maaş davası çəkmək heç onun fikrinə də gəlmirdi. O, bir iş və yatmağa yer verdiyi üçün fikrində ərbaba min dua oxuyurdu.

- Eybi yoxdur, qızım, nə verər, ez insafına görə... Məni ki işə düzəldib, evi abad olsun.

Fatma onun sözünü kəsdi:

- Dədəsinin xeyrinə düzəltməyib ki, sənin-mənim qanımı sormasa Göhər xanıma gündə bir boyunbağı almaz.

- Elə demə, ay qız, ərbabın qulağına çatar, yaxşı olmaz. 

- Nə deyirəm ki, yaxşı olmaya... Haqq söz niyə pis olur? Mən deyirəm ki, bizə də adam kimi baxsınlar.

O, arvadların tənəli baxışları altında tək qaldığını hiss edib, Firuzəyə döndü:

- Belə deyil, ay qız, Firuzə? Niyə ağzına su almısan, mənə qandırdıqlarının yüzdən birini də bunlara qandır.

Firuzə güldü:

- Daha acıqlanmaq niyə? Bir az yavaş danışsan olmaz? Onlar səndən də, məndən də yaxşı qanırlar. Dayan bir, qoy bir az yerlərini möhkəmlətsinlər, onda görərsən.

Fatmanın, Göhərin adını pisliyə çəkməsi Səriyyənin xoşuna gəlmədiyi kimi, görünür, bəzi başqa arvadların da ürəyindən deyildi. Bunu hiss edən Firuzə söhbəti bir az yumşaltdı və yenə Səriyyəyə təəccüblü görünən səmtə saldı:

- İranda kargərin dərdinə ağlayan kimdir? Hansı ərbabın kefi nə qədər istəyir o qədər hüquq verir. Gün batandan gün çıxana kimi işlədir. Bizim halımız onlardan da pis... Onlar görən işi biz də görüruk, amma hüququmuz iki dəfə azdır.

- Elə mən də onu deyirəm də, intihası sənin kimi yarpağa bükə bilmirəm. Amma ət elə haman ətdir.

- Yox, yarpağa bükmək niyə... həqiqət belədir. Günah da bizim özümüzdədir. Nə qədər oturub səsimizi çıxarmırıq, o qədər bizə baxan olmayacaq. Ağlamayan uşağa süd verməzlər.

Sex müdirinin gəlməsilə söhbət kəsildi. O, üzünü Firuzəyə tutdu:    

- Ay qız, yenə dilini dinc qoymursan, vallah bir gün ya səni çölə atacaqlar, ya sən bu fabriki bağlayıb, bu yazıqların çörəyini kəsəcəksən.

Sonra arvadlara döndü:

- Yeriyin, yeriyin işə, bu boş sözlərdən nə qarnınıza çörək, nə əyninizə paltar çıxmayaçaq.

Arvadlar dağılışdılar. Baramaları qaynayan qazanlara tökməyə başladılar. Getdikcə buğ və hərarət içində ağır zəhmətlə dolu bir gün başladı. Səriyyə xala, səhərki danışıqların təsiri altında neçə dəfə istədi ki, sex müdirinə yaxınlaşıb maaşını soruşsun, lakin çəsarət etməyib, süpürgə və vedrəsini götürdü, qazanların ətrafını dolanmağa, həyəti silib təmizləməyə başladı.

 * * *

Səriyyə xala ömründə vaxtını saatla ölçməyə adət etməmişdi. Onlar günün batıb-çıxması və havanın rəngi ilə yatıb-durur, işlərdilər. Hər işin də öz zamanı vardı. Birini gün çıxmamış, birini gün iki adam boyu qalxanda, o birini günorta yerinə gələndə, üçüncüsünü ikindi çağı, dördüncüsünü gün batanda görərdilər. Lakin fabrikdə onun qulağına tez-tez saat 8, saat 12, saat 7 sözləri dəyirdi. Ərbabla fəhlə qadınlar arasında bu saat üstündə çox söhbət gedirdi. Nəinki saat, hətta dəqiqə sözü də ortalığa çıxmışdı. Bu gün bir qadını işə on dəqiqə gecikdiyi üçün fabrikdən də qovmuşdular. Arvad ağlayıb ərbabın yanına getdi.

- Ağa, başına dönüm, səndən də ayıb olmasın, südəmər uşağım var, kefsizləyib, gecikdirən o oldu.

Ərbab bu sözlərə qulaq asmadı:

- Hərəniz gündə on dəqiqə yubansa, yüz adamdır, elər min dəqiqə. Saata vuranda on altı saat, işə çevirəndə bir gün yarım. Mən ki gündə üç adama havayı pul verə bilmərəm.

Bundan sonra Səriyyə xala saat və dəqiqədən baş açmasa da, daha tezdən durmağa və daha gec yatmağa başladı. Lakin fabrikdə saat söhbəti kəsilmədi. İşdən çıxarılan arvad özünün körpə uşağı və naxoş ərinin də acından öləcəyini söyləyib ağladı, fabrikin həyətindən çıxmadı. Onun bu halı bütün fəhlə qadınlara təsir etdi. Lakin Səriyyənin gözlədiyi kimi, hamıdan əvvəl onun köməyinə gələn Firuzə və Fatma oldu. Günorta naharında arvadlar divarın dibində oturduğu zaman Firuzə kənara çəkilib, bir dəstəni başına yığmışdı.

- Bax, ərbabın qabağını almasaq, belə bir gün hamımız üçün var. Bəs rəvadırmı ki, elə bir-bir bizi götürüb çölə atsınlar? Acından ölək?..

İşdən çıxarılan arvad kövrəldi:

- Vallah evdə bir şey də yoxdur ki, satıb iki gün dolana bilək. Dava başlanandan bəri bazarda da qiymətlər hər gün artır. Mənə bir kömək eləyin, gedin ərbaba yalvarın, bəlkə ürəyinə rəhm düşə.

Fatma onun sözünü kəsdi:

- Elə bu vaxta qədər yalvarmışıq ki, bu günə qalmışıq.

Kim isə:

- Bəs nə edək, - dedi, - ərbabla dava ki, edə bilmərik.

Firuzə, bunu gözləyirmiş kimi:

- Niyə o bizimlə dava edə bilər, biz bilmərik? – dedi. - Gəlin hamılıqca gedək duraq üzünə ki, yoldaşımızı qaytar yerinə, yoxsa biz də işləmirik.

Arvadlar bir-birinə dəydi:

- Deyər buyurun, o siz, o da qapı, xoş gəldiniz.

- Deyə bilməz, onda gərək karxananı bağlaya...

- Niyə bağlayır, sən çıxarsan, yerinə küçədən yüzünü tapar.

Firuzə yenə qabağa çıxdı:

- Biz əl-ələ versək, sözü bir eləsək, ərbab ona cəsarət etməz.

Fatma:

- Bircə dalımca gəlin, - deyib qabağa düşdü, gəlin görək yer üzündə bir insaf-mürüvət deyilən şey var, ya yoxdur...

Onlar ərbabın yanına getdilər. O, kontorda, ipək toplarının qabağında oturub, nə isə şotkaya çəkir, fikirləşib hesablayırdı. Qadınları görən kimi şotkanı bir kənara atdı:

- Hə, nə var?

Arvadlar Fatmanı irəli verdilər:

- Yeri de.

O, qabağa yeridi:

- Ərbab, sözümüz budur ki, bu arvada yazığın gəlsin. Keç günahından:

Ərbab domba gözlərilə qadınları süzdü və xeyli düşünüb çavab verdi:

- Günahından keçərəm, bir şərtlə.

Arvadlar arasında bir yüngüllük əmələ gəldi:

- Keçər, ağa rəhimdildir.

- Ağanın şərti nədir?

Şərtim odur ki, sabahdan on saat yerinə 12 saat işləyəcəksiniz.

- Hüququmuz artacaqmı?

- Xeyr artmayacaq. Budur, səhərdən şotkanı qoymuşam qabağıma, ha o yana çevirirəm, ha bu yana çevirirəm, mədaxillə məxaric bir çıxmır.

Qadınlar Firuzəyə baxdılar. Onların bu baxışında sanki “yaxşı qazandıq, sağ ol” deyən bir tənə vardı. Firuzə qadınların içindən:

- Ağa, - dedi, - bəs bəşər də gündə on iki saat belə işə dözə bilərmi? On saat işləməklə çoxumuz mərəz tapmışıq. On iki saat işləmək olmaz. 

Ərbab ayağa durdu:

- Onda gərək karxananı bağlayam, hamınızı tökəm eşiyə. Görürsunüz ki, davadır, karxana saxlamaq çətindir.

- Niyə çətin olur, ağa, davanın sizə xeyri olub, malın qiyməti qalxıb, hüququmuz elə haman hüquqdur.

Ərbab acıqlandı.

- Kimdir orda mənə iqtisad dərsi deyən? Mən çox bilirəm, bacım, ya sən?.. Deyirəm ki, on iki saat işləməsəniz hamınızı tökəcəyəm eşiyə. Dağılışın, sabahdan səhər saat səkkizdə gəlib axşam saat səkkiz yarımda gedəcəksiniz, yarım saat da nahar hesabına.           

Arvadlar dağılışırkən hərəsi bir söz danışırdı:

- Əcəb xeyir elədik? Allah zərərindən saxlasın.

- Hanı o ərbabın üzünə duran xanımlar?

- Əl-ələ verəndə də belə olar, ərbab sıxar, canın çıxar.

Firuzə bu danışıqları kəsdi:

- Arvadı ki, karxanaya qaytardıq. Bu da böyük işdir. Əl-ələ versək iş gününü də uzatmağa qoymarıq.

Bu hadisədən sonra Səriyyə, Firuzə və Fatmanın bir dəstə qadınla gah nahar zamanı, gah səhər tezdən hələ iş başlamamış xısın-xısın nə isə pıçıldaşdıqlarını görürdü. Hətta bir dəfə Füruzə ona yaxınlaşıb daxmasına getmək icazəsi istədi.

- Xala, axşam bir saat işimiz olacaq, - dedi.

Axşam, işdən sonra beş qadın Səriyyənin daxmasında qaldı. Səriyyə xala həyətdə qazanların suyunu təmizləyib, təzə su ilə doldururdu və qayıdanda onların nə isə oxuyub qurtardıqlarını, bir şeyi gizlətdiklərini gördü. Durub gedəndə Firuzə onun üzündən öpdü:

- Sağ ol, Səriyyə xala, bizə yaxşı köməyin dəydi.

İkinci günü Firuzə səhər hamıdan tez işə gəlmişdi O, qoltuğuna vurduğu nimdaş bir kilimi Səriyyə xalaya verdi.



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info