Qonaq Kitabı
İYİRMİ İKİNCİ FƏSİL

1941-ci ilin baharı gəlirdi. Hər gün təmiz və sakit bir səhər açılır, mavi üfüqlər dumduru, ləkəsiz və nəhayətsiz görünürdü. Novruz bayramına az qalırdı. Şəhərdə axır çərşənbələri bayram edirdilər, dükan-bazar boyalı yumurtalar, rəngarəng parçalar, əli-ayağı xınalı adamlarla dolmuşdu. Fridun bütün bunlardan xəbərsiz kimi idi. Sanki nə gəlməkdə olan baharı, nə də bayramı görürdü. Hər gün onun vaxtı min bir qayğı içərisində keçirdi. Gah Aramın, gah Anuş xalanın, gah Xavərin yanına gedir, gah Kürd Əhmədlə görüşmək lazım olur, gah dəmiryol və bütün fabrik işçilərinin yanında olur, gah da Səlimi, Şəmsiyyə və Südabə vasitəsilə zindandakılara kömək etmək yollarını axtarırdı. Lakin hələlik heç bir şey etmək mümkün olmurdu. Səlimi ona, bu məsələ ilə Rza xanın hər gün, hər saat məşğul olduğunu, istintaq nəticələrini hər gün tələb etdiyini, vəzarəti-kişvərdə və məhbəsdə müstəsna bir gərginlik yarandığını demişdi. Hətta onun hərbilər arasında olan yüksək mövqeli tanış və dostları belə bu işə yaxın düşməkdən imtina edirdilər. Beləliklə, zindandakıların xilası üçün heç bir ümid yox idi. Fridun Südabə və Şəmsiyyə vasitəsilə bir təsir etmək mümkün olacağını düşündü. Sərhəng Səfai Hikmət İsfahaninin yaxın dostu idi. Bəlkə onun işə qarışması ilə heç olmazsa gözlənilən ölüm cəzasını əbədi sürgünlə əvəz etmək mümkün olar deyə Şəmsiyyə ilə danışmaq istədi. Səlimi məsləhət görmədi:

- Əvvəla, Hikmət İsfahani xeyri olmayan bir işə, xüsusən belə bir işə girişməz, ikinci də, əgər xeyri olsa, bu saat yenə bu işə yaxın düşməz. Çünki, həm Həkimülmülk, həm də Rza xanla əlaqələri hələ düzəlməmişdir. Onu ittiham edib, boğazından asmağa bəhanə axtarırlar.

- Bəs Həkimülmülk necə, bəlkə onun vasitəsilə bir şey etmək mümkün oldu?

- Ohh! Sən bu tülkünü tanımırsan? O, mənsəb üçün bütün qohumlarını, oğul-uşağını ölümə verməyə hazır bir adamdır. İkinci, o da özündən qorxur. Çünki Rza xan, nədənsə, yuxusunda da onun şah olmaq istədiyini gördüyündən ondan bərk şübhəlidir, o da bunu bilir. Bütün bunlara mister Tomasın fiqurunu da əlavə etsək, məsələ tamamən aydınlaşar. Hazırda yüz Hikmət İsfahani və Həkimülmülk istəsə bu işi yüngüllədə bilməz. Mister Toması balaca adam bilmə. İngilis İngilis, oğlan!.. Əslinə baxsan, təkcə ingilis deyil, Amerika da var, alman da var... Hamısı birləşiblər...

- Elədir, bütün dünyada elədir!.. Onlar içəridə əsl canavarlar dəstəsi kimi bir-birini yeməyə hazırdır. Dünya bazarı üçün yorulmadan boğuşurlar. Lakin azadlıq və demokratiya qüvvələrini görən kimi birləşirlər. Əsl canavarlar dəstəsi kimi! Bir İranda deyil, Çində də, Yanoniyada da Afrikada da, Hindistanda da, Amerikada da belədir.

- Ona görə də, sizin yolunuz düz yoldur. Şərəfli yoldur. Mən axırda bu yolu tapmaqla xoşbəxtəm. Mənə elə gəlir ki, canavarlar birləşirsə, oğrular və talançılar birləşirsə, namuslu adamlar dünyanın bütün azadixahları daha artıq bir qüvvə ilə birləşməlidir və üzünü azadlığın kəbəsi olan Moskvaya tutmalıdır. Başqa yol yoxdur.

- Düşmənlərin böhtanından qorxmadan, biz xalqımıza deməliyik: heç yerdə azadlıq Moskvasız yaşaya bilməz!

 * * *

Heç bir nəticə verməyən təlaş və qayğılar Fridunu son dərəcə yormuşdu. Lakin onun enerji və qüvvətlə dolu qəlbi susmaq, həyatdan küsmək nə olduğunu bilmirdi. O hər gün yeni bir həyəcan, yeni bir ehtirasla döyünürdü. Bu günlər ağır təhlükələr qarşısında qəlbində daha artıq bir qüvvət və məhəbbət duyurdu. Ona elə gəlirdi ki, zəhməti, həyatı, insanları, dostları və tanışları heç bir zaman indiki qədər sevməmişdir. Heç bir zaman ürəyi onlar üçün indiki qədər titrəməmişdir. Bu məhəbbət o qədər incə, o qədər həssas idi ki, əl dəyincə zilə çəkilmiş tar simi kimi səslənə bilərdi. Onun sevinci də eyni dərəcədə təsirli və qüvvətli idi. Bütün varlığını qavramış bu gərgin fikirlər və hisslər, Səlimi və Şəmsiyyə ona Südabəni xatırladırdı. Bu, ona qəribə görünürdü. Çünki o, Gülnazdan sonra heç bir zaman evlənməyəcəyini, eşq üçün deyil, zəhmət üçün yaşayacağını güman edirdi. Eyni zamanda Şəmsiyyənin də, Səliminin də sözlərini bir zarafat hesab edirdi. Bu sözlərə ciddi bir şey kimi baxmaq heç ağlına da gəlmirdi. Lakin bir şey ona təəccüblü görünürdü. Bu da Südabənin ona rast gələrkən keçirdiyi həyəcanlar idi. Qız onu görəndə dəyişir, sıxılır, qızarırdı. Bir kəlmə də danışmadan, susub dururdu. Sanki ağzını açıb danışarsa, mütləq mənasız bir şey deyəcəyindən qorxur və susurdu. Bununla belə, çıxıb getmirdi də. Elə bil ki, saatlarla susaraq, onunla birlikdə oturmaqdan həzz alırdı. Belə dəqiqələr ona xoş gəlirdi. O qədər xoş gəlirdi ki, o, vəziyyət və mövqeyinə göz yumaraq, hər gün, hər iki gündən bir durub, Fridungilə gəlir, oturur, sonra da gülümsəyərək gedirdi. Belə zamanlarda o, ən çox Qəhrəmani ilə söhbət edərdi. Ümumən kübarlar zümrəsinə qarşı bədgüman olan və pis münasibət bəsləyən Qəhrəmani belə bu qızı xoşlayırdı.

- Yox, bu onlardan deyildir, nə isə bu qızda həyata qəribə, sadə və təbii bir münasibət vardır. Hətta mən onda romantik bir xəyal belə görürəm. İnan ki, o bir çobanı sevmiş olarsa, vəzirlər, sahib-mənsəblər, saray dəbdəbə və təntənələrilə əlaqədar olan hər şeyi atar və sevdiyinə qoşulub gedər... Hətta mənə elə gəlir ki, o, elə belə bir şey də axtarır... Sən onun gözlərinə bir bax... Onlar yaşamaq, nəfəs almaq üçün təşnə olan bir adamın gözlərini xatırladır! Bu təşnəlik haradandır? Yəqindir ki, təbiətin ona verdiyi ürəklə yaşadığı mühit arasında bir uçurum var. Ürək bir şey istəyir, dolandığı şərait isə ona başqa şey verir. Bu da, onda qaçmaq, uzaqlara uçmaq arzusunu doğurur. Təşnəlik də, romantika da buradandır.

Fridun, Qəhrəmaninin fikirlərinin nə qədər dərin olub-olmadığını yoxlamaq niyyəti ilə:

- Demək o, macəra axtarır, - dedikdə, Qəhrəmani:

- Elə deyil, - dedi, - sən məni anlamadın. Əksinə zənnimizcə bu qız pis bir adamın əlinə düşərsə, mütləq həyatını böyük bir faciə ilə qurtaracaq, yaxşı adama rast gələrsə, son nəfəsinə qədər sədaqət və məhəbbətlə yaşayacaqdır. Bu Şəmsiyyənin tayı deyil, bunlar başqa-başqa adamlardır.

Bəlkə də Qəhrəmani düz deyirdi. Bəlkə də Südabə təmiz və uca bir həyat üçün yaranmışdı. Lakin bütün bunların Friduna dəxli yox idi. Onun həyatının nəsibi başqa şeylər idi. O, hələ də bir gün Gülnaza rast gələcəyini güman edirdi.

Qəhrəmani ona bayramın yaxınlaşdığını xatırlatdı. “Gedək, Südabəyə bir hədiyyə alaq” deyib qolundan tutdu və evdən çıxartdı.

Uzun müddət “nə alaq?” deyə düşündülər. Ayaqqabı, corab, paltar?.. Belə şeylərə Südabənin ehtiyacı yox idi. Üzük qolbaq, boyunbağı?.. Bunlardan Südabəyə layiq bir şey almaq üçün onların pulu çatmazdı, ləyaqətsizini də aparmaq mənasızdı. Bəs nə alsınlar? Uzun fikirdən sonra onun xəyalına qəribə bir fikir gəldi. Südabə də, anası da həmişə Azərşəhr deyib dururdu. Anası oranın gözəlliklərini, gözəl ab-havasını, ucsuz-bucaqsız meyvə bağlarını yad edir, onların həsrətilə yaşayır. Südabə anasının təriflərinə əsasən və bir də, anasının vətəni kimi oralara xəyali bir məhəbbət bəsləyir. Ona Azərşəhrin mənzərəsini təqdim etməkdən daha gözəl bir hədiyyə ola bilməz. Çünki onları qiymətli şeylə deyil, mənalı şeylə heyran buraxmaq mümkün idi. Qəhrəmani də bu fikirlə razılaşdı. Fil sümüyündən balaca bir dairə düzəltdirmək, bir üzünə büllur ayna qoydurub, o biri üzünə yaşıl mina ilə “Azərşəhrin baharı”nı rəsm etdirməyi kəsdirdilər. Qəhrəmani “gəl aynanın altında, fil sumüyünün üstündə Südabənin şəklini yonduraq” dedi. Fridun buna etiraz etmədi. Gedib şəhərin ən yaxşı nəqqaşlarından birini gördülər. Fikirlərini ona anlatdılar. Kişi “iyirmi tümənə başa gələr” deyə razılıq verdi. Onlar da çənə-boğaz etmədilər. “Yaxşı hazırla” dedilər. Qəhrəmani: “Bax, bu yaxşı bir hədiyyə olacaqdır!” deyib sevindi. Evə qayıtdıqdan azca sonra Südabə gəldi və yenə oturub, Qəhrəmani ilə söhbət etməyə başladı. Fridun “necəsiniz?” deyə qızın halını soruşdu və soruşmağına da peşman oldu. Çünki bir anda qızın yanaqlarını bir bahar qönçəsinin rəngini andıran qızartılar bürüdü. Heç bir zaman unudulmayan ehtiras dolu gözlərində, nə isə munis, mehriban bir xəyal oyandı. Fridun onun yenə kinoya getməyə, yaxud gəzməyə çıxmağa gəldiyini güman etdi. Lakin qız üzünü Qəhrəmaniyə tutub:

- Gəldim sizi qonaq çağıram, - dedi, - sabah axır çərşənbədir. Anam göndərdi. Xahiş etdi gələsiniz. Siz də ağayi Fridun da.        

Fridun cavab verməmiş Qəhrəmani dilləndi:

- Mütəşəkkirik. Belə bir lütfdən imtina etmək çətindir.

Qız ona baxıb gülümsədi:

- Böyük bir lütf deyil. Anam çox xahiş etdi. Gəlsəniz çox sevinəcəkdir. Azərbaycandan bir adam görəndə ürəyi bir tikə olur. İnanırsınızmı ki, qapıya gələn dilənçilərdən də kim olduğunu soruşur. Azərbaycandan olanda gərək içəri aparsın, yedirsin, haradan gəldiyini, nə üçun bu hala düşdüyünü soruşsun, bir şey verib yola salsın.

Qəhrəmani bir ona, bir Friduna baxdı. Bir şey qət etmiş kimi:

- Südabə xanım, - dedi, - biz Fridunla sizin haqqınızda çox danışırıq.

Belə bir söhbəti arzu etməyən Fridun, Qəhrəmaniyə göz vurdu. Lakin artıq gec idi. Qız maraqlandı.

- Eləmi? Nə danışırsınız?

- Deyirik ki, siz qəribə bir qızsınız. Göründüyünüzə oxşamırsınız.

- Ohh, bilirəm nə deyirsiniz!.. Bir dəfə Fridunla bu barədə danışmışıq. Mən indiyə qədər başqa cür olmaq mümkün olduğunu təsəvvür edə bilmirəm. Necə varamsa, elə də varam. Edə də olmaq istəyirəm. Sizə sehirli görünən cəhətləri isə anamdan öyrənməlisiniz. Həyatda mənim anamdan böyük bir tərbiyəçim olmayıbdır. O mənim anam, müəllimim və idealımdır.

- Yox, mən orasını demirəm. Mən demək istəyirəm ki, məsələn, siz ən kasıb, ən yoxsul bir adamı sevsəniz, nə cür hərəkət edərsiniz?

Fridun yenə göz vurdu. Qaşlarını çatdı. Bütün bunlarla “söhbəti kəs!” demək istəyirdi. Lakin Qəhrəmani ona fikir vermir, qıza baxıb cavab gözləyirdi.

 Qız cavab yerinə sual verdi:

- Sizcə nə cür hərəkət edərəm?

Qəhrəmani öz təsəvvürlərinin yanlış olmadığına şəhadət almağa tələsdi:

- Mən deyirəm ki, heç bir maneyə qarşısında durmazsınız. Heç bir şey düşünmədən ona gedərsiniz.

Qız qıyqacı Friduna baxdı:

- Bəs Fridun necə düşünür?

- Doğrusu, nə düşündüyünü mən də bilmirəm. Özündən soruşun!

Fridun başını yana çevirdi.

Südabə isə ciddi bir vəziyyət aldı:

- Mən belə düşünürəm: ürək kasıb olmasın, qəlb yoxsul olmasın!

Hər üçü xəyala dalıb durdu. Nəhayət, Südabə ayağa qalxdı və Qəhrəmaniyə baxıb:

- Xudahafiz, gözləyəcəyik, - dedi və əlini uzatdı.

Yalnız qapıdan çıxarkən gözlərini Friduna tərəf süzdürdü və gülümsədi. Qəhrəmani:

- Təbəssümü gördünmü? - dedi. - Sanki buludlar arasından boylanan ay işıqlarını otağa yaydı və çəkildi.

Fridun cavab vermədi.

 * * *

Axır çərşənbə Qəhrəmani zorla Fridunu Südabəgilə apardı. O öz aləmində Südabənin.evini ümumən İran kübarlarına məxsus əndərunidən, birunidən ibarət, böyük ağaclar və geniş həyətlər içində dəbdəbəli bir imarət təsəvvür edirdi.  Südabə balaca bir həyət və dörd otaqdan ibarət olan evlərini ona göstərdikdə heyrətini zorla gizləyə bildi.

- Hədiyyəni ver,  - deyə Fridunu dümsüklədi. Fridun laübalı bir nəzərlə dostuna baxdı:

- Verə bilməyəcəyəm.

Qəhrəmani onun sözünə əhəmiyyət vermədən Südabəyə döndü:

- Bilirsinizmi, xanım, biz kasıb adamlarıq. Dünya malından nəsibimiz çox azdır. Ona gorə də sizə layiq bir şey gətirə bilmədik. Dərvişin olanından. Çıxart, Fridun, utanma, xanıma xoş gələr.     Fridun, çarəsiz fil sümüyünü çıxardıb, Südabəyə uzatdı. Südabə hədsiz bir həyəcan və sevinclə:

- Bu mənim üçün dünyanın bütün dövlətindən qiymətlidir, deyib hədiyyəni aldı, baxıb anasına göstərdi:

- Nə gözəldir!

Ana onları öz uşaqları kimi mehribanlıqla qarşıladı. Hədiyyəni bəyəndi. Azərşəhrin mənzərəsini gördükdə gözləri yaşardı. “Bundan qiymətli nə ola bilər” - dedi. O, qollarını çırmayıb, süfrəni hazırladı. Əlinin altında yaşı ötmüş Məryəm adlı bir qadın da ona kömək edirdi. Bütün şam müddətində daha evdə başqa bir adam gözə dəymədi. Şam hazır olana yaxın Südabə özü də durub, qab-qacaq gətirməyə, anasına kömək etməyə başladı... Qəhrəmani:

- Südabə xanım, xəcalət verirsiniz, bu nə əziyyətdir, - dedi .

- Bilsəniz nə qədər xoşdur!..

Fridun heç bir söz danışmırdı. O, sakit və xəyalpərvər baxışlarla Südabəni, anasını süzür, Qəhrəmaniyə baxır və düşünürdü. Sanki bir oğru kimi qəlbinə dolan, orada ikilik yaradıb, talan salan bnr hissi boğmağa çalışır, bu münasibətlərin haraya gedib çıxacağını heç cür kəsdirə bilmirdi. Öz vəziyyətini, itkin düşmüş Gülnazı, qabaqdakı, ağır və çətin həyat yolunu xəyalına gətirir bə Südabənin romantik xəyallarının, sadə qız arzularının yaxşı bir şeylə qurtaracağını güman etmirdi. Bununla belə, ondan ayrılmağı, hər şeyi yarımçıq qoyub çəkilməyi də bacarmırdı.

 * * *

Rza Qəhrəmani adəti üzrə səhər tezdən, hələ gün doğmamış yuxudan ayılıb geyindi, dəhlizə çıxıb, divardan asılmış yaşıl rəngli balaca əlüzyuyana yaxınlaşdı, sudan xoşu gəldiyi üçün mükəmməl yuyundu, qayıdıb, gecədən dolu qoyduğu termosdakı çaydan stəkana tökdü, şirin elədi, pendir-çörək yeyib çıxdı. Gecəyarısından keçənə qədər işləmiş Fridun hələ yuxuda idi. Yoldaşının çox tez durmağına adət etdiyindən onun səsinə ayılmadı, yarıhuş aləmində necə geyindiyini və ya çay tökdüyünü eşitsə də narahat olmadı. Rza Qəhrəmani də heç bir zaman səs-küy salmaz, yoldaşını oyatmaq üçün yavaş durub, yavaş oturardı. Bu gün də eyni qayda ilə sakitcə qapını örtüb, Tehranın hələ boş olan küçələrilə dəmiryol vağzalına doğru getdi.

Onun fikri Sərxanın yanında idi. O, Sərxanın xatirini çox istəyirdi. Tehrana gəldikdə depoda ilk tanış olduğu adam Sərxan idi. Tehran deposunda ilk təmir etdiyi parovoz da Sərxanın paravozu olmuşdu. O, Rza Qəhrəmani ilə lap ilk görüşdən dost olmuşdu.

- Bərəkallah, usta, - demişdi, - cavan da olsan pərgarsan, əlin qızıla bərabərdir. Mənim də ki, ölümüm budur, yaxşı sənətkar gördüm, canımı da əsirgəmərəm, gəlsin minsin boynuma, yenə uf demərəm. Çünki atalar yaxşı deyiblər, çörəyi ver çörəkçiyə, birini də üstəlik. Elədirmi, usta!

Rza ona baxıb gülümsəmişdi:

- Görünür özün də yaxşı ustasan, çünki yaxşının qədrini ancaq yaxşı bilər.

- Qismət olsun, səni bir oturdam maşına, Bəndərşah deyib, pəri buraxam... Mazəndəran meşələrinin içində saxlayıb düşəm, bir quzu kəsdirib, qanlı kababdan verəm yeyəsən, bircə rumka konyak da vurasan, sonra minib yenə pərləyəm. Onda görəsən dadaşın necə maşinistdir.

O, Rza Qəhrəmaninin Tehrana yenicə gəldiyini və heç bir tanışı olmadığını bildikdə:

- Cümə günü bizə gedərik, qərib adamsan, - demişdi. - Bir anamdır, bir də arvad. Tanış olarsan, bir stəkan çay içərik.

Beləliklə, zaman keçdikcə onlar yaxınlaşmış, dost olmuşdular. Sonra da başqa dostlar əmələ gəlmiş və məlum dəstə yaranmışdı...

Sərxan günlərinin çoxunu yollarda olduğundan təşkilatın tapşırıqlarını Rza Qəhrəmani vasitəsilə alır və yerinə yetirirdi. Əyalətlərdə dəmiryol fəhlələri arasında çalışmaq, Tehranla Mazəndəran arasında əlaqə yaratmaq və kitabları oralara çatdırmaq onun boynuna düşmüşdü.

O, Qorqan, Şahi, Bəndərşah və Mazəndəranın başqa şəhərlərində ən etimadlı adamlardan ibarət balaca özəklər düzəltmişdi. Bu özəklərdə toplanan adamların sayı beş-on nəfər idi. Lakin onlar iradəli və qoçaq adamlar idi.

Rza Qəhrəmani səhər tezdən, Tehranın yeni tikilmiş vağzalına yaxınlaşdıqda Sərxanı düşünürdü. Çünki bu dəfə o nə isə gecikmiş, beş gün bundan əvvəl qayıtmalı ikən hələ də gəlib çıxmamışdı. Rza Qəhrəmaninin fikrinə pis şeylər gəlirdi. Sərxan ikinci kitabdan iki yüz ədəd yerlərdəki özəklərə çatlırmaq üçün aparmışdı. “Bəlkə də onlar ələ keçmişdir, bəlkə də kitabları yoldaşlara verdiyi zaman yaxalanmışdır” - deyə düşünürdü.

O, vağzalın böyük binasından keçib, relslərin üstündən adlayaraq, depoya tərəf getdi. Qəsdən yolunu yoldəyişən Rüstəmin yanından saldı. Nəsilbənəsil tehranlı və nəsilbənəsil yoxsul olan Rüstəm onların inandığı adam idi. Rza Qəhrəmani çox zaman onun vasitəsilə istədiklərini Sərxana çatdırardı. Təbiətən qaradinməz və qaşqabaqlı olan Rüstəm uzaqdan Rza Qəhrəmanini görən kimi başını tərpətdi və heç bir söz deməyib, öz budkasına girdi. Bu, Sərxanın hələ də qayıtmadığını bildirirdi. Rza Qəhrəmani depoya gəldi. Fəhlələr yavaş-yavaş yığışırdılar. Şərq üfüqlərində günəş yenicə çırtlamağa başlayırdı. Göydə günəşin qabağını tutan ala-tala buludlar vardı. Ara-sıra günəş işıqları onları yarır və iti ox kimi göy qübbəsini dəlirdi. Bu soyuq işıq sanki ağır və yorucu bir iş gününün başlanğıcını xəbər verirdi. Adətən üst-başı dəmir pası və yağdan çirklənmiş, paltarı yamaqlı olan fəhlələr yavaş-yavaş işə başlayır, deponun içini təmizləyir, ustaların göstərişi üzrə maşınların hissələrini qaldırır, yerinə qoyur, yaxud kənara çəkirdilər. Rza Qəhrəmani də qolunu çırmayıb, üç gündən bəri təmir etməkdə olduğu maşına yaxınlaşdı.

Bu zaman vağzala girməkdə olan bir maşının davamlı fit səsi eşidildi. Rza Qəhrəmani həyəcanla işi buraxıb, deponun qapısına çıxdı və vağzala tərəf boylandı. Heç şey görməyib qayıtdı, intizarla işə girişdi. Bir saat keçməmiş Sərxanın ocaqçısı içəri girib, fəhlələrlə salamlaşdı, Rza Qəhrəmaniyə yaxınlaşdı:

- Hə, usta, salam, - dedi, - necəsən, kefin halın, necədir?

- Biz yaxşıyıq, siz yaxşı olun. Səfəriniz uzun çəkdi. Salamatlıqdırmı?

- Salamatlıq olmamış nə olacaq. Qayıdanda bir balaca maşınımız xarab oldu. Səfid-Ruda çatmamış beş gün orada gecikdik.

Rza Qəhrəmaninin bütün həyəcan və intizarı dağıldı. O gülərək:

- Canlı insan bədəni xarab olur, - dedi, - maşının xarab olmasında təəccüblü bir şey yoxdur.

Ocaqçı ayrılarkən yavaşca:

- Sərxan, axşam sizi yoldaşınızla Rüstəmin evində gözləyəcəkdir, - dedi və fəhlələrlə xudahafizləşib getdi.

Rza Qəhrəmani “yoldaşınızla” sözünün Friduna aid olduğunu bilirdi. Bu da Sərxanın mühüm iş üçün onlarla görüşmək istədiyini bildirdi.

Axşam gün batıb, qaş qaralanda o, Fridunu da götürüb, Rüstəm yaşayan evə getdi. Bu, Tehranın cənubunda, xiyabani - Xanabadda yerləşən, bir-birinin qarnına girmiş, havasız, rütubətli, dar küçələri və xırda həyətləri ilə insanı çaşdıran və darıxdıran evlərdən biri idi. Buralarda yay-qış ürəkbulandırıcı bir çirk, dözülməz bir üfunət hökm sürməkdədir. Divarların dibi nəcasətlə, həyətlər və evlərin qapısı çirkli sular və zibillə dolu olar. Gün çıxandan gün batana kimi yarıçılpaq və ayaqyalın uşaqların, şikəst, əlsiz-ayaqsız və qoca dilənçilərin bu küçələrdən ayağı kəsilməz. Şəhər zəhmətkeşlərinin ən aşağı təbəqəsi burada yaşayır. Fridun hər dəfə buralara gələndə böyük bir ürək ağrısı duyur, gözünü açandan qəbrə qədər ehtiyac və səfalətin bu üfunətli bataqlığında həyat sürməyə məcbur olan insanların halına yanardı. Lakin bu hiss onun qəlbindəki mübarizə ehtirasını daha da artırardı. Nə üçün mübarizə etmək lazım gəldiyini daha da aydın şəklə salardı.

Rüstəmin mənzili balaca bir evin alt mərtəbəsində idi. Həyət qapısından girən kimi sola burulmaq və beş addımlıqdakı dar pillələrdən, sərdabaya enər kimi, aşağı enmək lazım gəldi. Burada, yerin altında havasız və işıqsız zirzəmidə Rüstəm öz arvadı və bir-birindən bir yaş, yaş yarım böyük olan dörd uşağı ilə yaşayırdı. Kərpic döşəmənin üstünə üç-dörd xırda kilim parçaları salınmışdı. Onlar solğun və cırıq-cırıq, həm də müxtəlif rəngli və müxtəlif çeşidli idilər. Bu da hərəsinin ucuz qiymətə əldən alındığını göstərirdi. Evin dibində yanının nazik dəmirləri qopmuş, taxtasının boyası çoxdan getmiş bir sandıq və sandığın üstündə səliqə ilə yığılmış cırıq-cındırdan ibarət iki-üç uzunsov yastıq və mitili çıxmış yorğan-döşək vardı.

Onlar içəri girdikdə Rüstəmin arvadı başındakı qara yaylığını dişlərinə sıxaraq yaşmaq tutub, ayaq üstə divarın dibində durmuşdu. Uşaqların dördü də axşam qovuşanda, cücələr ana toyuğa qısılan kimi, qıçından, tumanının ətəyindən tutaraq, ona qısılmışdı.

Bütün məmləkətdə saysız-hesabsız ailələrdə, beləcə ac və yoxsul həyat içərisində dünyaya gələn minlərlə uşaq Fridunun gözlərində canlandı. Onların böyük bir qismi aclıq və soyuqdan ölür, min cür dərd və azarın əlində aciz bir halda can verib solurdular. Ata-analar da onları dünyaya gətirirkən sanki nə yeyəcəklərini, nə cür böyüyüb boy atacaqlarını, nə böyük bir tərbiyəyə möhtac olduqlarını heç düşünməyirdilər. Sanki kor bir instinkt, laqeyd bir təvəkkül sayəsində bu uşaqlar doğulur və eləcə də yaşayan yaşayır, öləni də ölüb gedirdi. Bir anda fikrnndən keçən bu səhnələr ona Musa kişinin və onun körpələri haqqındakı ağır düşüncələrini, böyük arzularını xatırlatdı. Yox, elə bir ailə yox idi ki, o öz balasına, öz övladına xoş gün arzulamasın. Lakin uçurumun dərinliyi, yoxsulluq və ehtiyacın dəhşətli məngənəsi bu zavallıları elə sıxmış, elə əzmişdi ki, taleyə boyun əymək və təvəkküllə yaşamaqdan başqa bir ümid yeri qoymamışdı.

Fridun bu əzici fikirləri qovmaq üçün bir də otağa nəzər saldı. Divarda mıxdan asılmış alaca çıraq ortalığa sarı işıq salır, uşaqların kölgəsini eybəcər şəkildə böyüdürdü. Fridun otağın buraxdığı ağır təsiri büruzə verməmək üçün anasına qısılmış və ürkək gözlərlə altdan-yuxarı gələnlərə baxan dörd-beş yaşlı qız uşağının əlindən tutdu:

- Adın nədir, gül qızım?

Uşaq dodaqaltı nə isə mızıldandı. Sözü seçmək mümkün deyildi, bütün analar kimi, uşağının yaxşı cavab verməsini istəyən və həyəcanlanan ana mehriban səslə:

- Bir az bərkdən cavab versənə, qızım, - deyib uşağın başını oxşadı.

Rüstəm mehriban bir təbəssümlə güldü:

- Görünür dilini pişik yeyib.

Fridun, Rüstəmin məhəbbət dolu təbəssümünü, ananın mehriban və mülayim səsini diqqətsiz buraxmadı, “görünür, mehriban ailədir” - deyə düşündü və bir-bir o biri uşaqların başını sığalladı.

- Böyüyünün neçə yaşı var? - deyib Rüstəmə döndü.

Rüstəm uşaqların hamısından boylu olan oğlan uşağını göstərdi.

- Səkkiz yaşı olanı üç aydır. Oğul qırığıdır, düşmən toxmağıdır - dedi.

Rza Qəhrəmani, işdə, küçədə qaraqabaq və qaradinməz olan Rüstəmin ailədə çox mehriban və söhbətcil olduğunu müşahidə etdikdə, ona məhəbbəti xeyli artdı. Kim bilir, bəlkə də bu həyatın dərdini, ağırlığını azaltmaq üçün ən ağıllı bir yol idi. Fridun uşaqlardan əl çəkmirdi.

- Məktəbə gedirmi?

 Rüstəm sadə bir ürəklə:

- Haradan gedəcək, ay başına dönüm, - dedi, - məktəbə pul lazımdır, paltar lazımdır. Heç bir qarın çörəklərini də yetirə bilmirəm. Aldığım ayda iyirmn beş tüməndir, Ancaq-ancaq yarıac, yarıtox dolanırlar.

Qonaq yanında ərinin belə şikayətlənməsindən xoşu gəlməyən arvad yaşmağının arasından danışdı:

Bəsdir, ay kişi, ağalar da elə bilərlər ki, dilənirsən. Allaha şükür bir tikə çörək tapırıq.

Rüstəm Rza Qəhrəmaniyə göz vurdu:

- Görürsən, arvadın qeyrətinə toxundu ha. Qorxma, arvad, bu ağalar o sən deyən ağalardan deyillər. Bizdəndirlər. Fikirlərinə pis şey gəlməz. Bir də, balam, niyə danaq, dolanmaq çətindir. Özün də, maşallah, hər il birini doğursan, danışmayım neyləyim?

Arvad yaşmağı azca araladı və gülümsədi:

- Öz ixtiyarımda deyil ki, allah verir.

- Mən nə deyirəm ki, mən də deyirəm allah verir. Hər il biri, sonra da gəl boğazına çörək, əyninə paltar tap görüm.

Arvad arxayın bir səslə:

- Heç fikir eləmə, boğazı verən çörəyini də yetirəcək...

- Ay yetirdi ha! Dədəmə lənət əgər havayı bir darı da yetirsə. Onun çörəyini çıxarınca mənim canım çıxır.

Ailədə heç vaxt həyatın ağırlığından şikayət etməyən Rüstəmə birdən-birə öz sözləri yersiz və xeyirsiz göründü, öz adi qaydasında danışdı:

- Düz deyirsən, fikir eləməyə dəyməz. Nə qədər canım sağdır, qoymaram sizi dərd çəkməyə, yeri çay hazırla...

Sərxan, dalına kisəyə bükülmüş bir yeşik atdığı halda gurultulu bir səslə:

- Tapın görüm, kimi gətirmişəm, - deyə içəri girdi.

O, uzun gövdəsinin dalında kimi isə gizlətmişdi.

Onlar hərəsi bir ad çəkirdi, Fəridə sıçrayıb ortaya çıxdı:

- Salam, ağalar, halınız necədir?

Onlar hamısı ayaq üstə bir-birinin əlini sıxıb səs-küylə görüşdülər. Sərxan yeşiyi evin küncünə itələdi:

- Mədinə bacı, - dedi, - bir az düyü, ət və yağdır, uşaqlara gətirmişəm.

Rüstəm bərkdən güldü:

- İndi siz gedəndən sonra tutacaq yaxamdan ki, gördün boğazı verən ruzisini də yetirdi.

- Heç kəsin sovqatı deyil ha, öz halal puluma almışam.

Mədinə mehribanlıqla cavab verdi:

- Çox sağ ol, həmişə pullu-varlı olasan.



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info