Qonaq Kitabı
İYİRMİ DÖRDÜNCÜ FƏSİL

Ağır bir məzar sükutu içərisində edam hökmünü onlara oxudular. Ölümə məhkum edilənlər kamerasına salıb, iyirmi dörd saatlıq həyatları qaldığını bildirdilər. İyirmi dörd saat! Bu iyirmi dörd saatda nələr ola bilərdi? Onlar min arzu və xəyal ilə yaşayır, azadlıq ümidini itirmirdilər. Bununla belə, hər keçən saniyə iradəni sarsıdır, ölümün dəhşətli rəmzi olan dar ağacını gözləri önünə gətirirdi. Onlar dəqiqələri, saniyələri saymağa başlayırdılar. Kərimxan, insanın oturub dəqiqələri saya-saya ölümü gözləməyindən dəhşətli bir şey olmadığını bilirdi. Belə dəqiqələrin ağır iztirabına dözməyib, dəli olanları o, məhbuslar arasında az görməmişdi. İyirmi dörd saatda əlli illik bir həyatın işgəncələri altında əzilmiş kimi, saçı-saqqalı ağaran, üz-gözünü qırışıq basan, heç bir zaman unuda bilmədiyi bir məhbusun surəti indi də gəlib gözləri önündə durmuşdu. O bu fikir və xatirələri qovmağa çalışırdı. Həyatının xoş günlərini, qəlbə qüvvət və mətanət verə biləcək hadisələrini xatırlamağa səy edirdi. Cənubda sürgündə olanlar arasında rast gəldiyi bir dabbaq yadına düşdü. Dabbaq qərib bir adam idi. Onun qırx illik ömrünün yarısı məhbəslərdə və sürgünlərdə keçmişdi. O, beş dəfə məhbəsdən, iki dəfə sürgündən qaçmışdı. Axırıncı dəfə yenə qaçmaq istəyəndə tutub, edama məhkum etmişdilər. Onu asmamışdan qabaq demişdi:

“Dünyada qəlyandan doymadım. Bir qəlyan gətirin, bir qurtum sümürüm, sonra asın”. On yaşından başlayaraq bütün ömrünü oğurluqda keçirmiş otuz yaşlı başqa bir məhbusu asdıqda ”vəsiyyətin nədir?” sualına cavab vermişdi: “Çayçı Əhmədə beş tümən borcum var, onu verin, anama da deyin mənə südünü halal eləsin?”

Ərbabın vergi üçun gələn mübaşirini vurub öldürmüş nəminli bir kəndli:

-  Mən getdim, amma nəminlilərə deyin o qurumsağa bir şahı da verməsinlər, - deyə kəndiri boğazına keçirmişdi.

Həyatın bu səhnələri indi diri, canlı şəkildə gəlib xəyalından keçirdi. Lakin onlar sadə bir şəkil kimi, adi bir xatirə kimi gözündə canlanmırdı. O, indi bu hadisələrdə həyatın hikmətamiz və gizli mənasını tapmağa çalışırdı. Bütün bunlar onda həyatın bir məqsəd, bir qayə uğrunda keçdiyi zaman təəssüfə layiq olmadığı fikrini oyadırdı. Qayəsiz, məqsədsiz keçən bir insan ömrü ona heç, bir heyvan həyatından fərqli görünmürdü. Ona elə gəlirdi ki, bəşər tarixində qəhrəmanları yetirən ancaq uca, saf bir məqsədə olan meyl, proqressiv bir ideyaya olan məhəbbət, dərin, nəcib bir arzuya doğru çırpınışdır! Bunsuz insan heç vaxt özünü qurban verə bilməz, həyatından keçə bilməz. Bir ideal, bir eşq, bir arzu yolunda ölümə gedən qəhrəmanlarsız isə həyat dadsız və yeknəsəq olardı. Eşq olsun ideala! Eşq olsun məhəbbət və arzulara!.. Qəhrəmanları yetirən onlardır. Eşq olsun qəhrəmanlara! Ancaq onlar həyata gözəllik gətirirlər.

Bu xəyallar qəlbini yeni bir ehtirasla, həyat və yaşamaq eşqilə doldururdu. Ayların əzab və işgəncələri altında əzilmiş, didilmiş qəlbində ecazkar bir qüvvətlə hisslər, duyğular fırtınası baş qaldırırdı. O, xoş və uca bir arzunun həsrətilə döyüşlərdə keçmiş ömrünün ağır günlərini düşündükcə artıq bir ehtirasla yaşamaq, daha böyük bir məhəbbətlə sevmək mümkün olduğu qərarına gəlirdi. Biz bir şam kimi yanmışıq, halbuki günəş kimi alovlanmaq mümkün idi!.. Hətta Xavərə olan sonsuz məhəbbəti, onun xəyalilə keçirdiyi uzun aylar, yuxusuz gecələr, belə indi ona sönük və zəif görünürdü. O, qəlbində daha atəşin bir məhəbbət, daha odlu bir eşq gəzdirə bilərdi. Sonra özünü vicdani bir günahdan təmizləməyə çalışar kimi “zəmanəmiz pis oldu, - deyə düşünürdü, - vaxtımızı ehtiyac və çirkab sellərilə mübarizədə və çırpınmaqda keçirdik. Qüvvəmizi, həyatı qaranlıqda saxlayan zindanın divarlarını uçurmağa sərf etdik. Qoy gələcək azad gün, azad həyatı görən nəsillər bizə töhmət vurmasınlar. Bizim ömrümüz onlara azadlıq və məhəbbətin ülviyyətini kainatın gözəlliyini duyduracaq bir həyatı hazırlamaqda keçdi. Yox, yox!.. Onlar bizi qınamazlar! Biz başımızın üstündəki mavi göylərə, parlaq ulduzlara belə doyunca baxmağa fürsət tapmadıq...”. Bu fikirlər qəlbində bir rahatlıq, ruhunda bir müvazinət yaratdı. “Mən bütün ömrümdə pis bir iş görməmişəm -  deyə düşünməyə başladı, - bir adama pisliyim dəyməyib. Yaxşı adamlara daim yaxşılıq etməyə çalışmışam, rastıma gələn yoxsul və bədbəxtlərə pul ilə də olmasa, söz ilə xoş üz və məhəbbətlə kömək etmişəm. Onların qəlbində kiçik bir ümid və sevinc yarada bilmişəm, Butün həyatım boyu ancaq insanların yaxşı yaşaması üçün mübarizə aparmışam, məni bu yola çəkən nə şöhrət, nə mənsəb, nə də var-dövlət həvəsi olub... Həyat özü məni bu yola atıb. Mən yüz minlərlə özüm kimilərini sıxan, əzən və məhv edən zəncirləri qırmağa cəhd etmişəm. Bəlkə də gələcək nəsillər mənim yaxşı vuruşa bilmədiyimi deyəcəklər. Lakin onlar bir zaman məni natəmiz fikirlər və hərəkətlərdə ittiham etməyəcəklər. Onlar qəlbimin pak arzularının ətrini duymaya bilməzlər. Duyacaqlar! Çünki hər şeyi çürüdən zaman uca fikirləri çürütməkdən acizdir”. Bu düşüncələr məhbəsdə belə onu tənhalıq əzabından qurtarır, möhkəm divarlarla insanlardan ayrı olduğunu unutdururdu. O özünü həmişə dostların və aşnaların, təmizürəkli və sədaqətli fəhlə yoldaşlarının içində hiss edirdi. Bu hiss qəlbinə bir qüvvət, iradəsinə bir möhkəmlik verirdi.

Axşam, ailəsi ilə görüşməyə icazə verildiyini söyləməklə onu bu şirin, bu dadlı xəyalatdan ayırdılar. Bu xəbər çırpıntı ilə qəlbini döyündürməyə başladı. Heç vaxt ürəyinin belə döyündüyünü görməmişdi. O, Xavərlə görüşəcəkdi. Bu, son görüş idi. Yazıq Xavər, zavallı Xavər! O, indi nə hala düşmüşdür! Bu son görüş, bu son vida səhnəsinə o necə dözəcəkdir? Bu əzablı, bu ağır fikirlərin içərisində o eyni zamanda bir səbirsizlik duydu. İndi ömrün sayılmış dəqiqələrinin tez gəlib keçməsini istəyirdi. Axşamın gəlməsini səbirsizliklə gözləyirdi. O, Xavərin nələr deyəcəyini, nə hallar keçirəcəyini təsəvvür etməyə çalışdı. Ona elə gəlirdi ki, Xavərin gözündə bir töhmət görəcəkdir. O, Məhbusinin pis adam olduğunu söylədiyini xatırladacaqdır. Kim bilir, bəlkə də müsibətin ağırlığı ona hər şeyi unutdurmuşdur. Xavəri və balaca Azadı nə cür qarşılayacağını aydınlaşdırmağa, onlara təsəlliverici sözlər axtarmağa başladı. Nə qədər fikrini gərginləşdirmək istədisə də bacarmadı. Aydın bnr şey təsəvvür edə bilmədi. Xəyalında gah Xavərin, gah Azadın siması canlandı, dumanlı bir siluet kimi, gözləri önündə duraraq, fikrini bir yerə yığmağa qoymadı. Soyumaq bilməyən bir ürək çırpıntısı ilə görüş dəqiqəsinin intizarını çəkməyə başladı.

Nəhayət, o dəqiqə gəlib çatdı. Gün batandan xeyli sonra onu ölüm kamerasından çıxarıb, balaca və nəm iyi verən görüş otağına apardılar. O, yolda çirkli dəsmalı ilə sol gözünu bağladı. Bir gözünün çıxdığını Xavərə bildirmək ona ağır gəlirdi. Bu, Xavərin qəlbində yeni bir dərd ola bilərdi. O, əbədi ayrılarkən onun qəlbinə yeni bir yara vurmaq, dərdlərini artırmaq istəmirdi.

Göruş otağında oturub, gözünü qapıya dikmişdi. Ürəyi tez-tez döyünürdü. Ona elə gəlirdi ki, iradəsinə hakim ola bilməyəcək, Xavərlə Azadı gördükdə göz yaşı töküb ağlayacaqdır. Bütün vücudunda bir zəiflik hiss etdi. Sanki əzalarının hərəsi bir tərəfə dağılmağa başlayırdı. Son gücünü toplayaraq, bu biabırçı zəifliyə qalib gəlmək, fikrinə, qəlbinə hakim olmaq istərkən qapı açıldı. Xavər balaca Azadın qolundan tutaraq içəri girdi. O, Kərimxana qar kimi ağarmış göründü. Onlar bir anlığa bir-birinə baxdılar. Kərimxan bu gözlərdə töhmət yox, əbədi və sönməyən məhəbbətin, sonsuz sədaqətin işığını gördü. Bütün vücudu titrədi və dərhal, nə isə, isti bir şeyin bədəninə yayıldığını hiss etdi. Xavərin də yanaqlarında xəfif bir qızartı əmələ gəldi. Qeyri-ixtiyari qucaqlaşdılar. Bu ona əbədi bir səadət kimi göründü. Dönüb oğlunu qucağına aldı. Xavərin yanında oturub, uşağı dizləri üstündə oxşamağa, saçlarını, üzünü, əllərini öpməyə başladı. Sanki məhbəsdə olduqlarını, on dəqiqədən sonra ayrılacaqlarını unutmuşdular. Xavər dörd aylıq əzablardan arıqlamış, ordları batmış Kərimxana baxır, gözünü, sarıqlı gözündən çəkə bilmirdi. Nə isə gizli bir qorxu soruşmağa da qoymurdu. Həmişə olduğu kimi başını onun çiyninə söykəyərək:

- Necəsən, Kərimxan, - dedi, - naxoş-zad deyilsən ki? -  Sanki sualından özü də utanmış kimi döndü, balaca boğçanı açdı və oradan təmiz alt paltarı və bir də üst köynəyi çıxartdı.

- Yəqin paltarlarını çirk basmışdır. Al, geyərsən. Neçə dəfə gəlmişəm qoymayıblar. Şey də almırdılar...

O, qırıq-qırıq danışırdı. Zor etdiyinə baxmayaraq səsi boğulur, gözünün yaşını saxlaya bilmirdi. Kərimxan bağlamaya bükülmüş tuman-köynəyi alıb kənara qoydu, sanki, doğrudan da, bunlara ehtiyacı olacaqdı. Bütün bunların artıq ona lazım olmayacağını deməkdən qorxdu. Dönüb Xavərin çiyninə söykənmiş başını sığalladı: “Nə cür dolanırsan, nə ilə dolanırsan” deyə soruşmaq istədi. Ehtiyacın amansız səhnələri gözündə durduqda susdu, bütün simasında bir iztirabın əlamətləri dolandı. Xavər onun xəyalından keçən sualı anlamış kimi:

- Bizim fikrimizi çəkmə, - dedi, - yaxşı dolanırıq. Allaha şükür, bir tikə çörəyimiz var. Özüm də işləyirəm. Bu il Azadı da məktəbə qoyacağam.

Bütün görüş zamanı atasının nəvazişləri altında xumarlanan, ona qısılıb, gözlərini silahlı gözətçilərdən çəkməyən uşaq birdən-birə yerə düşüb, onun əlindən tutdu və qapıya çəkməyə başladı:

- Gedək, ata can, - dedi, - evimizə gedək. Bura pisdir, dur gedək!..

O, uşağa cavab tapa bilmədi, xəyalı uzaqlara uçub getdi. Məhbəsin qalın divarları və çərçivəli pəncərələri dalından gözlərində azad bir gələcək açıldı:

- Gələcəyəm, oğul, - dedi, - gələcəyəm. Bu gün olmasa da, sabah gələcəyəm. Sənə azad bir gün gətirəcəyəm.

Xavər dayana bilməyib ağladı:

- Kərimxan, danış, danış. Qoy doyunca səsini eşidim, danış!

Kərimxan uşağı yenə dizi üstə alıb, oxşadı, sonra dönüb Xavərin başını sığalladı.

- Nə danışım, Xavərim, sən də bir gün görmədin. Ağız ləzzətilə dünyada bir saat yaşamadın. Mən sənə xoş bir gün yarada bilmədim:

Xavər gözünün yaşını silə-silə:

- Elə demə, elə niyə deyirsən? - dedi, - sən nə bacarırdın onu eləmisən. Allaha min şükür edirəm ki, məni sənə rast gətirdi. Mən başqa bir həyat istəmirəm!..

Onlara ayrılmaq vaxtı çatdığını xatırlatdılar. Hər ikisinin üzündə bir heyrət əlaməti göründu. Vaxt nə tez gəlib keçmişdir!.. Kərimxan Xavəri üzmək istəməyərək ayağa qalxdı:

- Eybi yoxdur, Xavərim, - dedi, - bu qaranlıq gecələr gəlib keçəcək. Siz yaxşı günlər görəcəksiniz, azadlığın xoş nəsimi sizi oxşayacaqdır. O gün bu dərdləri unudarsınız. İstibdadın vurduğu yaraları ancaq, ancaq azadlığın əli sağaldacaqdır. O gün mənim ruhum havalardan yerə enəcək, sizinlə birlikdə azadlığı bayram edəcəkdir!..

O indi danışmaq istəyir, aylar içərisində çəkdiyi iztirab və həyəcanlarını butün xəyalat və arzularını deməyə bir ehtiyac hiss edirdi. Məhbəs rəisi, gözətçilər belə bu qəribə sözləri kəsməyə cəsarət etmirdilər. Onlar ayaq üstə güclə duran bu zəif adamın səsindəki qüvvət və mətanətə heyran qalmışdılar. Onu dar ağacına gətirib çıxaran bu fikirlərdə nəinki tükənməz bir qüvvət, həm də qəribə bir gözəllik vardı!.. Lakin özlərinə gəldikdə bu qüvvət də, gözəllik də onlara dəhşətli göründü. Qapını açıb Xavərə:

- Xanım, çıxın! - dedilər.

Kərimxan, Azadı Xavərə vermək istədi. Uşaq, bir şey anlamış kimi, onun boynunu qucaqlayıb “gedək, ata can, gedək!” - deyə əl çəkmək istəmədi. Qulaq asdığı sözlərin vahiməsini indi duyan məhbəs rəisi uşağı dartıb almaq üçün hərəkət etdi.

Kərimxan qolu ilə onu yana itələdi:

- Zəhmət çəkməyin, ağa, özüm verərəm!..

Uşağı bir də öpdü, oxşadı, balaca əllərini yavaşca boynundan qopartdı:

- Get, oğlum, get, - dedi, - anan səni gözləyir. Gələcək səni gözləyir!

Sonra nələr olduğunu bilmədi. Sanki dünya başına hərləndi. Sanki heç bir dayanacağı olmayan, gah acı fırtınalarla döyəclənən, gah xoş bir bahar təbəssümü ilə gülümsəyən bir uçurum onu qucağına aldı...

 * * *

Günəş günorta yerinə gələndə Tehranın bütün küçələri boşalmış və sakitləşmişdi. Hətta faytonçular belə gözə dəymirdi. Mağaza və dükanlar bağlanmışdı. Yalnız çayxanalar, aşxanalar və bəzi xırda meyvə dükanları açıq idi. Adət üzrə hər kəs öz evinə, öz hücrəsinə çəkilmiş, nahar və istirahət edirdi. Küçələrdə gözə dəyən yalnız divar kölgələrinə qısılmış dilənçilər və peşəsi səhərdən axşama qədər bazar-dükanların dibində boş-boş dolanıb, müştərilərdən peşkəş alıb yaşayan avaralar idi. Birisinə harada yaxşı corab, yaxud yağlı ət olduğunu göstərən, xüsusilə kəndlilərin və xam alıcıların qabağına düşərək, dükançı ilə onun arasında vasitəçilik edən, o birisinin aldığı şeyi qoltuğuna vurub aparan, üçüncüsündən üzə basaraq bəxşiş alan bu adamların içərisində insan heysiyyətini və ləyaqətini tamam itirmiş, bir tümən xatirəsinə kor-korlnə hər cür alçaqlığa hazır olan canilər az deyildir. Onlar müştəriyə baxan kimi onun səxavətli və ya xəsis, xam və ya püxtə, avam və ya gözüaçıq olduğunu təyin edirlər. Öz rəftarlarını müştərinin xasiyyətinə uyğun quraraq, bir-iki qran və ya mümkün qədər daha çox qoparmayınca ondan əl çəkməzlər. Günorta vaxtı və gecələr alış-veriş dayandıqda onlar vaxtlarını tiryəkxanalarda, ya fahişəxanalarda keçirərlər. Xəlvət küçələrdə əllərinə düşən tənha adamları soymaqdan da çəkinməzlər. Hətta onların içində gecə vaxtları şəhərin mərkəzi küçələrində təsadüfən rast gəldiyi adamın başından qiymətli papağı götürüb qaçanlar da yox deyildir. Avqustun isti günəşi günorta yerində durub, hər tərəfi yandırdığı və adamları evlərinə qovduğu bir zamanda belə bir dəstə Tehranın çirkli və tozlu küçələrindən birində, bir divarın kölgəsinə yığışmışdı.

Fon Valterin verdiyi pulları qumarxanada və əyyaşlıq məclislərində xərcləyib qurtarmış və məlum dəstə ilə o taya keçməmiş, yenə pul alacağını gözləyən ərbab Hənəfi də onların içində idi. Onlar bardaş quraraq, oturub kart oynayır və hər sözbaşı bir söyüş söyərək, ucadan danışırdılar. Onlardan azca aralı, açıqlıqda qovurmaçı işləyirdi. Onun keçəl başı saralmış balqabaq kimi işıldayırdı. O, iç qovurmasını lavaşın üstünə çəkərək, alıcılara uzadırdı. Qovurmanın iyi ətrafı bürümüşdu. Ərbab:

- Ay keçəl, ondan bir çömçə ötür gəlsin, - deyə səsləndi.

Keçəl beşqranlığı əlində tutaraq gözləyən müştərini buraxıb, qovurmadan bir çömçə lavaşın arasına doldurdu və tez ona apardı.      

- Buyur, tavası da sənə qurbandır, ərbab, - dedi və tavanın yanına qayıtdı.

Qovurma-çörəyin son tikəsini udan ərbab:

- Ah, allah bir çilov, ya pilov yetirəydi! - dedi. - Yoxsa belə şeylərlə qarın doydurmaq olmaz.

- Özünü Qəmərbanunun yanına versənə, ay ərbab!

- Qəmərbanunun qapısı üzünə bağlansın. Elə ifritədir ki, adama havayı çörək verər? Xeyri olmayan yerdə bir şahıya da qıymaz.

- Sənə də ərbab deyərlər. Bir zaman onu yaxşı sağdın!

- O da bir təsadüf idi. Gülnazın xatirinə mənə maya qoyurdu. Amma heç belə aldandığı olmamışdı.

- Necə? Yoxsa Gülnazdan bir şey çıxmadı.

Ərbab ciddi hal aldı:

- Onun sözünü danışmayın uşaqlar! Dünyada mən hələ belə qız nə görmüşəm, nə də eşitmişəm. Heç bir təzyiq və təhdid onu sarsıtmadı. Qəmərbanu kimi bişmiş bir xanım da onu pis yola çəkə bilmədi... O, qaravaş kimi işləyir, amma namusunu satmağa razı olmur. Mən əxlaqsız bir adam olsam da, o qızın namusu qarşısında səcdə etməyə hazıram!..

Oturanlardan kim isə, görünür ki, ürəyi hələ tamamilə çirkabda itməmiş birisi:

- Eh, rəfiqlərim, - dedi, - allahın altında bir evin və bir tikə çörəyin ola, özünə elə bir həmdəm tapasan, çəkilib yaxşı həyat düzəldəsən.

İnsan qəlbinin təmiz arzularını andıran bu danışıqlar uzun davam etməyib kəsildi, yerini bu küçə adamlarına məxsus bayağı söhbətlərə verdi. Ərbab əlini-əlinə vurub:

- Eh... Buraxın bu boş xəyalı, - dedi, - acından ölürəm, qarnımın gurultusu qulağımı partladır. Deyin görüm, bir çilov pulu haradan tapım? İlahi, səndən bircə çilov istəyirəm, çox yox!..

- Ərbab, allaha yalvarma, məni gülmək tutur. Yadıma pis şey düşür.

- Nə düşür?

- Məgər əlini göyə qaldırıb allahdan ya qarnına çörək, ya da başına daş istəyən ordubadlının əhvalatını bilmirsən?

Ərbab bu sözlərə fikir vermədən:

- Ay uşaq, bir dayanın, bu kimdir? - deyə yavaş-yavaş gələn, tamam qara geyinmiş bir arvadı göstərdi. Hamı diqqətlə qadına tərəf baxdı. Hərəsi bir söz dedi:

- Amma nə ərbab malıdır.

- Kasıba da pis olmaz.

- Sən öl, eləsinə oxşamır.

- Görmürsən qara geyib?

Xavər dalğın olduğu üçün onların nə özlərinə, nə də danışıqlarına fikir vermədən, böyük bir kədər və qayğı içində gəlib keçdi. Ərbab:

- Bu ki, o asılanın arvadıdır - dedi.

Kim isə səsləndi:

- Fikir eləmə, ərbab, bir gün sənin də anan belə qara geyəcək... Fürsət var ikən kefini çək.

Gözü ilə Xavəri izləyən ərbab bu sözə də fikir vermədi. Xavər on-on beş addım kənardakı dükanın piştaxtasına söykənərək, mürgüləyən qoca çörəkçiyə yanaşdı:

- Əmi üç ponza çörək.

Qoca dükançı başını qaldırıb, yuxulu gözlərilə ona baxdı və tələsmədən daşları tərəziyə qoyaraq, çörək üçün ayağa durdu.

Xavər qoynunda gizlətdiyi on tümənliyi çıxartdı.

Ərbab kart oynayanlardan balaca boylu birisinin çiynindən dartdı:

- Dur ayağa, allah günorta yeməyinin pulunu yetirdi.

Üç nəfər dərhal ayağa sıçradı. Xavər onların nə söhbətlərini eşitdi, nə də ayağa durub yaxınlaşdıqlarını gördü.

Pulu piştaxtanın üstünə qoyub, çörək seçməkdə olan qocaya baxdı. Fikri özündə deyildi. Bir dalğınlıq içərisində hər şeyi unutmuşdu. Üç nəfərin onu nə vaxt əhatə etdiyini bilmədi. Onların biri sağında, biri solunda durdu, üçüncüsü çiyninin üstündən boylandı:

- Əmi, çörək neçəyədir?

Əlində çörək tərəziyə doğru gələn qoca yaxşı tanıdığı bu adamlara:

- Bala, çıxın gedin işinizə, - dedi, - çəkilin kənara!

Onlar üçü də birdən:

- Satmırsan satma, gedib başqa yerdən alarıq, - dedilər və gülüşərək geri döndülər. Azca keçməmiş hay-küy qaldıraraq, bütün dəstə yerindən tərpənib uzaqlaşdı. Qoca çörəyi çəkib, piştaxtanın üstünə qoydu:

- Götür, qızım.

Xavər çörəyə baxdı. Pul lazım olduğunu xatırladı. Lakin pulu tapa bilmədi. Bir əlini qoynuna saldı. Pul yox idi. Qeyri-ixtiyari gözləri yaşardı. Boğula-boğula:

- Əmi, pul yadımdan çıxıb, gedim pulu gətirim, - deyə dükançıdan ayrıldı.

Ayaqları dalınca gəlmirdi. Azad evdə ac idi, əynində gəzdirdiyi matəm paltarından başqa satmağa bir şeyi də qalmamışdı. Hiss etmədən, getdiyini bilmədən gəlib Laləzara çıxdı. Küçə bomboş idi. Dükan diblərindəki dilənçilərin yanından tez keçdi. Su arxına dolmuş bir neçə xırda uşaq gördü. Onlar dilənçi uşaqları idi. Ona elə gəldi ki, Azad da bu yurdsuzların içindədir. Ürəyi dağılacaq hala gəldi. Yox, onun üçün hər şeyə dözmək lazımdır! Təkcə onu böyütmək, onu yaşatmaq, sonra bütün əzabları unutmaq olardı. Yanından, çəpəki olaraq dönüb ona baxan bir ağa keçdi. Varlı adama oxşayırdı.

Kişi ayaq saxladı. Dönüb həyasız bir gülüşlə ona baxdı və ovcundakı əzik, çirkli pulu göstərdi:

- Xanım, ikicə tümənim var... Gedək! - Xavərə sanki bir sillə vurdular. Başına bir qazan su tökdülər. Azad da, aclıq da yadından çıxdı.        

- Bişərəf! - deyib kişinin üzünə tüpürdü və qayıdıb qaçdı. Bəli, dəli kimi qaçdı. Nəfəs almadan, ayaq saxlamadan qaçıb evə gəldi. Doğrudan da, Azad həyət qapısında oturub onu gözləyirdi.

Bu uşaq bütün xasiyyəti ilə Kərimxana oxşamışdı. O, azdanışan, sakit və dözümlü idi. Heç vaxt şikayət etməz, özünü qəribə bir qürurla saxlardı. Aclıq onu əldən saldığı halda bir kəlmə ağzını açıb “çörək” deməzdi. Buna görə də Xavər onun qeyri-ixtiyari əllərinə dikilmiş baxışlarını gördükdə özünü saxlaya bilmədi, gözlərindən yaş axa-axa onu duz kimi yaladı:         

- Dükan bağlıdır, gülüm, dükan bağlıdır, bir az oyna, alacağam.

  Uşaq heç bir söz deməyib, bikef dayandı. Sonra anasına baxdı. Uşaqlara məxsus bir həvəslə danışmağa başladı.

- Ana, niyə ağlayırsan? Atamı könlün istəyir? Mənim də könlüm istəyir. Bəs niyə gəlmir, ana? Sən həmişə deyirsən ki, iki aydan sonra gələcək. Bəs iki ay olmadı? Yaz, qoy tez gəlsin. O gələndə çörəyimiz çox olur. Ətimiz də olurdu. Yadındadırmı, atam mənə yemiş də alardı... Yaz, gəlsin. Könlüm istəyir.

- Yazacağam, gülüm, yazacağam. Al şəklinə bax, özu də gələcəkdir.           

Xavər taxçanın dalında gizlətdiyi şəkli gətirib uşağa verdi. Bu, Fridunla Kərimxanın bir yerdə çəkdirdiyi şəkil idi. Azad onlara baxır, müxtəlif suallar verərək danışırdı. Sanki aclıq yadından çıxmışdı. Bu, Xavəri sevindirirdi. Lakin gələcək fikri, axşam, sabah, səhər, günorta fikri başından çıxmırdı. Bir kabus kimi gözünün qabağında dolanır və ürəyini titrədirdi.

Qapının səsi onu gələcək qorxusu və çörək dərdinin doğurduğu iztirablardan ayırdı. “Kimsən?” - deyə soruşduqda küçədən bir səs eşitdi:

- Aç, bacı, qorxma... aç!

“İlahi, indi Fridundan bir xəbər çıxa!” - deyə ürək döyüntüsü ilə qapını açdı. Sağrısını ət basmış, dodaqları qırmızı bir xanım, arxasınca da ortaboylu, nazikbelli mehriban və alagözlü bir qız içəri girdi. Onun xoş və gülər üzü, xeyir xəbər gətirdiklərini söyləyirdi. Əlbəttə, mələk kimi gözəl və pak bir xanım pis xəbər gətirməzdi. Gərək onun ayağı yüngül, uğuru açıq olaydı. Yaradan da bilir nə yaradır. Xeyrin üzü həmişə ağ və gözəl olar. O, şərdir ki, paxıllığından qapqara qaralıb yanır!.. Qızların üstbaşına nəzər aldı, əndamlı xanım xalata oxşar, qırmızı güllü, sarı paltar geymişdi. Ayağında zərif corab və qırmızı haşiyəli ağ yay ayaqqabısı vardı. Özünə rövnəq vermiş, bəzənib-düzənmişdi. İkinci, nazikbelli, alagözlü qız isə kasıb qızına məxsus köhnə çit paltarda idi. Xavər onu əndamlı xanımın kənizi güman etdi. Onların hərəkətlərindən də tamamən bir-birinə zidd iki məxluq olduqları dərhal gözə çarpırdı. Kök və əndamlı xanımın baxışlarından nə isə həyasızlığa oxşar bir cəsarət tökülürdü. Qulluqçuya oxşayan qızın simasında isə qüssə ilə qarışmış qəribə bir ismət və həya vardı. Onun boğazdan aşağı, bir qarış qədər açıq sinəsi köhnə çit paltarın altında ağarırdı. Qara saçlarını səliqə ilə daramış və çiyninə tökmüşdü. Yaşı on doqquz, iyirmidən artıq olmasa da, baxışlarında, dünyada çox yaşamış və çox dərd çəkmiş adamların kədəri vardı. Alatala buludlar yaz səmasına yaraşan kimi, bu kədər onun ala gözlərinə yaraşır, onları qəribə bir mehribanlıqla doldururdu. Bu, Gülnaz idi. Onun oyatdığı bu xoş təsir altında Xavər gülümsəyirdi. Onları içəri dəvət etdi. Otağında oturmağa layiq bir yer olmadığını düşündükdə təəssüfləndi, irəli qaçıb, balaca pəncərənin yerliyini sildi və qəzet döşədi. Hələ susmayan ürək döyüntüsü ilə:

- Buyurun, əyləşin, xanımlar, - dedi.

Hər ikisi təşəkkür edərək, yanını pəncərənin qırağına qoydu. Xavər əndamlı xanımın hərəkət və danışıqlarında süni zahiri bir təkəbbür duyduqda Gülnaza daha artıq meyl göstərməyə başladı.

Birdən-birə ürəyinə yatmış bu qız heyran-heyran baxır, gözünü ondan çəkə bilmirdi. Sanki ikinci, əndamlı xanımı tamamilə unutmuşdu. Yalnız o:

- Püff, nə kasıb, nə yaraşıqsız daxmadır! - deyib dodağını büzdükdə özünü Xavərin yadına salmış oldu. Xavər ona baxıb nə isə demək istədi. Lakin özünü saxladı. Bir də evə nəzər saldı. Gülnaz köksünü ötürərək:

- Axır günlər bizim də evimiz belə idi, - dedi, - əl silməyə bir cındır da qalmamışdı. Elə beləcə idi.

Onun bu sözləri ilk görüşdəcə Xavərin qəlbində baş qaldırmış məhəbbəti artırdı. Eyni zamanda ona ürəyi yandı. Qızı pis xatirələrdən uzaqlaşdırmaq istədi:

- Allaha şükür, görünür, indi hər şeyiniz vardır!

Gülnaz eyni duru və riyasız gözlərini ani olaraq onun gözlərinə dikdi və tez çəkdi. Xavər oradakı kədər və qüssənin qatılaşdığını gördü.

Qız gülümsədi. Xavərə elə gəldi ki, bu təbəssümdə sevincdən çox göz yaşı və kədər vardır. Əndamlı xanım irəli yeridi.

- Bəli, hər şeyimiz vardır!..

- Allah, həmişə var eləsin. Bir də pis gün görməyəsiniz...

Əndamlı xanım əllərini yoğun sağrısının üstünə qoydu və otaqda gəzindi:

- İstəsəniz sizin də olar.

Xavər təəccüb etdi:

- Haradan olacaq, bacı, - dedi, - mən çox bədbəxt bir adamam.

- Mən səndən də bədbəxt idim, amma oldu.

- Görünür, sənin adamın var, əl tutanın, dalında duranın var. Mənim kimim var. Dünyada o körpədən başqa heç kimsəm yoxdur.

- Mən də sənin kimi düşünürdüm. Amma sonra gördüm ki, yox, dalımda duranım var.

O kimdir, ay bacı, hanı indi adamın pis günündə əlindən tutan?

Xanım gəlib Xavərin qabağında dayandı. Güzgüdə özünə sığal verər kimi, əlini tellərinə çəkdi, belini düzəltdi, bütün vücudunu irəli verdi:

- Sən də cavansan, - dedi, - istəsən sənin də hər şeyin olar!

Xavər həyasından başını aşağı saldı. Pəncərədə oturmuş Gülnaz da başını aşağı salmışdı. Əndamlı xanım isə danışırdı.

- Bizim taleyimiz belədir. Bacı, razı olmasaq da aparacaqlar, olsaq da. İndi ki, pulumuz yoxdur, adamımız yoxdur, gərək gözəlliyimizdən istifadə edək. Allahın bizə verdiyi dövlət budur. Bəs neyləsin o yazıqlar ki, nə pulu var, nə adamı var, nə də xoş üzü. O getsin acından ölsün, dilənsin. Bizə isə allah rəhm edib. Bəxtimizi yazanda yazığı gəlib, heç olmazsa bu gözəlliyi verib ki, özümüzü dolandıra bilək, acından küçələrə düşməyək. Nə qədər vaxt var, fürsəti əldən vermə. Çünki bu da keçəcək. Elə ki, üz qırışdı, elə ki, bunlar (o, yanaqlarını göstərdi) saraldı, onda heç üzümüzə də baxan olmayacaq. Bir şey qazan, yığ ki, qocalanda it kimi küçələrdə acından ölməyəsən.

Xavər başıaşağı qulaq asır və düşünürdü. Nə üçün bunlar belə yolla gedirlər. Özlərini saxlamırlar?.. Bu fikir başında hərləndikcə qonağa cavab vermədən qeyri-ixtiyari olaraq ağlayırdı. Əndamlı xanımın təklifini düşündükdə az qaldı qolundan tutub çölə ata... Sanki böyük və müqəddəs bir şeylə, həyatın mənasını, bütün yaşayışın canını təşkil edən bir şeylə vidalaşdı. Yox, ayağının altından yer qaçır, üstündə durduğu körpü uçulur və sonsuz, nəhayəti görünməyən bir uçurum onu ağuşuna alırdı. Bu zaman titrəyən çiyinlərində bir əl hiss edib döndü. Bu, Azad idi. Sol əlini anasının çiyninə qoymuşdu: 

- Ana, ana, qarnım ağrıyır...

Gülnaz Azada yaxınlaşdı:

- Yazıq uşaq, deməli, səhərdən bir şey yeməyib - dedi və əyilib üzündən öpdü, Təəssüf dolu bir səslə əlavə etdi:



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info